Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas

dayaqlarından biri şəffaf məhkəmə sistemidir

 

Prezident İlham ƏLİYEV: “Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir”

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı bütün sahələrdə davamlı və paralel islahatların aparılmasını şərtləndirir. Ardıcıl və səmərəli islahatlara uyğun olaraq, müxtəlif sahələri əhatə edən abadlıq-quruculuq işləri vüsət alır, ayrı-ayrı sektorların və ölkənin ümumi inkişafına müstəsna töhfələr verir. Vurğulamaq gərəkdir ki, abadlıq-qurucluq, təmir və yenidənqurma, yeni inzibatı binaların istifadəyə verilməsi və digər işlər təhsil, səhiyyə, mədəniyyət və bir sıra sahələrdə səmərəli əmək fəaliyyətinin təşkilinə və davamlılığına da təkan verir.

 

Eyni zamanda, ədliyyə sahəsini, o cümlədən məhkəmə strukturunu ehtiva edən belə tədbirlər bu sahədə müasir texnologiyaların tətbiqinə, peşə sahiblərinin əlverişli mühitdə şəffaf və səmərəli fəaliyyətinə töhfədir. Bu isə, bütövlükdə, Azərbaycanda hüquqi dövlət quruculuğunun inkişafında əhəmiyyətli rol oynayır, hakimiyyətin üç qolundan biri olan məhkəmə hakimiyyətinin sərbəst və effektiv fəaliyyəti baxımından xüsusi önəm kəsb edir. Ümumiyyətlə, Azərbaycanda hüquq sisteminin inkişafı həm də davamlı islahatlarla və həyata keçirilən institusional tədbirlərlə bağlıdır. Bu kontekstdə daha aydın təsəvvür yaratmaq üçün sistemli yanaşma lazımdır.

Hüquqi dövlət olan Azərbaycanda hakimiyyət institutlarının səmərəli fəaliyyəti və qanunların aliliyinin təmin edilməsi demokratik inkişaf kontekstində müstəsna əhəmiyyət kəsb edir. Hüquqi dövlətin əsaslarının gücləndirilməsini təmin edən amillərdən biri davamlı islahatların aparılmasıdır. Bu istiqamətdə ölkəmizdə əldə edilən nailiyyətlər, heç şübhəsiz, həm hüququn üstünlüyü prinsipinin tam təmin olunmasına, həm ishalatların davamlı olmasına, həm də idarəetmənin təkmilləşməsinə təsir göstərir. Hakimiyyətin hər üç qolunun koordinasiyalı və səmərəli fəaliyyəti hüquqi sisteminonun elementlərinin mütəmadi olaraq təkmilləşdirilməsini sərtləndirir.

Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri şəffaf məhkəmə sistemi sayılır. Hər bir demokratik dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmələr müstəsna rol oynayırlar. Azad və şəffaf məhkəmə sistemi hər bir dövlətdə demokratik islahatların, hüquqi dövlət quruculuğunun ölçü meyarı sayılır. Azərbaycanda da bu istiqamətdə çox mühüm işlər həyata keçirilir.

Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, hakimlərin ən şəffaf seçim qaydası müəyyən edilib, potensialın və infrastrukturun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Dövlət büdcəsi hesabına hazırda respublikanın müxtəlif bölgələrində yeni müasir məhkəmə binaları inşa olunur. Ümumiyyətlə, son illərdə ölkədə ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxışı zamanı qeyd etmişdir ki,  Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var: “Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər”.

Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Onun əsas vəzifəsi ədalət mühakiməsinin həyata keçirilməsidir. Konstitusiyaya uyğun olaraq məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Məhkəmə hakimiyyətinin əsasları Konstitusiyanın VII fəslində (Məhkəmə hakimiyyəti) və 10 iyun 1997-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini yalnız məhkəmələr həyata keçirirlər: Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, ümumi və ixtisaslaşdırılmış məhkəmələr. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Konstitusiya məhkəmə icraatından başqa, ədalət mühakiməsinin həyata keçirilməsində ittiham (prokurorluq) və müdafiə tərəfləri iştirak edirlər.

Ümummilli lider Heydər  Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncam ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır. Azərbaycan Prezidentinin 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərmanı əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli olub. İctimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir.

Ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sistemində əsasını qoyduğu mütərəqqi islahatları inamla davam etdirən dövlət başçısı İlham Əliyev sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun qəbul olunub, “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilib. Eyni zamanda, Azərbaycan Respublikasının 2001-ci ildə Avropa Şurasına üzvlüyü, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını (1950) ratifikasiya etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi haqqında 2006-cı ildə fərman vermişdir. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman imzalanıb, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçib. Fərmana əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılıb, hakimlərin sayının artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, yeni yaradılan məhkəmələrin təşkili, məhkəmə aparatlarının strukturununişinin yaxşılaşdırılması, ali ədliyyə məktəbinin yaradılması üzrə tədbirlərin görülməsi və digər vəzifələr qoyulub.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq dəyişikliklər barədə və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlar xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıb. Onun tərkibi 15 nəfərdən ibarətdir və əsasən hakimlərdən, habelə ölkə prezidentinin, Milli Məclisin, prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən ibarət formalaşdırılır. Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılıb, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunub, onların intizam məsuliyyəti məsələləri bilavasitə Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilib, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılıb. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurası yanında hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin tədrisi ilə məşğul olan ayrıca sektor yaradılıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəhs olunan çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir: “Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır”.

Azərbaycanda həyata keçirilən siyasətin təqdirəlayiq istiqamətlərindən biribütün sahələrdə olduğu kimi, bu istiqamətdə çalışanların yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Məhkəmə-hüquq sahəsində çalışan əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə yanaşı, stimullaşdırıcı addımlar da atılır. Buna müvafiq olaraq məhkəmə işçilərinin daha səmərəli, ədalətli və şəffaf fəaliyyət göstərmələri olduqca böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq vurğulayıb ki, son vaxtlar bu sahədə aparılan islahatlarverilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir.

Qarşıda duran ən mühüm vəzifələrdən biri məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Dövlətimizin başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında" 2014-cü il 13 fevral tarixli sərəncamı bu sahədə strateji prioritetləri müəyyən edib. Bu sistemin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək. Ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işlər görülür, məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi məqsədilə zəruri infrastruktur yaradılır. Yeni inşa olunan müasir məhkəmə binalarında artıq “Elektron məhkəmə” informasiya sisteminin komponentlərinin sınaq rejimində tətbiqinə başlanılıb. Bununla yanaşı, vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yaradılıb. Bu portal vasitəsilə vətəndaşlar məhkəmələrə onlayn rejimdə müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanına malikdirlər. Əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmə, o cümlədən apelyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradılıb, hakimlərin sayı iki dəfə artırılıb, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə əsaslı tədbirlər görülüb. Azərbaycanda aparılan məhkəmə islahatlarının tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankının təşəbbüsü əsasında Ədliyyə Nazirliyi ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi həyata keçirilərək 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, son illər bir neçə rayon məhkəməsi üçün yeni bina inşa olunaraq istifadəyə verilib. Məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar yaradan Prezident İlham Əliyevin Bakı şəhərinin YasamalOğuz Rayon məhkəmələrinin binalarının, Sabunçu və Şəki Məhkəmə komplekslərinin açılışlarında şəxsən iştirakı və görülən işləri yüksək qiymətləndirməsi əlamətdar hadisədir.

Prezident İlham Əliyev onu da vurğulamışdır ki, hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır: “Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.

Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir".

Dövlət başçısı məhkəmə işçilərinin qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməyi müqəddəs vəzifə olaraq qoyur: “Məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlarverilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq.vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik”.

Vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Həmçinin müasir gözləmə yerləri, elektron növbəlilik sistemi quraşdırılıb, vətəndaşlara bank, poçttibb xidmətindən istifadə etmək üçün əlverişli şərait yaradılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb.

Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunan geniş iclasda səsləndirilən bir sıra məqamlara da toxunmaq məqsədəmüvafiqdir. Tədbirdə Ali Məhkəmənin, Apelyasiyabirinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

İclasda şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi tədbirlər və onların müsbət nəticələrini vurğulayıb. Dövlətimizin başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqları və qarşıya qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılıb. Eyni zamanda, məhkəmə fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən qanun pozuntularına prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanıb.

Xüsusi qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi tərəfindən bu qurumun tabeçiliyində olan inzibati binalar, o cümlədən, rayon və şəhər məhkəmələrinin binaları təmir edilirya yenidən tikilir, onlar müasir standartlara cavab verən avadanlıqlarla təhciz edilir.

Şuranın üzvü, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına böyük önəm verdiyini, korrupsiya ilə mübarizədə hakimlərin, ədliyyə və prokurorluq işçilərinin üzərlərinə düşən mühüm vəzifələri qeyd edib, Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”in nöqsan və çatışmazlıqlarla mübarizədə ən səmərəli institusional vasitə olduğunu bildirib.

Şuranın üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və məhkəmələrin şəffaflığı ilə bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıb. O, korrupsiyaya şərait yaradan və məhkəmələrin fəaliyyətində olan digər ciddi pozuntularanöqsanlara toxunub, məhkəmə təcrübəsinə ciddi əməl olunmasının zəruriliyini, hakimlər və məhkəmə işçiləri tərəfindən qeyri-etik davranış və digər mənfi halların yolverilməzliyini vurğulayıb.

Baş prokuror Zakir Qaralov Azərbaycan Prezidentinin korrupsiya ilə mübarizəyə dair tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən həyata keçirilən işlər, o cümlədən sahibkarlığın inkişafına əngəllər yaradan məmurlar barədə görülən qəti tədbirlər barədə məlumat verib. Z.Qaralov korrupsiya ilə mübarizədə Məhkəmə-Hüquq Şurası və məhkəmələrlə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək bu təhlükəli bəlanın qarşısının alınmasına dair təkliflərini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədəki nitqindən nəticə çıxararaq mövcud nöqsanların aradan qaldırılması üçün cinayət işlərinə vaxtında baxılmasına riayət etməli və çıxarılan hökmlərdə ədalət və humanizm prinsipinə əməl edilməsinə ciddi yanaşmalıdırlar. Biz hakimlər həm də vətəndaş kimi qanunların aliliyi prinsipini rəhbər tutaraq öz üzərimizə düşən vəzifələri yerinə yetirməli, vətəndaş məsuliyyəti əsasında verilən tövsiyələrə əməl etməli, öz işimizi şəffaflıq və qanunçuluq prinsipləri əsasında davam etdirməliyik.

Bütövlükdə isə, həyata keçirilən islahat xarakterli tədbirlərə paralel olaraq gələcəkdə bu sahədə çalışanların peşə bayramının təməlinin qoyulması, hakimlərin ezam olunduqları yerlərdə müvəqqəti məskunlaşması ilə bağlı məsələlərin həll edilməsi kimi tədbirlər də məqsədəmüvafiqdir.

 

Ənvər SEYİDOV,

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi,

hüquq elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 27 noyabr.- S.5.