Tərtər: uğurlu nəticələr daha

böyük hədəflərdən xəbər verir

 

Dağətəyi bölgədə yazın ömrü uzun olur: nə dağdakı kimi ləngiyir, nə arandakı kimi  tez sovuşur. Bu da torpaq adamları, qurub- yaradan insanlar üçün təngimədən, daha artıq, bir az da  yaxşı işləmək fürsəti deməkdir. Təbiətin yeri- göyü şövqə gətirən kükrəyişi, biri- beş edən nəfəsi də öz yerində. İndi Murovun yuxarılarında qışın sazağı çəkilib getməsə də,  ətəklərində 7 ayda 1 qarışa çatmış əkinlərin 1ayda 7 qarış boy atan vədəsidir.

 

 Tərtərə bu dəfə yazın belə qaynar, gülün- gülü, bülbülün- bülbülü çağırdığı vədəsində gəlmişdik. Bugünlərdə bu yerlərin hər qarışında  canlanan, ucalığa səmt alan təkcə bitkilər deyil. İnsanların arzu- istəkləri, qurub- yaratmaq həvəsləri də bahar nəfəslidir. Ustaların gündəlik hörgüləri yaz gələndən əvvəlki aylardakından artıq böy göstərir. Yenidən qurulan, abadlaşan, yeni libasa bürünən küçə və meydanların addımları da indi daha iri və sürətlidir. Tərtər şəhərində, əksər yaşayış məntəqələrində aparılan geniş təmir- tikinti işləri rayonun simasını əsaslı surətdə təzələyir. Düşmənin vaxtaşırı atəşə tutduğu kəndlərdə belə yaraşıqlı evlər, müasir sosial obyektlər tikilir, yollar, körpülər salınır, yeni su, qaz xətləri çəkilir...

Şahmat məktəbi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və kənd təsərrüfatı idarəsinin inzibati binaları, 100 yerlik körpələr evi-uşaq bağçası, şəhid ailələri və Qarabağ əlilləri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış evi, mədəniyyət evi, Tərtər Şəhər İƏD üzrə Nümayəndəliyin binası, 3 abad məhəllə... Bunlar son vaxtlar tikintisi və təmiri başa çatan, yaxud tamamlanmaqda olan obyektlərin bir hissəsidir.

Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, Olimpiya idman kompleksinin, Maliyyə   İdarəsinin binasının, Mərkəzi elektron kitabxananın, Tarix diyarşunaslıq muzeyinin, 100 yerlik yeni körpələr evi-uşaq bağçasının, Qapanlı kənd tibb məntəqəsinin  tikilməsi, 1170 məcburi köçkün ailəsi üçün yeni şəhərciyin və Tərtərçay sahilində yeni parkın salınması... Bunlar isə tikintisi davam edən və hazırlıq görülən obyektlərin tam olmayan siyahısıdır.

Tərtərdə son vaxtlar aparılan abadlıq- quruculuq işlərinin bundan artıq miqyas və sürətini, iqtisadi, sosial və mədəni sahələrdə problemlərin həllinə kompleks münasibətin daha effektli variantını təsəvvür etmək çətindir. Döğrudan da, indi Tərtərdə həyatın axarı gurdur, bütün sahələrdə sürətli inkişaf və yüksəliş var. Son 1 ildə rayonda ümumi intizam və tələbkarlıq daha da artırılmışdır. Cəbhə xəttində yerləşən bu bölgədə sağlam mənəvi- psixoloji mühit yaradılmışdır. Sosial məsələlərin həlli, əhalinin zəruri ehtiyaclarının ödənilməsi daim diqqət mərkəzindədir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmmədov  isə inkişaf və yüksəlişin başlıca təminatından söz açaraq bildirdi:

— Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən hərtərəfli yeniləşmə və ümumi tərəqqidən rayonumuz da kənarda qalmamışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2014 - 2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramında rayon üçün nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində sosial infrastrukturun yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində böyük nailiyyətlər əldə olunmuş, əhalinin rifahı yüksəlmişdir. Rayonun sosial siması nəzərəçarpacaq dərəcədə dəyişmişdir.

Ötən il bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 12,9 milyon manat olmuşdur ki, onun 12,2 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ümumi məhsulun həcmi 108 milyon manat təşkil etmişdir. Əvvəlki ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 0,7 faiz artmışdır. Məhsul buraxılışının 87,9 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Ümumi məhsul buraxılışının 6,3 milyon manatını sənaye, 44,2 milyon manatını kənd təsərrüfatı, 12,2 milyon manatını tikinti-quraşdırma işləri, 39 milyon manatlığını ticarət xidmətləri, 5,5 milyon manatlığını nəqliyyat, 0,5 milyon manatlığını rabitə təşkil etmişdir. Orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə  7,2 faiz artaraq 230,4 manat təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 143,5 milyon manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 4,9 faiz çoxdur.

Görülən məqsədyönlü işlər nəticəsində 2014-cü ildə rayonda 1235 yeni iş yeri açılmışdır ki, onun da 457-si daimidir. Yeni açılmış iş yerindən 21-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 436-sı fiziki şəxslərdə, 778-i isə digər tədbirlər üzrə sahələrdə olmuşdur. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə müraciət edən 262 nəfər iş axtaran vətandaşdan 212 nəfəri öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin edilmişdir. İşaxtaran kimi qeydiyyatda olan 30 nəfər vətəndaşa işsizlik statusu, 34 nəfərə isə işsizlik müavinəti təyin olunmuşdur. Ticarət, iaşə və digər xidmətlərin səviyyəsini yüksəltmək üçün 16 obyektin tikilməsinə icazə verilmişdir.

2014-cü ilin məhsulu üçün rayonda 26,4 min hektar sahədə əkin aparılmışdı. Onun 11,1 min hektarında taxıl, o cümlədən 6191 hektarında buğda, 339 hektarında dən üçün qarğıdalı, 905 hektarında pambıq, 555 hektarında şəkər çuğunduru, 910 hektarında dən üçün günəbaxan, 548 hektarında kartof, 965 hektarında tərəvəz, 10,8 min hektarında yem bitkiləri əkilmişdi. Taxıl sahələrindən 37,7 min ton məhsul toplanmışdır. Hər hektarda məhsuldarlıq 2013-cü illə müqayisədə buğda üzrə 1,7 sentner artaraq 34,4 sentner, arpa üzrə 0,6 sentner artaraq 33,4 sentner olmuşdur.

İri malın sayı ötən il 450 baş artaraq 26,2 minə, xırda malın sayı isə 1697 baş artaraq 71,9 minə  çatmışdır. Əvvəlki ilə nisbətən 65,1 ton ət, 336,1 ton süd, 110 min ədəd yumurta çox istehsal edilmişdir. Bakı şəhərinin yarmarkalarına fermerlər və sahibkarlar 416  ton meyvə, 15,6 ton mal əti və digər kənd təsərrüfatı məhsulları göndərmişlər.

Başçı daha sonra bildirdi ki, respublika Prezidentinin sərəncamı ilə 5000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 kilometr olan Cəmilli- Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır. 7 kilometrlik, 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı- Seysulan yolun da tikintisi davam etdirilir.

Ötən dövrdə Tərtər  şəhərinin mərkəzi meydanı yenidən qurulmuş, 8,2 min kvadratmetr sahə tamet daşı ilə üzlənmişdır. Yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində xeyli ərazidə su xətləri yenilənmişdir. Heydər Əliyev meydanında və Heydər Əliyev Parkının ətrafında 39 müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Prospektdə isə 4 kilometrdə səkilərə 7,5 min kvadratmetr tamet daşı döşənmişdir. Heydər Əliyev Parkında uşaqlar üçün əyləncə mərkəzi yaradılmış, karusel quraşdırılmışdır.

Heydər Əliyev prospektində rayon icra hakimiyyətinin və daha 4 iri binanın dam örtüyü sökülərək müasir mansard üslubunda yenidən qurulmuş, əsaslı təmir işləri aparılmışdır. Prospektdə Şahmat məktəbinin tikintisinə, bir çox idarə və təşkilatların fəaliyyət göstərdiyi 3 mərtəbəli inzibati binanın əsaslı təmirinə də başlanılmışdır. V. Hüseynov küçəsində yerləşən 5 mərtəbəli 36 mənzilli, Nizami küçəsində yerləşən 4 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binalarının  və şəhər 6 saylı tam orta məktəbin binasının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda qurulmuşdur.

RİH başçısı Müstəqim Məmmədov sonda dedi:

— Göründüyü kimi,  rayonumuzda son 1 ilin nəticələri uğurludur. Bu il ərzində sosial-iqtisadi sahədə xeyli nailiyyətlər əldə etmişik. Bu, bizi arxayın etməməlidir. Qarşıda görüləsi işlərimiz az deyildir. Əhalinin içməli su ilə təminatı, Tərtər şəhərinin və ona yaxın Səhləbad kəndinin kanalizasiya sisteminin yenidən qurulması, ayrı-ayrı kəndarası yolların asfaltlanması, kəndlərimizin  təbii qazla təmin olunması, əkin və səpin işlərinin yüksək aqrotexniki qaydalarla həyata keçirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı işlər sürətlə davam etdirilir.

 Ötən il rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 356 nəfəri müxtəlif ali məktəblərə sənəd vermiş, onlardan 162 nəfəri ali məktəbə daxil olmuşdur. 6 nəfər 600-dən, 16 nəfər 500-dən çox bal toplamışdı. Məzunlardan 46 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdu. Bütövlükdə ötən illərin məzunları ilə birlikdə qəbul olunanların sayı 179 nəfər təşkil etmişdir.

Bu ilin birinci rübünün nəticələri daha yüksək olmuşdur. İlin ilk 3 ayında rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial- iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində bir sıra uğurlu işlər görülmüşdür. Bunun nəticəsidir ki, cari ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2,5 faiz artaraq 24,2 milyon manata, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2,8 faiz artaraq  4 milyon 757 min manata, informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artaraq 111,4 min manata, pərakəndə ticarət dövriyyəsinin həcmi 5,3 faiz artaraq 32,6 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,7 faiz artaraq 5281,6 min manata çatmışdır.

Dövr ərzində makroiqtisadi göstəricilərin yüksəlişi sakinlərin real gəlirlərinin artmasına, həyat səviyyəsinin yüksəlməsinə təsir göstərmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 1,2 faiz artaraq 231,3 manat təşkil etmişdir.

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi, qaz və içməli su ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir.Yaxın günlərdə Kəngərli, Mamırlı, Poladlı və Dəmirçilər kəndlərinə də qaz xətti çəkilişinə başlanılacaqdır. Yerli əhəmiyyətli R-27 Qaradağlı-Seysulan avtomobil yolunda asfalt beton örtüyün alt qatının tikintisi davam etdirilir. Məşğulluğun təmin edilməsi məqsədilə 46 nəfər işaxtaran vətəndaşdan 30 nəfəri öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmuşdur. Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 15 nəfər vətəndaşa işsizlik statusu, 16 nəfərə isə işsizlik müavinəti təyin olunmuşdur. I rübdə 258 yeni iş yeri açılmışdır ki, onun da 103-ü daimidir.

Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 10854 hektar sahədə taxıl səpini aparılmışdır. Hər hektar buğda səpininə görə 1650 istehsalçıya 215 min 384 manat yardım verilmişdir. Bundan başqa 2428 hektarda yazlıq bitkilər əkilmişdir ki, onun 403 hektarı kartof, 659 hektarı tərəvəz, 1065 hektarı yem bitkiləri (yonca), 348 hektarı şəkər çuğunduru, 40 hektarı dən üçün günəbaxan, 79 hektarı lobya, 34 hektarı dən üçün qarğıdalı olmuşdur. Rüb ərzində rayona 820 ton azot gübrəsi gətirilmiş və aqrolizinq yolu ilə  güzəştli qaydada istehsalçılara satılmışdır.

Tərtər rayonunda son 1 ildə görülən işlərin təhlili göstərir ki, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramının bütün bəndləri dəqiq və ardıcıl yerinə yetirilir. Tərtərlilər dövlət başçısının rayonun hərtərəfli inkişafına göstərdiyi yüksək diqqət və qayğını əməli işlərlə cavablandırır, nailiyyətləri aydan- aya, ildən- ilə artırırlar.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 16 may.- S.13.