Qürur mənbəyimiz – Azərbaycan

 

Hazırda dünya ictimaiyyətinin, bəşəriyyətin böyük bir hissəsinin nəzəri Azərbaycana dikilib. Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işlərinin gedişi dünyanın hər yerində izlənilir, əldə edilən heyrətamiz nailiyyətlər diqqəti cəlb edir. Hamı Azərbaycanda gedən bu ürəkaçan yüksəlişin sirlərini öyrənməyə çalışır. Azərbaycanın beynəlxalq əlaqələri durmadan genişlənir və möhkəmlənir.

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin “Güclü, qüdrətli Azərbaycan bizim hər birimizin qürur mənbəyidir!” — deməsi xalqımızın  ürəyindən xəbər verir. Səmimiyyətlə söylənmiş dərin mənalı bu ifadəni rəhbər tutaraq inamla və fəxrlə deyə bilərik ki, bu qürur mənbəyini hər bir azərbaycanlıya bəxş edənlər ulu öndər Heydər Əliyev və onun sədaqətli davamçısı çox hörmətli Prezidentimiz İlham Əliyevin özü olub.

Heç kimdən gizli deyil ki, yola saldığımız 2014-cü il müstəqil Azərbaycan Respublikasının tarixində ən uğurlu illərdən biri kimi yaddaşlarda əbədi qalacaq. Belə ki, ölkəmizin beynəlxalq əlaqələri elə bir həddə çatıb ki, buna hamı qibtə edə bilər. Belə bir uzaqgörənliklə qurulandinamik inkişafda olan Azərbaycanın dünya birliyindəki dostları və tərəfdaşları daim artmaqda davam edir. Bütün bunlar ölkə Prezidentinin dövlətçiliyin inkişaf etdirilməsi yolunda nümayiş etdirdiyi uzaqgörən siyasət, möhkəm iradə sayəsində mümkün olmuşdur. Ölkəmizdə son illərdə kompleks islahatlar həyata keçirilib, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilib. Bu, hər sahədə olduğu kimi, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman sahələrinin də inkişafında mühüm rol oynayıb.

Bu kontekstdən yanaşdıqda  ölkə Prezidentinin diqqət və qayğısından layiqincə bəhrələnən Azərbaycan Tibb Universiteti son illərdə  böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin Tibb Universitetinə bəxş etdiyi möhtəşəm klinikaların fəaliyyətə başlaması  nəticəsində universitetimizlə xarici ölkələrin qabaqcıl universitetləri arasında yaranan beynəlxalq əlaqələr yüksək səviyyəyə çatdırılmışdır. Əvvəllər  əməkdaşlarımız  müxtəlif ixtisaslar üzrə  təkmilləşmə,  ixtisasartırma məqsədilə birmənalı və mütləq şəkildə  xarici ölkələrə getməli olurdular. Lakin hazırda, xüsusilə  yola saldığımız  2014-cü ildə xarici ölkələrdə çalışan görkəmli tibb mütəxəssisləri ilə  bağladığımız müqavilələrə əsasən, onlar rotasiya üsulu ilə ilboyu müəyyən müddətə ölkəmizə dəvət olunurlar, hər biri müxtəlif ixtisaslar üzrə mütəxəssislər qrupu qarşısında  əyani vəsaitlərdən istifadə etməklə maraqlı və məzmunlu mühazirələr oxuyur, praktik vərdişlərə yiyələnmənin istiqamətlərini göstərirlər. Belə kütləvi hazırlıq əməkdaşlar tərəfindən də razılıqla qarşılanır.

Bu növ təkmilləşmələrin təşkilində, tibb təhsili, tibb elmi sahələrində yüksək nəticələrin əldə edilməsində universitetimizdə iki il bundan əvvəl yaradılmış “Tədris-metodik və innovasiya şöbəsi” mühüm rol oynadı. İnnovasiya şöbəsi ATU-nun beynəlxalq  əlaqələr şöbəsi ilə birgə fəaliyyət göstərməklə, kredit təhsil sisteminin və sırf tibb təhsilinin tədrisinə aid olan modul sisteminin tətbiqində mühüm rol oynayıblar. Bu illərdə həm də “Klinikaya giriş” adlı yeni fənn tədris edilib. Bütün bunlar Tibb Universitetinə göstərilən dövlət qayğısı sayəsində mümkün olub.

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxilixarici siyasət nəticəsində 2014-cü ildə də beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuz dairəsi hüdudlarını daha da genişləndirib, ölkəmizin maraqlarını təmin edən bir sıra  sənədlər qəbul edilib. Ölkə Prezidenti hər addımını xalq üçün Vətənin rifahı naminə atır və bu yolda cahanşümul uğurlar qazanır.

Yola saldığımız 2014-cü ilin ən təntənəli akkordlarından birinin bu ilin dekabr ayının sonlarında Bakıda Heydər məscidinin açılışı tədbirinin olması da Prezidentimizin mənsub olduğu xalqın dini inanclarına, milli-mənəvi dəyərlərinə göstərdiyi hörmət və izzətin bariz nümunələrindəndir.

Azərbaycan xalqı  qarşılamağa hazırlaşdığı 2015-ci ili böyük ümidlər ili adlandırır. Bu da təsadüfi deyildir. Üzümüzə gələn ildə birinci Avropa Oyunlarına Vətənimizin  paytaxtı Bakı şəhəri ev sahibliyi edəcək. Bu əlamədar tarixi hadisə hər bir azərbaycanlı tərəfindən  qürur dolu hisslərlə, səbirsizliklə gözlənilir. Əminik ki, paytaxtımız bu möhtəşəm sınağın da  öhdəsindən  cəsarətlə gələcək. Dünyaya bir daha sübut edəcək ki, Azərbaycan Ermənistan kimi dövlətlərdən fərqli olaraq sülhsevər, insanpərvər, demokratik, sivil  və bəşəri bir  dövlətdir. Bunu artıq dünya xalqları çoxdan dərk edibindi kimin kim olduğunu aydın görür, hər şeyi düzgün dəyərləndirir.

Ümummilli liderimiz Heydər Əliyev dühasının məhsulu olan 31 DekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif guşələrində yaşayıb fəaliyyət göstərən hər bir azərbaycanlı ailəsi tərəfindən milli bayram kimi geniş qeyd edilməsi xalqımızın həmrəyliyinin təcəssüm aynasını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın nüfuzunun beynəlxalq miqyasda daha da güclənməsinə xidmət edir.

Mən bugünkü imkandan yararlanaraq, möhtərəm Prezidentimiz başda olmaqla, müxtəlif səbəblərdən dünyanın hər yerinə səpələnmiş bütün azərbaycanlıları, zəhmətkeş, əməksevər xalqımızı, mehriban, qonaqpərvər, vətənpərvər  millətimizi  Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni ilin gəlişi münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbə-gəncləri adından, eləcə də öz adımdan səmimi qəlbdən təbrik edir, hamıya uzun ömür, cansağlığı, xoşbəxtlik, səadət diləyir, başlarının üstündə daim təmiz səma, əmin-amanlıq olmasını arzulayıram.

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.2.