Niderlandda Xocalı fotosərgisi

 

Xocalı soyqırımının dəhşətlərinə həsr olunmuş və Avropada ilk olaraq Brüsseldə nümayiş etdirilən УÜç nəsil, bir soyqırımıФ adlı sərgi növbəti dəfə Niderland Krallığının Aalten şəhərində təşkil olunmuşdur. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, fotosərgidə 1992-ci ildə Xocalıda, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərində çəkilmiş və ermənilərin törətdikləri soyqırımlarını, vəhşilikləri, işgəncələri əks etdirən 125 foto nümayiş etdirilmişdir.

 

Sərginin təşkilatçısı Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın Aalten şəhərinin təsadüfi seçilmədiyini qeyd etmişdir. Belə ki, Aalten İkinci dünya müharibəsi zamanı alman faşistlərinin təcavüzünə daha cox məruz qalan şəhərlərdəndir. Əhalisinin bir hissəsi faşistlər tərəfindən vəhşicəsinə qətlə yetirilən Aaltenin sakinləri müharibənin ağrısını hələ də ürəklərində daşıyırlar. Məhz bu səbəbdən aaltenlilərin Xocalı faciəsini daha dərindən anlayacağını düşünərək fotosərgi üçün bu şəhər seçilmişdir.

Sərginin açılışında çıxış edənlər 23 il əvvəl bir gecədə Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması barədə məlumat vermişlər.

Sərgidə həmçinin 1905, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar, hələ çar Rusiyası zamanında rusların dəstəyi ilə qədim İrəvan xanlığının erməniləşdirilməsi barədə açıqlamalar verilmiş, faktlar diqqətə çatdırılmış, videokadrlar nümayiş etdirilmişdir. Sərgiyə çoxlu sayda tamaşaçı baxmış və nümayiş olunan fotolar ziyarətçilərdə dərin təəssürat oyatmışdır.

Qeyd edək ki, УÜç nəsil, bir soyqırımıФ sərgisi daha əvvəl Brüssel və Haaqada nümayiş etdirilmişdir. Aaltendən sonra Hollandiyanın digər şəhərlərində də sərginin təşkili planlaşdırılmışdır.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.6.