İlyas Əfəndiyev və ədəbiyyatımızın

bədii Qarabağnamələri

 

XX əsr Azərbaycan ədəbiyyatının böyük bir mərhələsi unudulmaz Xalq yazıçısı İlyas Əfəndiyevin adı ilə bağlıdır. 1914-cü il mayın 28-də Füzuli (keçmiş Qaryagin ) şəhərində anadan olan İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda dünyasını dəyişdi. Əbədi ayrılığın ədəbiyyatsevərlər üçün bu qüssəsi və sınaq məqamından ötən19 il bir daha sübut etdi ki, İlyas Əfəndiyev həmişə bizimlədir. Böyük nasirdramaturqun ömür və sənət yolunun davamçısı Elçin bu gerçəyi belə ifadə edib: 1996-cı il. 3 oktyabr... Bu tarixdən sonra İlyas Əfəndiyevin ikinci ömrü başlayır.

 

İlyas Əfəndiyev, sözün həqiqi mənasında, ədəbiyyatımızın müasir klassikidir. O, bir tərəfdən, gözəl romanlar, povestlər, hekayələr yazırdısa, digər tərəfdən də Azərbaycan teatrına bir-birindən maraqlı səhnə əsərləri bəxş edirdi. Ədibin sənət irsi ilə ətraflı tanış olduqca heyrətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, həm də ədəbi görüşləri ilə seçilən obyektiv bir tənqidçi təsiri bağışlayır. Əmək fəaliyyətinə doğma Füzulidə müəllimliklə başlasa da, Bakıda ilk yeri qəzet redaksiyası olub. Bu mənada ədibin publisistikası da öz mükəmməlliyi ilə seçiliro zaman yazdıqları bu gün də aktualdır.

İlyas Əfəndiyev quruluşların təpkisini, zillətini görən, həyatın ziddiyyətləri içərisində yazıçı mənini qoruya bilən, kişi ləyaqətini gözləyən, yaramazlığa əyilməyən, məramını dəyişməyən, gündə bir əqidə libası geyinməyən, həqiqətə sadiqliyi və qəlb böyüklüyü ilə seçilən bir şəxsiyyət kimi yaşayıb. Təsəvvür edin ki, keçmiş SSRİ dövlətinin yazıçıya verə biləcəyi yüksək mükafatların, fəxri adların, orden və medalların əksəriyyətini istedadına görə alan İlyas Əfəndiyev nəinki Azərbaycanda, bəlkə də, ittifaqda yeganə ədiblərdən idi ki, Kommunist Partiyasının üzvü deyildi.

Orta məktəbdən üzübəri İlyas Əfəndiyevin əsərlərini müntəzəm oxuyuram. Elə əsəri var ki, dəfələrlə mütaliə etmişəm, həmişə də yeni bir anlatma, pünhan bir mətləblə rastlaşmışam. İlyas Əfəndiyevin əsərlərini diqqətlə oxuduqda onu yazıçıdan əlavə, tarixçi, coğrafiyaçı, salnaməçi kimi də dəyərləndirmək olur.

Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatova məxsus fikirdir: İnsanın Vətəni uşaqlığıdır. Həqiqətən, insan uşaqlığıdır keçən, beşiyi yellənən yerləri heç vaxt unuda bilmir. İlyas Əfəndiyevin uşaqlığı isə... Ömrünün sonuna kimi bu illərin acı və şirin xatirələri onun içində yaşadı. Hekayələrə, dramlara, povestromanlara köçürüldü, amma bitib-tükənmədi. İlyas Əfəndiyevin əsərlərində biz də vaxtilə onun gəzib-dolaşdığı Ağdam bağlarının, İsa bulağının, Xankəndinin, Ağa körpüsünün çiçəklərinin ətrini duyuruq.

Tənqidçi Yaşar Qarayev yazırdı: Azərbaycan tarixi barədə klassik sənədlər - yeddi Qarabağnamə var. Bütünlükdə, İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci Qarabağnamə hesab edirəm. Mənim düşüncəmə görə, Qarabağ canlı bir varlıqdır. Onun düşünən beyni Füzuli, vuran əli Ağdam, döyünən ürəyi Şuşadır. Bu mənada Qarabağ İlyas Əfəndiyev yaradıcılığında baş mövzudur. Qarabağın ötən günlərini vərəqləmək üçün bu müəllifi diqqətlə oxumaq kifayət edər ki, bir çox mətləblərdən hali olasan. Bütün müqəddəs hissləri, könül titrədən xatirələri, həyəcanları Qarabağla bağlı idi. Şuşa isə ürəyinin sarı simiydi.

İlyas Əfəndiyevin ulu babası Xoca Əhməd Əfəndi XVIII əsrin sonlarında Ərzurumun Kars mahalından Qarabağa, indiki Füzuliyə (o zaman Qarabulaq, sonralar isə orada öldürülmüş çar polkovniki Karyaginin şərəfinə Qaryagin adlandırılıb) gələrək yurd salıb, orada evlənib. Görkəmli din xadimi, ilahiyyatçı alim kimi məşhurlaşıb. Bu nəsil nəinki Qarabağda, ətraf bölgələrdə, ümumən Azərbaycanda və qonşu ölkələrdə Əfəndi uşağı kimi hörmət və nüfuz qazanıb.

XIX əsrin sonlarında bu nəslin bir nümayəndəsi tamam başqa bir sahədə seçilən adam olub. Ailə ənənəsindən uzaqlaşıb məşhur tacir olan Məhəmməd bəy bacarığı, işgüzarlığı, ziyalılığı, geniş dünyagörüşü ilə fərqlənərək, bir çox məziyyətlərinə görə Qarabağ elatının çox hörmətli şəxsiyyətindən olub. O, şuşalı Bayram bəyin qızı Bilqeyis xanımla ailə qurmuşdu. Şuşadakı rus gimnaziyasını bitirmiş Bayram bəy yalnız bütün Qarabağın ehtiramla yanaşdığı, sayılıb-seçilən adamlardan olmuşdu. Elə bu nüfuzuna görə də Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Ağdam qəzasına rəis təyin edilmişdi.

Məhəmməd bəyin və Bilqeyis xanımın yeddi övladı olub: İlyas, Məhbub, Mustafa, Tofiq, Məhluqə, Arif, Nəzihə. Tacir Məhəmmədin Füzulidə müxtəlif mallar satılan doqquz dükanı, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Ağcabədidə qumaş dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda, Tehranda və Təbrizdə şərikləri vardı. Təəssüf ki, XI ordu Azərbaycanı işğal edəndən sonra bolşeviklər və onların dəmtutanları onun mülklərini, bütün varidatını, hətta sonuncu əmlakını ailəsinin sığındığı daşdan tikilmiş ikimərtəbəli evini də əlindən alıblar.

O illərdə ailənin düçar olduğu məşəqqətlər barəsində İlyas Əfəndiyevin bir çox əsərlərində, müsahibələrində söz açılıb. Məlum olur ki, babası Bayram bəyi zəhərləyib, atası Məhəmmədi 46 yaşında çərlədib öldürən bolşeviklər onlara çox zülm ediblər. Kommunist hakimiyyətinin vətəndaş hüquqlarından məhrum etdiyi ailənin bütün ağırlığı bəy qızı Bilqeyis xanımın çiyinlərinə düşüb. O, kübar bir xanım olub. Əski və yeni əlifbada yazıb-oxumağı bacarıb, geniş dünyagörüşü ilə seçilib.

İlyas Əfəndiyevin dayısı Cəlil bəy Bağdadbəyov ötən əsrin 30-cu illərində tanınmış mədəniyyət xadimibir sıra pyeslərin müəllifi idi. Bu şuşalı balası Azərbaycanın ilk sənətşünası və etnoqrafı olub. Həm maddi, həm də mənəvi cəhətdən zəngin olan bu məşhur nəsillər İlyas Əfəndiyevin ata, ana tərəfi, yaxın qohumları sovet hakimiyyətinin hər cür acılıqlarını yaşayıblar.

İlyas Əfəndiyevin vəfatından sonra çapdan çıxmış Seçilmiş əsərlərinin yeddi cildliyini son vaxtlar yenidən vərəqlədim. Hətta bəzi roman və hekayələrini, xatirələrini təkrar oxumaqdan böyük zövq aldım. Həqiqətən də o, elə əsərlərə imza atıb ki, əbədiyaşardır. Bu əsərlər zamanın və quruluşun diktəsinə boyun əyməklə yazılmayıb. Yazıçının Şuşa ilə bağlı xatirələri məni daha çox təsirləndirdi, hətta kövrəltdi.

Uşaqlıq illərinə, soy- kökünə dərindən bağlı olan yazıçının qeyri-adi yaddaşına bir daha heyran oldum. Bu yerdə xalq yazıçısı Mirzə İbrahimovun səlis söylədiyi fikirləri ürəyimdən xəbər verdi: Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar topludolğun bir çiçəklikdir.

İlyas Əfəndiyev Şuşanın bütün toponimlərini, görməli yerlərini, küçə və məhəllələrinin adlarını əzbər bilirdi. Məşhur adamlarını, dağını, dərəsini, adicə cığırını belə yaxşı tanıyırdı. Həmişə də qəribə həsrət və nisgillə Şuşanın obrazını əsərlərinə gətirirdi. Onun xiffətinin ahəngində Şuşanın bəxtəvər günlərinin həsrəti dil açırdı. Dramaturqun 1971-ci ildə yazdığı Mahnı dağlarda qaldı pyesinin əsas surəti Böyük bəy şuşalı Bayram bəyin prototipidir.

İlyas Əfəndiyev ədəbiyyata Kənddən məktublar (1939) adlı hekayələr kitabı ilə gəlib. 57 illik yaradıcılığı ərzində 6 roman, 47 hekayə, saysız- hesabsız oçerk, məqalə, rəy və xatirələr yazıb. Yarım əsrdən artıq bir zaman kəsiyində o, aparıcı dramaturq kimi Akademik Milli Dram Teatrının repertuar ağırlığını üzərinə götürüb. Onun bu teatrın səhnəsində 19 pyesi tamaşaya qoyulub. 1944-cü ildə İntizarla başlanan debüt 1996-cı ildə Hökmdar və qızı pyesi ilə tarixə çevrilib. Lakin sonuncu əsər səhnəyə qoyulanda İlyas Əfəndiyev onun tamaşasında iştirak edə bilmədi. Bütün bu illər ərzində yuxarıda dediyimiz kimi, Qarabağ onun yaradıcılığının nəqəratı idi...

Ədib 1942-ci ildə Ədəbiyyat qəzetində çap edilən Natəvan adlı məqaləsində yazırdı: Çar istilası Azərbaycan xalqının həyatındakı əzab və məşəqqətləri qat-qat artırmış, ölkədə yeni faciələr yaratmışdı. Natəvanın tərənnümündəki iniltilər məhz bu iztirab və əzabların ifadəsi idi. 1978-ci ildə yazdığı Natəvan pyesində isə Xan qızının son sözləri belədir: Bu uçurumlu yolların sonunda bizi milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!..

İndiki kimi yadımdadır. Biz bu pyesin ilk tamaşasına baxanda Natəvan rolunun yaradıcısı Xalq artisti Amaliya Pənahovanın üzünü salona tutaraq xüsusi pafosdaxili harayla bu monoloqu necə təsirli söyləməsi hər birimizdə vahimə yaratdı. O gecə İlyas Əfəndiyevə nəsə bir pislik gələcəyini düşündük. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev salonda idi. O, İlyas Əfəndiyev yaradıcılığını çox yüksək qiymətləndirər, daim izləyər, sevərdi. O axşam da salonda olması ilə qaraqorxunu sovuşdurdu.

İlyas Əfəndiyev Sara Qədimova haqqında qələmə aldığı bir məqalədə dünyasının nisgillərini dilə gətirərək deyirdi: Sara Qədimova oxuyanda özümü qırmızı laləli dağ yollarında hiss edirəm. Sanki ŞuşayaKirs, Ziyarət, Salvartı dağlarına qalxıram. Qarabağ təbiətinin bütün gözəlliyi ruhuma dolur, Şuşanın, İsa bulağının, Şəkili bulağın nəfəsini hiss edirəm. Sara oxuyanda onun səsi məni İsa bulağına, Qırxqız yaylağına çağırır.

Məşhur tarzən Qurban Pirimov haqqında yazdığı bir məqalədə də yenə Qarabağın gözəlliyindən söz açırdı: Şuşanın şimal-qərbindəki meşəli dərədə, çayın cənub sahillərində tağ kimi irəli əyilmiş qayanın altından bir bulaq qaynayıb çıxır. Buna Şəkili bulaq" deyirlər. Altından bulaq çıxan qayanın üstündə qoca palıd, ulas, yemişan ağacları bitmişdir". Bu yazının başqa bir yerində isə onun üçün müqəddəs sayılan bir ünvanı nişan verirdi: Şuşada kilsənin (indiki teatr binasının) dal tərəfində Üzeyirgilin balaca evi var. Sonra da Qurban Pirimov tarının möcüzəsini, qəlbə təsiretmə səbəbini İsa bulağının, Turşsuyun, Daşaltının, Məlik Şahnəzərin kahasının, Xəzinə qayasının ətrafındakı kəklikotunun bihuşedici ətrinə bağlayırdı. Yazıçı ruhuna- qəlbinə qəribə bir rəng yığırdı Şuşa dağlarından. Sonra da onu əsərlərində özünəməxsus sözlərlə naxışlayırdı.

İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini - Şöhrəti alan ilk yazıçıdır. Sovet dövründə mükafatları çox olmuşdu. Amma onun ən çox dəyərləndirdiyi, sevə-sevə qarşıladığı, əzizlədiyi mükafat məhz Şöhrət ordeni oldu. İllər boyu qəlbini əzən, duyğularını pərən-pərən edən, yaradıcılığında əks olunan həsrətinə son qoyuldu. Varlığı qədər sevdiyi məmləkəti hürriyyətinə qovuşdu.

Verdiyi son müsahibələrin birində bir fikri özünəməxsus müdrikliklə dilə gətirmişdi: Bütün ömrüm boyu yazılarımda ədəbi həqiqətin deyilməsinə çalışdım. Elə əsər yazmağın bir mənası da həqiqət axtarmaq deməkdir. Bir növ avtobioqrafik xarakter daşıyan Geriyə baxma, qoca əsərində mənim məqsədim o olmayıb uşaqlığımı təsvir eləyəm, çalışmışam ki, Azərbaycan xalqının taleyi, keçmişi, mərdliyi, alicənablığı, yüksək mədəniyyəti haqqında söz deyim. Mənim üçün həmişə ağır idi ki, işğalçı çar mayoru Lisaneviçin Şuşadan bir qədər aşağıda, Ağa körpüsünün yanında dincələn İbrahim xanı uşaqdan tutmuş qadına kimi bütün ailə üzvləri ilə heç bir səbəb olmadan rus əsgərlərinə doğratdılar. Biz isə onları tərənnüm etməliydik. Mən bunu bacarmadım.

 

1989-cu ildə Qarabağa Xalq Yardım Komitəsinin orqanı kimi nəşrə başlayan Azərbaycan qəzetinin yenidən işıq üzü görməsi ilə əlaqədər İlyas Əfəndiyev öz qürurunu, istəklərini belə dilə gətirirdi: Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə tarixi barədə düşünərkən Qarabağ igidlərinin, Gəncə qəhrəmanlarının, Təbriz fədailərinin, Naxçıvan mübarizlərinin xəyalları sanki uzaq, romantik bir aləmdə gözlərimin qarşısından gəlib keçir və mən Xəzinə qayasının sıldırımları üzərində Şuşa qalasının yaradılmasına hökm verən Pənah xanı görürəm, baltagirməz qalın meşələr arasından Şuşa qalasına şirin su çəkdirən dərdli şair Xurşudbanu Natəvanın nəcib xəyalını görürəm və fikirləşirəm ki, indi Qarabağa yiyə çıxmaq sərsəmliyinə tutulmuş erməni ekstremistləri - qarıyıb əldən düşmüş daşnaklar o zaman harada idilər?

Çox təəssüf ki, xalq yazıçısının doğulduğu Füzuli şəhəri də, bütün varlığı ilə bağlı olduğu Şuşa, Ağdam da bu gün erməni tapdağı altında inildəməkdədir. Və birİlyas Əfəndiyev deyirdi: Həyatımda o çatmır ki, niyə Azərbaycan bütöv deyil? Elə bu nisgillə də dünyasını dəyişdi.

O qalibiyyət gününün var olacağına inanırıq. İnanırıq ki, İlyas Əfəndiyevin doğma Füzulisində də, Şuşasında da onun ev-muzeyi, adını yaşadacaq ünvanlar yaradılacaq. Bir vaxt yazılarında dönə-dönə deyərdi ki, yay vaxtı Qarabağın Füzuli, Ağdam, Ağcabədi, Beyləqan, Cəbrayıl, Bərdə, Tərtər, Yevlax kimi aran yerlərində yaşayan ailələr Şuşa qalasına yaylağa gedərdilər. O karvanın yenə də yola düzüləcəyi gün mütləq olacaq!..

Böyük söz ustası 1964-cü ildə yazdığı Sən həmişə mənimləsən pyesinin müzakirəsi zamanı belə demişdi: Qarabağ dağlarında qəribə ətri olan bir çiçək görmüşdüm. Onu qoxlayanda adama elə gəlirdi ki, üfüqlər nəhayətsiz dərəcədə genişlənir. Mavi səma ucu-bucağı olmayan əsrarəngiz bir ümmana çevrilir. O gülün ətrində zərif bir sərtlik də var idi. Mən çiçəyin adını soruşdum. Öyrəndim ki, buna bəzi yerlərdə boyçiçəyi, bəzi yerlərdə də boxçagülü deyirlər. Boyçiçəyini gəlinlər dərib toy paltarlarının arasına qoyurlar. İllər keçir, çiçək qupquru quruyur, amma yenə də öz ətrini itirmir. Elə bil indicə dərmisən.

Qəribədir, bu sözləri, sanki böyük yazıçı öz yaradıcılığı barədə deyib. Həqiqətən, İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatının boyçiçəyidir. Həmişə ətirli, solmazbihüşedici çiçəyi...

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2015.- 28 may.- S.12.