Azərbaycana təzyiq etməklə hansısa

bir məqsədə nail olmaq mümkün deyil

 

Azərbaycan tarixinin son 20 ildən artıq bir dövründə diqqətçəkən ən mühüm məqam odur ki, ölkəmiz bu müddətdə dünyada, sözün əsl mənasında, tam müstəqil siyasət yürütməsi, öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu ilə tanınmış, milli inkişaf strategiyasını, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyasını, vahid ideologiyasını formalaşdırmışdır.

 

Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin etmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz  çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Bununla yanaşı, möhkəm təməl üzərində yaradılan bugünkü güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyətin həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli hazırda  Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verir. Prezident İlham Əliyevin reallaşdırdığı  xarici siyasət kursunun uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, dünyada ölkəmizin tərəfdaşlarının sayı getdikcə artır. Azərbaycan regionun aparıcı ölkəsi kimi çıxış etməklə yanaşı, dünyada mövqeyi nəzərə alınan söz sahibinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.

Yazının elə bu yerində ölkə Prezidenti  İlham Əliyevin vurğuladığı bir fikri xatırlatmaq yerinə düşər. Möhtərəm  dövlət başçımız demişdir: “Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır”.

Dövlətimizin başçısı daha sonra vurğulamışdır ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz.

İlham Əliyev həmçinin  bildirmişdir ki, ölkəmiz  müstəqildir və müstəqil siyasət aparır. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir.

Bəli, Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında qurulmuşdur. Ölkəmiz demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini artıq sübuta yetirmişdir. Bununla belə rəsmi Bakı  istər ulu öndərin Azərbaycana rəhbərliyi zamanında, istərsə də hazırda  hansısa dövlətin ölkəmizin daxili işlərinə qarışmasına da imkan yaratmamışdır. Lakin çox təəssüf ki, respublikamızın  əldə etdiyi siyasi, sosial-iqtisadi  uğurlar bir sıra beynəlxalq dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan dairələr ölkəmizə qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qərəzli hesabatların yayılması, bəyanatların verilməsi, qətnamələrin qəbul olunması, bir sözlə, respublikamızın  ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsi bunun bariz ifadəsidir.

Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan etmiş və daha açıq olan ölkəyə çevrilmişdir. Bu, ulu öndərimizin uzaqgörənliklə  müəyyənləşdirdiyi demokratik inkişaf yolunun tərkib hissəsidir və respublikamızın sürətli inkişafına öz müsbət təsirini göstərir. Amma buna baxmayaraq, bir çox  hallarda Azərbaycana qarşı ikili standartların, ədalətsiz mövqeyin, münasibətin  şahidi oluruq. Bunun səbəbləri isə, şübhəsiz ki, həm milli etnik məsələlərlə, həm də hazırda  ölkəmizin müstəqil siyasət aparması, sahib olduğu güc-qüdrətə qısqanclıqla yanaşılması ilə bağlıdır. Amma həyata keçirilən, eyni zamanda, gələcəyə hesablanan dəqiq, düzgün  siyasət nəticəsində Azərbaycanı seçdiyi yoldan, öz həqiqətlərindən çəkindirmək mümkün deyil.  Çünki ölkəmiz müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. Bu isə  Azərbaycana imkan verir ki, öz milli maraqlarını daha effektiv müdafiə etsin, müxtəlif xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmaq, öz iradəsini diktə etmək cəhdlərinə tutarlı və layiqli cavab versin.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla və dünya ölkələri ilə münasibətləri qarşılıqlı hörmət, etimad, səmərəli əməkdaşlıq prinsipləri üzərində qurur və xarici siyasətdə bu prinsiplərin yerinə yetirilməsinə mühüm önəm verilir. Bir-birinin daxili işlərinə müdaxilə etməmək ayrı-ayrı ölkələrlə əməkdaşlığımızın başlıca şərtləri sırasına daxildir. Amma buna baxmayaraq, çox təəssüf ki, son vaxtlar Avropa İttifaqının müəyyən dairələrinin, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı yürütdüyü qərəzli, ikili standartlar siyasəti artıq bütün etik çərçivəni aşıb və tərəfdaşlıq münasibətlərinə sığmayan, qarşılıqlı əməkdaşlıq prinsipinin ruhuna zidd, dözülməz hal almışdır. Onlar sanki mikroskop altında Azərbaycanda problemlər axtarır, öz fəaliyyətlərini büsbütün ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil etməyə yönəldirlər. Halbuki həmin dövlətlərin özlərində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, dini və irqi ayrı-seçkilik və digər məsələlərlə bağlı ciddi problemlər, çatışmazlıqlar var.

Yeri gəlmişkən, son illər ərəb Şərqində dəhşətlərin, fəlakətlərin yaşandığından yaxşı xəbərdarıq.  Yüz minlərlə insan həlak olur, yurd-yuvasından qaçqın-köçkün düşür, şəhərlər, qiymətsiz tarixi abidələr dağıdılır, xarabalığa çevrilir, insanlar səfalət, humanitar fəlakət, müharibənin bütün dəhşətləri ilə üzləşirlər. Bu məqamda bir faktı xatırladaq. Bu günlərdə üç yaşlı məsum suriyalı körpənin Aralıq dənizinin sularına qərq olmuş cəsədinin görüntüləri sosial şəbəkələrdə yayılmışdı və bu, bütün bəşəriyyəti dəhşətə gətirdi.  Lakin Avropa Parlamenti bu faciəni soyuqqanlılıqla, biganəliklə izlədi, necə deyərlər, səsini də çıxarmadı. Yaxud, düşmən ölkə Ermənistanda son dövrlər dinc etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması, peşə borcunu yerinə yetirən jurnalistlərin döyülməsi və həbsi kimi halları nədənsə Avropa Parlamenti görmək, qiymətləndirmək istəmir. Məsələ aydındır. Çünki Ermənistan forpost dövlətdir, müstəqil siyasət yürüdə bilmir. Eyni zamanda, erməni lobbisi adı çəkilən parlamentdə müəyyən dairələri ələ alır, onlardan respublikamız üçün təzyiq vasitəsi kimi istifadə edir.

Ksenofobiya, dini və irqi ayrı-seçkilik, islamofobiya bir çox Avropa ölkəsi üçün səciyyəvi hallardır. Avropa Parlamenti bu ölkələrdə sadalanan ciddi problemləri, çatışmazlıqları  görmək istəmir, amma Azərbaycana, necə deyərlər, öyüd-nəsihət verir. Təbii ki, bu da adamda ikrah hissi  doğurur. Bax, bu yerdə məhşur bir atalar məsəlini xatırlamamaq olmur: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır...

Təəccüblüdür ki,  Avropanın özündə həyata keçirilən həbslərə, insan hüquqlarının kütləvi şəkildə pozulması hallarına operativ və sərt reaksiya verməyən Avropa Parlamenti Azərbaycanda  vətəndaş cəmiyyətinin, QHT-lərin, siyasi partiya və mətbuatın azad fəaliyyəti üçün yaradılmış şəraiti görmək istəmir,   qanunvericiliyin tələblərini pozan və həbs edilmiş bir neçə şəxsə görə ölkəmiz barədə  mənfi imic formalaşdırmağa cəhd göstərir.

Avropa Parlamentinin məlum ədalətsiz qətnaməsində Azərbaycanda azad sözün boğulmasının, insan hüquqlarının  pozulmasının qeyd edilməsi  heç bir məntiqə sığmır. Burada əgər söhbət Leyla və Arif Yunusovların, Xədicə İsmayılovanın hüquqlarının pozulmasından gedirsə, onda belə çıxır ki, onların nəzərində insan hüququ insanın cinayət törətmək hüququdur. Leyla və Arif Yunusovlar, Xədicə İsmayılova cinayətkardırlar. Onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunmuşlar.

Avropa Parlamenti daim haqdan, ədalətdən dəm vurur,   amma bütün beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistan Respublikasının bölgədə insan hüquqlarının və azadlıqlarının kütləvi pozuntularına səbəb olması məsələsini  müzakirə etməkdən yayınır, ümumiyyətlə, bu məsələni, necə deyərlər, qulaq ardına vurur. İnsan hüquqlarını ali dəyər kimi elan edən Avropa Parlamenti Dağlıq Qarabağ probleminin insan hüquqları və humanitar məqamlarına nəzər salmağı, diqqət yetirməyi nədənsə lazım bilmir. Digər tərəfdən, adı çəkilən parlament öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarına etinasızlıq göstərir.

Qeyd edilənləri yekunlaşdırıb deyə bilərik ki, Azərbaycan hər hansı bir beynəlxalq qurumun haqlı iradlarını, tənqidi fikirlərini həmişə diqqətdə saxlamış, onların aradan qaldırılması üçün operativ tədbirlər reallaşdırmışdır. Lakin səsləndirilən məsələdə qərəz, böhtan nəzərə çarpanda ölkəmiz haqq səsini qaldırmış, iradların əsassızlığını sübuta yetirmiş, eyni zamanda, təzyiqlə milli maraqlara zərbə vurmağın, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna mənfi təsir göstərməyin nəticəsiz qalacağını bəyan etmişdir.

Bəli, Azərbaycan müstəqil dövlətdir, indiyədək daxili və xarici siyasətini xalqın iradəsinə, istəyinə uyğun şəkildə həyata keçirmiş və bundan sonra da belə davam edəcəkdir. Ona görə də ölkəmizə qarşı  təzyiq göstərməklə, təhdid etməklə  hansısa bir məqsədə nail olmaq qeyri-mümkündür. Bu, birdəfəlik dərk olunmalıdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 18 sentyabr.- S.9.