Sahibkarlığa qayğı ölkənin

tərəqqisinə zəmanətdir

 

Müstəqil Azərbaycanın qazandığı  uğurlar  xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarından güc alır.  Ulu öndər Azərbaycanın gələcək inkişafı  üçün, mükəmməl strategiya müəyyən etmişdir. Bu böyük tarixi  şəxsiyyətin həyata  keçirdiyi  iqtisadı islahatları   Prezident İlham Əliyev məqsədyönlü, düşünülmüş  şəkildə davam  etdirir. Azad sahibkarlığın inkişafı bu islahatlar sırasında önəmli  yer  tutmaqla  ölkəmizin  inkişafına  güclü  stimul yaratmışdır.

 

Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına  uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçikorta sahibkarlığın inkişafına həmişə  xüsusi diqqət və  qayğı ilə   yanaşmışdır.  Bu qayğının  nəticəsidir ki, son illər Azərbaycanın dinamik inkişafında  iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçikorta sahibkarlığın rolu artmaqda davam edir.  Belə ki, son illər  investisiyaların böyük əksəriyyəti özəl sektorlarda qoyulan daxili kapitaldır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor, sahibkarlıq  ölkəmizdə  gedən uğurlu proseslərdən bəhrələnmişdir. Cənab Prezident bununla bağlı demişdir: “Biz bundan sonra da dövlət investisiya proqramlarını icra edəcəyik. Hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Amma mən çox istərdim ki, özəl sektor daha da böyük həcmdə investisiyalar qoysun, həm öz imkanlarını genişləndirsin, eyni zamanda, ölkənin inkişafı üçün  bunun böyük əhəmiyyəti vardır”.

Ölkə rəhbəri İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”  Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı şəkildə adamlarına verilən siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir.

Sahibkarlıq ilə bağlı qanunların daha da təkmilləşdirilməsi və özəl bölmənin fəaliyyətinin getdikcə güclənməsi amilini nəzərə alan  Prezident İlham Əliyevin verdiyi sərəncamlar sahibkarlarımız tərəfindən razılıqla qarşılanır. Dövlət başçımız regionlara vaxtaşırı səfərləri zamanı sahibkarlarla görüşlər keçirir, onlara göstərilən diqqət və qayğıdan səmərəli istifadə etmələrini tövsiyə edir.

Dövlət rəhbərinin uğurla reallaşdırdığı  inkişaf strategiyası artıq özünün növbəti – üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edən bu dövrdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, özəl bölmənin  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi cənab Prezidentin qarşıya qoyduğu başlıca hədəflərdir.

Ölkə prezidentinin 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların, o cümlədən qeyri-neft  sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanan tədbirlərin uğurlu davamına təminat  yaradır. Dövlət  Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə birləşdirir.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet  inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin  iqtisadi-sosial  yüksəlişə, o cümlədən özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisarkorrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi adamları tərəfindən  razılıqla qarşılanır.

Bu gün Azərbaycanda  sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin  biznes- inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit  artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və sərhəd- buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Bütün bunlara baxmayaraq, hələ də sahibkarlığın inkişafını ləngidən bir sıra çatışmazlıqlar nəzərə çarpır. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışan Prezident İlham Əliyev demişdir ki,  dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməlidir, bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın.”

Dövlət başçısı həmin iclasda daha sonra demişdir: “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər... Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da, sanki, bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir”.

Xatırladaq ki, sözügedən iclasdan sonra,  oktyabrın 19-da cənab Prezident qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərdi və Milli Məclis sənədi dərhal qəbul etdi. Bu qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Həmin  qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək ücün böyüktarixi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bu fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənmişdir. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilmiş və Milli Məclisə təqdim edilmişLisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilmişdir. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənmişdir.

Burada diqqət çəkən əsas məqam odur ki,  lisenziyaların sayının azaldılması ilə  sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alınacaq   onlar əlavə xərclərdən azad olacaqlar. Başqa sözlə, sahibkarların bir neçə quruma müraciət etməmələri üçün lisenziyaların ləğv edilməsinin özəl bölmənin, əsasən də ortakiçik sahibkarlığın inkişafında çox böyük rolu olacaq. İqtisadiyyatın inkişafı üçün atılan bu addım gələcəkdə də bazar iqtisadiyyatı sistemində işləyən ölkəmiz üçün çox uğurlu olacaq.

Prezident  İlham Əliyev bu yaxınlarda Səkidə yeni istifadəyə verilən  məhkəmə binasının açılışındakı  çıxışında sahibkarlara  qarşı  edilən haqsızlıqların  aradan  qaldırılmasının   vacibliyini  nəzərə çarpdıraraq  demişdir: “Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nəsə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda, sadəcə olaraq, sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.

Heç şübhə yoxdur ki, dövlət başçısının bu tapşırıqları tamamilə həyata keçiriləcək, ölkədə sağlam və təşəbbüskar, fayda gətirən sahibkarlar  üçün əlverişli imkanlar yaradılacaqdır.

 

Vahid  RZAYEV,

Bərdə Rayon Aqrar-Sənaye

Parkının direktoru

 

Xalq qəzeti.- 2015.- 18 noyabr.- S.6.