Ömür vəfa etmədi

 

Səməndər Rzayev – 70

 

Hər dəfə onun haqqında düşünəndə istər-istəməz  “Bəyin oğurlanması” filmindəki  sovxoz direktoru Hidayət müəllimin obrazını  xatırlayıram. Necə də möhtəşəm  bir  sənət nümunəsidir. İndi dillərdə əzbər olmuş “Mənəm ey, Hidayət müəllim” ifadəsi  bu qəhrəmanın  xarakterini çox aydın ifadə edir. Nə qədər  sadə, səmimi insandır Hidayət müəllim. Əslində, onun  bütün rolları  belə  gözəl və yaddaqalandır.  Yarımçıq qalmış ömür yolunda  çox rollara həyat  vermək arzusunda idi. Söhbət  böyük sənətkar Səməndər Rzayevdən  gedir.

 

Ölümündən 30 ilə yaxın bir  dövr keçməsinə baxmayaraq, onun şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub.

Səməndər Məsim oğlu Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. Aktyorluqla rayondakı dram dərnəyində məşğul olmağa başlayıb. Sonra Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakultəsində təhsil alıb (1964-1968). Sənət müəllimi Rza Təhmasib olub.  Hələ tələbəliyin ilk illərindən televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilib. Klassik Azərbaycan şairlərinin, demək olar ki, hamısının şeirlərindən nümunələr söyləyib. Onun istedadı Milli Dram Teatrında Şekspirin “Hamlet” faciəsini tamaşaya qoymağa hazırlaşan baş rejissor Tofiq Kazımovun diqqətindən yayınmayıb. Rejissor onu Horatsio roluna dəvət edib. Son kurs tələbəsi Səməndər elə ilk rolundan kollektivin, teatr ictimaiyyətinin və tənqidin nəzərini cəlb edib. O, institutu bitirməmiş teatrın yaradıcı heyətinin üzvü olub.  Millidünya klassiklərindən Hüseyn Cavidin “Xəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” (Hatəmxan ağa), Səməd Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni), Cəfər Cabbarlının “Aydın” (Balaxan) pyeslərinin tamaşalarında müxtəlif xarakterli rollarda çıxış edib.  Aktyor “Uşaqlığın son gecəsi”, “Babamızın babasının babası”, “Od içində”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” , “Evlənmək istəyirəm” və digər bədii filmlərdə epizodik və aparıcı obrazlara çəkilib. O, özü ilə ekrana qeyri-adi bir ab-hava gətirərdi. Filmlərdəki qəhrəmanları  elə bil onun  boyuna biçilmişdi. Hələ dublyajda səsləndirdiyi  nə qədər  film qəhrəmanları var. Deyirlər ki, “Kral Lir” filminin rejissoru Səməndərin  filmin dublyajında səsləndirdiyi Kral rolunu orijinaldan daha üstün hesab edirmiş.   Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç (“Evləri köndələn yar”) hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Səməndər Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər görmək möcüzədir.

Dövrün teatrşünasları mətbuat səhifələrində onun ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən bəhs edərdilər. Onlardan birinin - böyük pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun qeydlərini xatırlayaq: “Səməndər Rzayev obrazlarla sanki dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm”. Doğrudan da, zər qədrini zərgər bilərmiş. Hər ikisinin ruhu şad olsun!

Aktyorlar arasında mərhum Lütfəli Abdullayevdən sonra ən mərhəmətli, xeyirxah, özgəsinin kədərini ürəyində hiss edən, hətta yadların belə qayğılarına şərik çıxan Səməndər Rzayev olub.

Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları vaxtsa, hardasa görmüsən.

Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Ən kiçik rollarda belə o, azərbaycanlı idi, özü əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. qədər ahəngli, qədər ürəyəyatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, “kiçik açarla da böyük qapılar açmaq olur”. Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü klassik sənətkara çevrildi.

“Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı...” Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. Özü obraz üçün ştrixlər axtarardı. Rejissorları da bu “ixtiralar”ın sərfəli olduğuna inandıra bilirdi.

Kinoya gəlişindən bir qədər ətraflı danışmaq istərdik. Səməndərin kinoya hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, Xalq artisti Yaşar Nuri deyirdi ki, ilk filmi haqqında bir özü bilirdi bir mən... “Uşaqlığın son gecəsi”: Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. “Çarvadarların izi ilə” filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin “Körpüsalanlar” əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yaddaqalan obrazdır.

“Nəsimi”də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırdın.

Səməndər Rzayevin qəhrəmanları, həqiqətən səmimi, qayğıkeş insanlardır. Bəlkə bu, onun öz xarakterindən doğan cəhət idi. Axı aktyorun öz daxili “mən”ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu.

“Evlənmək istəyirəm” filmində aktyorun yaratdığı Həsən ağa obrazının timsalında insanların haqqını tapdalamaqla narazılığa səbəb olan bir zalımın daxili aləmi pafoslu ifa ilə yox, sərbəst dialoqlarla açıqlanır. Ümumiyyətlə, Səməndər Rzayevin yaradıcılığını əks etdirən personajların hər biri düşündürücü detallarla hafizələrə hopur. Epizodik rollara çəkilmək təkliflərini həvəslə qəbul edən aktyor kinematoqrafik görünüşü, zəhmli siması daxilində milli xarakterlər ustası idi. O, ekranda yaratdığı mənfi obrazları da şəxsiyyət kimi təqdim edirdi.

Bu yazını professor İlham Rəhimlinin Səməndər Rzayev haqqındakı bu sözlərilə bitirmək istərdik: “...Günlərin birində “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır ən çətin gününü yaşayırdı. Bu, soyuq səhnədə xəstə aktyorun son oyunu idi”. Bu  böyük sənətkar 27 mart 1986-cı ildə  41 yaşında  haqq  dünyasına  qovuşdu. Bizə yadigar isə onun Azərbaycanın milli-mənəvi sərvəti kimi əbədiyaşarlıq qazanan dəyərli rolları qaldı.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.6.