Azərbaycan sübut etdi ki, ölkəmizdə

seçkiləri Avropa standartları

səviyyəsində keçirmək mümkündür

 

Bizim fikrimizcə, məntəqələrdə seçkilərin keçirilməsi texnologiyaları, səsvermə qutularından başlamış seçki məntəqəsinin təşkilinin bütün mexanizminə qədər, hələ əvvəlki seçkilərdə də, prezident və parlament seçkilərinin keçirilməsinə dair beynəlxalq aləmdə qəbul edilmiş bütün qayda-qanuna müvafiq idi. Bu gün Azərbaycan cəmiyyəti, onun böyük əksəriyyəti dövlət başçısı İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşib.

 

Leonid SLUTSKİ,

MDB Parlamentlərarası Assambleyasından

beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi

 

Bakı, 1 noyabr 2015-ci il

 

Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib.Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir.

 

Azərbaycan Respublikası

Xarici İşlər Nazirliyinin məlumatından

 

Bakı, 3 noyabr 2015-ci il

 

Noyabrın 1-də Azərbaycanda baş tutmuş parlament seçkilərinin nəticələrinin  elan olunduğu dəqiqələr müstəqillik tariximizin ən yaddaqalan səhifələrindən biri idi. Həmin anda xalqımızın iradəsi, dövlətimizin gücü və dövlət başçımızın siyasi qətiyyəti öz həqiqi  nəticələrini ortaya qoyurdu. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  seçki ərəfəsində ölkəmizə qarşı təzyiq yolunu tutmuşdur və bu səbəbdən də əsassız olaraq Azərbaycana müşahidəçilər göndərməkdən imtina etmişdi.

 

Doğrudur, rəsmi Bakı bu təzyiqlərə müxtəlif  səviyyəli siyasətçilər tərəfindən dəfələrlə cavab vermişdi. Ancaq  Avropadakı bədxahlarımız  Azərbaycan xalqının daha kəsərli cavabını məhz  noyabrın 1-də, seçkilərin nəticələri elan olunanda aldılar.  Beş yüzdən artıq xarici müşahidəçinin – onların 70 faizdən çoxu Avropa ölkələrini və bu qitənin beynəlxalq təşkilatlarını təmsil edirdi – ölkəmizdə beşinci dəfə keçirilən parlament seçkilərini daha müasir  seçki təcrübəsinə doğru atılmış mükəmməl addım adlandırması, seçki prosesində insan hüquqlarının və demokratik dəyərlərin yüksək səviyyədə qorunduğunu söyləməsi həmin gün dünyaya car çəkilən Azərbaycan həqiqətləri idi.

Həmin gün xarici siyasətçilər dünyaya başqa bir Azərbaycan həqiqətini də söylədilər. Həm dostlarımız, həm də bədxahlarımız 1 noyabr seçkilərini izləmiş müşahidəçi, müasir dünyanın  qanunvericilik orqanlarının əməkdaşları arasında  özünəməxsus nüfuzu olan bir siyasətçinin dilindən eşitdilər ki, bu gün Azərbaycan cəmiyyəti, onun böyük əksəriyyəti dövlət başçısı İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşib.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi olan Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar  keçirilən mətbuat konfransında, sözün həqiqi mənasında, reallığı əks etdirən fikirlər səsləndirdi: “Bütün əvvəlki seçkilərin monitorinqi seçki praktikasının durmadan təkmilləşməsini göstərib. Bizim fikrimizcə, məntəqələrdə seçkilərin keçirilməsi texnologiyaları, səsvermə qutularından başlamış seçki məntəqəsinin təşkilinin bütün mexanikasına qədər, hələ əvvəlki seçkilərdə də, prezident və parlament seçkilərinin keçirilməsinə dair beynəlxalq aləmdə qəbul edilmiş bütün qayda-qanuna müvafiq idi”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də noyabrın 1-də Bakıda Azərbaycan həqiqətlərini yüksək qiymətləndirən fikirlər səsləndirmişdi. Rusiyalı siyasətçi  rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini qeyd etməklə yanaşı, xatırlatdı ki,  Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147 nəfərdən ibarət nümayəndə heyəti iştirak edirdi.  “Bizim missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir”.

ATƏT / DTİHB isə nəinki müşahidəçilərin sayını Azərbaycanla razılaşdırmaq istəmirdi, üstəlik, ölkəmizin seçki qanunvericiliyinin tələblərini də pozmağa cəhd edirdi. Sergey Lebedev  bu məsələyə toxunmaq istəməsə də, rəhbərlik etdiyi müşahidə missiyasının 1 noyabr seçkiləri barədə fikirlərini məhz seçki keçirən ölkənin qanunlarını yada salaraq dedi: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.

Azərbaycanın 1 noyabr parlament seçkilərinə müvafiq müşahidə missiyası göndərilməsi barədə dəvətinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız olaraq çox sayda müşahidəçinin ölkəmizə  gəlməsini israr edirdi. Onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda isə seçkiləri müşahidə etməkdən imtina etmişdilər. Təbii ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətləri  qəbuledilməz idi və həmin qurumla hərtərəfli əməkdaşlığımızın mövcud olmasına baxmayaraq, bu müəmmalı missiya tərkibi ilə razılaşa bilməzdi. Razılaşmadı və adıçəkilən qurumun müşahidəçilərinin gəlməməsi nə seçkinin hazırlanmasına təsir etdi,  nə də səsvermənin keçirilməsinə.  Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izləməsi və nəticələri yüksək səviyyədə qiymətləndirməsi o demək idi ki, kiminsə qərəzli planları Azərbaycanın beynəlxalq aləmdəki reytinqinə heç bir halda mənfi təsir edə bilməyəcək.

Seçkinin böyük uğurla başa çatmasından sonra da bəzi ağzıgöyçəklər ənənəvi nağıllarını gündəliyə gətirərək hansısa “legitimlikdən” danışırlar. Onlar bilməlidir ki, Azərbaycanda  bu tezisi təkcə bizim respublikamıza deyil, istənilən ölkəyə şamil etmək olar —  keçirilmiş seçkinin legitimliyinin tanınması  barədə danışarkən,  daha qətiyyətlə deyilməli fikirlərdən biri də budur ki,   seçkinin legitimliyini tanımaq səlahiyyəti yalnız həmin ölkənin seçicilərinə, yəni vətəndaşlarına məxsusdur. Seçicilərdən başqa belə bir səlahiyyəti olan kimsə yoxdur. Doğrudur,  seçkilərin yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə heyəti tərəfindən azad, demokratik və şəffaf şəkildə keçirildiyi, seçicilərin iradəsini əks etdirdiyi, seçkilərə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil edildiyi təsbit olunub.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin rəsmiləri də Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə özlərinin ənənəvi mövqeyini nümayiş etdirərək növbəti cəfəngiyyat uydurublar. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Dövlət Departamentinin  həmin qərəzli münasibətini şərh edərkən bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilmiş və Azərbaycan xalqının iradəsini əks etdirmişdir.

Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət vermişdir. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz.

Bu barədə danışarkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanata da istinad edilməlidir. Həmin sənəddə deyilir ki,  seçkilərin keçirilməsi prosesində Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və müşahidəçilər tərəfindən hər hansı xüsusi qanun pozuntusu halı qeydə alınmayıb: “Bəzi dairələr tərəfindən seçkilərin “boykot“ edilməsi və ya seçici fəallığının az olması və guya, Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barəsində əsassız iddialar irəli sürmək və seçkilərin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə qərəzli məlumatlara yer verilməsi tamamilə qəbuledilməzdir”.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 5547 məntəqənin hamısında səsvermə vaxtında– səhər saat 8-də başlayıb və axşam saat 19:00-da başa çatıb. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur. Seçki prosesində namizədlərin sərbəst şəkildə təşviqat kampaniyaları aparmaları üçün bütün lazımi şərait yaradılıb. Səsvermə günü seçki məntəqələrində prosesin əvvəldən axıradək izlənilməsi üçün ölkə ərazisi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Təbii ki, müasir seçki təcrübəsini “exit-pol”larsız təsəvvür etmək çətindir.  Azərbaycanda daha bir təcrübə yüksək səviyyədə tətbiq olunur. 1 noyabr seçkilərində “ELS” müstəqil araşdırmalar mərkəzi, “Rəy” monitorinq mərkəzi, “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Azərbaycan Gənclərinin Hüquq Müdafiəsi Mərkəzi və “AJF&Associates.İnc” (ABŞ) birlikdə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası qismində “exit-poll” keçiriblər. Yəni, adıçəkilən seçkilərin şəffaflığı  həm “exit-poll” keçirən qurumlar, həm də 500-dən artıq xarici, 63 mindən artıq yerli müşahidəçi tərəfindən izlənilib.

Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA – Türkdilli Ölkələrin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil edirdilər. Bundan başqa, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib.

Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, bütün bu faktların  mənasını   bilə-bilə, ATƏT mandatının ciddi şəkildə pozulması ilə müşayiət olunan bu cür qərəzli və qeyri-peşəkar davranışdan sonra ATƏT/DTİHB və bəzi digər dairələrin Azərbaycanda keçirilmiş seçkilərin nəticələri barəsində hər hansı fikir söyləməyə heç bir əsası yoxdur: “Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib.Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir”.

 

Xalq qəzeti.- 2015.- 4 noyabr.- S.1.