Prezident İlham Əliyevin qətiyyətli addımları

iqtisadiyyatın davamlı inkişafına yönəlmişdir

 

Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyətli addımları sayəsində respublikamızda iqtisadi inkişaf prosesi uğurla davam etdirilir və həyata keçirilən sistemli dövlət proqramları nəticəsində xalqın rifahı daha da yüksəlir. Aparılmış sosial-iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl sektorun fəaliyyəti üçün imkan genişlənmiş, xarici iqtisadi fəaliyyət sahəsi liberallaşdırılmış və ölkə iqtisadiyyatı məqsədyönlü konkret proqramlar əsasında idarə edilən iqtisadiyyata çevrilmişdir. Qısa zaman ərzində Azərbaycanda bütün sahələrdə ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bununla belə, əldə edilmiş hərtərəfli inkişaf fonunda ölkənin ayrı-ayrı fəaliyyət sahələrində müəyyən çatışmazlıqlar müşahidə olunur. Amma dövlət başçısı İlham  Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi kimi, harada qüsurlar, çatışmayan cəhətlər varsa, aradan qaldırılmalıdır. Prezident  İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, səbəbsiz yoxlamalar aparılmasının qarşısının alınması, sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması barədə tapşırıqları yerinə yetirilir. Həyata keçirilən tədbirlər məhz ölkə başçısının səsləndirdiyi tapşırıqlara uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri üçün şərait yaradılır. Sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır.  Prezident İlham Əliyevin dediyi kimi, sahibkarlığın inkişafı dövlət siyasətidir və bu siyasət hər keçən gün daha da güclənir və şaxələnir.

Ümumiyyətlə, müasir Azərbaycanda sahibkarlığın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkədə özəl sektoru inkişaf etdirmək, bu prosesi sürətləndirmək və yaranan maneələri aradan qaldırmaq üçün müvafiq tapşırıqlar verirdi. Hələ keçmiş SSRİ dövründə öz prinsipiallığı və mənfi hallarla barışmazlığı ilə tanınmış böyük siyasi xadim Heydər Əliyev sahibkarlığın genişlənməsində, ümumiyyətlə, cəmiyyətin inkişafında ən böyük bəlalardan birinin korrupsiya olduğunu yaxşı bilirdi. Buna görə də, korrupsiyanın kökünün kəsilməsini, buna imkan yaradan səbəblərin aradan qaldırılmasını, ən başlıcası, bütün sahələrdə şəffaflığın təmin edilməsini ön plana çıxarır və proqram xarakterli tövsiyə və tapşırıqlarını səsləndirirdi. Sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın və işlək mexanizmlərin yaradılmasını təmin etmiş, ulu öndər bu mexanizm və strukturların səmərəli fəaliyyət göstərməsinə nəzarəti həyata keçirirdi. 13 sentyabr 1994-cü il tarixdə Bakıda keçirilən “Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması” mövzusunda beynəlxalq konfransın açılışı mərasimində ulu öndər demişdi ki, Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdirbu yolla gedir: “Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu, iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”. Bütün sahələrdə iqtisadi islahatların fəal şəkildə həyata keçiriləcəyini bildirən ümummilli lider Azərbaycanın böyük iqtisadi, intellektual potensialı, zəngin təbii ehtiyatları və məhsuldar qüvvələrinin məhz həmin yolla hərəkətə gətiriləcəyinə və ölkə iqtisadiyyatının səviyyəsinin qaldırılacağına ümid etdiyini bildirmişdi.

Cənab İlham Əliyevin Prezident seçilməsindən sonra atdığı addımlar bir daha nümayiş etdirdi ki, ulu öndərin sahibkarlığın inkişafına yönəlmiş siyasəti dönməz xarakter almışdır və uğurla inkişaf edir. Ötən müddət ərzində qəbul olunmuş müxtəlif istiqamətli və məzmunlu dövlət proqramları bir daha göstərdi ki, ümummilli liderin sahibkarlığın hərtərəfli inkişafına yönəlmiş inkişaf konsepsiyası uğurla davam edir və özəl biznes inkişafının yeni mərhələsində inamla addımlayır. Ölkə başçısının rəhbərliyi altında sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqla, sahibkarlara zəruri texniki yardım göstərən qurumların da formalaşdırılmasına nail olunmuşdur. Mənfəət və əlavə dəyər vergisi dərəcələrini və məcburi sığorta haqqını aşağı salmaqla, o cümlədən, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq etməklə sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Qeyd etmək vacibdir ki, uzaq və yaxın ölkələrdə müşahidə edilən iqtisadi problemlər fonunda milli iqtisadiyyatımızın dinamik inkişafı Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində yaradılmış siyasimakroiqtisadi sabitlik, güclü iqtisadi potensial, aparılan köklü islahatlar, o cümlədən, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoruna diqqətin artırılması, biznes mühitinin təkmilləşdirilməsi, ən nəhayət, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.

Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafı yolunda müəyyən maneələr müşahidə edilir. Xüsusilə də, ayrı-ayrı dövlət orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətini əsassız yoxlamaları və bu prosesin aparıldığı zaman hüquqazidd hallara yol verilməsi də məlumdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yoxlamaların sayının həddən artıq çox olmasını dözülməz hal kimi qiymətləndirmişdir: “Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır”.

Biznes mühitinin yaxşılaşdırılması və biznesin inkişafına təkan verilməsi üçün çox ciddi addımlar atılacağını qeyd edən dövlət başçısı vurğulamışdır ki, ölkədə yoxlama sistemi olmalıdır: “Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”. Sahibkarların qanunla nəzərdə tutulmuş dövlət ödəmələrindən başqa heç kimə borclu olmadığını xatırladan Prezident İlham Əliyev belə əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılacağını bildirmişdi. Qanunazidd hallara  son qoyulmasını tələb edən ölkə başçısı xüsusilə vurğulamışdı ki, sahibkarların inkişafına maneçilik törədən addımların atılması ilk növbədə dövlət siyasətinə ziddir. Ölkə başçısının səsləndirdiyi fikirlər belə deməyə əsas verir ki, bu gün məmur məsuliyyəti gücləndirilməlidir və dövlət aparatının fəaliyyətinin mərkəzində vətəndaş dayanmalıdır.

Dövlət başçısının “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” imzaladığı fərman da vətəndaş mənafeyinin qorunmasına yönəlmiş növbəti mühüm addım kimi qiymətləndirilir. Xatırladaq ki, Azərbaycan vətəndaşı ölkəni tərk edərək hər hansı xarici dövlətə yollanarkən özü ilə apara biləcəyi nağd pulun məbləği 10 min dollardan artıq ola bilməz.  Ölkədən kapital axınına, pulların müxtəlif ölkələrə yönəlməsinə məhdudiyyətin qoyulması milli maliyyə sisteminin müdafiəsi baxımından önəmlidir və belə praktika digər dövlətlərdə də tətbiq olunur. Ancaq ölkəyə qayıdan vətəndaşların Azərbaycana yalnız 1500 dollaradək məbləğdə mal va məhsulu rüsumsuz gətirmələrinə icazə verilirdi. Bu məbləğ yetkinlik yaşına çatmamışlar üçün 500 dollar təşkil edirdi. Yetkinlik yaşına çatmış vətəndaş isə xaricdən ölkəyə qayıdan zaman 1500 dollaradək qiyməti olan əşya və ya məhsullar üçün rüsum ödəmirsə, həmin məbləğdən artıq gətirdiyi nə varsa, rüsum ödəməlidir. Yeni fərman isə gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarını sadələşdirəcək. Belə ki, bundan sonra fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Bu məbləğ yetkinlik yaşına çatmamışlar üçün 2000 dollar təşkil edəcək.

Prezidentin bu fərmanı iqtisadi inkişafa da müsbət təsir göstərəcək. Belə ki, gömrük rüsumundan azad edilmiş məbləğin fiziki şəxslər üçün artırılması vətəndaşların idxal əməliyyatlarında iştirakını artıracaq, xarici ticarətin aktivləşməsinə səbəb olacaq və idxalı stimullaşdıracaq. Bu isə ölkənin daxili bazarında yaxın vaxtlarda idxal mallarının qiymətlərinin sabitləşməsinə, sonra da bunun məntiqi nəticəsi kimi, ucuzlaşmasına təsir edəcək və ümumilikdə ölkədə ticarət mühitinə müsbət təsir göstərəcək. Buna görə də, Prezident İlham Əliyevin bu qətiyyətli qərarı, iddia edildiyi kimi, dövlət büdcəsinin mədaxil hissəsinə mənfi təsir göstərməyəcək, əksinə, daxili bazarda idxal məhsullarının qiymətlərinin sabitləşməsinə və ucuzlaşmasına imkan verəcək. Belə bir fərman imzalamaqla dövlət başçısı siyasətinin mərkəzində məhz vətəndaşın rihafı dayandığını bir daha nümayiş etdirdi.

Nazirlər Kabinetinin iclasında ölkə başçısının səsləndirdiyi tezislər çox keçmədi ki, reallıqda təsdiqini tapmağa başladı. Belə ki, 2015-ci il oktyabrın 19-da Prezident İlham Əliyev Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərdi və qanunverici orqan son plenar iclasında ölkə rəhbərinin təşəbbüsünü dəstəklədi. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulur. Aydındır ki, müxtəlif dövlət qurumları tərəfindən aparılan yoxlamaların ortakiçik sahibkarlığa maneələr törətməsi dövlət büdcəsinə, insanların gündəlik həyatına mənfi təsir göstərir. Belə yoxlamalar yerlərinin bağlanmasına gətirib çıxarır. Halbuki, bu gün ən vacib məsələlərdən biri kiçikorta sahibkarlığı dəstəkləməkdir. Ona görə də, Prezident İlham Əliyevin imzaladığı son fərman yoxlamalar və lisenziyaların verilməsində şəffaflığı təmin etməklə, sahibkarığın inkişafına böyük kömək göstərəcək.

Xatırladaq ki, ölkə başçısı Nazirlər Kabinetinin son iclasında lisenziyaların çox olmasına diqqət ayırmış və bu sahədə qəti addımlar atmağın zəruriliyini bildirmişdi: “Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır, bu? Buna da çox ciddi baxmaq lazımdır”. Lisenziyaların sayının kəskin şəkildə azaldılmasını tələb edən dövlət başçısı nəzərə çatdırmışdı ki, Azərbaycan liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişdirbu yolla gedir: Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?!” Mənfi hallara qarşı səbrsiz olacağını vurğulayan Prezident İlham Əliyev hövsələsinin tükəndiyini və hər kəsin nəticə çıxarmasını tələb etmişdi. Nəticə çıxarılmasa, qanunazidd əməllər törədən hər kəsin cəzalandırılacağını açıqlamışdı.

Xüsusilə qeyd edilməlidir ki, yoxlamaların 2 il müddətinə dayandırılması və lisensiyaların “ASAN xidmət”ə verilməsi ölkədə sahibkarların sayına müsbət təsir göstərəcək. Çünki sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi özəl biznesini yaratmaq istəyənləri stimullaşdıracaq. Dövlətin belə siyasət yürütməsi mövcud sahibkarlığın inkişafı ilə bərabər, gənc sahibkarların yetişməsinə də müsbət təsir göstərəcək. Sahibkarların yoxlanılmasının dayandırılması, eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq. Bundan başqa, yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndirilməsinə, yeni yerlərinin yaradılmasına, eyni zamanda, daxili investisiyaların həcminin artmasına imkan verəcək. Eyni zamanda, sahibkar olmağın çox asanlaşması və 2016-cı ildə qüvvəyə minəcək Vergi Məcəlləsində edilən dəyişikliklər tikinti, ictimai iaşə və ticarət sahəsində vergitutma sistemini sadələşdirməyə imkan verəcək. Ümid etmək olar ki, bütün bu dəyişikliklərdən sonra Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün münbit zəmin yaranacaq. Bununla yanaşı, sahibkarlığa qayğı və diqqət bir daha göstərdi ki, Prezident İlham Əliyev üçün ən ali məqsəd vətəndaşın rifahıdır və Milli Məclisin təsdiqlədiyi qanun layihəsi Azərbaycanda iqtisadi proseslərdə çox əhəmiyyətli dönüş nöqtəsi olacaq, iqtisadiyyatın şaxələndirilməsi prosesində yeni mərhələnin başlanmasına təkan verəcək.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2015.- 24 oktyabr.- S.3.