Sabitlik, iqtisadi inkişaf

sosial rifah strategiyası

 

Tarixboyu gələcək inkişafı önə çəkən ideyalar ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru inamla irəliləmiş, uğurlu nəticələr əldə etmişlər. Fəqət, hər hansı mütərəqqi ideyanın irəli sürülməsi özlüyündə hələ onun uğuruna təminat vermir. Gələcəklə bağlı istənilən ideya o vaxt həyati və cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu isə ilk növbədə dövlətə rəhbərlik edən liderin şəxsi idarəçilik keyfiyyətlərindən, gələcəklə bağlı doğru qərarlar qəbul etmək məharətindən asılıdır.

Xalqının maraqlarını uca tutan liderlər zamanın çağırışlarına cavab verən realist siyasət yürüdür, uğurlu gələcək naminə dövlətin güc və imkanlarını cəmləşdirərək vahid milli ideyanın gerçəkləşdirilməsi naminə səfərbər edirlər. Ulu öndər Heydər Əliyevin siyasi kursunu 2003-cü il oktyabrın 15-dən bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır.

Ümumilikdə müstəqil Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisə kimi daxil olaraq bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən ötən 12 il cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirmişdir. Məhz həmin seçkilərdə xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin 12 illik fəaliyyəti mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələ kimi dəyərləndirilə bilər.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində haqlı olaraq cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inamını ifadə etmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müdrik və qədirbilən xalqımızın Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı 2003-cü ilin 15 oktyabr seçkilərində qəti sözünü demişdir. Xalqın xeyir-duası ilə prezident seçilən cənab İlham Əliyev oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində demişdir ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”. Cənab İlham Əliyevin ötən 12 illik prezidentlik fəaliyyəti də ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir.

“Mən hər bir azərbaycanlının prezidenti olacağam” - deyən dövlət başçısının ötən dövrdəki çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultmuş, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi vədlərə sadiqliyini sübut etmişdir. Cənab İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Dövlət rəhbərinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir.

2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı mərhələnin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının “Niyə məhz İlham Əliyevə səs verməliyik” sualına cavabı da qəti və birmənalı olmuşdur: 2008-ci ilin 15 oktyabr və 2013-cü ilin 9 oktyabr seçkilərində cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənmişdir.

Əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Bu mənada cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olduğunu təsdiqləmişdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 12 ildə bəyanat səviyyəsində reallaşmamış qalsın. Əksinə, cəmi 12 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Fəqət, öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.

Bu müddətdə ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə başlanılmış, TAP, TANAP kimi enerji layihələrinin icrasına başlanılmış, yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.

Bunlarla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit vermişdir. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaqdır.

Monolit, işlək, çevik komandaya malik dövlət başçısı keyfiyyətcə yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək ilk növbədə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmiş, respublikamız 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.

Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 12 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri 10 dəfədən çox artmış, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 12 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırmış, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq etmişdir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin qazandığı uğurların ictimaiyyətə çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.

Uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini yüksəltməkdə hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Son illər bu məqsədlə regionlarda yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də mavi yanacaq üzü görməyən Yardımlıya, Lerikə qaz çəkilmiş, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, Quba-Şamaxı yolunun inşasına başlanılmışdır. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırır.

Ötən illərdə vəzifəli şəxslərə etimadı onların xalqa xidmətinə nəzərən müəyyənləşdirən Prezident İlham Əliyev, eyni zamanda Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi də bacarmışdır. Yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxmışdır. Dövlət rəhbəri ötən müddətdə komandasında təmsil olunan şəxslərlə də sadə, səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarın tərəfdarı olduğunu sübuta yetirmişdir. Bütün bunlar yeri gəldikcə Azərbaycan Prezidentinin yetərincə sərt qərarlarını, qəti addımlarını da inkar etməmişdir. Realist və ədalətli rəhbər kimi hər bir məmura onun fəaliyyətinə, bacarığına, xalqa, dövlətə bağlılığına görə dəyər vermişdir. Yeni dövrün tələblərinə uyğun çalışmayanlar, tutduğu vəzifənin öhdəsindən gələ bilməyənlər tutduqları postlardan uzaqlaşdırılmış, vəzifəsinin məsuliyyətini dərindən dərk edib xalqın və dövlət rəhbərinin etimadını qazanmaq üçün vicdanla çalışanlar isə daha da irəli çəkilmişlər.

Ölkə başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə” 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Bu sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Konsepsiya 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını hədəfləyir.

Ümumilikdə son 12 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi vurğulamaq lazım gəlir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir və onların bir qismi hazırda uğurla icra olunur.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın qlobal iqtisadi böhrana qarşı qabaqlayıcı tədbirlər həyata keçirdiyini, neqativ proseslərdən maksimum dərəcədə sığortalandığını göstərir. Ölkə başçısının iştirakı ilə keçirilmiş iclasda səslənən rəqəmlər göstərir ki, regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, ölkə iqtisadiyyatının inkişaf dinamikası davam edir. Hesabat dövründə ümumi daxili məhsul 3,7 faiz artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatmışdır.

İclasda da qeyd olunduğu kimi, sənayeləşmə siyasəti çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq, 9 ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmişdir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması başa çatdırılmışdır. Qaradağ Sənaye Parkının və Neftçala Sənaye Məhəlləsinin yaradılması istiqamətində də işlər davam etdirilir.

Ölkə başçısının 3 mart 2013-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər davam etdirilmiş, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmışdır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilmişdir. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız iddiaların aradan qaldırılması zərurəti ilə bağlı söylədiyi fikirlər də təqdirəlayiqdir: “Sahibkarlara problemlər yaradır, onlardan əsassız yerə pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır...

...Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər”.

Ümumilikdə özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4.250 sahibkara 160 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilmişdir. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. İlin sonunadək ümumilikdə 220 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur.

Bütün bunların nəticəsidir ki, Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşmış, MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qorumuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlamışdır. Bu günlərdə həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.

Ötən illərdən formalaşmış ənənənin davamı olaraq regionların sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər də diqqət mərkəzində saxlanılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində 9 ay ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işləri davam etdirilir.

2016-ci ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyildir. Son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qlobal böhrana baxmayaraq vətəndaşların sosial müdafiəsi ilə bağlı xərclər nəinki azaldılmamış, hətta bir sıra sahələr üzrə artırılmışdır.

Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf indekslərinin Avropa tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

Bütün bunlar bir daha təsdiqləyir ki, son 12 ildə iqtisadi və inkişaf göstəricilərinə görə, dünya miqyasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət etmişdir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Vətəndaşlara göstərilən xidmətlərin “vahid pəncərə” əsasında həyata keçirilməsi ölkədə vətəndaş-dövlət münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltmişdir.

Bu təşəbbüs vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bununla bağlı demişdir: “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində “ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. “ASAN xidmət”in praktikası bütün yerlərdə tətbiq edilməlidir və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir”.

Dövlət başçısının söylədiyi dəyərli fikirlər, atdığı addımlar bir daha göstərir ki, cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə ictimai münasibətlər sisteminin sağlamlaşmasını, məmurların fəaliyyətində müasir dövrün tələblərinin nəzərə alınmasını, idarəçilikdə sivil normaların qorunmasını vacib sayır. Dövlət başçısının prinsipial siyasi idarəsi ilə son aylar icra hakimiyyəti strukturlarında aparılmış kadr dəyişiklikləri - yeni təyinatlar da məhz bu ali məqsəddən qaynaqlanır. Xüsusi vurğulamaq istərdim ki, bu islahatlar Sumqayıt şəhərinin əhalisi tərəfindən də böyük razılıq hissi ilə qarşılanmış, insanlarda mövcud problemlərin həllində tezliklə əsaslı dönüşə səbəb olacağı qənaətini yəqinləşdirmişdir. Bu, həm də ölkə başçısının Sumqayıt şəhərinin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşdığını göstərir.

Dövlət başçısının tapşırıqları əsasında şəhər təsərrüfatına, ictimai həyatına dərindən bələd olan yeni rəhbərlik tərəfindən genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə başlanılmışdır. Sumqayıtın girişində yolun genişləndirilməsi, binaların əsaslı təmirinə başlanılması və digər çoxşaxəli tədbirlər problemlərə kompleks yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir. Yeni rəhbərliyin bir aylıq fəaliyyəti göstərir ki, Sumqayıt yaxın zamanda yalnız gözəl yaşayış məntəqəsi kimi deyil, eyni zamanda sağlam ictimai iqlim zonası və ölkənin sosial-iqtisadi inkişafında öz yeri olan ərazi təsərrüfat kompleksi kimi inkişaf edəcəkdir. İş adamı olaraq şəhərdə sahibkarlarla münasibətlərin sağlamlaşdırılması, qarşılıqlı-faydalı əlaqələrin inkişafı, səmərəli layihələrin dəstəklənməsi istiqamətində atılan addımları da razılıqla qeyd etmək istəyirəm.

Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyev son 12 illik fəaliyyəti ilə bir daha sübuta yetirmişdir ki, xalq dövlət üçün yox, dövlət xalq üçündür. Ölkə başçısı həllini gözləyən problemlərə obyektiv və real yanaşmaqla onların təkzib olunmasına və ya ört-basdır edilməsinə yox, əməli fəaliyyətlə aradan qaldırılmasına çalışmışdır. Dövlət başçısı qazanılmış nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcudluğunu da etiraf etmiş, hökumət üzvlərini problemləri gizlətməməyə, əksinə, nöqsanları hər cəhətdən öyrənməyə, təhlil etməyə, aradan qaldırmağa çağırmışdır.

Ümumilikdə ötən dövrün təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2015.- 23 oktyabr.- S.5.