“Naxçıvan tarixiüçcildliyinin yazılması

milli tarixşünaslığımızın ciddi uğurudur

 

Üçcildlik “Naxçıvan tarixi” fundamental nəşrinin Azərbaycanın bu qədim diyarının çoxminillik keçmişinin XVIII əsrin ortalarından XX əsrin 30-cu illərinin sonunadək olan ikiəsrlik dövrünü əhatə edən  II cildi də işıq üzü görmüşdür. Kitabda həmin tarixi arealda regionda baş verən mürəkkəb və taleyüklü proseslərə də günümüzün münasibəti əksini tapmışdır.

 

Xatıtladaq ki, Azərbaycan dövlətçiliyi tarixində xüsusi yerirolu olan Naxçıvan bölgəsinin tarixi barədə əhatəli və elmi çoxcildlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə hazırlanıb nəşr olunur. Ali Məclisin sədri Vasif Talıbovun baş məsləhətçiliyi, İ.M.Hacıyev, İ.Ə.Həbibbəyli, F.Y.Səfərli, Q.İ.Qədirzadə və V.B.Baxşəliyevdən ibarət redaksiya heyətinin rəhbərliyi ilə hazırlanmış yeni cild muxtar respublikanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətdə çap olunmuşdur.

Girişdə akademik İsmayıl Hacıyevin vurğuladığı kimi, kitabın yazılması zamanı Naxçıvan xanlığı ilə bağlı rus qafqazşünaslarının, hərbçilərinin, diplomatlarının və tədqiqatçılarının əsərlərində, xatirələrində, yazılı qeydlərində, digər xarici mənbələrdə iz qoymuş faktlara, Azərbaycanın XIX – XX əsr tarxçilərinin Naxçıvan xanlığına aid qiymətli tədqiqatlarına, orijinalyerli materiallara müraciət edilmişdir. Cilddə mənbələr, arxiv sənədləri, tədqiqat əsərləri, dövri mətbuat materialları əsasında Naxçıvan xanlığının yaranması, siyasi tarixi və idarə sistemi, sosial-iqtisadi həyatı, şəhərləri, sənətkarlıq və ticarəti, xarici dövlətlər və qonşu xanlıqlarla münasibəti, əhalisi geniş və dərin tədqiqata cəlb olunmuşdur.

“Naxçıvan xanlığı” adlanan I fəsildə xanlığın tarixi hərtərəfli və obyektiv tədqiq edilmişdir. Burada Naxçıvan xanlığının Səfəvi imperiyası dövründə onun inzibati-ərazi vahidlərindən biri olan Çuxursəd bəylərbəyliyinin ərazisində XVIII əsrin ortalarında meydana gəlməsinə, Azərbaycan xanlıqlarından biri olmasına dair maraqlı məlumat verilir. Qaynaq məlumatlarına əsaslanaraq, Naxçıvan xanlığının tarixi-coğrafi ərazisi təsvir edilir, onun Zəngəzur sıra dağlarından Araz vadisinə qədər olan ərazidə yerləşdiyi bildirilir.

Naxçıvan xanlığının tarixinin şərti olaraq iki dövrə – 1747 – 1797-ci illər və 1797 – 1828-ci illərə, beş mərhələyə bölünərək tədqiq edilməsi onun elmi dəyərini artırır. Göstərilir ki, xanlığın ərazisinin birinci dövrdə 9,4 min kvadratkilometr olması onun 1797-ci ilə qədər müstəqil dövlət qurumu kimi mövcudluğu, ikinci dövrdə 4,6 min kvadratkilometrədək azalması isə müstəqilliyini itirməsi və İrandan asılı vəziyyətə düşməsi, Rusiyanın işğalından sonra formal olaraq 1840-cı ilədək fəaliyyət göstərməsi ilə bağlıdır.

İkinci fəsil “Naxçıvanın Rusiya tərəfindən işğalı” adlanır. XIX əsrin əvvəllərindən Şimali Azərbaycanı, həmçinin Naxçıvan xanlığını çar Rusiyasının işğal etməsi faktının geniş təhlili, xanlığın sosial-iqtisadi, ictimai-siyasi həyatı və mədəniyyət tarixinin işıqlandırılması kitabın bugünkü tarixi-elmi tələblər baxımından çox dəyərli olduğunu təsdiq edir. Rusiyaİran müharibələri, Gülüstan və Türkmənçay müqavilələri, Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi bu fəsildə mənbələr əsasında hərtərəfli təhlil olunmuşdur.

Ermənilərin İran və Osmanlıdan Naxçıvan ərazisinə köçürülməsinin və bunun doğurduğu nəticələrin ilk mənbələrə əsasən təhlili tarixşünaslığımızın vaxtilə zəif işıqlandırılmış problemlərindən birinin həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Kitabda 1828 – 1829-cu illərdə Şimali Azərbaycana köçürülən erməni ailələrinin 37 faizinin Naxçıvanda yerləşdirilməsinin aşkara çıxarılması və çağdaş oxucuya çatdırılması rus çarizmibolşevik işğallarından sonra tarixşünaslığımızda hökm sürmüş saxtakarlığın aradan qaldırılmasına xidmət edir.

“Naxçıvan XIX əsrdə” adlı üçüncü fəsildə XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Şimali Azərbaycanın istila edilməsi geniş əks etdirilmiş, yurdumuzun şimal torpaqlarının Rusiya imperiyasının tərkibində qalması, Birinci Rusiyaİran müharibəsinin nəticəsi olaraq imzalanmış Gülüstan müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqlarından başqa, qalan xanlıqların Rusiyanın tabeliyinə keçməsi, Türkmənçay sülh müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqlarının da rus qoşunları tərəfindən tutulması ətraflı şərh edilmişdir.

Burada çar Rusiyasının Şimali Azərbaycanı müstəmləkəyə çevirməsi siyasəti, Naxçıvan bölgəsinin sosial-siyasi vəziyyəti,  təsərrüfat həyatı, ilhaqdan sonra formalaşan aqrar münasibətlər və islahatlar, diyarda kapitalist münasibətlərinin meydana gəlməsi və inkişafı, çarizmin siyasətinə qarşı mübarizə, kəndli çıxışları geniş təhlilini tapmışdır.

XIX əsrdə Naxçıvan ərazisinə ermənilərin köçürülməsi və bu gəlmə ermənilərin bölgənin sosial-siyasi həyatına müdaxilələrinin mənfi və acı nəticələri vurğulanmaqla bərabər, onların rus hakim dairələri tərəfindən hər vəchlə müdafiə edilmələri, azərbaycanlıların hüquqlarının isə kobud şəkildə pozulması da fəsildə tutarlı faktlarla təqdim edilmişdir. 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ərazisində “Erməni vilayəti”nin yaradılması, 1840-cı ildə isə ləğv edilməsi, habelə 1841-ci ildə İrəvan və Naxçıvan əyalətlərinə qəza statusu verilməsi, 1849-cu ildə İrəvan quberniyası yaradılması barədə yazılanlar kitabın günümüz üçün önəmini artırır.

XIX əsr Naxçıvan mədəniyyətinə də kitabda geniş yer verilmişdir. Burada təhsil, elm, ədəbiyyat, teatr, epiqrafik abidələr, memarlıq, incəsənət sahələri geniş işıqlandırılmış, epiqrafiq, memarlıq, incəsənət abidələrinə dair maraqlı məlumatlar verilmişdir. Bu da tarixşünaslığımızın vaxtilə yol verilmiş boşluqlarının doldulmasına xidmət etməsi ilə əlamətdardır.

Dördüncü fəsil  “Naxçıvan XX əsrin əvvəllərində”adlanır. Burada XX əsrin əvvəllərində Naxçıvanın sosial-siyasi vəziyyəti təhlil edilmiş, Naxçıvanda zəhmətkeş kütlələrin vəziyyətinin həddindən artıq ağır olması, onların bir tərəfdən yerli xanların, bəylərin, digər tərəfdən isə çarizminonun məmurlarının zülmünə məruz qalmaları, kəndlərin 50 faizdən çoxunun mülkədarların mülkiyyətində olması və torpağın cəmi 8 faizə yaxınının kəndlilərin istifadəsində olmasına dair geniş məlumat verilmişdir. Çar məmurlarının milli qırğın siyasəti yürütdükləri, bunun nəticəsi olaraq 1905 – 1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməsi, azərbaycanlılara qarşı ermənilərin düşmən mövqe tutmalarının həm də onların öz maraqlarından irəli gəlməsi tədqiq edilmişdir.

Kitabda Birinci Dünya müharibəsi illərində Naxçıvanın sosial-iqtisadiictimai-siyasi vəziyyətinin geniş təhlili təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. XX əsrin əvvəlində Naxçıvanda etnodemoqrafık proseslər də araşdırılmış, əldə olunan nəticələr – 1897 – 1924-cü illərdə Naxçıvan bölgəsində baş verən hadisələrin azərbaycanlı əhalinin azalmasına səbəb olması inandırıcı şəkildə göstərilmişdir. Ermənilərin 1918 – 1920-ci illərdə Naxçıvanda törətdikləri soyqırımlar geniş tədqiq edilmiş, sovetlər dövründə gizlədilmiş tarixi həqiqətlər üzə çıxarılmışdır.

“Naxçıvan XX əsrin 20 – 30-cu illərində” adlı beşinci fəsildə  1918 – 1920-ci illərdə bölgədə baş vermiş ictimai-siyasi hadisələr fonunda Naxçıvanda sovet hakimiyyətinin qurulması və onun doğurduğu nəticələr tədqiq edilmişdir. ArazTürk Cümhuriyyətinin yaranması və fəaliyyətinə, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu əldə etməsinə və Naxçıvan MSSR-in təşkilinə, Naxçıvanda sovet hakimiyyətinin qurulmasına, birtərəfli sənayeləşmə və kollektivləşdirmə tədbirlərinə, baş verən üsyanlara bu fəsildə yetərincə diqqət yetirilmişdir.

 Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətin onun Naxçıvana lazımi səviyyədə kömək göstərməsinə imkan verməməsi,  ayrı düşən Naxçıvan əhalisinin erməni daşnaklarına, hətta böyük dövlətlərin diplomatik gedişlərinə qarşı çıxması, Naxçıvanın muxtariyyət statusu əldə etməsi barədə kitabda ətraflı məlumat verilmiş, ümumiləşdirmələr aparılmışdır. Burada MoskvaQars müqavilələrinin əhəmiyyəti, Türkiyənin yardımı və obyektiv mövqe tutması da hərtərəfli araşdırılmışdır.

Azərbaycanda həyata keçirilən birtərəfli sənayeləşmə və kollektivləşdirmə siyasətinin Naxçıvandan da yan keçməməsi, kommunist rejiminin yeritdiyi antiazərbaycan, antimilli siyasətin, siyasi repressiyaların tədqiqinə də cilddə yer verilmiş, xalqın müxtəlif təbəqələrini mübarizəyə və üsyanlara sövq etməsi hərtərəfli işıqlandırılmışdır.

Naxçıvan MSSR-in 1924-cü ildə qəbul edilmiş əsasnaməsinin, 1926 və 1937-ci il konstitusiyalarının şərh edilməsi kitabın tamlığına dəlalət edən cəhətlərdəndir. Bu, oxucuların tarixi faktlarla yaxından tanış olmaları baxımından əhəmiyyətlidir.

Naxçıvan MSSR-da mədəni quruculuq məsələləri, xüsusilə elm, təhsil və ədəbiyyatın inkişafı incəlikləri ilə açılıb göstərilmişdir. Kitabın sonunda Naxçıvan tarixinin 1747-ci ildən 1939-cu ilə qədər olan mühüm tarixlərini əhatə edən tarixi-siyasi xronologiya verilmiş, illüstrativ materiallardan və xəritələrdən geniş istifadə edilmişdir.

Kifayət qədər zəngin tarixifaktoloji mənbələrə əsaslanan və elmi, siyasi baxımdan mükəmməl olan bu kitab Naxçıvan tarixindən bəhs edən ən dolğun mənbə, akademik nəşrdir. “Naxçıvan tarixinin II cildindən, şübhəsiz, tarixçi alimlər, Azərbaycan tarixi ilə məşğul olan mütəxəssislər, siyasətçilər, politoloqlar, həmçinin müəllimlər və tələbələr mükəmməl mənbə kimi hərtərəfli bəhrələnəcəklər.

 

Qasım HACIYEV,

AMEA Tarix İnstitutu

Qarabağ tarixi şöbəsinin müdiri,

tarix üzrə elmlər doktoru

 

Xalq qəzeti.- 2015.- 2 oktyabr.- S.6.