Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

birləşdirici rolunu uğurla davam etdirir

 

Qlobal müstəvidə cərəyan edən siyasi-iqtisadi proseslər, müasir tarixi vəziyyət və milli-mədəni inkişaf tendensiyaları türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə zərurət yaradır. Türk-İslam taixində özünəməxsus yeri olan Azərbaycan da yaranmış tarixi şəraiti doğru qiymətləndirərək türkdilli ölkələrlə əməkdaşlığını inkişaf etdirir, siyasi-iqtisadi, sosial-mədəni və humanitar əlaqələri gücləndirməyə, o cümlədən, mürəkkəb geosiyasi şəraitdə strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır. Bu mənada Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitinin Azərbaycanın da daxil olduğu türk dünyası ölkələri arasında münasibətlərin inkişafına növbəti töhfə verəcəyini əminliklə demək olar.

 

Ümumiyyətlə, tarixçilər türkçülüyün qorunub saxlanılmasında Azərbaycanın həmişə əhəmiyyətli rol oynadığının vurğulayırlar. Bundan başqa, Azərbaycanın Türküstanın şərqi və qərbi arasında körpü rolunu oynaması da qeyd olunur. Buna görə də türkdilli ölkələrlə münasibətlərin daim diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin xarici siyasətində önəmli istiqamətlərdən birini təşkil edir. Belə diqqətin mərkəzində Türk dünyasının geniş coğrafi məkanı əhatə etməsi ilə yanaşı, türkdilli xalqların ortaq tarixi köklərinin olması da dayanır. Türkiyə Respublikasının 9-cu Prezidenti, mərhum Süleyman Dəmirəlin dediyi kimi, “Türk dünyası” 11 milyon kvadratkilometrdir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dillərində danışan, “mən türkəm” deyən, əfsanəsi, dilitarixi bir olan insanların dünyası var. Bu, bir ulu çinardır, ulu çinarın budaqları vardır. Türkə görə 21 qol bu çinarın budaqlarıdır”.

SSRİ-nin dağılmasından sonra türk xalqlarının yaxınlaşması, ortaq maraqların müdafiə və inkişaf etdirilməsi baxımından yaranmış əlverişli tarixi şərait Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) kimi mühüm təşkilatın təsis edilməsi ilə nəticələndi. Əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında keçirilən toplantıda qoyulan TDƏŞ ötən 6 il ərzində türkdilli xalqların həyatında getdikcə önəmli rol oynamağa başladığını təsdiqlədi. Qeyd etmək vacibdir ki, məhz Naxçıvan Zirvə görüşü Türk dünyasının birgə tərəqqisi baxımından olduqca mühümdür. Çünki həmin görüşdən sonra Türk Akademiyası, Türk Əməkdaşlıq Şurası, Türk Miras Fondu, Türk Ağsaqqallar Şurası kimi təşkilatlar yarandı.

TDƏŞ -in ötən müddətdə keçirilən sammitlərində qəbul olunmuş qərarların türkdilli dövlətlər arasında münasibətlərə müsbət təsir göstərməsi danılmaz faktdır. 2009-cu il oktyabrın 3-də baş tutan Naxçıvan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev sammiti  əlamətdar hadisə kimi dəyərləndirmiş və əmin olduğunu bildirmişdi ki, görüşün nəticələri gözəl olacaq, çox səmərəli işləyəcəyik və qəbul ediləcək qərarlar bizim birliyimizi daha da gücləndirəcəkdir. Türkdilli dövlətlər arasında əlaqələrin ikitərəfli formatda çox yüksək səviyyədə olduğunu məmnunluqla xatırladan Prezident İlham Əliyev əlavə etmişdi ki,  BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda ölkələrimiz bir-birinə həmişə dəstək verirbu, belə də olmalıdır: “Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir”.

İşlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayan dövlət başçısı əlavə etmişdi ki,  türkdilli ölkələrin birliyi regional əməkdaşlığın gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Naxçıvan Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev xüsusi olaraq demişdi ki, türkdilli ölkələr arasında olan iqtisadi əlaqələrin daha da sürətlə inkişaf etməsi vacibdir. Dövlət başçısı iqtisadi sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırmışdı: “Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bu da çox önəmlidir. Gələcək illərdə iqtisadi sahədə yeni layihələrin həyata keçirilməsi, əlbəttə ki, bizi daha da yaxınlaşdıracaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmalıdır. Hələ ki, ticarət dövriyyəsinin səviyyəsi bizi qane edə bilməz. Biz qarşılıqlı investisiya layihələrində iştirak etmək arzusundayıq və bu da qarşılıqlı maraq doğura biləcək layihələr ola bilər”.

Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev böyük  məmnunluq hissi ilə vurğulamışdı ki, ölkələrimiz tərəfindən təşəbbüslə başlananuğurla icra edilən böyük layihələr öz səmərəsini verir. Bu gün neft-qaz sahəsində yaranmış əməkdaşlıq bizim dostluğumuzun nümunəsidir, eyni zamanda, regional əməkdaşlığın uğurlu nəticəsidir. Neft-qaz sahəsində Azərbaycan ilə Türkiyə, Azərbaycan ilə Türkmənistan, Azərbaycan ilə Qazaxıstan çox səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın praktiki nəticələri vardır. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünyaAvropa bazarlarına çıxarılması üçün əməli işlər görülmüşdür, böyük investisiyalar qoyulmuşdur, neft kəmərləri inşa edilmişdirbu proses davam edir. Xəzər dənizində əməkdaşlığın  davam etdiyini, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının uğurla getdiyini diqqətə çatdıran Prezident İlham Əliyevin sözlərinə görə, bu dəmir yolu çəkiləndən sonra Avropa ilə Asiya arasında çox əhəmiyyətli və yeni yol açılacaqdır: “Biz yeni İpək Yolunun bərpasını təşkil edirik. Əlbəttə ki, bunlar böyük yatırımlar, investisiyalareyni zamanda, böyük siyasi iradə tələb edən layihələrdir. Bizim həm investisiya imkanlarımız, həm də siyasi iradəmiz vardır. Bir sözlə, bu konkret layihələr bizi daha da birləşdirəcək, ölkələrimizə əlavə maliyyə resursları gətirəcək və beləliklə bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün də gözəl imkanlar yaradacaqdır. Biz bunu istəyirik, buna çalışırıq”.

TDƏŞ -in Qəbələ sammitində də Prezident İlham Əliyev təşkilatın önəmi barədə danışmış və tükdilli xalqlar arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini açıqlamışdı: “Ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan şəhərində - Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır”.

Naxçıvanda keçirilən sammitdə türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradıldığını vurğulayan dövlət başçısı əlavə etmişdi ki, bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir. Türkdilli xalqları ortaq tarixin, mədəniyyətin, müştərək dəyərlərin birləşdirdiyini önə çıxaran Prezident İlham Əliyev bildirmişdi ki, TDƏŞ-in başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir. Dünyanın müxtəlif yerlərində, o cümlədən, İslam dünyasında proseslərin müxtəlif istiqamətdə getdiyini, qarşıdurmaların, vətəndaş müharibələrinin, digər xoşagəlməz halların baş verdiyini vurğulayan dövlət başçısı  türk diyarında sabitliyin, inkişafın hökm sürməsini  böyük nailiyyət, böyük sərvət kimi qiymətləndirmişdi. Əldə olunmuş siyasi-iqtisadi nailiyyətlərin qorunmasının vacibliyini önə çıxaran Prezident İlham Əliyev xüsusilə bildirmişdir ki, XXI əsr türk dünyasının əsri olmalıdır:Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meyilləri gücləndirməliyik”. Dövlət baçısı çıxışında ümid etdiyini açıqlamışdı ki, Qəbələ Zirvə görüşü belə yüksək amallara xidmət edir, görüşün çox gözəl nəticələri olacaq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən IV Sammitində də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentləri səmərəli müzakirələr aparmışdılar. Ən əsası, nüfuzu artmaqda olan təşkilatın hər hansı bir üçüncü tərəfə qarşı yönəlmədiyi açıqlanmışdı. Ötən ilin iyun ayında baş tutmuş həmin görüşdəTürkiyə Prezidenti Abdullah Gül türk dövlətlərinin əməkdaşlığının heç bir təşkilata qarşı yönəlmədiyini vurğulamışdı. Sammitdə ümumi fikir belə olmuşdu ki, müasir tarixi mərhələdə sürətlə gedən qloballaşma prosesində, təməlində ortaq köklər, ortaq mədəniyyət və tarix dayanan xalqların əlaqələrini gücləndirmək istəyi tamamilə təbiidir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə dediyi sözlər maraq doğurur: “...İqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir... Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır... Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin təməlində, əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq”.

TDƏŞ-in Astanada keçirilən V Sammitində də iştirak edən Prezident İlham Əliyev türkdilli xalqlar arasında münasibətlərin inkişafının zəruriliyinə toxunmuş və əlaqələrin bundan sonra inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilmişdir: “Əminəm ki, gələcəkdə şuranın fəaliyyəti daha da uğurlu olacaq”.

Humanitar sahədə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirən dövlət başçısı TÜRKSOY-un fəaliyyətini bu prizmadan yüksək qiymətləndirdiyini açıqlamışdır: “TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik”.

Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacağına əmin olduğunu açıqlayan Prezident İlham Əliyev əlavə etmişdir ki, əldə olunmuş nailiyyətlər türkdilli xalqlar, eyni zamanda, dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır: “Əminəm ki, ortaq televiziya kanalı qısa müddət ərzində beynəlxalq auditoriyaya çıxacaq və böyük maraq doğuran, bizim siyasətimizi əks etdirən kanala çevriləcəkdir. Çünki bu gün dünyada informasiya təhlükəsizliyi xüsusi yer tutur və hər bir ölkə buna hazır olmalıdır. Biz öz informasiya təhlükəsizliyimizi təmin etməliyik, eyni zamanda, ölkələrimiz haqqında həqiqətləri dünyaya olduğu kimi çatdırmalıyıq”.

Ölkə başçısı sammit çərçivəsindəki çıxışında Dağlıq Qarabağ probleminə də diqqət ayırmışdır. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, bu torpaqlarda əsrlər boyu Azərbaycan xalqının yaşadığını və yaratdığını önə çıxaran Prezident İlham Əliyev nəinki Dağlıq Qarabağın, eyni zamanda, qədim türk torpağı olan Zəngəzurun da Azərbaycanın əzəli torpağı olduğunu bildirmişdir: “XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə, əslində, bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq”,- deyən ölkə başçısı əlavə etmişdir ki, Azərbaycan xalqına qarşı ədalətsizliklər olmuşdur və beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır.

Ermənistanın bütün hüquq normalarını kobudcasına pozduğunu deyən Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti aparması nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşdüyünü açıqlamışdır. BMT Təhlükəsizlik Şurasının bu faktla bağlı dörd qətnamə qəbul etdiyini və həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistanın beynəlxalq tələbə məhəl qoymadığını, işğalı davam etdirdiyini, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmadığını bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin və bütün başqa münaqişələrin ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalı olduğunu xüsusi vurğulamışdır.

Türkdilli ölkələr arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və Azərbaycan qarşılıqlı mənfəət doğuran sahələrdə uğurla əməkdaşlıq edir. Prezident İlham Əliyev sammitdəki çıxışında da bu məsələyə toxunmuş və tərəflər arasında iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək potensialın olduğunu bildirmişdir: “Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır”. Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatmasından sonra on milyonlarla ton yeni yükün Azərbaycan ərazisindən keçəcəyini vurğulayan ölkə başçısı demişdir ki, belə nəqliyyat dəhlizinin fəaliyyətə başlaması TDƏŞ ölkələrinin həm iqtisadi, həm də siyasi maraqlarını təmin edəcək.

Bir sözlə, yeni dünya nizamında etnik köklərin, ortaq tarixin, mədəniyyətin birləşdirici amil rolunu oynaması türk dövlətlərinin timsalında səmərəli təşkilatın formalaşmasına və fəaliyyət göstərməsinə əsas yaratmışdır. Böyük əraziyə, insan sayına və zəngin təbii sərvətlərə malik olması da türk dövlətlərini Avrasiya məkanında strateji məsələlərdə vahid cəbhədən çıxış etməyə imkan verir, həyata keçirilən balanslaşdırılmış enerji diplomatiyası da Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqlində mühüm geoiqtisadi vasitə kimi önə çıxır. Bu kontekstdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitinin də təşkilat çərçivəsində qəbul edilmiş qərarların və artıq fəaliyyət göstərən qurumların türkdilli xalqlar arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi şübhə doğurmur.  Ən əsası, TDƏŞ-in inkişaf etdirilməsi təşəbbüslərində Azərbaycanın xüsusi rol oynaması ölkəmizin xarici siyasətdə geniş imkanlara malik olduğunu təsdiqləyir və bu mənada, demək olar ki, Astana Sammiti həm də Azərbaycanın türk dünyasında geosiyasi rolunun əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirdi.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2015.- 15 sentyabr.- S.3.