Azərbaycan Xalq

Cümhuriyyətinə gedən yol

 

Azərbaycan xalqının milli istiqlal mübarizəsinin şanlı mərhələsi olan 1917-ci ilin fevralından 1918-ci ilin 28 mayınadək olan dövr milli məfkurə tariximizə  cümhuriyyətə gedən yol kimi daxil olmuşdur. 15 aylıq bir vaxtı əhatə edən olduqca mürəkkəb ictimai- siyasi hadisələr, qanlı toqquşmalar şəraitində xalqımızın haqq işini, köklü maraqlarını sonadək müdafiə edən cümhuriyyətçilər nəsli, sonralar deyildiyi kimi, bu mübarizənin yekunu olaraq yox yerdən milli bir dövləti tarix səhnəsinə gətirdilər. Beləliklə,  bu şanlı tarixin 97-ci ildönümü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına doğru gedən yola bir daha nəzər salaq.

 

Rusiyada 1917-ci il Fevral inqilabından sonra yaranmış Müvəqqəti hökumət 1917-ci il martın 9-da Cənubi Qafqazı idarə etmək üçün Dövlət Dumasının yerli üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) yaratdı. Komitənin sədri rus kadeti V.A.Xarlamov, üzvləri - azərbaycanlı kadet, sonralar müsavatçı M.Y.Cəfərov, gürcü federal-sosialisti K.Abaşidze, erməni kadeti M.Papacanov, rus kadeti P.Pereverzev idilər. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun əmri ilə P.Pereverzev gürcü menşeviki A.Çxenkeli ilə əvəz edildi.

Müvəqqəti hökumətə tabe olan Xüsusi Zaqafqaziya Komitəsi Cənubi Qafqazda mülki işləri idarə etmək üçün təsis edilmişdi, qanunvericilik hüququna malik deyildi. Cənubi Qafqaz kimi mürəkkəb və çətin regionda sabitliyi təmin etmək üçün əsaslı addımlar atmaqda acizlik göstərən Xüsusi Komitə, əslində, hadisələrin gərginliyi fonunda batıb qalırdı.

1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabr çevrilişi haqqında xəbər Azərbaycana çatandan sonra, 1917-ci il oktyabrın 27-də Bakıda müxtəlif siyasi partiyaların, həmkarlar təşkilatlarının, hərbi hissələrin və Xəzər donanması üzvlərinin iştirakı ilə Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin fövqəladə yığıncağı keçirildi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, eser-menşevik-daşnak bloku 168 səsə qarşı 246 səslə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin yaradılması haqqında qərar qəbul etdi.

Bu qərarla razılaşmayan bolşeviklər hakimiyyət məsələsini geniş müzakirəyə çıxartdılar və noyabrın 2-də Bakı Sovetinin iclasında şəhərdə ali hakimiyyət orqanı kimi Bakı Sovetinin elan edilməsinə nail oldular. Bakı Soveti İcraiyyə Komitəsinin M.V.Basin, N.P.Vatsek, P.A.Caparidze, İ.T.Fioletov, S.G.Şaumyan və başqalarından ibarət yeni tərkibi seçildi. İcraiyyə Komitəsinin sədri S.Şaumyan oldu. Beləliklə, Sovetdə iştirak edən digər partiyalar - eser və menşeviklərlə müsavatçılar arasındakı ziddiyyətlərdən istifadə edən bolşeviklər Bakı Sovetində əsas vəzifələri ələ keçirdilər.

Bolşeviklər “xalqların öz müqəddəratını təyin etmək” hüququnu sözdə elan etsələr də, sonralar Stalin bəyan etdi ki, bu məsələ ancaq “xalqın sosializmi seçməsi” şərtilə həyata keçirilə bilər.

Oktyabr çevrilişindən sonra bolşeviklər Bakı Sovetində hakimiyyəti öz əllərinə almağa müvəffəq olsalar da, Azərbaycanın digər bölgələrində və bütövlükdə Cənubi Qafqazda hakimiyyətə yiyələnmək yolunda müsavatçılar, menşeviklər və daşnakların simasında ciddi maneələrlə üzləşdilər. Müvəqqəti hökumətin devrilməsi ilə Fevral inqilabından sonra Cənubi Qafqazı idarə etmək üçün yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin də fəaliyyəti sona çatdı. İdarə və siyasi yöndən Cənubi Qafqazın Rusiya ilə əlaqələri kəsildi.

Fəaliyyəti sona çatan Xüsusi Zaqafqaziya Komitəsinin təşəbbüsü ilə Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların 1917-ci il noyabrın 11-də (24-də) Tiflisdə keçirilən müşavirəsində gürcü menşevikləri, Azərbaycan müsavatçıları, erməni daşnakları və sağ eserlərin nümayəndələri Rusiya bolşevik hökumətini tanımaqdan imtina etdiklərini bildirib, Müəssislər Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək üçün Zaqafqaziya hökuməti yaratmaq haqqında qərar qəbul etdilər. Noyabrın 15-də (28-də) Zaqafqaziya Komissarlığı yaradıldı.

1918-ci il fevralın 23-də (10-da) Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələrin Tiflisdə keçirilən yığıncağında Zaqafqaziya Seyminin yaradılması və bölgədə yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi. Beləliklə, Cənubi Qafqazın ali hakimiyyət orqanı kimi Seym öz işinə başladı və E.Gegeçkori başda olmaqla, Zaqafqaziya hökuməti təşkil edildi. Zaqafqaziya Seymində Müəssislər Məclisinə seçilmiş nümayəndələrin sayını bərabər şəkildə üç dəfə artırmaq yolu ilə menşeviklər 33, Müsavat və bitərəf demokratik qrup 30, daşnaklar 27, Müsəlman Sosialist Bloku 7, eserlər 5, hümmətçilər 4, ittihadçılar isə 3 yer əldə etdilər.

Zaqafqaziya Seymi məcburiyyət qarşısında meydana gəlmiş bir orqan idi. Seymə daxil olan hər üç millət - gürcülər, azərbaycanlılar və ermənilər öz-özlüyündə tamamilə müstəqil idilər. Bunların hər biri öz milli maraqlarına ən uyğun şəkildə təşkilatlarını qurmuşdularmilli ideallarını gerçəkləşdirməyə çalışırdılar. Hər üç millətin milli maraqları çox zaman bir-biri ilə toqquşurdu. Ona görə də bunların hər biri onu dəstəkləyəcək bir qüvvə, bir böyük dövlət axtarışında idi. Bu şərtlər daxilində Zaqafqaziya Seyminin gerçəklikdən uzaq bir birlik olduğuilk böyük sarsıntıda bu Seymin dağılacağı göz qabağında idi.

Cənubi Qafqazda milli-azadlıq hərəkatının genişləndiyi bir şəraitdə Azərbaycanın geniş xalq kütlələri Müsavat partiyası ətrafında sıx birləşərək Azərbaycana muxtariyyət verilməsi tələbini qətiyyətlə irəli sürürdülər. Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda mübarizə aparan Müsavat partiyası bolşevik-erməni alyansının başlıca düşməninə çevrilmişdi.

1918-ci ilin martında daşnak-bolşevik birləşmələri tərəfindən Bakıda türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımı da başlıca olaraq Azərbaycanın muxtariyyəti və müstəqilliyi əleyhinə yönəldilmişdi. M.Ə.Rəsulzadə də Mart qırğınının səbəbini 1917-ci ilin son rübündən başlayaraq müsəlman demokratiyasının həyata keçirməyə çalışdığı “Azərbaycan muxtariyyəti”ndə görürdü. O yazırdı ki, “siyasi proqram şəklində meydana atılmış Azərbaycan muxtariyyəti bolşeviklərin planlarına uyğun gəlmirdi”.

M.Ə.Rəsulzadə bolşevik orqanı olanBakinski raboçinin muxtariyyətçilərə necə cavab verdiyini belə xatırlayır: “Azərbaycan muxtariyyəti türk burjuaziyasının muxtariyyətidir. Bu muxtariyyətə nə Rusiya burjuaziyası, nə də Rusiya demokratiyası razı olur. Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə xarabazar bulurlar”. Bakıda Mart qırğınının törədilməsinin başlıca səbəbləri Azərbaycanın muxtariyyəti və müstəqilliyinin qarşısının alınması, Bakının mühüm iqtisadisiyasi əhəmiyyəti ilə bağlı idi. Mart qırğınını törətməklə bolşeviklər Bakıda Azərbaycan muxtariyyətini tələb edən müsavatçıların sosial bazasını məhv etməyə nail olmaq ümidində idilər.

Siyasi baxışlarında kəskin fərqlər olmasına baxmayaraq Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları müsəlmanlara qarşı vahid cəbhədə birləşdilər. Daşnaksütyun” partiyası və Erməni Milli Şurasının Ter-QazaryanY.Ter-Mikaelyandan ibarət nümayəndələri ilə Müsavat partiyası və Müsəlman Milli Şurasının Ə.M.Topçubaşov və başqalarından ibarət nümayəndələri ilə aparılan danışıqlarda daşnaklar Bakı Sovetinə qarşı mübarizədə müsavatçılara bir şərtlə kömək göstərməyə razı oldular ki, Bakıda koalisiyon müsavat-daşnak hökuməti yaradılsın. Lakin müsavatçılar bu həyasız təklifi rədd etdilər. Əslində, bu danışıqlar təxribat xarakteri daşıyırdı.

Eyni zamanda, belə təhlükəli bir məqamda Bakı menşeviklərinin lideri Q.Ayollo Soveti müdafiə edəcəklərini bəyan etdi. Eserlərin başçısı S.Saakyan panislamizmə qarşı vuruşacaqlarını, hətta bolşeviklərə dərin nifrət bəsləyən kadetlər də “rus işiuğrunda mübarizə aparan bolşevikləri müdafiə edəcəklərini bildirdilər. Uzun müddət menşeviklərə qarşı mübarizə aparan bolşeviklərin menşevik və eserlərlə, hətta kadetdaşnaklarla mart günlərində birləşməsi dinimilli zəmində baş verdi.

1918-ci ilin mart qırğınları zamanı Fövqəladə Təhqiqat Komissiyasının ümumiləşdirdiyi hesabata görə, 18 – 21 mart (30 mart - 2 aprel) 1918-ci ildə təkcə Bakıda 12 min müsəlman öldürüldü, kütləvi formada insan cəsədləri iyrənc və dəhşətli şəkildə təhqir edildi. Bütün bunlar Fövqəladə Təhqiqat Komissiyasının 36 cild, 3500 səhifədən ibarət təhqiqat materialları əsasında şahid ifadələri, təftiş və ekspertiza protokolları ilə təsdiq edilmişçoxlu sayda yanmış evdaha çox işgəncələrə məruz qalmış cəsədlərin fotoşəkilləri çəkilərək təhqiqat işinə əlavə edilmişdir. İnsanların əzabla qətlə yetirilməsi, öldürülən insanların üzərində təhqiramiz hərəkətlərin həyata keçirilməsi hadisələrin milli-etnik zəmində baş verdiyinə dəlalət edir.

Lakin, həmin dövrdə Britaniyanın Bakıdakı konsulluğunun tərtib etdiyi materiallarda 20 min müsəlmanın qətlə yetirildiyi bildirilir. Həmin dövrdə İranın Bakıda konsulu olan Həbibulla xan çap etdirdiyi xatirələrində göstərir ki, yalnız İran konsulluğu mart hadisələri baş verəndə qətlə yetirilən 5000 nəfər müsəlmanı dəfn edib. Əlbəttə ki, rəqəmlərdə uyğunsuzluq insanların kütləvi şəkildə qətlə yetirilməsi və onların dəqiq sayının müəyyənləşdirilməsinin mümkünsüz olduğundan xəbər verir. Britaniyalı konsul sənədlərdən birində yazır ki, “ermənilər bu hərəkətləri ilə tarixlərinin ən böyük səhvini etmiş oldular... Bu siyasətə görə bütün məsuliyyəti “Daşnaksütyun” daşıyır”.

Müsəlmanların evlərinə girən ermənilər bütün dəyərli əşyaları müsadirə edir, geri qalanlarını isə yandırırdılar. Ümumi olaraq, Bakının müsəlman əhalisinə köhnə hesabla 1.200.000.000 rubl zərər vurulmuşdur.

Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktı təkcə Bakı ilə məhdudlaşmadı. Aprel ayından başlayaraq Bakı Sovetinin bolşevik-daşnak qoşunları T.Əmirov, S.Lalayan, Amazaspbaşqa canilərin rəhbərliyi ilə Şamaxı, Salyan, Kürdəmir, Quba, Lənkəran və digər bölgələrdə də Bakıda başladıqları soyqırımı əməlini davam etdirdilər. Bütövlükdə, qəzalarla birlikdə 1918-ci il soyqırımı qurbanlarının sayı 150 min nəfərdən çoxdur.

Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyasının 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdır. Burada S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. Şamaxının 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı.

Şamaxı şəhərində 10 minə yaxın türk-müsəlman öldürülmüş, şəhər tamamilə dağıdılmış və əhaliyə 1 milyard rubl maddi ziyan vurulmuşdur. Şamaxı qəzasının 110 müsəlman kəndinə hücum edən ermənilər bu kəndlərdən 105-ni tamamilə yandırmış, 12295 nəfər türk-müsəlmanı soyqırıma məruz qoymuş və müsəlman əhalisinə 631.208.132 rubl məbləğində maddi ziyan vurmuşlar. Bütövlükdə, Şamaxı qəzasında 22295 nəfər öldürülmüş və meyidlər üzərində olmazın təhqiramiz hərəkətlər edilmişdir. Şamaxı qəzasının müsəlman əhalisinə vurulmuş maddi ziyanın məbləği 1.631.208.132 (1 milyard 631milyon 208 min 132) rubl təşkil edir. Bütün bunlar Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materialları ilə tam sübuta yetirilmişdir.

Fövqəladə Təhqiqat Komissiyasının materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən Amazaspın rəhbərlik etdiyi daşnak-bolşevik birləşmələrinin sayı 5 min nəfərdən çox olmuşdur. Onlar silahsız dinc əhaliyə azğınlıqla divan tutmuşlar. Quba şəhəri tamamilə viran edilmiş, 2800 türk-müsəlman öldürülmüş və əhaliyə 128.500.000 rubl maddi ziyan vurulmuşdur. Bununla yanaşı, Quba qəzasının Dəvəçi, Müşkür, Qusar, Rustov və 5-ci Fəthi bəy polis nahiyyələrini əhatə edən 168 müsəlman kəndi erməni hücumuna məruz qalmış və dağıdılmış, 1361 nəfər dinc sakin öldürülmüş və əhalinin əmlakına 58.121.059 rubl maddi ziyan vurulmuşdur.  Yaralıların, sonradan ölənlərin, eyni zamanda qorxudan və sərgərdanlıq vaxtı ölənlərin sayı müəyyən edilməmişdir. FTK-nın ümumiləşdirdiyi rəqəmlərə görə, bütövlükdə, Quba qəzası üzrə 4261 nəfər türk-müsəlman öldürülmüş və müsəlman əhalisinə 186.621.059 rubl maddi ziyan vurulmuşdur. O da qeyd olunmalıdır ki, Fövqəladə Təhqiqat Komissiyasının əməkdaşları Quba qəzasında cəmi 10 gün təhqiqat apara bilmişdir, nəticədə ermənilərin törətdiyi soyqırımının qurbanlarının hamısını təhqiqata cəlb edə bilməmiş və yarımçıq qalmışdır.

Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı Quba qəzasında 12 minədək ləzgi, 4 mindən çox türktat əhalisi öldürülmüşdür. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələrinin Quba qəzasında dağıtdığı və soyqırımına məruz qoyduğu 168 kənddən 35-i hazırda mövcud deyildir. Hazırda Qubada aşkar edilən kütləvi insan məzarlığı buna sübutdur. Lakin törədilən soyqırımının sənədlərdən anlaşılan miqyası onu deməyə əsas verir ki, bu kimi məzarlıqlar qəza ərazisində onlarcadır.

Lənkəranda olanDikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə erməni-bolşevik dəstələri göndərilmişdi. Erməni-bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara erməni-bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edilmiş, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olmuşdu.

1918-ci ilin yayında Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başlamışdı. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtmış və minlərlə günahsız insanın həyatına son qoymuşdular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustundaMolokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.

1918-1920-ci illərdə ermənilərin törətdiyi soyqırımına və böyük həcmdə itki və tələfatlara məruz qalan bölgələrimizdən biri də Naxçıvan və Şərur- Dərələyəz qəzaları olmuşdur. Osmanlı hərbi komandanlığının yerli əhali nümayəndələri ilə birgə apardığı təhqiqatların nəticələrinə görə, 1918-1920-ci illərdə Şərur və Sədərək rayonlarının 56 kəndində 18.372 türk-müsəlman öldürülmüş, 2564 ev, 57 dəyirman, 24 məktəb və 47 məscid dağıdılmış, 1.438.800 davar, 2.499.550 qaramal, 1 milyon pud ərzaq məhsulları və digər zəruri əmlak talan edilmiş, əhaliyə ümumilikdə 2.212.795.000 rubl maddi ziyan vurulmuşdur.

 

(ardı var)

 

Vasif QAFAROV,

tarix üzrə fəlsəfə

doktoru, dosent

 

Xalq qəzeti.- 2015.- 23 may.- S.11.