Əbədi yaşamaq haqqı qazanan memar
Azərbaycan Politexnik İnstitutunun
inşaat fakültəsini bitirib bir neçə il
Rusiyanın Novosibirsk vilayətində işlədikdən
sonra 1975-ci ilin sonlarında Bakıya qayıtdım. Hələ
məktəb illərində inşaat üzrə layihəçi
olmaq arzusundaydım. Təyinat aldığım Sibirdə sərt
iqlim, bəzən ekstremal şəraitdə aparılan tikintilərdə
qazandığım təcrübənin sonralar bina və
qurğuların layihələndirilməsində mənə
çox köməyi oldu...
Bakıya
qayıtdıqdan sonra tələbə dostlarım işə qəbul
olunmaq üçün məni bir neçə layihə təşkilatı
rəhbərinə təqdim etdilər. Onlarla
görüşlərimin nəticəsi uğurlu olmadı. Bəzilərinin
tələblərini mən təmin etmədim, digərlərinin
isə şərtləri məni qane etmədi. Daxildən
hansısa bir qüvvə məni “Azərdövlətlayihə”yə
çəkirdi. Tərslikdən bu layihə təşkilatında
heç bir dost-tanış yox idi ki, məni onun rəhbərinə
təqdim etsin. Bir neçə gün götür-qoy etdikdən
sonra qərara gəldim ki, özüm instituta gedim.
1976-cı
il yanvarın əvvəlləri idi. İnstitutun giriş
qapısını açıb sakitcə ikinci mərtəbəyə
qalxdım. Səhər tezdən gəlmişdim deyə, qəbul
otağında katibədən başqa kimsə yox idi. Salam
verib dedim ki, bilmirəm məni kim qəbul edəcək, burada
işləmək üçün gəlmişəm. “Onda siz
direktorun qəbulunda olmalısınız, gözləyin məlumat
verim,”- deyə katibə cavab verdi.
Direktor çox gözlətmədən məni
qəbul etdi. Sadə bir kabineti var idi. Otaqdakı mebel
köhnə və işlənmiş olsa da səliqəli idi.
İlk baxışdan direktorun
dünyagörmüş, müdrik insan olduğu aydın
görünürdü. Qısa söhbətdən
sonra məndə ona qarşı dərin inam yarandı.
O zamanlar, demək olar ki, bütün müəssisə və
təşkilatlarda iş, yazışma, sənədləşmə
və hətta ünsiyyətlər belə, əsasən, rus
dilində aparıldığından direktorun təmiz və səlis
Azərbaycan dilində danışmağı məni daha da cəsarətləndirdi.
Bir dəfə də olsun sözümü kəsmədən
öz haqqımda verdiyim məlumatı diqqətlə dinlədi.
Sözümü bitirmişdim ki, soruşdu: - Hansı
şöbədə işləmək istəyirsən? Eşitdiyimə inana bilmirdim. Artıq
burada işlə təmin olunacağamın sevincindən yerə-göyə
sığmırdım.
Bu, həmin
gündən sonra uzun illər birgə
çalşdığım və şəxsiyyətinə
böyük ehtiramla yanaşdığım “Azərdövlətlayihə”
İnstitutunun direktoru Tahir Abdullayev idi.Beləcə, 1976-cı
il yanvarın 16-dan etibarən “Azərdövlətlayihə”nin
1 nömrəli emalatxanasında mühəndis-konstruktor vəzifəsinə
işə qəbul olunub fəaliyyətə başladım.
Özümə də söz verdim ki, mən heç vaxt
başqa dəvətləri qəbul edib “Azərdövlətlayihə”ni
tərk etməyəcəyəm.
Həqiqətən də bir müddətdən sonra məni
bir neçə təşkilata, o cümlədən əvvəlki
təşkilatlardan birinə, hətta Nazirlər Sovetinə
işə dəvət etdilər. Hər dəfə dəvətə
görə minnətdarlığımı bildirir və “Azərdövlətlayihə”də
qalıb işləməyi üstün tuturdum. Sonralar həyat göstərdi ki, tale həqiqətən
də məni çox böyük bir insanın himayəsinə
göndərmişdir.
... Tahir
Abdulla oğlu Abdullayev 1915-ci il avqustun 25-də
Naxçıvan şəhərində anadan olmuşdur. Atası gənc yaşlarında vəfat etmiş,
ailənin dörd övladı – iki qız və iki oğlan
anaları Surə xanımın himayəsi ilə
böyümüşlər.
T.
Abdullayev 1933-cü ildə N. Nərimanov adına
Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye
İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir.
Təyinatla Bakı Şəhər Soveti
İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma
İdarəsinə göndərilir və 1941-ci ilə qədər
burada çalışır.
1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv
olan T. Abdullayev 1941-1944-cü illərdə müxtəlif
tikinti idarələrində baş mühəndis vəzifəsində
fəaliyyət göstərir. 1944-1951-ci illərdə
Şəki şəhərinin Baş memarı vəzifəsinə
təyinat alır. 1946-cı ildə
Böyük Vətən müharibəsində arxa cəbhədə
göstərdiyi fədakarlığa görə “Qafqazın
müdafiəçisi” medalı ilə təltif olunur.
1951-ci ildə
isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə
“Azərdövlətlayihə” Dövlət Baş Layihə
İnstitutuna direktor təyin olunan T. Abdullayev 1992-ci ilə qədər
- 41 il burada fəaliyyət göstərir.
Yüzlərlə
yaşayış evi, ictimai bina və qurğuların layihə
müəllifi olan Tahir müəllim, 1993-cü ildən
ömrünün sonunadək “Bakıdövlətlayihə”
institutinda əmək fəaliyyətini davam etdirmişdir...
...İnstitutumuzda
digər millətlərin nümayəndələri də
çalışırdılar: rus, yəhudi, ukraynalı,
osetin və s.. Əməkdaşların
sayı 700-800 arasında olardı. Hamının
da direktorumuza böyük hörməti var idi. Onu qayğıkeş rəhbər, peşəkar
layihəçi, memar, mühəndis və təcrübəli
bir inzibatçı hesab edirdilər.
Hər hansı bir obyektin layihələndirməsinin
bütün məsələləri T. Abdullayevin
iştirakı ilə müzakirə olunurdu. Ona görə
də hər bir mütəxəssis müzakirələrdəki
çıxışına çox ciddi
hazırlaşırdı. Müzakirələr
çox açıq və səmimi keçərdi. Direktor heç kəsin sözünü kəsməz,
hamını diqqətlə dinləyərdi. Bəzən onun fikrinin mövzudan kənarda
olduğunu düşünürdün. Lakin
məruzə və çıxışlar bitdikdən sonra,
onun mövzuya aid verdiyi elə ilk sualdan məlumatı necə
dinlədiyi və məsələnin mahiyyətini dərinliklərinə
qədər necə bildiyi aydın olurdu.
T.
Abdullayevin yaşının hansı dövrü olmasına
baxmayaraq, işgüzarlığı yaxşı mənada
qibtə doğururdu. Dəqiqliyi sevən və tələbkar rəhbər
idi. İlk növbədə, özünə
qarşı tələbkar idi. Kabinetində
çox oturmağı sevməzdi. Tez-tez, heç kimə
heç bir söz demədən şöbələri gəzərdi.
Nizam-intizama riayət etməyi çox sevərdi.
Əlbəttə, böyük bir kollektivi idarə
etmək asan məsələ deyildi.
İnistitutumuzda da əksər sənədləşmələr
rus dilində aparılırdı. Tahir müəllim rus
dilini mükəmməl bildiyindən, imzalanmaq
üçün ona təqdim olunan sənədlər diqqətlə
hazırlanırdı. Amma yenə də
T.
Abdullayev öz düzəlişlərini və əlavələrini
edərdi. Bu düzəlişlərdən sonra
onların daha dolğun və hüquqi cəhətdən daha əsaslandırılmış
olduğunu hamı heyrətlə etiraf edərdi.
... “Azərbaycan”
mehmanxanasının binası, Sumqayıt şəhərinin
Baş planı və bir sıra diğər layihələri
ilə milli memarlığımızın inkişafına
verdiyi töhfələrə görə Tahir Abdullayev iki dəfə
SSRİ Nazirlər Soveti tərəfindən Dövlət
mükafatına layiq
görülmüş, “Qırmızı Əmək
bayrağı”, “Şərəf nişanı” ordenləri ilə
təltif olunmuşdur. 1964-cü ildə Azərbaycan
Respublikasının Əməkdar mühəndisi, 1979-cu ildə
Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü
adlarına layiq görülmüşdür...
“Azərdövlətlayihə” çox səmimi və təvazökar
insan olan Tahir Abdullayevin rəhbərliyi dövründə də
çox böyük nüfuza malik idi. Paytaxt Bakıdan başqa,
respublikamızın bütün şəhərlərinin
baş planları, Bakı Dövlət Universiteti, Milli Elmlər
Akademiyası, müxtəlif institutlar, poliklinika və xəstəxanalar,
məktəb və uşaq bağçaları, yaşayış və s. binaların layihələri
bu institutda yaradılırdı. Bu səbəbdən
onun rəhbərliyi ilə müxtəlif rəsmi dairələrdə
görüşlərimiz olurdu. Azərbaycan KP Mərkəzi
Komitəsində, Dövlət Tikinti və Arxitektura Komitəsində,
rayon partiya komitələrində, müxtəlif nazirliklərdə
və dövlət qurumlarında iştirak etdiyimiz görüşlərdə
T.Abdullayevi xüsusi bir hörmətlə
qarşılayırdılar. O, özünəməxsus nəzakətilə
seçilir, söhbəti uzatmağı xoşlamır və
dərhal mətləbə keçirdi. Layihələrin
müzakirəsində son dərəcə diqqətli olurdu.
Birgə iştirak etdiyim belə məclislərdə
çalışırdım ki, daim onunla üz-üzə
oturum. O,
söz alıb danışarkən mənə baxsaydı, deməli,
mənim də müzakirəyə qoşulmağım
lazım idi. Mən də ayağa qalxıb hər hansı məsələ
haqqında öz fikrimi deyirdim. Nadir hallarda belə
olurdu. Çünki əksər hallarda,
özü mükəmməl hazırlaşdığına
görə, bizə çox vaxt ehtiyac qalmırdı.
...Tahir
Abdullayev “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik
etdiyi 41 illik əmək fəaliyyəti dövründə
kadrların, xüsusilə, milli kadrların inkişafı, əsil
mütəxəssis kimi yetişməsi üçün əlindən
gələni əsirgəmir, onlara daim qayğı göstərirdi.
Bu mühüm vəzifəni həyata keçirməkdən ötrü öz
ətrafına təcrübəli memar və mühəndisləri
toplamışdı. Memarlardan Mikayıl Hüseynov, Rasim
Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov,
Nəimə Axundova, mühəndislərdən Mədət Xələfov,
Eldar Məmmədov, Xalid Nəcəfov, Azad Qocamanlı və
başqaları ustad memarlar nəslinin ön sıralarında
addımlayırdılar.
Tahir Abdullayev yüksək təşkilatçılıq
bacarığına malik idi. Sifarişlərin
operativ və vaxtında yerinə yetirilməsi
üçün Sumqayıt, Naxçıvan və Gəncə
şəhərlərində institutun filiallarını
yaratmışdı. Bu da regionlardakı
obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasının
sürətinə və keyfiyyətinə öz müsbət
təsirini göstərirdi. Amma onun təşkilatçılığı
bununla bitmirdi. Bir misal deyim.
Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi
gedirdi. “Ulkan” qəsəbəsi dəmiryol vağzalı ilə
birlikdə respublikamız tərəfindən müvəffəqiyyətlə
inşa edilmişdi. Sonra ikinci bir stansiyanın - “Anqoya”nın da tikintisi bizim respublikaya həvalə
olundu. “Ulkan”ın layihəsi tam şəkildə bizim
institutda işlənsə də, “Anqoya”nın
layihəsi Rusiyanın Novosibirsk şəhərinin
“Sibqiprotrans” layihə institutunda işlənmiş və
sifarişçi tərəfindən təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu
layihə əsasında stansiyanın yalnız tikintisinin
aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
çalışırdı və BAM-ın tikintisinə rəhbərlik
birbaşa ona həvalə edilmişdi. Azərbaycan
KP MK-nın göstərişi ilə “Anqoya”
stansiyasının vağzalı və qəsəbənin
ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli
memarlığı üslubunda yenidən layihələndirilib
inşa edilməli idi. Bizə aydın idi
ki, bu birbaşa dahi Azərbaycan oğlu Heydər Əliyevin
tapşırığıdır.
T.Abdullayev çox operativ şəkildə institutun
tanınmış memarlarını toplayıb bu iki layihənin
işlənilməsi üçün müsabiqə elan etdi. Nəticə çox
uğurlu oldu: Arif Cabbarlı, Tağı Hacızadə və
Uraynat Mahmudlu tərəfindən işlənilən layihələr
qəbul olundu. Layihənin baş mühəndisi
və baş konstruktoru da mən təyin olundum. Bir çox çətinliklərdən sonra bu layihələri
təsdiq etdirə bildik. Çünki, yuxarıda qeyd etdiyim
kimi, bu layihələr “Sibqiprotrans” tərəfindən hazırlanmış və təsdiq
olunmuşdu.
T. Abdullayevin
tövsiyə və bilavasitə, rəhbərliyi ilə
Bakı-Moskva- Novosibirsk- Ulan-Ude-Tında marşrutunda A.
Cabbarlı ilə birlkdə bir neçə dəfə ezamiyyətlərdə
keçirdiyimiz müzakirələrdən sonra, axır ki, bu layihələrin təsdiq
etdirilməsinə nail olduq. Tikinti də
çox yüksək keyfiyyətlə həyata keçirildi.
İllər keçdi və 2008-ci il iyulun 29-da “Anqoya”
stansiyasına ulu öndər Heydər Əliyevin adı
verildi. Bu tarixi ədalətin bərpası idi.
Ümummilli lider Heydər Əliyevin də T.Abdullayevə
böyük hörməti var idi. Azərbaycan KP MK-nın, indiki
Prezident Administrasiyasının inzibati binası layihələndirilən
zaman ulu öndər Tahir müəllimlə tez-tez görüşər,
layihəni ətraflı, çox diqqətlə və
yaradıcı şəraitdə müzakirə edərdi. Hər görüşdən sonra Tahir müəllim
çox böyük ruh yüksəkliyi, yeni bir enerji ilə
işi davam etdirirdi. Heydər Əliyev
binanın yalnız ümumi görünüşünə
deyil, memarlıq-planlaşdırma həllinə də
çox ciddi yanaşar, öz tövsiyələrini verərdi.
Onunla hər görüşdən sonra Tahir müəllim bu
barədə həvəslə danışar və sonda deyərdi : “Vallah, bu kişi dahidir!”
Tahir müəllimin layihələri ilə
paytaxtımızda və bölgələrimizdə tikilən
sosial-mədəni obyektlər, inzibati binalar, məktəb və
xəstəxana kompleksləri bu gün də xalqımıza
xidmət edir.
Heydər Əliyev adına İdman Sarayı, Milli Məclis,
Milli Arxiv və Milli Dram Teatrının binaları,
çoxsaylı yaşayış evləri Tahir Abdullayevin
yadigarları kimi ona əbədi yaşamaq haqqı
qazandırmışdır...
O,
ömrünün sonuna qədər peşəsindən və
həmkarlarından ayrılmadı. Əmək
fəaliyyətini “Bakıdövlətlayihə” İnstitutunda
məsləhətçi kimi başa vurdu.
Layihələndirmə
- tikinti sahəsində ustad adı alan əsil ziyalı, nəcib
insan kimi qəlblərdə yaşayan Tahir Abdulla oğlu
Abdullayev Azərbaycan memarlıq dünyasının əbədi
parlayacaq ulduzdur. Bu ulduz hələ uzun illər
gələcək nəsillərin yol bələdçisi
olaraq qalacaq.
Təyyar Hüseynli,
Fövqəladə Hallar Nazirliyi
Tikintidə Təhlükəsizliyə
Nəzarət
Dövlət Agentliyi rəisinin
müavini,
respublikanın Əməkdar mühəndisi
Xalq qəzeti.- 2015.- 11 oktyabr.- S.6.