Xalq qəzeti”: 28 mininci görüş

 

Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq

xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən

bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni

həyatının güzgüsü olmuşdur. Respublikanın qəzetçilik ənənələrinin formalaşmasında,

jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır...

Müstəqilliyimizin qazanılmasından sonraXalq qəzeti” respublikanın ictimai

həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin

aşkarlanmasında mühüm rol oynamışdır.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Anadilli mətbuatımızın ən uzunömürlü dövri nəşri  olanXalq qəzeti” fəaliyyətinin 97-ci ilinin ilk ayında – bu gün sentyabrın 10-da oxucularla görüşə 28000-ci sayı ilə gəlmişdir. Xatırladaq ki, bu yaxınlarda 140 yaşı ümumxalq bayramı kimi qeyd edilmiş milli jurnalistikamızın tarixində ikinci bir qəzetə bir əsrə yaxın müddətdə nəşr olunmaqbu qədər sayını buraxmaq nəsib olmamışdır. Bu fakt milli mətbuatımızın öyünclü tarixinin daha bir əlamətdar hadisəsi kimi yada salınmağa və qeyd edilməyə layiqdir.

Hər bir insanın taleyində olduğu kimi, ayrı- ayrı qurumların da fəaliyyətində yuvarlaq rəqəmlər xüsusi əlamətdarlıq yaradır, cəmiyyətdəki mövqeyinə və roluna bir daha nəzər salmaq, fəaliyyətini yeni tələblərə uyğunlaşdırmaq baxımından yaxşı bir fürsətə çevrilir. Ölkəmizdə hansısa nəşr üçün ilk mininci nömrələrinə çatmaq xoş bir arzu olsa da, “Xalq qəzeti”nin redaksiyası bu xoşbəxtliyi 28-ci dəfədir ki, yaşayır.

 Həftədə 6, ayda 25-26, ildə təqribən 300 sayı işıq üzü görən  Xalq qəzeti”nin kollektivi bu hadisəyə, sadəcə, statistika faktı kimi baxmır, bu rəqəmin ifadə etdiyi ictimai məzmunu bir daha anlamaq, qəzetin ümumi tarixininsonuncu min nömrənin önəmini süzgəcdən keçirib növbəti uğurlara yönəltmək şansı kimi qəbul edir.

28000-ci nömrə, hər şeydən əvvəl, bir neçə tarixi faktı yada salır:

Kommunist” adı ilə əvvəlki 72 ildə bu rəsmi nəşrin 21532 sayı işıq üzü görmüşdür. Qəzet 1991-ci ilin avqustunda ötən yeddi onillikdə onun fəaliyyətini nəzarətdə saxlamış Kommunist Partiyasının süqutundan bir müddət öncə ideoloji basqıdan xilas olaraq, illər boyu amal və əməlində xalqın maraqlarına sədaqət göstərdiyini bir daha sübut edərək nəşrini “Xalq qəzeti” adı ilə davam etdirmişdir.

1991- ci il oktyabın 18-də elan olunmuş Azərbaycanın dövlət müstəqilliyi haqqında Bəyannaməni 21572-ci sayında çap etməklə qəzet tariximizin yeni dövrünə – ölkəmizin müstəqillik epoxasına işıq salmağa başlamışdır. Beləliklə, “Xalq qəzeti”nin ötən 24 ildə xalqımıza 6468 nömrəsi təqdim olunmuşdur. Göründüyü kimi, onun 97-ci ilə qədəm qoymuş tarixinin dörddə birini dövlət müstəqilliyimiz dövründə fəaliyyəti təşkil edir.

Bu baxımdan milli mətbuatımızın 140 illik yubileyi tədbirləri axarında “Xalq qəzeti” nin səmərəli fəaliyyəti dönə-dönə yada salındı, bu nəşrin avanqard rolu, milli jurnalistikamızın tarixi təcrübəsini yaşadan, zənginləşdirən bir məktəb olması məmnunluqla qeyd edildi.  Yubileydən təxminən 40 gün sonraavqustun 29-da  qəzetin ad günündə arxada qalan 96 ilin sevincli- kədərli, şirinli- acılı məqamlarına bir daha nəzər yetirildi. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, cəmiyyətdə demokratik dəyərlərin inkişafı, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə tarixi mübarizədə kollektivin qarşısında duran məsul vəzifələr həssaslıqla incələndi.

Qəzetin tarixinin önəmli məqamlarına nəzər salınarkən bildirildi ki, onun ilk və sonrakı kollektivləri Azərbaycanda rəsmi mətbuat ənənəsini davam etdirmiş və zənginləşdirmişlər. “Azərbaycan” qəzetinin milli dövlətçiliyə və xalqa xidmət məramı sonrakı 71 ildə redaksiya divarları arasında açıq və gizli şəkildə yaşadılmış, yazarların milli varlığımıza bağlılığı heç bir zaman qırılmamışdır. Təsadüfi deyil ki, “Kommunist”ə 1937-ci ilədək rəhbərlik etmiş redaktorların hamısı “milli təmayülə sədaqətə” görə millətçilik damğası ilə repressiya olunmuş, redaksiya həmişə “millətçilik yuvası” kimi təqib və nəzarət altında saxlanılmışdır. Bütün bunlara baxmayaraq, qəzetin kollektivi həmişə tərəqqi və quruculuq yoluna xidmət etmiş, ötən onilliklərin canlı xronikasını yaratmışdır.

Ötən dövrdə qəzetin hər mininci nömrəsi və fəaliyyətinin onillikləri ciddi mətbuat hadisəsi kimi qeyd olunmuş və redaksiyanın cəmiyyətə hesabatına çevrilmişdir. “Xalq qəzeti”nin 28 mininci sayının işıq üzü görməsi onun özününtarixinin, Azərbaycan cəmiyyətində tutduğu mövqeyin, media proseslərində oynadığı rolun bir sıra məqamlarını göz önünə gətirir. Xoşbəxtlikdən, bu qəzetin iki fərqli tarixi şəraitdə doğuluşunun hər ikisi Azərbaycan xalqının dövlət müstəqilliyi qazanması ilə bağlı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin  mətbuat azadlığına verdiyi təminat zəminində ilk sayı 1919-cu il avqustun 29-da dərc olunmuş bu qəzetin 71 illik kommunist epoxasının sonunda ikinci doğuluşu – “Xalq qəzeti” adı ilə nəşrini davam etdirməsi də yeni, müstəqillik dövrünün başlanması ilə mümkün olmuşdur.

1988-ci ildə Qarabağ münaqişəsi ilə alovlanan milli oyanış və xalq hərəkatı redaksiyada nəsil-nəsil qorunub saxlanan milli ruha və yaradıcılıq fəaliyyətinə də pərvəriş gətirmşidir. Genişlənən xalq hərəkatına açıq rəğbət bəsləyən, torpaqlarımızın bütövlüyü uğrunda mübarizənin ön sıralarında olan redaksiya qısa müddətdə demokratik bir məktəb keçərək 71 ildə öz içərisində qoruyub saxladığı istiqlalçılıq məfkurəsinə qovuşmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi günlərdə xalqla respublika rəhbərliyi arasında rəsmi informasiya körpüsü olmuşXalq qəzeti” sonrakı 2 il yarımda baş verən siyasi təbəddülatlar, uğursuzluqlar dövründə dövlət suverenliyinə və mətbuat azadlığı prinsiplərinə sadiq qalmışdır. 1993-cü ilin böhranlı yayında kollektiv öz mövqeyi və fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışını təkidlə tələb edən xalqımızla bir yerdə olmuşdur.

Qəzetin tarixində yeni məsul mərhələ də bununla başlamışdır. Müstəqil Azərbaycanın həqiqi lideri Heydər Əliyevin 1993 - 1995-ci illərdə həyata keçirdiyi tarixi tədbirlərə, ölkənin xaosböhrandan çıxarılması prosesinə fəal informasiya dəstəyi verən “Xalq qəzeti” ulu öndərin etimad və himayəsi ilə 1995-ci ilin noyabrından Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin və redaksiya kollektivinin həmtəsisçiliyi ilə nəşr olunur.

Azərbaycan milli mətbuatının bir institut kimi formalaşmasında, demokratik jurnalistikamızın ideya və sənətkarlıq ənənələrinin yaşadılmasında, peşəkar jurnalist nəsillərinin yetişdirilməsində, ana dilimizin saflığının qorunması və zənginləşdirilməsində “Xalq qəzeti”nin müstəsna xidmətləri media tarixçiləri və nəzəriyyəçilərinin daim diqqətindədir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ilin avqustunda qəzetin 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda bu həqiqəti bir daha təsdiqləmişdir:

Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.

Respublikanın qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır... Müstəqilliyimizin qazanılmasından sonraXalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır”.

Xalq qəzeti” bu yüksək qiymətə layiq olduğunu hər zaman öz fəaliyyəti ilə sübut etmişdir. Ötən əsrin 70-80-ci illərində respublikada gedən geniş quruculuq və milli-mədəni yüksəliş dövründə qəzetin kollektivi Heydər Əliyevin liderlik nümunəsindən güc almış, həmin proseslərin zəngin xronikasını yaratmışdır. Müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin indiki intibah və tərəqqiyə özül olmuş tarixi fəaliyyəti də “Xalq qəzeti”nin tarixində parlaq səhifələr yaratmışdır. Ümummilli lider o günləri belə səciyyələndirirdi:Bu gün qəzet müstəqil Azərbaycanda hüquqidemokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.

Qəzetin son 12 ildəki 3700-dən yuxarı sayı ulu öndərin layiqli davamçısı, yeni tipli dövlət xadimi, sınanmış lider İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə işıq üzü görmüşdür. Bu mərhələ ölkəmizdəki hərtərəfli tərəqqinin geniş əks etdirilməsi ilə yanaşı, həm də qəzetin özünün inkişafında irəliyə doğru yeni addımlarla əlamətdardır.

Maddi-texniki bazanın, buraxılış texnologiyasının daim yenilənməsi, söz azadlığı prinsipinin ardıcıl bərqərar olması qəzetin öz populyarlığını, mötəbər media qurumu kimi cəmiyyətdə öncüllüyünü qoruyub-saxlamasına təminat yaratmışdır.

Britaniyalı jurnalist Malkolm Maqqeric yazırdı ki, mətbuat kağız vicdandır. Satirik kimi də şöhrət qazanmış ingilis yazar bu fikri ilə demək istəyirdi ki, yazılanları obyektiv və qərəzsiz işıqlandırmaqla mətbuat cəmiyyət qarşısında vicdani borcunu yerinə yetirir, oxucusunu obyektiv məlumatlandırır. Bu baxımdan 28000-ci nömrəni vərəqləyən əziz oxucularımıza növbəti doğru-dürüst xəbər və məqalələri təqdim etməkdən böyük qürur hissi duyuruq.

Alman filosof Artur Şopenhauerin qəzetləri tarixin saat əqrəblərinə bənzətməsini onun mətbuatın ictimai həyatda oynadığı rola verdiyi yüksək qiymət kimi dəyərləndirmək olar. Həqiqətən də, yaşadığımız zamanın tarixi anlarını əbədiləşdirməklə yanaşı, qəzetlərin üzərinə oxucunu günün reallıqları barədə məlumatlandırmaq kimi böyük məsuliyyət düşür. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətlə inkişaf etdiyi dövrdə elektron medianın təsirinin güclənməsinə, fəaliyyət dairəsinin genişlənməsinə baxmayaraq, bu gün də ənənəvi mətbuat oxucular qarşısında tarixi missiyasını ləyaqətlə davam etdirir.

Xalq qəzeti” fəaliyyətinin 93-cü ilində – 3 aprel 2012-ci ildə işıq üzü görmüş 27000-ci sayından sonrakı 3 il 5 aylıq müddətdə də  öz məramına – xalqın köklü maraqlarına xidmət xəttinə, cəmiyyət həyatının əhatəli salnaməsini yaratmaq işinə sadiq qalmışdır. Sonuncu min nömrədə də kollektiv əvvəlki dövrdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyada Günəş kimi nurlandırmaq amalına, Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli tərəqqisini, müasirləşmə və modernləşmə məramını hədəfə alan siyasətinə mötəbər informasiya dəstəyi qazandırmaq, quruculuq proseslərinə səfərbəredici kömək göstərmək üçün peşəkarlığını və fəallığını gündən-günə artırmağa çalışmışdır.

Qəzet öz oxucuları ilə 28 mininci görüşə öz tarixinin işıqlı məqamlarından doğan öyünc hissi, azad sözə sədaqət amalı, ölkəmizin sabahına, xalqımızın firavanlığına daha yaxşı xidmət əzmi ilə gəlmişdir.

 

Həsən HƏSƏNOV,

Xalq qəzeti”nin baş redaktoru,

Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2015.- 10 sentyabr.- S.5.