Şəki: Zəngin ənənələr,

beynəlxalq festivallar şəhəri

 

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Şəkini bir dəfə görənlər onun ecazkar təbiətinə, zəngin flora-faunasına, tarixin sirlərini yaşadan vüqarlı qalalarına, milli memarlıq nümunələrini özündə əks etdirən yaraşıqlı, möhtəşəm saraylarına, dadı damaqlarda qalan müxtəlif növ ləziz xörəklərinə, süfrə mədəniyyətinə və ən nəhayət, buranın şirindilli, qonaqpərvər sakinlərinə vurulurlar. Aranın boğucu istisindən yaxa qurtarmaq üçün Böyük Qafqaz sıra dağlarının şimal-qərb ətəklərində məskunlaşan bu şəhərə yaxınlaşanda hava da dəyişir, adamın əhval-ruhiyyəsi də. Qədimdən mahir sənətkarları və halallığı sevən tacirləri ilə tanınan Şəki sakinləri, həm də yüksək mədəni davranışı ilə həmişə seçilib.

 

Rəvayətə görə, şəhərin adı eramızdan əvvəl Azərbaycana gəlmiş və əsrlər boyu burada yaşamış sak tayfalarının  adı ilə bağlıdır. İpəkçilik tarixən Şəki əhalisinin dolanışıq mənbəyi olub. Buna əsaslanan dünyagörmüş tacirlər məşhur “İpək yolunu buradan salıblar. Daima qonaqlı-qaralı olan bu yerlərin cah-cəlalı illər keçdikcə  yeni ənənələrlə, rəngarəng beynəlxalq tədbirlərlə daha da zənginləşir. Bu mənada XXI əsr Şəkinin mədəni həyatında silinməz izlər buraxır.

Ölkəmizin müstəqilliyi, suverenliyi bu istiqamətdə aparılan işlərə əlverişli şərait yaratmışdır. İndi Azərbaycana gələn xarici qonaqların mənalı və məzmunlu istirahəti üçün hər yerdə bir-birindən cazibəli məkanlar var. Onların içərisində Şəki xüsusi yer tutur. Buradakı qədim dövrlərə aid karvansaralar, tarixi abidələr, milli arxitektura nümunələri adama “gəl-gəl” deyir. Şəhərin yuxarı hissəsi bütövlükdə milli arxitektura nümunəsi kimi dövlət tərəfindən qorunur. Şərqin nadir incilərindən olan Xan sarayı, Kiş kəndindəki Alban məbədi, “Gələrsən görərsən” qalası və daha 81 tarixi abidə Şəkini açıq səma altında zəngin muzeyə çevirib.  Fəxrlə qeyd olunmalıdır ki, son illər Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artımına səbəb olur. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı vardır. Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, füsunkar təbiəti, əlverişli iqlimi, zəngin abidələri, özünəməxsus təkrarsız mətbəxi, xalqımızın yüksək mədəniyyəti və digər amillər xarici turistlərin buraya axınını ildən-ilə artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2011-ci ilinTurizm ilielan edilməsi önəmli sahələrdən biri kimi turizmə diqqətin daha da artmasına səbəb olmuşdur.  Dövlətimizin rəhbəri tərəfindən belə addımın atılması turizm sektoru üçün bir növ avans kimi qiymətləndirilib. Bölgələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, bütün sahələrdə olduğu kimi, turizm sənayesinin inkişafına da öz müsbət təsirini göstərir. Biz bunu Azərbaycanın qədim tarixi abidələri və gözəl təbiəti ilə turistləri özünə cəlb edən Şəkinin timsalında daha aydın görürük. Bura gələn turistlərin sayı ilbəil artmaqdadır.

Şəkiyə təşrif  buyuran turistlərin rahatlığı üçün hər cür şərait yaradılır. 2015-ci ildə burada qonaqlaraxarici turistlərə 16 mehmanxana, motel, pansionatmehmanxana tipli digər müəssisələr xidmət göstərmişdir. Onların 6,3 faizi dövlət, 93,7 faizi isə özəl müəssisələrdir. Bu müəssisələrdəki otaqların (nömrələrin) sayı 306 vahid təşkil etmiş, birdəfəlik tutumu 760 çarpayı-yer olmuşdur. Nömrələrin 5,9 faizi lüks, 8,5 faizi birinci dərəcəli, 85,6 faizi isə turist dərəcəli kateqoriyaya aiddir. İlin əvvəlindən bəri mehmanxanamehmanxana tipli müəssisələrdə 5000 nəfərə yaxın xarici ölkə vətəndaşı yerləşdirilmişdir. Onların 33,6 faizi dövlət müəssisələrində, 66,4 faizi isə xüsusi mülkiyyətdə olan mehmanxanaların xidmətindən istifadə etmişdir.  Dövlət dəstəyi və adamlarının Şəkidə turizmin inkişafına yönəltdikləri investisiyalar bölgədə mehmanxanamehmanxana tipli yeni obyektlərin tikilib istifadəyə verilməsi üçün geniş imkanlar yaradır. Göstərilənlər onu deməyə əsas verir ki, Şəki yaxın gələcəkdə Qafqazın ən cazibəli turizm mərkəzlərindən birinə çevriləcəkdir. Hazırda buranın “Marxaladlanan istirahət zonasında yenidənqurma işləri aparılır. Beynəlxalq tələblərə cavab verən infrastruktur yaradılır. Zonanın yüksəkliyində yerləşən “Xan yaylağı”na yollar çəkilir.

YevlaxZaqatala şose yolunun sol hissəsində yerləşən Şəkinin Daşüz kəndi vaxtilə camışçılığın inkişaf etdirilməsində ad-san çıxarmışdı. İndi isə burada yerləşən Atçılıq Turizm Mərkəzi qonaqların istirahət və əyləncəsi üçün gözəl bir məkandır. Xüsusi yetişdirilmiş cins atlara minmək, at çapmağı öyrənmək və at belində meşələrə, dağlara, mağaralara səyahət etmək turistlərə unudulmaz anlar yaşadır.

Şəkinin iqtisadi həyatında ipəkçilik tarixən mühüm yer tutmuşdur. İpəkçiliyin ən qədim və mühüm təsərrüfat sahəsi olduğunu bu ərazidə aparılan arxeoloji qazıntılar da sübut edir. Orta əsrlərdə Şəki ipəyi ən qiymətli xammal sayılırdı. İpək almaq üçün Şəkiyə Rusiya, Fransa, İtaliya, İran, Türkiyə, Çin, Hindistan, Suriya, Yunanıstan və başqa ölkələrdən tacirlər gəlirdilər. İpəkçiliyin inkişafı, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın bu qədim və gözəl şəhərini karvan yolları ilə birləşdirmiş, yeni-yeni karvansaraların tikilməsinə, yolların və körpülərin salınmasına, bir sözlə, şəhər həyatının canlanmasına, ticarətin və sənətkarlığın inkişafına əsaslı şəkildə təsir göstərmişdir.

İndi Şəkidə atçılıq, ovçuluqdağ turizminin inkişafı yönümündə işlər aparılır.  Gələcəkdə ekoturizm sahəsində də xidmətlərin təşkil olunacağı proqnozlaşdırılır. Bütün bunlar, şübhəsiz ki, Şəkiyə gələn turistlərin sayının sürətlə artmasına təsir edir. Son illər istər respublikamızın ayrı-ayrı bölgələrindən, istərsə də xaricdən buraya gələn turistlərin sayına nəzər salsaq görərik ki, əgər 2004-cü ildə Şəkiyə cəmi 2800 turist gəlmişdisə, 2014-cü ildə onların sayı 31 min nəfərdən çox olmuşdur. Şəkiyə gələn turist və qonaqların asudə vaxtlarını səmərəli və məzmunlu keçirmələri üçün şəhər mədəniyyət evinin xalq çalğı alətləri ansamblları, folklor kollektivləri tez-tez maraqlı konsert proqramları ilə çıxış edirlər.

Artıq burada yeni ənənələr yaranır. Şəki vaxtaşırı olaraq beynəlxalq miqyaslı tədbirlərə, o cümlədən müxtəlif növ festivallara ev sahibliyi edir. Belə irimiqyaslı festivalların təşkil olunması bu bölgəyə turist axınının artmasına müsbət təsir göstərir. Cari ilin iyul ayının əvvəlində Şəkidə keçirilmiş VI Beynəlxalq “İpək Yolu” festivalında Türkiyədən, Polşadan, Yaponiyadan gələn musiqiçilərlə yanaşı, Azərbaycanda yaşayan azsaylı xalqların folklor kollektivləri və yerli “Zirvə” Xalq İnstrumental Ansamblı da öz ustalıqlarını nümayiş etdirmişlər.   İyulun 20-də isə Şəki şəhərindəki Olimpiya İdman Kompleksində II Beynəlxalq şirniyyat festivalı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda 12 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Yunanıstan, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, MoldovaSerbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak etmişlər. İdman kompleksinin həyətində düzənlənən sərgilərdə  qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilmişdir.    Festivalın rəsmi açılış mərasimində qeyd edilmişdi ki, Beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Ona görə ki, xalqımızın milli mətbəx mədəniyyətinin formalaşmasında Şəkinin və şəkililərin xüsusi yeri var. Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Buranın şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb. Bu, şəhərin mətbəx mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb.

Bu yerdə Azərbaycanın mətbəx mədəniyyətinin dünyada tanınmasında misilsiz xidmətləri olan, ömrünün 60 ildən çoxunu milli kulinariyamızın inkişafına, təbliğinə və zənginləşməsinə sərf etmiş peşəkar kulinar, tanınmış tədqiqatçı-publisist, şair, müdrik ziyalı Hacı Cabir Xəlifəzadənin fəaliyyətini qeyd etməmək mümkün deyil.

Moskvalı məşhur şirniyyat ustası Yelena Suçkovanın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutmuşlar. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülmüşlər. İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yerə çıxaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib olmuşlar. İkinci yeri Rusiya Serbiya təmsilçiləri, üçüncü yeri Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutmuşlar. Şirniyyat sexləri arasında isə Şəkinin “Əliəhməd şirniyyat evibirinci yerə layiq görülmüşdür. Şəki şəhəri Azərbaycanın şirniyyat paytaxtı elan edilmişbununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunmuşdur.  Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Şəkinin beynəlxalq festivallar şəhərinə çevrildiyinin mən də şahidi olmuşam. Avqust ayında məzuniyyətimi doğma yurdumda keçirərkən iki belə maraqlı tədbirin şəhər sakinlərinə və burada istirahət edən qonaqlara, xarici turistlərə necə mənəvi qida verdiyini görəndə fərəhləndim. “Nağara-2015" adı altında keçirilən beynəlxalq festivalda Türkiyədən, İran İslam Respublikasından, Özbəkistandan gəlmiş milli zərb alətlərinin mahir ifaçıları, Azərbaycanı təmsil edən ”Natiq-ritm" nağaraçılar ansamblı üç gün ərzində öz ustalıqlarını nümayiş etdirdilər. Əməkdar artist Natiq Şirinovun təşəbbüsü və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq festivalın ənənəvi olacağı barədə çıxarılan qərar musiqisevərlərin gurultulu alqışları ilə qarşılandı.

Bundan iki gün sonra daha bir beynəlxalq festival şəkililəri və qonaqları Olimpiya İdman Kompleksinə cəm etdi. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə həsr olunmuş motosikletçilərin (baykerlərin) yürüşü unudulmaz xatirələrlə yadda qaldı.  Bir ildə dörd beynəlxalq festivala ev sahibliyi edən şəkililər bununla kifayətlənmək fikrində deyillər. Onlar həm də burada dünyanın hazırcavab insanlarının, gülüş ustalarının yarışının keçirilməsi arzusundadırlar. Axı, Şəki adı çəkiləndə ilk növbədə buranın hazırcavab insanları, məzəli əhvalatlar yada düşür.

Heç şübhəsiz ki, belə maraqlı və məzmunlu tədbirlərin keçirilməsi Şəkinin şan-şöhrətini və buraya gələn müsafirlərin sayını artırır. Şəkidə fəaliyyət göstərən “Ailə istirahəti” Turizm Assosiasiyası müsafirlərə ən sərfəli qiymətlərlə dincəlmək, yerli əhali ilə ünsiyyətdə olmaq imkanı yaradır. Yaşıl turizmin (kənd turizminin) coğrafiyası genişlənməkdədir. Şəkinin əsasən dağətəyi kənd yaşayış məntəqələrində turistləri qəbul etmək, onlara normal xidmət göstərmək üçün normal şərait var. Yaxın perspektivdə Şəkidə ovçuluq turizminin infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılacaqdır. Bir sözlə, Şəki ürəkaçıqlığı və könülxoşluğu ilə həmişə qonaqların yolunu gözləyir.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2015.- 15 oktyabr.- S.6.