Bir şirin röyadır, xəyalımda İtaliya...

 

Avropa səmadan necə görünür?

 

İş elə gətirdi ki, Bakıdan Londona, oradan da Milana uçarkən, nəhayət, Milandan Bakıya dönərkən üç dəfə Vyana aeroportunda təyyarə dəyişməli olduq. Bu vəsilədə, ən azı, təyyarəmiz eniş edərkən və oradan səmaya qalxarkən təkcə Avstriya paytaxtını deyil, həmçinin ona yaxın olan ətraf əraziləri də səmadan seyr etmək imkanımız oldu.

 

Açığını deyim, heyran oldum. Avropalıların torpaqla, təbiətlə davranmaq mədəniyyəti məni xüsusilə valeh etdi. Heç yerdə bir qarış boş sahə gözə dəymir. Yaşayış məntəqələri çox ciddi plan əsasında salınıb. Bunu bir çox hallarda bəyənmədiyimiz avropalılar ediblər. Görəsən, bizim nəyimiz çatmır ki, ucsuz-bucaqsız ərazilərimiz illər boyu əkilmir, becərilmir. Ata-babalarımızın zəngin təsərrüfatçılıq ənənələrini bir kənara ataraq, daha rahat dolanacaq naminə olan torpaqlarımızı da dəyər-dəyməzinə satır və iri şəhərlərə üz tuturuq.

Ev-eşiyini, ata-baba yurdunu buraxıb hamı Bakıya axışır. Halbuki bu insanların çoxunun Bakıda nə yaşayış, nədə yeri var. Orda-burda kirayədə yaşamaq, haradasa günəmuzd işləmək və ya qarovul durmaq məgər bu qədər şirindir?! Kənddə qalıb öz həyət-bacasında meyvə-tərəvəz yetişdirmək, toyuq-cücə və mal-qara saxlamaq yəni o qədər çətindir?! Bütün dünya ekoloji cəhətdən təmiz və sağlam ərzaq məhsullarının həsrətindədir. Hansı ki, həmin məhsullar bilavasitə elə kənddə istehsal olunur. Kəndin təzə nehrə yağını, toyuq-cücəsini, yumurtasını, təzə quzuya dana ətini qoyub paytaxt marketlərindən aldığınız kolbasa, sosiska, broyler toyuqlardan nə ləzzət alırsınız?! Çox zaman mənşəyi bəlli olmayan bu qidaların sağlamlığımız üçün nə dərəcədə təhlükəli olduğunun fərqindəsinizmi?!

Nənəm danışırdı ki, müharibə vaxtı baş verən aclıq nəticəsində kəndimizdə çox adam qırılsa da, tənha yaşayan Fatma xala heç kəsin qapısını döymədən salamat qaldı. Baxmayaraq ki, onun nə mal-qarası, nə pulu, nə də əkməyə toxumu vardı. O, sadəcə bütün həyətyanı torpaq sahəsini ən azı, ildə iki dəfə başdan-başa belləyirdi. Bellənmiş yerdə isə yaxşı tərə bitirdi. Fatma xala özü də, qonşuları da elə həmin tərə ilə aclıqdan qurtuldular.

Səmadan diqqətimi daha çox cəlb edən görüntülərdən birison zamanlar Avropada xüsusilə geniş yayılmış olan külək enerjisi qurğuları oldu. İnanın, Vyananın dörd bir tərəfi bu cür qurğularla doludur. İki il öncə İspaniyada olarkən də belə mənzərənin şahidi olmuşdum. Don Kixotun yel dəyirmanlarını xatırladan bu qurğular Avropanın yeni enerji mənbəyinə çevrilib. Xaricdən neftqaz almaq məcburiyyətində olan avropalılar, görünür, qarşıdakı dönəmdə daha artıq daxili resursları işə salmaq niyyətindədir. Təbiidir ki, Avropa ilə müqayisədə küləkli günlərin sayı Azərbaycanda daha çoxdur. Mən inanmıram ki, dünyanın hansısa bir yerində Bakı və Abşerondakı qədər küləkli günlər olsun. Sevindirici haldır ki, son vaxtlar Bakı ətrafında, ölkənin şimal istiqamətində və Qobustan ərazisində külək enerjisindən istifadə qurğularının sayı artmaqdadır. Razılasın ki, bu, olan imkanların yalnız cüzi bir hissəsidir. Yəni, Azərbaycanın həm külək, həm də Günəş enerjisindən istifadə imkanları olduqca böyükdür. Hesab edirik ki, həm hökumət, həm də özəl qurumlar bu sahədəki ehtiyatlarının istifadəsi istiqamətində daha ciddi düşünməlidirlər.

Amma düşünməyin ki, Avropa səmasından müşahidə etdiyimiz görüntülərin heç də hamısı ürəkaçandır. AlpBalkan dağları silsiləsində, habelə Kipr ərazisində faydalı qazıntı və tikinti materialları ehtiyatlarının istismarı və tədarükü nəticəsində təbiətə divan tutulduğunu əks etdirən görüntülər adamda istər-istəməz məyusluq doğurur. Qədim yunanlar bir vaxtlar meşələri başdan-başa qıraraq sevinə-sevinə yerində əkin əkirdilər. Və günlərin bir günü güclü və davamlı leysan yağışları başladı. Nəticədə, az qala, bütün Yunanıstan sel suları altında qaldı. Yunanlar yalnız onda anladılar ki, təbiətin nizamını pozmaq olmaz. Təbiətin qisası çox ağır ola bilər.

 

AvropaTürk mədəniyyəti

 

“Türk mədəniyyəti, sənəti və mədəni irsin qorunmasına dair” VIII beynəlxalq simpozium sentyabr ayının 2-dən 10-dək İtaliyanın Verona şəhərində keçirildi. Bu barədə hələ iki il öncə Türkiyənin Konya şəhərində keçirilən VII simpozium zamanı qərar verilmişdi. Simpoziumun məhz Veronada olması təklifini isə şəxsən mən irəli sürmüşdüm. Simpozium Türkiyə tərəfindən Səlcuq Universiteti Araşdırmalar Mərkəzi, İtaliya tərəfindən Verona Universiteti, Azərbaycan tərəfindən isə “Miras” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilirdi. Simpoziumda iştirak edən 150-dən çox elm adamının xeyli hissəsi Azərbaycanı təmsil edirdi. Simpoziumun plenar iclasında, Verona Universitetinin professoru Simonetta Ponchianın, İtaliyada çox peşəkar konservasiya mütəxəssisi kimi tanınan professor Luici Skrinzinin, Səlcuq Universitetinin professoru Osman Kunduraçının, YOKOKU Beynəlxalq Assosiasiyasının prezidenti Andrea Macchianın, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Əsmayə Şükürovanın və bu sətirlərin müəllifinin məruzələri dinlənildi. Ə.Şükürovanın məruzəsi Azərbaycanda mədəni irsə dövlət qayğısına, mənim məruzəm isə Ağsu rayonunun Bəyimli kəndi ərazisində aşkar edilən ilk orta əsrlərə aid Mehrəvan şəhərinin yerində aparılmış arxeoloji tədqiqatların nəticələrinə həsr olunmuşdu. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, hər iki məruzə simpozium iştirakçılarının çox böyük marağına səbəb oldu. Ümumiyyətlə, üç gün ərzində ayrı-ayrı bölmələrdə 70-dən çox məruzə dinlənildi və bir o qədər də posterlər təqdim olundu. Azərbaycan alimlərindən professor Nərgiz Ağayevanın “Etnik maniya” və ya Şərq mədəniyyətinin müasir interyerlərinin formalaşmasına təsiri”, Azərbaycan Tibb Universitetinin dosenti Gülnarə Səfərovanın “Hermenevtika mədəni-tarixi tədqiqat metodu kimi”, “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Azərbaycanda arxeoloji abidələrin inkliziv-turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək”, professor Kübra Əliyevanın “Azərbaycan incəsənətində heyran üslubunun tarixi kökləri və onların simvolikası”, tədqiqatçı Gülşən Qasımzadənin “Azərbaycanda saray xalçaları və onların tarixi kökləri”, filosof Kəmalə Pənahovanın “Yusif Balasaqunlunun “Qutadqu Bilik” əsərində sosialetik problemlər”, professor Gülnaz Abdullazadənin “İtaliya musiqi mədəniyyətində VA və “yütnya alətlərinin inteqrasiya yolları” mövzularında məruzələri simpozium iştirakçıları tərəfindən böyük maraqla dinlənildi və onlar ətrafında geniş diskussiyalar oldu. Azərbaycan alimlərindən bir neçə nəfəri elm sahəsindəki xidmətlərinə və simpoziumun işində fəal iştirakına görə Səlcuq Universiteti Araşdırmalar Mərkəzi və Verona Universiteti rəhbərliyi tərəfindən mükafatlandırıldı.

 

Verona – qədim Romanın yaşayan tarixi

 

Milanla Venetsiya arasındakı yolun üstündə yerləşən və 300 min əhalisi olan Verona şimal-şərqi İtaliyanın ən qədim, həm də mühüm şəhərlərindən biridir. Dəniz səviyyəsindən 59 metr yüksəklikdə yerləşən Verona Adice çayının hər iki sahili boyunca uzanır. Hansı ki, bu çay zaman-zaman daşaraq Veronaya həyəcanlı günlər yaşadıb. 1882-ci il daşqını zamanı isə oradakı bütün körpüləri və dəyirmanları sel aparıb. 1956-cı ildə şəhər administrasiyasının təşəbbüsü ilə Adice çayından Qarda gölünə çəkilən 30 kilometrlik tunel Veronanı ciddi təhlükələrdən birdəfəlik xilas etdi. Məlumat üçün bildirək ki, çayın səviyyəsində təhlükəli vəziyyət yarandıqda həmin tunel vasitəsilə oradan Qarda gölünə saniyədə 500 kubmetr su axıdılır.

Verona Roma dönəmində şimal-şərqi İtaliyanın əsas nəqliyyat qovşağı hesab olunurdu. Deyilənlərə görə, şəhər lap əvvəllər Adice çayı sahilində olan bir neçə kiçik yaşayış məntəqəsinin tədricən böyüyərək birləşməsi nəticəsində yaranıb. Tarixçilərin ehtimalına görə, bu, imperator Domitsianın hakimiyyəti dövründə baş verib. 89-cu ildə Veronaya Roma kaloniyası statusu verilib. Elə o vaxtdan etibarən şəhər öz tarixi inkişafının çiçəklənmə dövrünə qədəm qoyub. III əsrdə imperiyanı barbar hücumlarından müdafiə edən hərbi baza funksiyası daşıyıb. V-VII əsrlərdə Verona davamlı olaraq hərbi əməliyyatlar meydanına çevrilib. XV əsrin əvvəlində şəhər Venetsiyanın tabeçiliyinə keçir və təqribən dörd əsrə yaxın bir dövr ərzində orada nisbətən sakit həyat hökm sürür. 1796-cı ildə şəhər Napoleon tərəfindən ələ keçirilir və cəmisi bir il sonra burada Avstriya ağalığı başlayır. 1801-ci ildə Verona FransaAvstriya arasında bölünüb. Adice çayının sağ sahili fransızlara, sol sahili isə avstriyalılara düşüb. 1805-ci ildə şəhər bütünlüklə Fransa tabeçiliyinə keçir. 1815-ci ildə Vyana Konqresinin qərarı əsasında Verona yenidən Avstriyaya verilir. Yalnız 1866-cı ildə şəhər,nəhayət, İtaliya hökuməti tərəfindən geri alınır.

II Dünya müharibəsi illərində Verona güclü bombardmana məruz qalır. İtaliya NATO-ya daxil olandan sonra silahlı qüvvələrin birləşmiş komandanlığının qərargahı Veronada yerləşir. Bu gün Verona təkcə İtaliyanın deyil, eləcə də Avropanın inkişaf etmiş iqtisadiyyatı və böyük turist axını olan şəhərlərindən biridir. Hər il Veronaya 3 milyondan çox turist gəlir. Ən çox turist axını olan ünvan şəhərin mərkəzindəki Roma dövründə tikilmiş Arena - Kolizeydir. Möhtəşəmliyi baxımından Avropanın müasir futbol arenalarına bənzəyən bu nadir memarlıq incisi ayrı-ayrı vaxtlarda dəfələrlə ciddi dağıntılara məruz qalmasına baxmayaraq, öz ilkin görkəmini bu günədək dəyişməyib. Qavi darvazası, Adice çayı üzərindəki körpülər, şəhərin qala divarlarının qalıqları da Veronanın turistlər tərəfindən çox izlənilən ünvanlarıdır. Oradakı Culyettanın evi, balkonuRomeonun evi də şəhərin ən çox turist axını olan tarixi yerlərindəndir.

Mən əvvəllər də bir neçə dəfə Veronada olmuşam. Lakin hər dəfəyolüstü ötdüyümdən şəhərlə yaxşı tanış ola bilməmişdim. Odur ki, simpoziumun ertəsi günü Azərbaycandan olan heyət Venetsiyaya gedərkən, mən Veronada qalıb şəhərlə nisbətən daha yaxşı tanış olmağı qərara aldım. Çünki, Venetsiyaonun yaxınlığındakı Murano Burano adalarında dəfələrlə olmuşam. Yenidən turist axınına qoşularaq səhərdən axşamadək o yerləri təkrarən gəzmək mənim üçün o qədər də maraqlı deyildi.

Həmin gün Veronada getdiyim ilk ünvan şəhərdəki Arxeologiya muzeyi oldu. Muzey 1923-cü ildən fəaliyyət göstərir. Arxeologiya muzeyi Can Cepalamo monastrının uyğunlaşdırılmış binasında yerləşir. Muzeyin eksponatları əsasən şəxsi kolleksiyalardan toplanmış materiallardan ibarətdir.

Veronada yeni tikililər, demək olar ki, gözə dəymir. Son illərin quruculuğundan xəbər verən obyektlər olduqca azdır. Şəhərdəki səliqə-səhman adamı heyran edir. Səhərdən axşamadək küçə və meydanları dolaşsan bir ədəd belə siqaret kötüyünə rast gəlməzsən. Şəhər parklarından birində gəzərkən olduqca ibrətamiz bir görüntünün şahidi oldum. Hər iki ayaqlarında problemi olan yaşlı bir kişi evlərinin blokundan axsaya-axsaya çıxaraq təqribən 100 metrlik məsafədə olan zibil qutularının yanına gəldi. Orada 4 qutu qoyulmuşdu. Kişi bir neçə dəfə heç ərinmədən gah o qutunun, gah da bu qutunun yanına gedərək əlindəki torbalardakı zibilləri çeşidləyərək hərəsini təyinatı üzrə qutuya atdı. Öz-özümə düşündüm ki, bu adam yəqin yaşlı və ziyalı insan olduğundan belə etdi. Odur ki, şəhərin başqa yerlərində də oxşar müşahidələr aparmaq qərarına gəldim. Gördüm ki, yaşlı bir qadın da, cavan bir oğlan da, kiçik yaşlı məktəbli qız da gətirdiyi zibilləri məhz çeşidləyərək qutulara atdılar. Bu mənzərəni seyr edə-edə bir anlığa Bakıda hər gün gördüklərim gözlərim önünə gəldi. Şəhərimizin, demək olar ki, hər yerində zibili çeşidləmək nədir, bir çoxları heç onu qutuya da atmır. Bəziləri isə heç canına əziyyət vermədən əlinə keçəni elə balkondan küçəyə tullayır.

Lap bu yaxınların söhbətidir. Gecə saat 23 radələrində yaşadığımız binanın ətrafında gəzişirdim. Birdən yuxarıdan litrlik bir çaxır butulkasını necə tulladılarsa, düz maşınların intensiv hərəkət etdiyi küçənin ortasında bomba kimi partladı. Ətrafdakılar, yəni həm piyadalar, həm də sürücülər şok yaşadı. Bu da bizimkilərin xasiyyəti!

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru,

Azərbaycan Respublikasının əməkdar jurnalisti

 

Xalq qəzeti.- 2015.- 22 noyabr.- S.7.