Port-Arturun azərbaycanlı qəhrəmanları

 

II yazı

 

Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur döyüşlərində xüsusi xidmətləri olmuşdur.Yaxşı ki, onun müasiri olan rus jurnalistləri Səməd bəyin döyüş fəaliyyətini qələmə almışlar.

 

Jurnalist E.K. Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin xüsusi müxbiri olmuşdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı gündəliklər müəllifidir. Qeydlərindən aydın olur ki, o, general eloğlumuz Səməd bəy Mehmandarovla həmişə ön xətdə görüşərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz üçün darıxmasının da şahidi olub.

“...Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah rəisi Stepanov yorğundur. Burada bir neçə zabit var. Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı yad edirdi:

 - Qafqaz çox yaxşıdır, çox gözəldir! - deyirdi. - Təbiət hər şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhrünü vurmuşdur. Amma bədbəxtlik ondadır ki, bəzən daş lazım olan yerdə bir dənə də daş tapmazsan, lazım olmayan yerdə isə sayı-hesabı yoxdur. Su lazım olan yerdə su olmur, ehtiyac olmayan yerdə dərya qədərdir. - Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: - Bəs İslam? Yaxşı nə varsa onu sonrakı həyatın verəcəyini vəd edir. Hər şey çox yaxşıdır, amma bizə cənnətdə yeddi mələk boyun olublar, yeddisinin də gözü girdə. Sizcə bu nə olan işdir? Peşmançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istəmirəm - nə cənnəti, nə də mələkləri. Mən yalnız azca istirahət istəyirəm.

Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajın tavanına düşdü. Zabitlər təlaşla ayağa durdular. İgid polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi".

Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin şahidi olan Əliağa Şıxlinski yazır ki, oktyabrın 14-də qala topa tutulan zaman Səməd bəy Mehmandarov bizim mövqeyə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli və otuz yeddi millimetrlik xırda dəniz topları ilə atəşə tutulurdu. Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralamadı.

Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük soyuqqanlıqla cibindən dəsmalını çıxarıb, gözəl təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı.

 

 

*   *   *

 

Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. İkinci ağır zərbə isə 1904-cü il dekabrın 2-də oldu. Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general-leytenant Aleksandr Fok komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız komendantı general Anatoli Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər general Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və digər zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir, nə qədər ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik.

Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi.

General-mayor Səməd bəy Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. Yaponların şərtlərinə görə əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıdırdılar. General Stesselin ətrafındakı bir qrup zabit dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya şəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Amerikanın Portsmut şəhərində sülh müqaviləsi bağlanandan sonra Rusiyaya qayıda bildi.

332 günlük məşhur Port-Artur qalasının müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə belə yazıldı.

 

 

*   *   *

 

Aleksandr Stepanovun “Port-Artur”, P. Lorenkonun “Port-Arturun əzablı günləri” və Trofim Borisovun “Portarturçular” romanlarında bir azərbaycanlı soyadına da rast gəldik - poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Lorenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə) yaralanmış poruçik Sadıqovun hospitalda müalicəsi zamanı iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?

Bu barədə “Kommunist” qəzetinin 9 sentyabr 1984-cü il tarixli sayında dərc edilən yazımdan sonra respublikanın ayrı-ayrı bölgələrindən çoxlu məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı. Lakin sabirabadlı Böyükağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış. 1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində onun həlak olması haqqında qara kağız da alınıb.

Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarla əsərlər yazılıb. Kabardin və çeçen igidlərinin Port-Arturdakı döyüş fəaliyyəti haqqında Əhmədxan Naloyevin “Dan üzünün atlıları” tarixi romanı, Vikenti Veresayevin “Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəliyi və yol qeydləri, Sergey Senskinin “Susima”, N.A. Levitskinin “1904-1905-ci illərdə rus-yapon müharibəsi” əsərləri maraqla oxunur. Bunların hamısında eloğlularımızın qəhrəmanlığı haqqında da məlumatlar verilir.

“Niva” jurnalının 1905-ci il 25-ci sayında bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər yazılırdı: “33-cü Şərqi-Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliklə vuruşub və kontuziya olub”.

Adından, atasının adından və soyadından poruçik Zülfüqar Bağırbəyovun azərbaycanlı olması şübhəsizdir. Düşünürdüm ki, görəsən, Uzaq Şərq sərhədləri uğrunda igidliklə vuruşan bu həmyerlimizin qohum-qardaşından sağ qalanı varmı?

1987-ci ildə İçərişəhərdə yaşayan 82 yaşlı bir ağsaqqalla görüşdüm. Məhəmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini götürdüyünüz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. O, 1874-cü ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-salamat qayıdan əmim Novobəyazid süvari alayında ştabs-kapitan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilədək Bakı şəhərində hərbi komendant işləyib, rütbəsi mayor idi, Birinci Dünya müharibəsi illərində Avstriya və Rumuniya cəbhələrində döyüşlərdə iştirak edib.

Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin liderlərindən biri Nağı bəy Şeyxzamanlı Türkiyədə nəşr etdirdiyi “Xatirələrim” kitabında yazır ki, Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən döyüş vaxtı arxadan vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamış və cinayət “məchul güllə ilə törədilmiş” - deyə ört-basdır edilmişdir.

 

 

*   *   *

 

Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcüman” qəzeti Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda qəhrəmanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir. Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif  xəbərlər” rubrikasında yazırdı: “İstehkamçı - kapitan İlyas bəy Ağalarov podpolkovnik rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuşdur. Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiyada yaşayan hər bir müsəlman əhlində iftixar hissi doğurur”.

Gürcüstan Mərkəzi Dövlət arxivində İlyas bəy Allahyar bəy oğlu Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərindən sağ-salamat qayıtmışdır. Sonralar ikinci Qafqaz istehkamçı batalyonun komandiri olan polkovnik İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib.

Sənədlər göstərir ki, İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbələrini alıb.

Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1905-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”, yenə həmin ildə dördüncü dərəcəli “Müqəddəs Anna” (bant və qılıncla birgə) ordenlərinə layiq görülmüşdür.

1913-cü il martın 18-də polkovnik İlyas bəy qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdə eloğlumuzun məzarı hazırda Gəncədə İmamzadə məscidinin həyətindədir. Məzarın mərmər başdaşında solmaqda olan “Qvardiya polkovniki İlyas bəy Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin xatirəsi qəlbimi göynətdi. İllərin tufanı mərmər qəbir daşından onun sonuncu izini də silib aparır...

“Tərcüman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı xəbərində yazırdı: “Mancuriya ordusunun sıralarında və həmçinin Port-Artur döyüşlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə vuruşurlar. Redaksiyanın aldığı məktubdan aydın olur ki, yeddinci Şərqi-Sibir artilleriya divizionunun  rəisi, general-mayor Səməd bəy Sadıq bəy  oğlu Mehmandarov Qarabağ bəylərindəndir. Qala artilleriyasının xəzinədarı isə Litva müsəlmanlarından olan Ədhəm bəy  Muxranskidir. Şimali Qafqazdan olan artilleriya poruçiki Y.İ. Dudarov isə avqust hücumlarının birində mərd zabit kimi şərəflə vuruşaraq həlak olmuşdur. Allah ona rəhmət eləsin. Amin!”.

 

General Əliağa Şıxlinski Port-Artur döyüşlərində

 

Port-Artur döyüşlərinin qala müdafiəsi zamanı düşmən həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının mahir ustası Əliağa Şıxlınskinin döyüş xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəşadəti bütün Rusiyaya yayılmışdı. Qısa müddətdə qəhrəmanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xatirələrm”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu həmişə iftixarla yad edirəm.

1905-ci il aprelin 1-də “Tərcüman” qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq: “Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa Şıxlinski oktyabrın 7-dən noyabrın 19-dək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün “İgidliyə görə” medalı və üstü yazılı Qızıl qılıncla təltif olunub”.

Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı günləri” adlı ikicildlik monumental əsərin müəllifi P. Lorenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əliağa İsmayılağa oğlu Şıxlinski ağır yaralandı. Bütün qafqazlılar kimi cəsur olan komandir Kinco döyüşlərində, “Zelyonnı” və “Volçye” dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, avqustun 10-dan isə daima Laperov dağında döyüşlərdə olmuşdur. Elə buradan da istehkamları atəşə tutub həmlə kalonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.

Port-Artur qalası təslim olandan sonra müharibədə iştirak etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar.

Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əliağa Şıxlinski “Xatirələrim” hərbi memuarında daha dəqiq təsvir edir: “Mayın ikinci yarısında mən Peterburqa gedib döyük knyaza təqdim olundum və Mancuriya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O məndən soruşdu:

- Siz oraya necə gedə bilərsiniz?

Onda mən hospitalımızdan aldığım şəhadətnaməni ona göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam almadan vətənimə qayıtmağa icazə vermişdir. Beləliklə, - dedim - hazırkı müharibədə iştirak etməyə tam ixtiyarım var. Rusiyaya qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iştirak etmiş o biri əsgərlərin taleyinə şərik olardım.

Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yaponlarla vuruşmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki, əlavə edib dedim:

- Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırlamaqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa cür düşünürdük. Bu zabitlərin fikrincə, ordu ancaq qismən səfərbəyliyə alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada bizim köməyimizə heç bir ehtiyac yoxdur. Buna görə də, əsgərlərin taleyinə şərik olmaq lazımdır. Belə ki, dilimdən yaponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi sizdən xahiş edirəm ki, məni müharibəyə göndərəsiniz.

Sergey Mixayloviç əlilə işarə edərək dedi: - Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram".

1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:

“Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərbi xidmətə yararlı olmadığı (Əliağa Şıxlinski sol qıçından yaralandığı üçün yapon həkimi arayışı belə yazmışdı - Ş.N.) müəyyənləşdirilib. O, Rusiyaya buraxılır”.

Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri “İgidliyə görə” sözləri yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs Anna” ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı “Müqəddəs Vladimir” ordeni, üzərində “İgidliyə görə” sözləri yazılmış qızıl silah və məşhur “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Tarixi Muzeyində generalın şəxsi əşyaları arasında 1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş “Port-Artur qalasının müdafiəçisi döş nişanı” saxlanılır. Onu Əliağa Şıxlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-Artur şəhər sovetinin sədri podpolkovnik İ.A. Verşinin göndərib:      “Çox möhtərəm və əziz Port-Artur silahdaşım Əliağa Şıxlinskiyə

Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə komissarı və keçmiş Port-Artur şəhər sovetinin sədri A. Verşinindən".

 

Ordu və donanmaya əmr

 

Qarnizonun mərdliyi və mətinliyi ilə bütün dünyanın təəccübünə səbəb olmuş Port-Arturun qəhrəmancasına müdafiəsi qalanın rüsvayçılıqla təslim edilməsindən sonra dayandırıldı.

Ali məhkəmə qalanın verilməsinin müqəssirini cəzalandırdı və igid qarnizonun unudulmaz hünərini bir daha təsdiqlədi. “Port-Arturun cəsur müdafiəçiləri! Uzaq Şərqdə bizim istinadgahımızın müdafiəsi zamanı göstərdiyiniz fədakarcasına qəhrəmanlıq və anda sədaqətinizlə siz ölməz şöhrət qazandınız və rus ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.

Qədirbilən Rusiya sizin ilə fəxr edir və siz onun qarşısında borcunuzu unutmadığınız kimi, o da sizin hünərinizi yaddan çıxarmayacaq.

Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır: II Nikolay, Çarskoe Selo şəhəri".

 

 

*   *   *

 

Port-Artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun “Port-Artur” və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi ədəbiyyatın qızıl fonduna daxil olmuşdur. İndiyədək 19 dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir. İngilis, fransız, macar, yapon və başqa dillərə tərcümə olunan bu məşhur əsərin səhifələrində (271, 350, 353 və s.) kapitan Əliağa Şıxlinskinin qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.

“...İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. Diviziya rəisinin yanından çıxandan sonra İrman cəld xəstəlik haqqında raport və komandan Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə məktubu Əliağa Şıxlinskiyə verdi və dərhal generalın yanına getməsini əmr etdi. İrman kapitana xeyir-dua verib dedi:

- Sizdən çox şey asılıdır, Əliağa.

- Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə kimi satqınlıq eləməyib. Əgər general Fok yeddinci diviziyanı yaponların zərbəsi altına salmaq istəyirsə o, buna nail ola bilməyəcək. General Kondratenkoya kömək etmək üçün bütün qüvvəmi əsirgəməyəcəyəm.

Bunu deyərək Əliağa Şıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan uzaqlaşdı..."

Keçmiş SSRİ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir. Romanda təkcə kapitan Əliağa Şıxlinskinin yox, həm də general Səməd bəy Mehmandarovun, poruçik Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.

“...Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi. Yolda Əliağa Şıxlinski də ona qoşuldu. İrmanın tapşırığı ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən getmək üçün onları xəbərdar etməli idi.

- Necə, artilleriya da bu sahəni tərk edir? - deyə Zvonaryov təəcübləndi.

- Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər isə səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində istifadə etməlidir.

- Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən əvvəl yeni istehkam düzəltsin.

- Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq hücuma keçəcəklər.

- Bu barədə təcili generalı xəbərdar etmək lazımdır, - Zvonaryov qərara gəldi və geri - Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa Şıxlinski təklif etdi ki, ora şəxsən özü getsin.

- Çox da narahat olmayın. Mənim briqada komandirim polkovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun əmrinin əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qoyub getməyəcək, - deyə Şıxlinski çoşğun halda dilləndi.

- Romanovskinin sağdakı batareyasından 26-cı polkun qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına gedin".

Əliağa Şıxlinskinin döyüş məharətini gözləri ilə körən ikinci rus yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından maraqlı, elmi və bədii əsərlər yazan T. Borisov sonu faciə ilə bitən rus-yapon müharibəsi haqqında  Portarturçular” adlı sanballı bir roman nəşr etdirmişdir. Müəllif sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus ustalıqla ön plana çəkir. Böyük hərarətlə, məhəbbətlə xalqımızın mərd oğulları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov haqqında söhbət açır. İlk gündən Şıxlinskinin batareyasında döyüşən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xarakter və xasiyyətini daha dəqiq işıqlandırmışdır.

“Səhər saat 10-da batareyanın baş zabiti kapitan Əliağa Şıxlinski kazarmaya gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının tükləri qabaqdan azca seyrəlmişdi. Çatma qaşları bir qədər yuxarı dartılmışdı. Qonur gözlərində sevinc işığı vardı. Balaca əllərinin ağ barmaqlarını arxasında tutmuşdu. Əliağa Şıxlinski hamı ilə görüşəndən sonra orduya təzəcə çağırılanların adlarını oxudu:

– Antonov Valentin Pavloviç.

– Mən, – deyə o, cavab verdi.

– Sən az savadlısan?

Əsgər dolaşıq sözlərlə nəsə dedi. Kapitan Morozovu çağırdı.

– Sənin də savadın yoxdur, bu necə olur? Böyük şəhərdən gəlibsən, amma heç bir təhsilin yoxdur. – Sonra üzünü divizionun əsgərlərinə tutub: – Siz niyə oxumayıbsınız?

Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.

Kapitan Əliağa Şıxlinski sıranın önündən keçib, əlində yeni çağırılanların siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir onların soyadını, adını, atasının adını çəkdi.

– Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı doğruldacaqlar... Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır.

– Kapitan Şıxlinskinin sifətinə bir ciddilik çökdü. Ancaq gözlərində bayaqkı işıq qalırdı. Təzə çağrılanlarla söhbət edə-edə onlara göstəriş verirdi:

– Başını düz tut, sağ çiynini əymə, – deyə kapitan Pudovnikə mürəciət etdi.

– Sən məhkəmə palatasında çoxmu işləyibsən? İki il? Bəs ona kimi harada işləyibsən?

– Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.

– Sənin xəttin yaxşıdırmı?

– Mirzəliyi istəmirəm, zati-aliləri...

– Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarımızı yazmağa mirzə də lazımdır... Abramoviç Moisey İosifoviç! Sən usta-çilingərsən?...

– Yaddaşa bax, yaddaş belə olar, siyahını bircə dəfə oxuyan kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadında saxladı, - deyə Pudovkin fikrə getdi".

Port-Arturdakı oktyabr döyüşlərində Əliağa Şıxlinskinin qəhrəmanlığını əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin salnaməsi” almanaxının 81-ci nömrəsinin 1577-ci səhifəsində bu barədə oxuyuruq:

“Müqəddəs Georgi” ordenli süvari dumasının təqdimatına əsasən əlahəzrət imperator 1905-ci il oktyabrın 3-də Port-Arturun müdafiəsində şücaəti ilə fərqlənmiş artilleriya briqadasının podpolkovniki Əliağa Şıxlinskini dördüncü dərəcəli Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əliağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adıçəkilən istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur..."

 

 

*   *   *

 

Şahzadə Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu Mirzə hərbi və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Vladiqafqazda və Oryol şəhərində yerləşən 51-ci Çerniqov alayında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki 52-ci Nejinski alayına dəyişdirilmişdir. Port-Artur döyüşlərində həlak olan podpolkovnik Əliqulu Mirzə Qacar döyüş xidmətlərinə görə “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur. Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında yazırdı:

“Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə imperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir”.

Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu. Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı. Vətənində, Bərdənin İmamzadə qəbiristanlığındakı məqbərədə dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, şahzadə nəslindən idi. Səksən ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu nəsillərə belə ehtiram göstərirdi.

İllər keçir, eloğullarımızın rus-yapon  müharibəsindəki hünərlərini əks etdirən sənədlər müxtəlif arxivlərdə tədqiq olunmamış qalır. Açılmayan qovluqlar öz tədqiqatçısını gözləyir.

 

Şəmistan NƏZİRLİ,

polkovnik-leytenant,

Hərbi-Elmi Mərkəzin baş elmi işçisi

 

Xalq qəzeti.- 2015.- 6 sentyabr.- S.7.