Yusif Babanlı: Həqiqəti dünyaya çatdırmaq üçün

xaricdə yaşamaq vacib deyil. Təki istək olsun!

 

1news İnformasiya Agentliyi “Bizimkilər xaricdə” rubrikasında ABŞ Azərbaycanlılar Şəbəkəsinin (USAN - U.S. Azeris Network) həmtəsisçisi, siyasi icmalçı və AZƏRTAC-ın Birləşmiş Ştatlardakı xüsusi müxbiri Yusif Babanlının müxbir Ruqiyyə Əşrəfliyə müsahibəsini yayıb. AZƏRTAC müsahibəni təqdim edir.

 

–Yusif, ABŞ-a ilk dəfə necə gəlib çıxmağınız barədə danışardınız...

– O vaxt mən orta məktəbdə oxuyurdum. “Azadlığı dəstəkləmə aktı” proqramı çərçivəsində imtahanları uğurla verdim. Bu proqrama əsasən bir il ərzində Amerika məktəbində oxumaq və müvafiq olaraq, amerikalılar ailəsində yaşamaq imkanı verilirdi. Çoxları kimi mən də arzu edirdim ki, Amerikaya gedim, orada təhsil alım, Azərbaycanda kitablar və Hollivud filmləri vasitəsilə tanış olduğumuz mədəniyyətin nədən ibarət olduğunu, necə deyərlər, sınaqdan  keçirim.

İmtahan vermək məqsədilə dil öyrənmək üçün iki ay ərzində hər gün təxminən on saat məşğul olurdum. İngilis dilini müstəqil şəkildə, Bonkun dərsliyi ilə məşğul olmaq və ingilis dilində filmlərə baxmaq yolu ilə öyrəndim. Yalnız imtahanları uğurla verəndən sonra valideynlərim xəbər tutdular ki, Amerikaya getməyə hazırlaşıram və ümumiyyətlə, ingilis dilində danışıram. Hafizəm məni aldatmırsa, Azərbaycandan olan finalçıların sayı 50 nəfər idi. ABŞ-da məktəbdə oxuduğumuz bir ildə qazandığımız təcrübə proqramın hər bir iştirakçısının gələcəyinin formalaşmasına təsir göstərdi. Yeri gəlmişkən, həmin proqram bu gün də davam edir.

–İlk təəssüratlarınız necə oldu?

– Bu, bir növ mədəni şok idi. Burada ailə münasibətlərindən başlamış ən xırda məsələlərə qədər hər şey bizim Azərbaycanda adət etdiyimizdən kəskin şəkildə fərqlənirdi. Mənim qaldığım amerikalılar ailəsi Midvestdə (Orta Qərbdə) yaşayırdı. Nyu-Yorkda, Los-Ancelesdə və ya Mayamidə üstünlük təşkil edən beynəlmiləlçilik ab-havası burada yox idi. Ona görə də Amerika ailəsində və Amerika cəmiyyətində əsl mədəni şok yaşadım.

İndi Amerikaya mühacirət edən və ya təhsil almaq üçün oraya gedən gənclər bu cür mədəni şok hissi keçirmirlər. İndi internet, media vasitəsilə hər şey barədə məlumat almaq mümkündür. İndi insan öz otağından çıxmadan müəyyən müddətdə virtual şəkildə ABŞ-da ola bilər. Ona görə də bu gün ABŞ-a gələn tələbələr mədəniyyət elementlərinin çoxu ilə yaxşı tanışdırlar və yeni yaşayış yerində onları nə gözlədiyini bilirlər.

Yeri gəlmişkən, bu sözlər amerikalılara da aiddir. Onlar öz kompüterləri vasitəsilə bütün dünya haqqında məlumat ala bilirlər. Uzaq 1995-ci ildə isə hər şey başqa cür idi. Buna görə mənim hansı ölkədən olmağımı və Azərbaycanın nə demək olduğunu izah etmək, açıq deyirəm, kifayət qədər çətin idi. Məsələn, Azərbaycanın Sovet İttifaqının bir hissəsi olduğunu deyəndə, amerikalılar dərhal düşünürdülər ki, mən rusam və hər dəfə onların səhvini düzəltməyə məcbur olurdum. Mən izah edəndə ki, Azərbaycan müsəlman ölkəsidir, onlar dərhal ölkəmin bütün əhalisinin ərəblər kimi geyindiyini düşünürdülər. Hətta bir dəfə məndən tam ciddiyyətlə soruşdular ki, biz avtomobil əvəzinə dəvələrin belində gəzirikmi? O vaxt belə absurd vəziyyətlərlə üzləşməli olurdum. Hamıya, xüsusən yeniyetmələrə izah etmək olmurdu ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ Konstitusiyasına 19-cu düzəliş qəbul ediləndən xeyli əvvəl verilib. Bununla belə, burada olduğum dövrdə bəzi çətinliklərə baxmayaraq, insanların bir-birinə münasibəti çox xoşuma gəldi. Amerikalılar çox istiqanlı və səmimi xalqdır.

– Bir il ABŞ-da oxuyandan sonra Azərbaycana qayıtdınız. Xahiş edirəm, ABŞ-da aldığınız ali təhsil və bu ölkədəki Azərbaycan diasporunda fəaliyyətiniz barədə danışın.

–Bəli, mən Azərbaycana qayıtdım. Qərb Universitetinin regionşünaslıq fakültəsinin “amerikanistika” şöbəsinə daxil oldum. Orada dörd il oxuyandan sonra təhsilimi ABŞ-da davam etdirməyi qərara aldım. Missuri ştatındakı Lindenvud Universitetini bitirib politologiya üzrə ikinci bakalavr dərəcəsi aldım. Sonra Bakıya qayıtdım və bir müddət burada işləyəndən sonra yenidən ABŞ-a yola düşdüm - bu dəfə magistraturada təhsil almaq üçün.

Universiteti bitirəndən sonra mənə Hyustonda bir neçə milyard dollarlıq neft-qaz layihəsinə xidmət edən şirkətdə iş təklif etdilər və mən burada qalmağa razılaşdım. Eyni vaxtda bizim diasporun işində fəal iştirak etməyə başladım. Əslində mən buraya ilk səfərimdən başlayaraq, Azərbaycanın xeyrinə fəaliyyətlə məşğul olurdum. Bu fəaliyyət yalnız məktublarla işləməkdən və məhdud sayda amerikalılarla ünsiyyətdən ibarət idi. İndi isə bu iş daha mütəşəkkil xarakter alıb. Mən “Hyuston azərbaycanlıları” təşkilatının həmtəsisçisi və vitse-prezidenti oldum. Eyni zamanda, Birləşmiş Millətlər Assosiasiyasının filialının (BMT Fondu proqramı) direktorlar şurasının üzvü seçildim. Sonradan həm də Azərbaycan-Amerika Şurasının direktorlar şurasının üzvü və Texas ştatında bu təşkilatın vitse-prezidenti oldum. 2007-ci ildə Adil Bağırov və Bədir Məmmədli ilə birlikdə ABŞ Azərbaycanlılar Şəbəkəsini (USAN - U.S. Azeris Network) təsis etdik. Təşkilat ümumamerika miqyaslı birinci layihəmiz oldu. Bu, təşkilatın həmtəsisçilərinin, direktorlar şurası üzvlərinin könüllülüyünə əsaslanan çox uğurlu layihədir. Bu üzvlər iki il müddətinə seçilir və ən başlıcası təşkilatın çoxsaylı üzvləri uzun müddət çalışırlar. Buraya ABŞ Azərbaycan İcmasının nümayəndələri ilə yanaşı, həm də məshəti türkləri, amerikalılar, yəhudilər, ruslar, beloruslar, özbəklər, türkmənlər, Birləşmiş Ştatların bir sıra başqa etnik icmalarının nümayəndələri daxildir.

Biz yazılı kampaniyalar keçirilməsi ilə fəaliyyətə başladıq. Bu kampaniyalar indi də davam edir. Fəaliyyətimizin elə birinci ilində ilk nəticələr göründü - ABŞ qanunvericiləri müvafiq qətnamələr və qərarlar qəbul etdilər. Düzdür, həmin qətnamələri qlobal qələbə adlandıra bilmərik, lakin onlar hər halda müəyyən nəticələr verəcək sonrakı qətnamə və sənədlər üçün bir növ təməl oldu. Biz qanunvericilərlə, siyasi xadimlərlə, səfirlərlə görüşlər təşkil edirik. Bu halda bizim nail olmağa çalışdığımız ən başlıca məqsəd amerikalıları, o cümlədən qərarlar qəbul edilməsi onlardan asılı olan şəxsləri Ermənistanın təcavüzkar siyasəti, dinc sakinlərə qarşı törədilmiş cinayətlər, Xocalı, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban qırğınları, Azərbaycanın ədalətli mövqeyi barədə məlumatlandırmaqdır. Lakin bizim fəaliyyətimiz  ABŞ-dakı Azərbaycan icması üçün vacib olan başqa məsələlərə, o cümlədən immiqrasiya, vergitutma və başqa məsələlərə də şamil edilir.

Hazırda USAN-a bizim neçə həmvətənimiz daxildir? ABŞ-da bizim diaspor nə dərəcədə inkişaf edib?

–USAN-ın bütün ABŞ ərazisində təxminən 30 min nəfər üzvü var. Bundan əlavə, biz ABŞ Türklər Şəbəkəsi yaratmışıq. O vaxt məshəti və Anadolu türklərini də cəlb etdik. Diaspor fəaliyyətini öz vəsaitimiz hesabına həyata keçiririk, buna görə də bütün mövcud imkanlardan istifadə edə bilmirik. Faktiki olaraq, biz erməni diaspor təşkilatları ilə təşviqat mübarizəsi aparırıq. Onların illik büdcəsi 7-8 milyon dollar civarındadır. Onlar daha yaxşı təşkilatlanıb, tam işçi ştatı, konqreslə, yerli hakimiyyət orqanları ilə iş üzrə bölmələri vardır. Hər halda biz ədalətin bərpası üçün əlimizdən gələni edirik - ali məktəblərdə çıxış edir, yazılı kampaniyalar keçirir, administrasiyanın vəzifəli şəxsləri və qanunvericilərlə görüşür, Qarabağda vəziyyət, Azərbaycanda və bütün regionda siyasi şərait barədə həqiqəti çatdırmaq üçün maksimum səy göstəririk.

Bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri də ABŞ-Azərbaycan münasibətlərinin inkişafına kömək etmək, Azərbaycanın enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində ABŞ üçün əhəmiyyəti, ölkədəki bütün etnik azlıqlara tolerant münasibət barədə Amerika ictimaiyyətini məlumatlandırmaqdır. Biz başqa diaspor təşkilatları, məsələn, yəhudi icması ilə sıx əlaqə saxlayırıq. Direktorlar Şurasının üzvləri arasında Qarabağ müharibəsi veteranları, Azərbaycanın Qarabağ regionundan məcburi köçkünlər, İrandan olan etnik azərbaycanlı immiqrantlar da var. Amerikalı siyasi xadimlərlə görüşlərdə onlar da iştirak edirlər.

ABŞ-da diaspor barədə danışanda bir faktı da qeyd etmək lazımdır ki, ölkənin müxtəlif regionlarında vaxtaşırı yeni diaspor təşkilatları yaranır. Maliyyə vəsaiti çatışmazlığı səbəbindən bəzi təşkilatlar tezliklə bağlanır, bir çoxu öz üzvlərinin hesabına fəaliyyətini davam etdirir. Lakin bu qədər təşkilatın yaradılması faktının özü alqışa layiqdir. Bu, həmvətənlərimizin Azərbaycan naminə birgə regional fəaliyyətə başlamaq, yaxud bu fəaliyyəti təşkil etmək səviyyəsini və arzusunu bir daha təsdiq edir. Hətta bir milli bayramı qeyd etmək üçün sadəcə “yığıncaq” da amerikalı azərbaycanlıların yeni nəslinin həmrəyliyi və öyrədilməsi rəmzidir. Axı onlar gələcəkdə Amerika qanunvericiləri, qubernatorları, prezidentləri ola bilərlər. Vaşinqtonda, Texas, Men, Nyu-York, Florida, Kaliforniya, Minnesota, İllinoys, Missuri ştatlarında fəal icmalarımız var. Fikrimcə, illər keçdikcə bu fəaliyyət başqa ştatları da əhatə edəcək.

–Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə ABŞ Azərbaycanlılar Şəbəkəsinin rəhbərliyinin mövqeyi necədir?

–Hamı kimi biz də münaqişənin dinc yolla tənzimlənməsinin tərəfdarıyıq. Müharibə itkisiz olmur, lakin o demək deyildir ki, tənzimləmə prosesi əbədi davam etməlidir. Çox şey bizdən - həm Azərbaycanın özündə, həm də xaricdə yaşayan hər bir azərbaycanlıdan asılıdır. Bizim işimiz regionda baş verən hadisələr haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın ərazi iddialarının tarixi və bu iddiaların hüquqi əsasının olmaması barədə məlumat verməkdir. İnformasiya müharibəsi döyüş əməliyyatlarından heç də az əhəmiyyət kəsb etmir. İnformasiya məkanında uğursuzluğa düçar olanda döyüş meydanında qalib gəlmək çətin olur. Təəssüf ki, keçən əsrin 80-ci illərinin axırlarında biz buna hazır deyildik, buna görə də hadisələrin ermənipərəst versiyası dünyada yayıldı. Buna görə də öldürülmüş “ermənilərin” sayının 32 nəfər olmasını hamı eşitdi, amma bunu eşitmədilər ki, öldürülənlərdən altı nəfəri əslində azərbaycanlı idi. Sumqayıtda “azərbaycanlılar bandası”nın qiyam etməsini hamı eşitdi, lakin heç kəs eşitmədi ki, həmin bandanın başçısı etnik erməni Eduard Qriqoryan idi. O, məhkum edildi, lakin Moskva həbsxanasına köçürüləndən sonra “itkin düşdü”. Hamı eşitdi ki, münaqişə 1988-ci ilin fevralında Sumqayıt hadisələrindən başlayıb. Lakin heç kəs ağlına da gətirmədi ki, hər şey hələ 1987-ci ilin noyabr ayında Masisdə və Quqarkda azərbaycanlılara fiziki hücumlardan və 1988-ci il yanvarın axırlarında 4 min azərbaycanlı Ermənistandan qovulandan sonra başlayıb.

Buna görə də hər bir azərbaycanlı bu münaqişənin tezliklə tənzimlənməsinə yaşadıqları ölkədə ictimaiyyətin məlumatlandırılması üçün fərdi və birgə səylər yolu ilə təsir göstərə bilər. Xaricdəki siyasətçilərin fəaliyyəti çox cəhətdən seçicilərlə qarşılıqlı münasibətlərə, akademik materiallara, etnik ictimai təşkilatların mövcudluğuna əsaslanır. Azərbaycanlıların yaşadıqları ölkənin universitet və kolleclərində, media strukturlarda, forumlarda və konfranslarda iştirak etmələrini də bu cür fəallığa aid etmək olar. Ümumiyyətlə, həqiqəti dünyaya çatdırmaq üçün xaricdə yaşamaq vacib deyil. Bunu virtual şəkildə, kompyuter arxasında da etmək olar. Təki istək olsun!

Ermənilərə gəldikdə isə qeyd etmək lazımdır ki, diaspordakı ermənilərin, elə Ermənistan ermənilərinin özünün də çoxunda azərbaycanlılar və onların ermənilərə münasibəti barədə yanlış təsəvvür yaranıb. Biz ermənilərə pislik arzulamırıq. Onlar bizim qonşularımızdır və həmişə qonşularımız olacaq. Soyadının kökündə türk sözü olan R.Köçəryanın dediyi kimi, ermənilər genetik baxımdan azərbaycanlılardan nə qədər fərqlənsələr də, azərbaycanlılar ermənilərə qarşı həmişə xeyirxah olublar. Hətta indi də bizim ölkədə təxminən 30 min etnik erməni yaşayır. Azərbaycanlılar tolerant xalqdır. Heç kəs dinc erməniləri Azərbaycanın Qarabağ regionundan qovmağa hazırlaşmır. Başqa azlıqların nümayəndələri kimi, onlar da Azərbaycan vətəndaşlarıdır. Qarabağ regionunda etnik erməni əlində yalnız o halda silah tuta bilər ki, o, Azərbaycanın hüquq mühafizə orqanlarında işləsin və Azərbaycan dövlətçiliyinə sədaqət andı içsin. Əks halda işğal olunmuş ərazilərdə hər bir qanunsuz silahlı şəxs ədalət mühakiməsinə cəlb edilməlidir.

-Siz diasporda fəaliyyətinizi və sizə qazanc gətirən işinizi necə əlaqələndirə bilirsiniz?

– Uzun illər boyu onları əlaqələndirmək çətin idi, çünki mən özəl şirkətdə çalışırdım. İşdən sonra ailəmə, şəxsi məşğələlərə sərf etməli olduğum vaxtı kəsməyə, həftədə bir neçə saat az yatmağa məcbur idim. Xoşbəxtlikdən, AZƏRTAC-da işləmək təklifi alandan sonra diaspor fəaliyyəti ilə işimi əlaqələndirməyə imkan yarandı. Çünki hər iki istiqamət ictimaiyyətə Azərbaycan barədə məlumat verməyi əhatə edir. İki ildən çoxdur ki, AZƏRTAC-da işləyirəm. AZƏRTAC-da çox istedadlı adamlar çalışır. Mən deyərdim ki, AZƏRTAC-ın hər bir əməkdaşı öz işinin peşəkarıdır. Agentliyin xəbərləri və videoreportajları yeddi dildə (Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində) buraxılır. Qeyd etməliyəm ki, hər il innovasiyalar yaranır və bizim agentliyin işinin səmərəsi artır. Peşəkarlıq və ümumi işin xeyrinə əməkdaşlıq şəbəkəsinin inkişaf etdirilməsi ilk növbədə AZƏRTAC-ın rəhbərliyinin xidmətidir. Rəhbərlik qısa müddətdə agentliyi yeni zirvələrə qaldırıb. AZƏRTAC-ın xəbərləri digər xarici agentliklər tərəfindən yayımlanır. 2016-2019-cu illərdə AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək. Onu da deməliyəm ki, AZƏRTAC-ı ABŞ-da təmsil etməklə bu ölkədə Azərbaycanı daha geniş təbliğ etməyə imkan yaranır. Məsələn, mən jurnalist kimi Vaşinqtonda Azərbaycanla bağlı olmayan çoxlu tədbirlərə gedirəm, lakin bu və ya digər tədbirdə müzakirə olunan məsələlər çərçivəsində öz şərhlərim və suallarımla Azərbaycanın əhəmiyyəti barədə məlumat verirəm. Bundan əlavə, AZƏRTAC-da işləmək müxtəlif görkəmli xadimlər, o cümlədən prezidentlər, nazirlər, məşhur jurnalistlər, müəlliflər, siyasi xadimlərlə tanış olmağa imkan verir.

–Ailəniz barədə danışardınız. Siz evlənəndə artıq ABŞ-da yaşayırdınız, elədirmi?

–Bəli, mən 2007-ci ildə evlənmişəm. Artıq 8-ci ildir ki, ailəliyəm. İki oğlumuz var, hər ikisi Amerikada doğulub. Böyük oğlum birinci sinfə gedir, lakin bizim dairənin istedadlı uşaqlar üçün proqramı çərçivəsində əlavə dərslər də keçir. Kiçik oğlum bağçaya gedir. Biz onları darıxmağa qoymuruq. Məktəb məşğələlərindən əlavə taekvondo, cüdo, futbol məşğələlərinə gedirlər. Böyük oğlum fortepiano dərslərinə gedir. Evdə müxtəlif fənlər, o cümlədən coğrafiya və riyaziyyat fənləri üzrə əlavə məşğul oluruq. Mən çalışıram ki, onlar öz Vətəni, kökləri haqda daha çox bilsinlər. Uşaqlarım Azərbaycan dilində danışır, bizim şerləri, milli himnimizi bilirlər.

Eyni zamanda, biz onlara ABŞ-ın tam dəyərli vətəndaşları olmağı öyrədirik. Onlar başqa millətlərə hörmət etmək üçün ilk növbədə doğulduqları ölkəni sevməli və qiymətləndirməlidir. Mən bir azərbaycanlı kimi həmişə istəmişəm ki, Azərbaycanın hər bir vətəndaşı, o cümlədən bütün azlıqların nümayəndələri dövlət dilində təmiz danışsın, Azərbaycan dövlətçiliyini sevsin və ona hörmət etsin. Buna görə də bizim uşaqlarımız xaricdə yaşayarkən öz ölkələrinə bu cür münasibət bəsləməlidirlər. Əcdadlarının Vətənini isə onlar həmişə sevəcəklər. Bu sevgi onların genlərindədir.

– Şəxsi planlarınız necədir?

– Konfliktologiya sahəsində tədqiqatlarımı davam etdirirəm. Qarabağ münaqişəsini hərtərəfli öyrənmişəm. Artıq bir neçə ildir ki, nizamlanma presedenti olan münaqişələri də öyrənirəm və onların vasitəsilə Qarabağ münaqişəsini informasiya məkanına çıxarmaq istəyirəm. Təəssüf ki, çox vaxt Ermənistan ilə Azərbaycan arasında münaqişənin əhəmiyyəti azaldılır və mənim fikrimcə, bu münaqişənin indiyə qədər nizamlanmamasının əsas səbəblərindən biri məhz bundan ibarətdir. Məsələn, Ukrayna hadisələri başlanandan bəri bütün Qərb mətbuatı Moldovada, Gürcüstanda mövcud münaqişələrlə analogiya aparır, amma bu halda Azərbaycanı yada salmırdılar. Hərçənd bu müharibə alovu məhz erməni işğalçılarını üçüncü tərəfin dəstəkləməsi sayəsində baş verib. Bu vəziyyəti dəyişmək üçün ardıcıl maarifləndirmə işi aparmaq lazımdır. Özü də bu halda emosiyaları və əsassız iddiaları deyil, yalnız faktları rəhbər tutaraq hər dəfə sübut etmək lazımdır ki, həqiqət və ədalət sənin tərəfindədir.

– Sonuncu sual. Bütün dünyaya səpələnmiş həmvətənlərimizə nə arzu edərdiniz?

– Biz çətin dövrdə yaşayırıq. Mənim fikrimcə ölkəmizin ən başlıca uğuru odur ki, bu gün Azərbaycan regionun ən sabit dövlətidir. Bizim regionun geosiyasi reallıqlarını nəzərə alsaq, bunu reallaşdırmaq heç də asan məsələ deyil. Odur ki, ölkə rəhbərliyinin xidmətlərini qeyd etmək lazımdır. Bu sözləri təkcə mən demirəm. Bizim regiona bələd olan hər bir amerikalı bunu deyir. Lakin bütün müsbət məqamlara baxmayaraq, suveren Azərbaycanın ərazisinin təxminən 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Bu dəhşətli faktı nəzərə alaraq hər bir azərbaycanlı ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün nə mümkündürsə etməlidir. Heç bir məhdudiyyət yoxdur! Bizim həmvətənlərimiz Ermənistan missiyaları qarşısında toplaşaraq etirazlarını bildirə, qanunvericilərin, administrasiya üzvlərinin ofislərinə və yaşadıqları şəhərlərdəki qəzetlərə məktublar yaza, konfranslarda, universitetlərdə çıxış edə, konsertlər, sərgilər, mədəni tədbirlər təşkil edə, universitetlərdə tələbə qrupları yarada bilərlər və s. Hətta öz evində əyləşib Ermənistan təbliğat-təşviqat maşınına qarşı onlayn mübarizə də aparmaq olar. İmkanlar çoxdur. Sadəcə istək lazımdır. Artıq çoxları bunu edir. Amma hamı etməlidir. Zənnimcə, bizim diplomatik rütbəli səfirlərimiz razılaşarlar ki, xaricdə yaşayan hər bir azərbaycanlı bu cür rütbəsi olmasa da öz Vətəninin elçisidir. Bu elçilər isə onlar üçün əlyetərli olan bütün fəaliyyət sahələrində öz Vətənlərini təmsil etməlidirlər.

 

Xalq qəzeti.- 2015.- 27 oktyabr.- S.8.