Parlament seçkiləri beynəlxalq

müşahidəçilərin gözü ilə

 

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçirildi. 767 namizəd 125 deputat mandatı uğrunda mübarizə apardı. Demokratik seçki hazırlığı fonunda Azərbaycan vətəndaşı fəal şəkildə səsvermə prosesində iştirak etdi, layiq bildiyi namizədə səs verdi. Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq hakimiyyət qolunun tərkibinin formalaşmasına imkan verən seçki prosesini beynəlxalq müşahidəçilər izlədilər. Xarici müşahidəçilərin seçkilər barədə ümumi rəyi müsbətdir onlar seçkilərin demokratik meyarlara uyğun keçdiyini bildirirlər.

 

İCAPP-ın baş katibi:

Azərbaycan demokratik

seçki sisteminə malikdir

 

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) baş katibi Çunq Eu Yonq Secki-2015.az saytına açıqlamasında Azərbaycanın uğurlarına sevindiklərini deyib: “Hər bir ölkə üçün ən vacib məsələ onun inkişafıdır ki, Azərbaycan bu istiqamətdə böyük uğurlar əldə edir”. O əlavə edib ki, Azərbaycanın uğurları demokratiyanın göstəricisidir.

Azərbaycanda çoxpartiyalı sistem mövcuddur, amma buna baxmayaraq, partiyalar arasında mübarizə sivil qaydada aparılır. Parlament seçkilərinə qatılan partiyaların iştirakı bunu təsdiqləyir”, – deyən İCAPP-ın baş katibi əlavə edib ki, Azərbaycan müasir dövlətdir: “Hər səfərimdən sonra ölkəniz haqqında təəssüratlarım daha da zənginləşir. Ölkəniz sürətlə inkişaf edir. Avropa Asiya dəyərlərini özündə birləşdirən Azərbaycan güclü iqtisadiyyata malikdir. Qısa zaman kəsiyində gənc dövlətin böyük uğurlara imza atması təqdir olunmalıdır. Hesab edirəm ki, noyabrın 1-də keçirilən parlament seçkiləri bu uğurların davamı olacaq. Çünki Azərbaycan demokratik seçki sisteminə malikdir”.

İCAPP-ın həmsədri Jose de Venesia da məntəqələrdə seçici fəallığının mövcud olduğunu açıqlayıb. Secki-2015.az saytına məlumat verən beynəlxalq müşahidəçi bildirib ki, səsvermə obyektiv, şəffaf, demokratiyanın tələblərinə qanunvericiliyə uyğun şəkildə davam edir: “Bu, bir daha göstərir ki, Azərbaycan demokratik inkişaf yoluna sadiqdir”. Jose de Venesia səsvermə prosesindən razılığını da açıqlayıb.

 

Beynəlxalq müşahidəçi:

Ölkənizdə inkişaf var,

seçici aktivliyi hiss olunur

 

Parlament seçkilərini Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələri də izlədilər. Müşahidə missiyasının üzvü Aqustin Conde Secki-2015.az saytına açıqlamasında apardıqları müşahidələrdə heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildirib.

A.Conde ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini izlədiyini bildirib: “Ölkənizdə inkişaf var. Seçki prosesinin təşkilində də xeyli irəliləyişlər müşahidə etdim. Seçici aktivliyi hiss olunur. İnsanlar səsvermə hüququndan həvəslə istifadə edirlər”.

Avropa Şurası Parlament  Assambleyasının (AŞPA) müşahidə missiyasının digər üzvü Maykl Saymes də qanun pozuntusuna rast gəlmədiklərini deyib. Secki-2015.az saytına açıqlamasında M.Saymes deyib ki, seçki prosesinin təşkilində hər şey normaldır: “Mən ikinci dəfədir Azərbaycanda seçki prosesini müşahidə edirəm. İlk müşahidəmdən bu günə qədər xeyli müsbət dəyişiklik baş verib”. M. Saymes indiyə qədər 3 seçki məntəqəsində müşahidə apardığını və heç bir qanun pozuntusu qeydə almadığını vurğulayıb.

 

Yasril Ananta Baharuddin:

Heç bir mübahisənin,

xoşagəlməz halın şahidi olmadıq

 

Mərkəzi Asiya Sakit Okean Demokratlar İnternasionalının (CAPDİ) müşahidə missiyasının üzvləri Ervin Aksa və Yasril Ananta Baharuddin 19 saylı Nərimanov birinci seçki dairəsinin bir neçə seçki məntəqəsində müşahidə aparıblar. Beynəlxalq müşahidəçilər açıqlamalarında seçkilərin gedişindən razı qaldıqlarını bildiriblər.

Ervin Aksa deyib ki, səs verənlər məntəqələri razılıq hissi ilə tərk ediblər. Bunun başlıca səbəbi seçkilərin şəffaf və demokratik keçməsidir: “Biz insanların seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdiklərinin şahidi olduq. Vətəndaşlar öz səsvermə hüquqlarından istifadə edərək istədikləri namizədə dəstəkləmək üçün məntəqələrə gəlirdilər”. Yasril Ananta Baharuddin isə qeyd edib ki, baş çəkdiyimiz məntəqələrdə seçki prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir: “Həmin məntəqələrdə nizam-intizam hökm sürürdü. Heç bir mübahisənin, xoşagəlməz halın şahidi olmadıq”.

 

Hindistanlı müşahidəçilər

seçici fəallığının yüksək

olduğunu bildirirlər

 

Hindistan Mərkəzi Seçki Komissiyasının üzvləri Vicay Colli və Sureş Çandra 33 saylı Xətai birinci seçki dairəsinin 5, 9, 10, 20 və 23 saylı məntəqələrində  seçkilərlə bağlı fikirlərini açıqlayıblar. Azərbaycana ilk səfəri olduğunu bildirən Vicay Colli belə şəffaf və demokratik seçkiləri təşkil etdiyinə görə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını təbrik edib.  Məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olmaq üçün geniş imkanlar yaradıldığını deyən hindistanlı müşahidəçi  seçicilərin yüksək əhval-ruhiyyə və fəallıq şəraitində səs verməyə gəldiklərini də vurğulayıb.

Azərbaycan rəhbərliyini Mərkəzi Seçki Komissiyasını seçkilərin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən  Vicay Colli xüsusilə vurğulayıb ki, seçkilərdə xalqın dəstəyini qazanan namizədlər gələcəkdə Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verəcəklər.

Digər müşahidəçi Sureş Çandra da seçkilərin keçirilməsindən razılığını açıqlayıb: “Azərbaycan haqqında təəssüratlarım gördüklərimlə üst-üstə düşdü. Ölkəniz haqqında yüksək fikirdəyəm. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Prosesin sonadək bu qaydada davam edəcəyinə əminəm”.

 

Hazırladı:

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2015.- 3 noyabr.- S.7.