Zərdabi yurdu gülüstana dönüb

 

Kürün qıvrıla- qıvrıla axdığı tərəkəmə obası Zərdabda dünyaya göz açmış Həsən bəy Zərdabi xalqımızı milli oyanış, yurdumuzu bəşəri tərəqqi yoluna çıxarmaq uğrunda ilk mübarizəsi hakim rus rejiminə və yerli cəhalətə ilişib- qalanda doğulduğu torpağa sığınmış, arzu-istəklərininin mümkün olanını burada gerçəkləşdirməyə cəhd etmişdi. Bu yerlərdə həyatın şah damarı olsa da, hər il kükrəyib məcrasına sığmadığına görə “dəli” adlandırılan Kür ( əslində, qədimdən- qədim  Kür sözünün özü də çayın dəlisovluğunu ifadə edir ) yaz daşqınları zamanı ətrafı bataqlıqlara və qamışlıqlara çevirirdi.

 

İsti aylarda quraqlıqdan, göydən tökülən oddan, bulud kimi başlar üstündə gəzən ağcaqanaddan, qışda zığdan- palçıqdan, qaçaq- quldurun, vəhşi heyvanların basqılarından zara gəlmiş həmyerlilərini bu bəlalı güzərandan qurtarmağın yolunu böyük xalq xadimi Həsən bəy elm-təhsildə, sivil inkişafa qovuşmaqda görmüşdü. Həmyerlilərinin arasında yaşadığı 16 illik bir dövrdə bu tərəqqi aşiqi dünyanın gör- götürü ilə Kür qırağında məskən saldığı kiçik bir ərazini cənnətə döndərmiş, “həyatı dəyişmək iksirinin hikmətini ətrafındakılara da çatdırmışdı.

Yurda dönüşündən əvvəlki illərdə gələcək müstəqil Azərbaycanın paytaxtı kimi gördüyü Bakıda milli teatrın binasını qoymuş, xalqı geniş təhsilə cəlb etmək üçün ilk xeyriyyə cəmiyyətini qurmuş, elm, təhsil və tərəqqi toxumlarını məmləkətdə göyərtmək üçün “Əkinçi” adlı ilk milli qəzeti buraxmış Zərdab yetirməsi Həsən bəy Məlikovun bu misilsiz  fədakarlığının hüdudları (o vaxt Bakıya gəlmiş bir fransız yazarı onun təkbaşına qəzet çıxarmasını əsl qəhrəmanlıq adlandırmışdı ) illər, qərinələr keçdikcə ötən dövrdəki yüksəlişimizin səviyyəsini, qarşıda duran hədəflərimizi bizə daha aydın duydurur, bir az da dərindən anladır.

Təsadüfi deyil ki, bu il milli mətbuatımızın 140 illik yubileyi tədbirləri, böyük amal və əməl adamının tarixi xidmətlərinə ehtiram əlaməti olaraq, Həsən bəy Məlikovu xalqımıza bəxş etmiş Zərdab şəhərində start götürəndə görüş və söhbətlərdə, çıxış və diskussiyalarda ölkə mediasının təmsilçilərinin əsas movzusu milli jurnalistikamızın keçdiyi öyünclü yol olsa da,  Zərdabi yurdunun onun arzu və əməllərinə layiq çağdaş inkişafı, burada son illərdə aparılmış sürətli, geniş və əsaslı quruculuq işləri də diqqətdən kənarda qalmadı,  hamılıqla xatıtlandı, sevinclə vurğulandı. Həmin gün “Kürqırağı bataqlıq və qamışlığın” ötən onilliklərdə başdan- başa gülüstana çevrilməsində, Həsən bəy çağırışlarının zaman- zaman gerçəkləşməsində önəmli rol oynamış amillərin sırasında Zərdabın yurdsevər insanlarının bitib- tükənməyən hünəri, ölkəmizdə hərtərəfli inkişafa geniş miqyas, böyük sürət, milli yön vermiş ümummilli lider Heydər Əliyevin həyata geçirdiyi tarixi işlər, onun layiqli davamçısı İlham Əliyevin gerçəkləşdirdiyi  davamlı dövlət proqramları, çoxsaylı layihələr də qədirbilənliklə qeyd olundu.

Bütün bu deyilənlərin qarşılığında rayonun son illərdəki uğurlarının qazanılmasına rəhbərlik edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev yığcam şəkildə bildirdi: “ Bir zamanlar Həsən bəy xalqımızı dünyada gedən inkişafın önündə görmək istəyirdi və bunun üçün varından- yoxundan çıxırdı, böyük bir inamla  başqalarına müşkül görünənləri də gerçəyə çevirirdi. Azərbaycanı illər keçəndən sonra onun arzuladığı yüksəkliyə qaldıran isə ulu öndər Heydər Əliyev oldu. Buna görə də zərdablılar ümummilli liderin ideya və əməllərini uğurla davam etdirəm Prezident İlham Əliyevə bu ali missiyasını yerinə yetirməkdə hamıdan çox kömək göstərməli, daim öndə getməlidirlər. Həsən bəy Zərdabi vaxtilə əlyetməz- ünçatmaz bir ucqar olmuş bizim bölgəni dünyada tanıdıb, ona əbədi şöhrət gətirib. Böyük soydaşımızın həmyerliləri isə bu şöhrətə öz töhfələrini əlavə etməyi özlərinin şərəf işi bilirlər.”

Yuxarıda dediyimiz kimi, vaxtilə öz arzularının görüntüsü, timsalı kimi Həsən bəyin Kür qırağında cənnət parcasına çevirdiyi ərazi indiinkişaf toxumukimi göyərib, yayılıb, bütün Zərdabı bürüyüb. Xatırlatdığımız yubiley təntənəsi də Zərdab şəhərinin bugünkü hüsnünə xüsusi yaraşıq verən ünvanlardan olan Həsən bəy Zərdabinin Ev Muzeyindən başlandı, əzəmətli Heydər Əliyev Mərkəzində davam etdi, Həsən bəyin mülk yerində ucaldılmış şadlıq sarayında yekunlaşdı. Şənlik iştirakçılarının sərinkeşli otaqlarda böyük tariximizin öyünclü səhifələrini vərəqlədiyi saatlarda isə Zərdab rayonu ilin ən isti günlərindən birini yaşayırdı. Həmin günondan sonrakı həftələrdə də rayonun öz zəhmətinə güvənən, torpağın səxavətindən barlanmağı bacaran xoşniyyətli, dizibərk, biləyi möhkəm övladları gecəli- gündüzlü  çöllərdən çəkilmədilər, ilin ruzisinin keşiyində dayandılar.

Aradan keçən 2 aydan sonra yenidən Zərdabdayıq. Artıq görünməmiş istilər, insanı sınağa çəkən çətinliklər arxada qalıb. Rayon mərkəzinə aparan yollar boyunca uzanan tarlalar, zəmilər bu günlərdə bol məhsulu ilə sahiblərinə sevinc, ötüb- keçənlərə xoş əhval gətirir. Bu günlər uşaqlı- böyüklü hamı məhsul yığımındadır. Rayonun xidmət təşkilatları isə ötən aylarda olduğu kimi, yenə də onların qulluğunda dayanmaqla ümumi uğura öz köməklərini göstərirlər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə yuxarıda bəhs olunan söhbətimizi ümumi inkişafın təmin olunmasında, ən başlıcası isə adamların güzəranının yaxşılaşmasında, zəruri ehtiyaclarının ödənilməsində önəmli rolu olan xidmət şəbəkəsindəki yeniliklərdən danışmaqla davam etdirdik.

Rayon rəhbəri bildirdi ki, əhalinin elektrik enerjisi, qaz, su ilə təchizatı daim diqqət mərkəzindədir. Elektrikqaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində son dövrdə xeyli görülmüşdür. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, rayon ərazisində elektrik təsərrüfatı yenidən qurulur. Zərdab— Əlvənd və Zərdab— Bıçaqçı istiqamətində hava xətlərinin yenidən çəkilməsinə başlanılmış, köhnə transformatorlar yeniləri ilə əvəz edilmişdir. Çallı və Təzəkənd kəndlərində də zədələnmiş transformatorlar təzələnmişdir. Sarıqaya və Siləyli kəndlərində nasos stansiyalara xidmət edən xarab transformatorlar təmir edilmişdir. Şəhər ərazisində 4, Dəli Quşçu, Körpükənd, Çallı kəndininin hər birində 1 transformator yenimüasiri ilə  əvəz olunmuşdur. Hazırda 0,4 kV-luq açıq hava xətlərinin SİP kabel xətləri ilə əvəz olunması işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığına və müvafiq dövlət proqramına uyğun olaraq, rayonun kəndlərində qaz xətti çəkilişi davam etdirilir. Hazırda Qoruqbağı, Sarıqaya, Çallı, Şahhüseynli, Burunlu, Körpükənd, Alıcanlı, Şəftəhal kəndlərinə qaz xəttləri çəkilir. Pərvanlı, Əlibəyli, Allahqulubağı, Gödəkqobu, Məmmədqasımlı kəndlərində isə qaz xətləri istifadəyə verilmişdir. Ümumilikdə, rayonun 19 yaşayış məntəqəsinə təbii qaz verilişi təmin edilmişdir. Məmmədqasımlı kəndində qaz xəttinin açılışı münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak etmişlər.

Qumlu yaşayış massivində, 25-ci məhəllədə, Təzəkənd kəndindəki su xətlərində, Dörd yol ərazindəki magistral su xəttində təmir işləri aparılmışdır. Rayon ərazisində 17 sutəmizləyici qurğu və 194 bulaq əhalinin ekoloji təmiz içməli su ilə təmin olunmasına xidmət edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırda rayonun 4 kəndində, o cümlədən Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli və Çallı kəndlərində yeni modul tipli su təmizləyici qurğuların tikintisində son tamamlama işləri aparılır.

Rabitə və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Telekommunikasiya Qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100,1 faiz əməl edilmişdir. Mərkəzi Elektron Avtomat Telefon Stansiyasında DSLAM avadanlıqlarının montaj tutumu 3293-ə, yüksək sürətli internet xidməti istifadəçilərinin sayı 1778 nəfərə çatdırılmışdır. Zərdab Poçt filialı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 106 faiz əməl edilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin apardığı siyasət Zərdabda da uğurla həyata keçirilir. Bu sahədə mövcudyeni qəbul olunmuş qanunların və normativ-hüquqi sənədlərin tələblərindən irəli gələn vəzifələr vaxtında icra edilir. Ünvanlı dövlət sosial yardımı üçün 334 ailə müraciət etmiş, 326 ailənin 1459 üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur.

Təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin fəaliyyətlərinin gücləndirilməsi üçün lazımi tədbirlər görülür.

Başçı daha sonra dedi ki, respublikamızda gedən dinamik inkişaf prosesi Zərdabda da öz nəticəsini göstərmişdir. 2015-ci ilin birinci yarısında rayon iqtisadiyyatının əsas sahələrində 49 milyon 998 min 800 manatlıq məhsul istehsal edilmişdir. Məhsul və xidmətlərin 34 milyon 668 min manatı kənd təsərrüfatının (69,3 faiz), 10 milyon 633 min manatı ticarət (21,3 faiz), 835 min manatı sənayenin (1,7 faiz), 596 min manatı nəqliyyatın (1,2 faiz), 191 min manatı poçt və rabitə xidmətlərinin (0,4 faiz), 3 milyon 74 min manatı tikintinin (6,1 faiz) payına düşür. Həyata keçirilən tədbirlər nəticəsində 136 daimi olmaqla 254 yeni yeri açılmışdır.

Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında inkişaf davam edir. Prezident İlham Əliyevin 2015-ci ili “kənd təsərrüfatı ilielan etməsi bu istiqamətdə aparılan işlərə güclü təkan vermiş, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində uğurlu nəticələr əldə edilmişdir. Bu ilin məhsulu üçün 16730 hektar sahədə payızlıq taxıl əkilmişdi. Lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində bol taxıl hasilə gətirilmişdir. Ümumilikdə, rayon üzrə 16730 hektar sahədən 49850 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 29,8 sentner təşkil etmişdir. Ötən ilə nisbətən taxıl istehsalı 118 ton, məhsuldarlıq isə 2,2 sentner artmışdır.

116 hektar sahədən 2098 ton kartof, 152 hektar sahədən 1521 ton tərəvəz məhsulu tədarük olunmuşdur. Mövsüm ərzində 229 hektarda bostan, 130 hektarda qarğıdalı, 24 hektarda çəltik səpini aparılmışdır. Hazırda tarlalarda məhsul toplanışı mütəşəkkil davam edir. Fermerlərə hər sahədə zəruri kömək göstərilir.

İndi rayonda iri malın sayı 54284, qoyun-keçilərin sayı 112791 başa çatmışdır. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 160 və 500 baş çoxdur. Birinci yarımildə 20578 sentner ət, 117298 sentner süd, 4 milyon 291 min ədəd yumurta,1606 sentner yun istehsal olunmuşdur. Ətlik və südlük istiqamətində maldarlığın inkişaf etdirilməsi məqsədi ilə 506 baş ana malda və düyələrdə süni mayalanma aparılmış, bundan əvvəl mayalanmış heyvanlardan 388 baş sağlam bala alınmışdır. Mal-qaranın yemə olan tələbatını ödəmək məqsədilə 2400 hektar sahədə təzə yonca əkilmişdir. 18570 hektar yonca sahəsindən 73955 ton ot istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7005 ton çoxdur.

Bu mövsümdə rayonda suvarma işini daha da yaxşılaşdırmaq istiqamətində xeyli görülmüşdür. 12  nasos, 5  elektrik mühərriki əsaslı təmir olunmuşdur. Suvarma kanallarının 156 kilometri lildən təmizlənmişdir. 44 hidrotexniki qurğu, 2 mülkü istehsal binası, 5 hidropost cari təmir olunmuşdur. Bütün əkinlər bir neçə dəfə suvarılmışdır. 

Bu il rayon ərazisində tikinti-quruculuq və abadlıq işləri də artan sürətlə davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon Şöbəsinin və Vergilər Nazirliyinin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binaları istifadəyə verilmişdir. Şahhüseynli kəndində yeni həkim məntəqəsi açılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisibaşa çatmışdır. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün yeni bina tikintisinə başlanılmışdır.

İlin əvvəlindən Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi ortacari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 579,6 min manatlıq görmüşdür. Bələdiyyələrin daxili imkanları hesabına rayonun kəndlərinin ərazisində 45,9 km məsafədə yollara qreyder çəkilmiş, kəndarası yollara 1630 tondan çox çınqıl döşənmişdir.

Sahibkarlığın inkişaf etdirilməsi tədbirləri də davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 7 hüquqi və 98 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda 14 sahibkara 172 min 700 manat kredit verilmişdir.

Lütvəli Babayev söhbətin sonunda bildirdi ki, görülmüş işlərlə yanaşı, qarşımızda çox böyük vəzifələr də durur. 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması bu məsuliyyəti daha da artırmışdır.Tədbirlər planında nəzərdə tutulan bütün məsələlər öz müsbət həllini tapacaqdır. Torpaqların elektron uçotu və qeydiyyatına xüsusi diqqət yetiriləcək. Torpaqların zəbt olunmasına, qeyri-qanuni tikililərə qarşı ciddi tədbirlər də davam etdiriləcək. Həlli vacib məsələrlə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırılır, yarımçıq işlər sürətləndirilir.

Tikinti işlərinin 3 il əvvəl başa çatdırılmasına baxmayaraq “32 hektaradlanan ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş məktəb binası büdcə vəsaiti ayrılmadığından istifadəyə verilməmişdir. 2012-ci ildə tikilmiş Gənclər Mərkəzinə büdcə vəsaiti hesabına ştat vahidləri ayrılmadığından mərkəz normal fəaliyyət göstərə bilmir.

Tarix-Diyarşünaslıq Muzeyinin, Dəli Quşçu, Əlibəyli, Sarıqaya kənd tam orta məktəblərinin, Məlikli, Bıçaqçı, Əlvənd kənd uşaq bağçalarının, Körpükənd, Məlikli kənd sahə xəstəxanalarının yerləşdiyi binalar, Dəli Quşçu, Qoşaoba kənd mədəniyyət evləri  qəzalı vəziyyətdədirlər.  Uşaq bağçalarının əksəriyyətinin əsaslı təmirə ehtiyacı var. Şəhər 1 saylı məktəb-liseyin əsaslı təmiri, şəhər ümumi orta məktəbinin tikintisi regionların sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulsa da dövlət vəsaiti ayrılmadığından hələlik bu işlərə başlanılmamışdır.

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Rayonun 5 kəndini və 4741 nəfər əhalisini əhatə edən 11,4 km uzunluğunda Zərdab-Qarəvəlli avtomobil yolunun yenidən qurulması üçün ilkin smeta-layihə sənədləri hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. Lakin dövlət vəsaiti ayrılmadığından bu işlərə də başlanılmamışdır.

2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin Zərdab Rayon İcra Hakimiyyətinə müraciətinə əsasən idman kompleksinin tikintisi üçün də müəyyən ərazi ayrılmasına baxmayaraq, maliyyə vəsaiti ayrılmadığı üçün hələlik bu məsələ öz müsbət həllini tapmamışdır.

İndiyədək keçirilən bütün seçkilərdə Zərdab rayonunun sakinləri fəallıqları ilə fərqləniblər. Ümumxalq əhəmiyyətli siyasi kampaniyalar yüksək mütəşəkkilliklə keçib. Rayonda olarkən ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə hazırlığın vəziyyəti ilə də maraqlandıq. Seçkilərin yüksək səviyyədə baş tutması üçün nəzərdə tutulan hazırlıq işləri demək olar ki, başa çatdırılıb. Zərdabda Milli Məclisə növbəti seçkilərlə bağlı yüksək əhval-ruhiyyə və canlanma var.

92 saylı Zərdab-Ucar Seçki Dairəsinin əhatə etdiyi 48 seçki məntəqəsindən 42-si Zərdabda, 6-sı Ucar rayonunun Xələc, Lək və Bərgüşad kəndlərində yerləşir. Bütün seçki məntəqələri fasiləsiz elektrik enerjisi, zəruri mebel və avadanlıqla təmin olunub. Dairə və məntəqə seçki komissiyaları üçün normal şəraiti yaradılıb, məntəqələrdə təmir işləri aparılıb. Seçki günü 8 məntəqədə “Veb kameralar” quraşdırılacaq.

1, 2, 3, 4 saylı şəhər, 5 saylı Qoşaoba, 17 saylı Məmmədqasımlı, 23 saylı Gəlmə və 29 saylı Çallı seçki məntəqələrində işlərin təşkilinə, texniki-təminat məsələlərinin həllinə xüsusi fikir verilib. Bütün məntəqələrdə təbliğat lövhələri müvafiq yerlərdə quraşdırılıb. Namizədlərin seçicilərlə açıq və qapalı şəraitdə görüşləri və təşviqat materialları üçün yerlər müəyyənləşdirilib. Dairə üzrə 40496 nəfər seçici qeydə alınıb ki, onlardan 34308 nəfəri Zərdabda, 6188 nəfəri isə Ucar rayonu ərazisindədir.

Qeyd edək ki, seçicilərin 437 nəfəri ilk dəfə səsvermədə iştirak edəcəkdir. Seçki hüquqlu vətəndaşların 368 nəfəri əyani təhsil alanlardır. İlin əvvəlindən 179 nəfər həqiqi hərbi xidmətə çağırılmış, 190 nəfər ordu sıralarından tərxis olunmuşdur. Seçici siyahıları ilə davam etdirilir, dəqiqləşmə işləri aparılır.

Seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması da diqqət mərkəzindədir. Bu məqsədlə Rayon Polis Şöbəsi nəzdində Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun rəhbərliyi ilə səyyar briqada yaradılıb. Yaşayış məntəqələrində əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunmaları təşkil edilib. Hazırda yaş həddinə görə səsvermə vaxtı çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi istiqamətində işlər davam etdirilir. Xüsusi qrupdan olan 957 nəfər seçici 80-100 yaşlıdır. 14 nəfər seçicinin yaşı isə 100-dən yuxarıdır.

Zərdabi yurdundan xoş əhvalla, onların kənd təsərrüfatı ilində daha böyük nailiyyətlər qazanacağına inam hissi ilə  ayrıldıq. Zərdablılar isə bütün sahələrdə uğurlar estafetini davam etdirərək, ucsuz- bucaqsız çöllərdə yetişdirdikləri il ruzisini itkisiz toplamağa, vacib tikintiləri havalar soyumamış tamamlamağa səfərbər olunmuşlar.

 

Tahir AYDINOĞLU,

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 20 sentyabr.- S.6.