Heydər Əliyev və

Cümhuriyyət generalları

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin yayında tarixi xilaskarlıq missiyasını öz üzərinə götürməsi və bu missiyanı müdrikliklə reallaşdırması müstəqillik tariximizin öz dəyərini heç zaman itirməyəcək səhifələrindən birini təşkil edir. Bir tərəfdən ölkə daxilində ictimai-siyasi sabitliyin böhran halına çatması, bir tərəfdən erməni hərbi təcavüzünün genişlənməsi, digər tərəfdən də Azərbaycanın ərazi bütövlüyünün qarantı olacaq milli ordu daxilində özbaşınalıq və parçalanmalar və digər məqamlar müstəqil dövlət quruculuğunu, ən başlıcası, müstəqilliyin özünün qorunmasını çox ciddi çətinliklər qarşısında qoymuşdu. Belə bir mürəkkəb şəratidə böyük siyasi xadim, müdrik dövlət rəhbəri yorulmaz və səmərəli fəaliyyəti ilə ölkəni bu vəziyyətdən çıxardı və Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.

 

Respublika rəhbərliyinə gəldikdən sonra Heydər Əliyevin diqqət mərkəzində olan çox ciddi məsələlərdən biriordunun yenidən qurulması, Silahlı Qüvvələrin, xalqın və bütün cəmiyyətin ölkənin ərazi bütövlüyünün təmin edilməsinə səfərbər edilməsi idi. Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafisəi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, babalarımızdan miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idibu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlılığına real zəmin yarada bilərdi.

Azərbaycan xalqının ümummilli lideri deyirdi: “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görüləcəkdir”. Ulu öndər başqa bir çıxışında deyirdi: “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır” .

Ümummilli lider Heydər Əliyevin belə dəyərli fikirlərinin sayını artırmaq da olar. Bütün bunlar onu göstərirdi ki, republikanın rəhbəri Azərbaycan xalqının qəhrəmanlıq tarixini yüksək qiymətləndirirdi və şübhə etmirdi ki, Azərbaycan xalqı bu tarixi ənənələri canlandıracaq və yaşadacaq, əcdadlarının yolunu davam etdirərək ölkənin müstəqilliyinin müdafiəsinə qalxacaqbu müstəqilliyə qənim kəsilənlərə layiqli cavab verəcəkdir.

Heydər Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycana qarşı başlanan müharibə, onun daxilində həyata keçirilən siyasi təxribatlar ölkənin parçalanması üçün qurulan böyük planın  bir hissəsidir. Azərbaycanın hərbi və qəhrəmanlıq keçmişini xatırlatmaqla Heydər Əliyev bildirmək istəyirdi ki, belə planlar Azərbaycana qarşı uzun illərdən bəri ortaya atılıb və hər dəfə də Azərbaycan xalqının qəhrəmanlığı və mübarizliyi sayəsində qarşısı alınıbdır. Azərbaycan xalqının tarixi də göstərir ki, milli dövlətçiliyin və ərazi hüdudlarının qorunması tarix boyu xalqın qarşısında dayanan çox ciddi vəzifələrdən biri olmuşdur. Təbii sərvətləri, böyük təsərrüfatçılıq imkanları, çox əlverilşi məkanda yerləşməsi xarici qüvvələrin diqqətini bu bölgəyə cəlb etmişonlar silah gücünə Azərbaycan xalqını əsarət altına alaraq onun var-yoxunu talamağa çalışmışlar. Bu xarici qüvvələrin müxtəlif təcavüzlərinə mətanətlə sinə gərən Azərbaycan xalqının qəhrəmanlıq tarixi, əslində elə xalqın mövcudluq tarixidir. Çünki Azərbaycan xalqı hər zaman müharibə istəməsə də daim xarici təcavüzlərin mərkəzində qalmış və bu təcavüzlərdən qorunmaq üçün həmişə hərbə hazır olmuş, hərb işini inkişaf etdirərək onu daha da təkmilləşdirmişdir.

Heydər Əliyevin yuxarıda xatırlanan fikirlərindən əldə edilən bir qənaət də budur ki,  Azərbaycanın gənc nəslinin, onun Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlarda qələbəyə dərin inam, Vətənə və torpağa sarsılmaz sədaqət hisslərinin aşılanması da xalqın qəhrəmanlıq tarixinin öyrənilməsi ilə daha təsirli və səmərəli ola bilər. Bu günün və sabahın ən yaxşı qəhrəmanlarını, vətənpərvərlərini xalqın tarixi qəhrəmanlığı timsalında yetişdirmək daha realdır. Hələ əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk peşəkar hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov Azərbaycanın hərb tarixinin öyrənilməsinin vacibliyi barədə deyirdi: “ Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla - M.S.) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış və bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən  Rusiya səltənətindən xilas olan türk (Azərbaycan - M.S.) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi AvropaAsiyaya diktə etmişik. Güman edirəm ki,  türk (Azərbaycan - M.S.) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən qısa tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı...Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır”.

Heydər Əliyev də məhz belə bir qəhrəmanlıq tarixini və ənənələrini xalq üçün nümunə göstərirdi. Belə bir qəhrəmanlıq tarixinin öyrənilməsi həm də Azərbaycanın hər bir əsgərinin və zabitinin dünyagörüşünü, onun hərbi təfəkkürünü genişləndirməkdir. Ulu öndərin çıxışlarında Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış sərkərdələrin adları qürurla çəkilir və onların qəhrəmanlıqları müasirlərimizə nümunə göstərilirdi. Onun istinad etdiyi belə sərkərdələr arasında Cümhuriyyət generalları olan Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski xüsusi yer tuturdu. Bu generalların hər ikisi Azərbaycanın hərb tarixinin parlaq simalarıdır və onlar özlərindən sonra çox dəyərli bir hərbi irs miras qoyub getmişlər. Qeyd etmək lazımdır ki,  2015-ci il bu generalların hər ikisinin yubiley ilidir və ölkə Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı   İlham Əliyevin sərəncamı ilə general Əliağa Şıxlinskinin 150 illik yubileyi bütün respublika miqyasında qeyd edilmişdir. Hazırda isə general Səməd bəy Mehmandarovun 160 illiyi qeyd edilməkdədir.

Oktyabr ayının 16-da anadan olmasının 160 illiyi tamam olan Səməd bəy Sadıq bəy oğlu Mehmandarov hələ çar Rusiyası ordusu tərkibində xidmət edərkən artilleriya üzrə tam general (general polkovnik) rütbəsinə qədər yüksəlmişdi. S.Mehmandarov Azərbaycanın hərb tarixində Hüseyn xan Naxçıvanskidən sonra bu yüksək hərbi rütbəyə layiq görülmüş ikinci azərbaycanlı idi. Əliağa Şıxlinski isə bu rütbəyə S.Mehmandarovun təqdimatı əsasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə layiq görülmüşdü.

Ümummilli lider Heydər Əliyev bu generalları həm I Dünya müharibəsinin iştirakçıları kimi, həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları kimi xatırlayırdı. Qeyd etmək lazımdır ki, bu generallar Hüseyn xan Naxçıvanski kimi azərbaycanlılar arasında nizami hərbin zirvəsi, yeni bir məktəbin yaradıcılarıdır, ən başlıcası isə müstəqil Azərbaycanın milli ordusunun təşkilatçılarıdır. Bu generalların hər ikisi uzun xidmət yolu keçmişdi. Onlar təkcə xidməti vəzifənin icrasına sədaqət nümunəsi deyildilər, həm də yaradıcı hərbçilər, təşəbbüskarlıqları və novatorluqları ilə xidmət yoldaşlarını da öz arxalarınca apara bilən vətənpərvərlər idilər. Harada xidmət etməsindən asılı olmayaraq onların hər ikisi rus komandanlığının dərin hörmət və ehtiramını qazanmışdı.

Heydər Əliyev bu generalların Port-Artur müharibəsinin iştirakçısı olmasını da xatırlayaraq deyirdi: “Rus ordusunda böyük hörmət qazanmış Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski tariximizdə adlarını çəkdiyim generallara nisbətən daha çox tanışdırlar. Onlar Rusiya - Yaponiya müharibəsində iştirak etmişlər, qəhrəmanlıq nümunələri göstərmişlər, sonra isə 1918-ci ildən başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında böyük xidmətləri olmuşdur” .

Səməd bəy Mehmandarov və Əliağa Şıxlınski digər hərbçilərə nisbətən daha çox məşhur idilər. Onlar bu şöhrəti Port-Artur cəbhələrində, xüsusilə də I Dünya müharibəsi cəbhələrində qazanmışdılar. Port-Artur cəbhələrində bu zabitlərin hər ikisi tapşırılan vəzifələri prinsipiallıqla icra etməklə bərabər, düşmən qarşısında əzmkarlıq nümunəsi göstərdilər, güclü düşmən qüvvələri qarşısında rus komandanlığının süstlüyünə və təslimçiliyinə qarşı barışmazlıq nümayiş etdirdilər. Səməd bəy Mehmandarov Port-Artur cəbhəsində general-mayor rütbəsinə layiq görüldü. Rus ordusunun Port-Arturda məğlub olmasına baxmayaraq Səməd bəyin general rütbəsinə layiq görülməsi də onun bir hərbçi kimi malik olduğu potensialdan xəbər verirdi.

İstər S. Mehmandarovun, istərsə də Ə.Şıxlinskinin xidməti həyatının daha mühüm səhifələrindən biri I Dünya müharibəsi ilə bağlıdır. Əslində bu müharibə Azərbaycanın hərbçilər nəslinin yetişməsinin sınaq meydanı oldu. Müharibənin başlanğıcında Ə.Şıxlinski Petroqradın topçu rəisi idi. Sonrakı illərdə o, bir neçə məsul vəzifələrə təyin edildi və 1917-ci ilin aprel ayında general-leytenant rütbəsinə layiq görüldü. Mehmandarov isə I Dünya müharibəsi başlayanda piyada diviziyasının komandiri idi. 1915-ci ildən isə o, 2-ci Qafqaz korpusuna rəhbərlik edirdi. Elə həmin ildə də tam artilleriya generalı rütbəsinə layiq görüldü. I Dünya müharibəsinin gedişində S.Mehmandarovla Ə.Şıxlinski istedad və təcrübəli generallar kimi tanındılar və tapşırılan sahələrdə hərbi uğurları təmin etdilər. Yəni, artıq elə I Dünya müharibəsi bu generalları yetkin zabitlər kimi hərb tarixinə bəxş etdi. I Dünya müharibəsinin sonlarında Rusiyada baş verən çevrilişlərdən sonra ordunun siyasiləşməsi, siyasi iddialar fonunda hərbi savadın, təcrübənin, istedadın arxa plana keçməsi bu generalların hər ikisinin istefaya çıxması ilə nəticələndi və bununla da onların sonrakı taleyi Azərbaycanla bağlandı.

Bu generalların daha böyük uğurları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil milli ordusunun formalaşdırılması sahəsindəki xidmətləri ilə bağlıdır. Ulu öndər Heydər Əliyev bu dövrdə S.Mehmandarovun, Əlağa Şıxlinskinin və digərlərinin tarixi xidmətlərinə aşağıdakı kimi qiymət verirdi: “1918-ci ildə Xalq Cümhuriyyəti, Azərbaycanın ilk demokratik hökuməti dövlət quruculuğu işini çox mürəkkəb və çətin bir dövrdə apardığı zaman Silahlı Qüvvələrin yaranmasına və ordu quruculuğuna xüsusi əhəmiyyət vermiş, qayğı göstərmişdir. Xalq Cümhuriyyətinin iki illik - iki il tam olmamışdır - tarixini bu gün vərəqləyərkən ordu quruculuğu sahəsində nə qədər dəyərli işlər görüldüyü, doğrudan da, böyük hörmət hissi doğurur.

Azərbaycanın ilk hərbi naziri - Baş nazir Fətəli xan Xoyski olmuşdur. Ancaq az bir müddətdən sonra Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilmişlər. Baş qərargahın rəisi isə polyak millətindən olan Sulkeviç olmuşdur. Onlar çox işlər görmüşlər. O vaxt gənc, müstəqil Azərbaycan Ermənistan təcavüzünə, Ermənistanın Azərbaycanda törətdiyi təxribatlara qarşı mübarizə, döyüşlər aparırdı və uğurlu işlər görürdü".

Burada S.Mehmandarovla Ə.Şıxlinskidən başqa Fətəli xan Xoyski ilə Sulkeviçin də adları çəkilmişdir. Qeyd etmək lazımdır ki, F.Xoyski çox qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsini öz üzərinə götürmüşdü. Əslində bütün işlər S.Mehmandarovun rəhbərliyi altında aparılırdı və çox qısa zamandan sonra aydın oldu ki, Azərbaycanın müstəqilliyinə sədaqətdə, hərbi quruculuğun peşəkar səviyyədə aparılmasında, Cümhuriyyət ordusunun milli dəyərlər üzərində təşkilatlandırılmasında S.Mehmandarova alternativ olacaq bir şəxs yoxdur. Ona görə də  S.Mehmandarov 1918-ci il dekabr ayının 25-də Cümhuriyyətin hərbi naziri vəzifəsinə təyin edildi və Cümhuriyyətin süqutuna qədər bu vəzifə onun tərəfindən icra olundu.

General-leytenant SulkeviçinBaş Qərargah rəisi kimi, Cümhuriyyətin digər generalları ilə birlikdə milli ordunun formalaşmasında böyük xidməti vardır. Amma etiraf edilməlidir ki, Cümhuriyyət ordusunun formalaşmasının qoşa dayağı Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski idilər. Onlar öz bilik və təcrübələri, təşəbbüskarlıq və yorulmazlıqları ilə bir-birlərini tamamlayırdılar. Çox qısa zaman kəsiyində Cümhuriyyətin ərazi bütövlüyünü qorumağa qadir olacaq müstəqil ordunun təşkilatlandırılması da bu iki böyük generalın tarixi xidmətidir. Səməd bəy Mehmandarovla Əliağa Şıxlinski öz peşəkarlıq və  təşkilatçılıqları ilə bütün ordunu arxasınca aparmaq qabiliyyətinə malik idilər. Bu baxımdan onlar nəinki Cümhuriyyət hərbinin, bütünlükdə  Azərbaycanın nizami hərbinin zirvəsini təşkil edirlər. Bu dahi insanlar gələcək üçün də əhəmiyyətini itirməyəcək çox zəngin bir irs qoyub getmişlər və həyatını hərb işinə həsr edən hər bir azərbaycanlı zabit tərəfindən bu irsin dərindən öyrənilməsinə ehtiyac var.

Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmazdan bir neçə ay öncə, yəni 2003-cü ilin iyununda Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə göndərdiyi təbrikində Cümhuriyyət dövründə aparılan ordu quruculuğunabu prosesdə Səməd bəy Mehmandarovla Əliağa Şıxlinskinin xidmətlərinə belə qiymət vermişdir: “Azərbaycanda ordu quruculuğu prosesi çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizama və hərbi hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırılmışdı. Azərbaycanın yeni yaradılmış ordusu Ermənistanın təcavüzünün qarşısının alınması, Qarabağda və digər ərazilərdə separatçı hərəkatların yatırılması və ölkə sərhədlərinin qorunmasında mühüm rol oynamış, öz hərbi qabiliyyətini nümayiş etdirə bilmişdi” .

Göründüyü kimi, Cümhuriyyətin ordu quruculuğu ulu öndər Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirilmişdir. Cümhuriyyətin hərb tarixini böyük ehtiramla xatırlayan ümummilli lider xüsusi olaraq vurğulayırdı ki, çətin şəraitdə olmasına baxmayaraq Cümhuriyyət ordusunun rəhbərləri yüksək intizama və hazırlığa malik, döyüş qabiliyyətli milli ordu hissələri formalaşdırdılar. Bu qüvvələr isə uğurlu işlər gördülər və Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı mübarizə apardılar.

Heydər Əliyev tərəfindən söylənən bu fikirlər Cümhuriyyət ordusunun formalaşma və fəaliyyət tarixinə qısa bir baxışdır. Onun bu müxtəsər fikrnin arxasında isə son dərəcə gərgin və yorulmaz fəaliyyət dayanır. Cümhuriyyət ordusunun təşkilati baxımdam formalaşdırılması, ordu quruculuğunun hüquqi bazasının hazırlanması, milli zabit kadrlarının hazırlığının təşkilatlandırılması, hərbi işdən uzaq düşmüş əhali arasında çağırış və səfərbərlik işinin qurulması, ordu quruculuğunun milli dəyərlər üzərində aparılması, ordu ilə xalq arasında qırılmaz əlaqələrin yaradılması, ordunun şəxsi heyətində Azərbaycanın müstəqilliyinə dərin sədaqət hisslərinin tərbiyələndirilməsi, bir-birinin ardınca piyadasüvari hissələrinin yaradılması, Azərbaycanın hərbi hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin əsasının qoyulması və s. işlər Səməd bəy Mehmandarovla Əliağa Şıxlinskinin rəhbərliyi altında aparılan uğurlu işlərin qısa statistikasıdır. Bu sahələrdə əldə edilən nəticələrin dəyəri isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində özünü göstərdi.

1919-cu ilin yazında və yayında Səməd bəy Mehmandarovun rəhbərliyi altında Azərbaycanın şimalında və Abşeron yarmadasında aparılan güclü müdafiə işləri Denikin ordusunu Azərbaycana hücumdan çəkindirdi. Elə həmin ilin yayında Lənkəran bölgəsində baş vermiş separatçılıq hərəkatına son qoyuldubu bölgə Azərbaycan hakimiyyətinin tam nəzarəti altına keçdi. Nəhayət, 1920-ci ilin yazında Qarabağda erməni təcavüzünə qarşı aparılan uğurlu mübarizə S.Mehmandarovla Ə.Şıxlinskinin rəhbərliyi altında yaradılan ordunun qəhrəmanlıq tarixinə şərəfli bir səhifə yazırdı.

Amma çox təəssüf ki, Azərbaycanı qırmızı bolşevik ordusunun işğalından qorumaq mümkün olmadı. Əslində, gələcək mövcudluğu Bakı neftindən asılı olan bolşevik hökuməti Azərbaycan üzərinə elə böyük hərbi qüvvə göndərdi ki, cəmi il yarım tarixə malik olan Cümhuriyyət ordusunun onun qarşısını almaq imkanı qeyri-mümkün idi.

Bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyduğu kimi, Cümhuriyyət ordusunun görkəmli generallarının və zabitlərinin həyatında da faciəli izlər buraxdı. Çoxlu sayda Cümhuriyyət generalı qırmızı terrorun qurbanı oldu. Hətta S.Mehmandarovla Ə.Şıxlinski də bolşevik təqibinə məruz qaldılar. Yalnız Nəriman Nərimanovun müdaxiləsi nəticəsində onların həyatını bolşevik terrorundan qurtarmaq mümkün oldu.

Sonradan isə bu generallar yeni dövrün ordusunun formalaşdırılması işinə cəlb edildilər. Bu istiqamətdə həm Səməd bəy Mehmandarov, həm də Əliağa Şıxlinski son dərəcə əhəmiyyətli xidmətlər göstərdilər. Onlar Birləşmiş Komandirlər Məktəbində təlim-tərbiyə ilə məşğul olmaqla təcrübələrini, biliklərini yeni azərbaycanlı hərbçilərə öyrətdilər. Bununla da onlar siyasi əqidəsindən asılı olmayaraq azərbaycanlılar arasında hərbi ənənələrin yaşamasına cəhd göstərdilər. Heydər Əliyev onların bu xidmətini yüksək qiymətləndirərək deyirdi: “Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu, çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski buna əyani sübutdur”.

Ulu öndər Heydər Əliyevin bu fikrindən doğan qənaət belədir ki, hərbi biliyi, təcrübəsi, peşəkarlığı ilə seçilən Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi sərkərdələr illər keçdikcə Azərbaycanda hərbi işə sədaqət nümunəsi olaraq seçiləcəklər və onlardan miras qalmış hərbi irs həmişə öyrənilməyə layiqdir.

 

Mehman SÜLEYMANOV,

tarix elmləri doktoru,

ehtiyatda olan polkovnik

 

Xalq qəzeti.- 2015.- 16 oktyabr.- S.6.