Azərbaycan diasporu milli mədəniyyətimizin

dünyada təbliğində mühüm rol oynayır

 

Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Son illər dünya ölkələri ilə mədəni əlaqələrin genişlənməsi, müxtəlif ölkələrdə davamlı olaraq keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgiləri, musiqi xadimlərimizin vaxtaşırı keçirilən konsertləri bunu deməyə əsas verir. Azərbaycan mədəniyyətinin dünyada belə geniş nüfuz qazanmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Heydər Əliyev Fondunun apardığı çoxşaxəli fəaliyyət mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Onun fəaliyyəti xoşməramlı səfiri olduğu nüfuzlu beynəlxalq təşkilat — UNESCO tərəfindən xüsusilə yüksək qiymətləndirilmişdir. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir. Eyni zamanda, bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Dünyanın ən nüfuzlu mədəniyyət qurumu tərəfindən Heydər Əliyev Fondunun dünya mədəniyyətinə inteqrasiya fəaliyyətinin düzgün elmi əsaslar və siyasət üzərində qurulduğu xüsusi vurğulanır.

Eyni zamanda, Azərbaycanın diaspor təşkilatları və xarici ölkələrdəki səfirliklərimiz dünya ölkələri ilə mədəni əlaqələrimizin inkişafına mühüm töhfələr verirlər.

Bu gün dünyada Azərbaycanı təkcə iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkə kimi deyil, həm də yüksək milli -mənəvi dəyərlərə malik xalq kimi tanıyırlar. Azərbaycanda mütamadi olaraq keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Milli mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində son illər Azərbaycan diasporunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərin nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz, barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib.

Bu cəhətdən Fransa ilə əlaqələrin inkişafı daha təqdirəlayiqdir. Strasburqdakı “Azərbaycan evi” cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurub. “Nizami Gəncəvi və Dünya mədəniyyəti” mövzusunda keçirilən konfrans əlaqələrin inkişafı baxımından əhəmiyyətli idi. Tədbirin təşkilatçıları Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi” və Strasburq Türkologiya Departamenti olub.

Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə gənclər proqramı həyata keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub.

Novruz bayramı ərəfəsində diaspor təşkilatları mühüm tədbirlər keçirirlər. Ümumiyyətlə, Azərbaycanın milli bayramları dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur. Berlindəki “Azərbaycan evi” Cəmiyyətinin keçirdiyiNovruzunuz mübarək!” bayram şənliyində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Almaniyanın paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, Türkiyə diasporunun təmsilçiləri və Berlin ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Almaniyanın Oldenburq şəhərində, Hamburqdakı Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, Köln Azərbaycan-Türk Dayanışma Dərnəyində, Mannhaym şəhərində hər il Azərbaycan və türk icmalarının nümayəndələri tərəfindən Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil olunur. Ukrayna Azərbaycanlıları Konqresi isə hər il Novruz bayramı münasibətilə konsert təşkil edir. “Beynəlxalq Ana dili Günü” çərçivəsində Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Mədəniyyət evində “Dil palitrası” mədəni-yaradıcılıq aksiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirdə Azərbaycan, Belarus, gürcü, macar, yəhudi, moldovan, alman, rus və digər diasporların nümayəndələri iştirak ediblər. Ölkəmizi konsertdə Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” kvarteti uğurla təmsil edib.

 Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı ilə əlaqədar Xayfa şəhərində Azərbaycan incəsənət ustalarının böyük konsert proqramı təşkil olunub. Azərbaycandan köçmüş 800 nəfərdən çox yəhudinin iştirak etdiyi konsertdə Xayfa şəhərinin meri cənab Yona Lav da iştirak edib. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı çərçivəsində qurultayın keçirildiyi salonda xalqımızın zəngin mədəni irsini əks etdirən rəsm sərgisi də təşkil olunub

 Kanadanın Toronto şəhərindəki Yapon Mədəniyyət Mərkəzində isə Türk icmaları ilə birgə təşkil olunmuş ənənəvi “Uşaq bayramı”nda Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin nəzdindəki rəqs dərnəyinin və “Həftə sonu” məktəbinin şagirdləri də fəal iştirak ediblər. Bayram tədbirində milli rəqslərimiz, habelə Azərbaycan haqqında videofilm nümayiş etdirilib. Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərindəki Ayn-Şəms Universitetinin dillər fakültəsində keçirilmiş XXVI Xalqlar Günü festivalında azərbaycanlı tələbələrin “Vətən” Cəmiyyəti birinci yeri tutub. Festivalda tələbələrimiz Azərbaycan üçün ayrılmış guşənin girişini Qoşa qala qapısının maketi ilə bəzəmiş, Azərbaycanın tarixinimüasir dövrünü əks etdirən stendlər hazırlamışdılar.

Xarici ölkələrdəki Azərbaycan icmaları müxtəlif ölkələrdə keçirilən beynəlxalq mədəniyyət festivallarında da fəal iştirak edir, xalqımızın zəngin mədəni irsini tanıtmağa çalışırlar. Birləşmiş Ştatların Hyuston şəhərində türk xalqlarının festivalı keçirilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri Azərbaycandan gətirilmiş milli suvenirlər, əl işləri ilə bəzədilmiş guşə yaratmışlar.

 Hollandiyanın Amsterdam şəhərində Azərbaycan dilinin tədris ediləcəyi məktəb açılıb. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmanlarının balaları da ana dilimizi öyrənirlər. Digər 2 saat ərzində isə yaşlılara bu dil tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkman Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib.

Almaniyanın Maynts şəhərində milli azlıqların beynəlxalq festivalı keçirilib. Maynts şəhər bələdiyyəsinin keçirdiyi festivalda Azərbaycanı Maynts-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Tədbirdə ümumilikdə 34 dövlətin tanıtım stendi və 25 ölkənin folklor və rəqs qrupları iştirak edib. Maynts-Azərbaycan Dostluq Cəmiyyətinin rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Birləşmiş Ştatların Kaliforniya ştatının İrvin şəhər rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “İrvine Global Village” festivalında ilk dəfə olaraq soydaşlarımız da iştirak ediblər.

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycanın tarixi şəxsiyyətlərini də unutmur, onların fəaliyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırmağa çalışır, xatirələrini ehtiramla yad edirlər. Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi nümayiş etdirilib. Estoniyadakı Akademik Z.Əliyeva adına Şərq Mədəniyyəti İnstitutu ulu öndərin fəaliyyətinə həsr olunmuş konfrans keçirib. Litva Azərbaycanlıları Cəmiyyətinin və “Günəş” Cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər. Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada “Azəri-Vəhdət” Cəmiyyəti və “Ocaq” Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyatının və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edib.

Əlbəttə, bunlar diaspor təşkilatlarının həyata keçirdikləri tədbirlərin tam siyahısı deyil. Son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşmışdır. Xüsusilə erməni təcavüzkarlarının milli- mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı dioaspor təşkilatları ciddi mübarizə aparırlar.

 Bu gün milli-mənəvi dəyərlərimizin dünya mədəniyyətinə inteqrasiyası yüksələn xətlə inkişaf edir. Artıq bu təşkilatların səyi nəticəsində Azərbaycan mədəniyyəti dünyada yaxşı tanınır və sevilir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.4.