Prezident İlham Əliyev: 2014-cü ildə

Azərbaycanda iqtisadi inkişaf təmin edilib

 

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2014-cü ildə ölkəmizdə iqtisadi inkişafın təmin edildiyini və bunun çox önəmli olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, dünyada hələ də iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlar dayanır.

 

Prezident İlham Əliyev demişdir: “Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir”.

Qeyri-neft sektorunun inkişafının prioritet olaraq qaldığını deyən dövlətimizin başçısı 2014-cü ildə bu sektorun təxminən 7 faiz artdığını, ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulduğunu diqqətə çatdırıb. “İndi dünyada sərmayələrin cəlb edilməsi üçün mübarizə gedir. Azərbaycanda sərmayə qoyuluşu yüksək səviyyədədir. Əminəm ki, gələn il də belə olacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti təbrikində daha sonra deyib: “Yoxsulluğun, işsizliyin səviyyəsi 5 faizdir. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Dövlət xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. Bu da nadir göstəricidir. Makroiqtisadi vəziyyət sabitdir. Valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Manatın məzənnəsi isə sabit olaraq qalır”.

2014-cü ildə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam edib. Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olub, investisiya fəallığı yüksək səviyyədə qalıb.

Azərbaycan bu gün dünya ölkələri arasında makroiqtisadi sabitlik üzrə ilk onluqdakı yerini qoruyub. Respublika Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi artım və şaxələnmə siyasətinə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmış strateji inkişaf prioritetlərinə uyğun olaraq ölkədə inflyasiyanın aşağı təkrəqəmli səviyyədə saxlanılması, manatın məzənnəsinin və bank sektorunda maliyyə sabitliyinin qorunması, bankların iqtisadi inkişafda rolunun artırılması diqqət mərkəzində saxlanılıb. Makroiqtisadi sabitlik qorunub, manat bir daha özünü sabit valyuta kimi təsdiq edib.

Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı cənab İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək bildirib: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.

Dövlət başçısı  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də  2014-cü ildə əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilməsi faktına toxunub. Dövlət başçısı deyib ki, sosial siyasətimiz bütün dövrlərdə bizim üçün əsas vəzifə olub. 2014-cü ildə  Azərbaycanda sosial infrastrukturun yaradılmasına böyük vəsait qoyulub, 60-dan çox tibb ocağı, 50-yə yaxın məktəb, uşaq bağçası tikilib, təmir edilib. Əminəm ki, gələn il də bu müsbət proseslər gedəcək.

Azərbaycanda hazırda  inflyasiya 1,4 faizdir. Əhalinin pul gəlirlərinin artımı isə 5 faizə yaxındır. Maaşların, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması əlbəttə ki, insanların rifah halını yaxşılaşdırır.

Ən ağır vəziyyətdə olan soydaşlarımızın - məcburi köçkünlərin problemləri də uğurla həll edilir. Hər il 20 mindən çox köçkün yeni evlərə köçürülür. 2014-cü ildə  də bu məqsədlər üçün böyük vəsait ayrılıb və biz bu məsələni də tədricən həll edirik...

Son illərin  reallıqları da göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2014-cü ilin 11 ayında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatıb. Gəlirlərin 69,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub. Əhalinin sərəncamında 30,6 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artıb.

Ölkənin sosial-iqtisadi həyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,5 faiz çoxalaraq 441,8 manata çatıb. Sənaye sahələrində çalışanların əmək haqqı 710 manat, tikinti kompleksində 626,1 manat, nəqliyyatda 537,8 manat, informasiya və rabitədə 735,8 manat təşkil edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, dünya əmtəə bazarlarındakı mövcud konyunktura baxmayaraq, 2014-cü ilin ötən 11 ayında xarici ticarət balansının profisiti 2013-cü ilin eyni dövrünə nəzərən 2,7 faiz artıb. İxracın həcmi idxalı 2,6 dəfə üstələyib. İdxalın 18 faiz azalması müşahidə olunub.

Milli iqtisadiyyata xarici investisiyalar 11 ayda 16,5 faiz artaraq 5,6 milyard  ABŞ dolları təşkil edib. Ölkənin yüksək beynəlxalq reytinqi ilk dövlət avrobondlarını dünya bazarlarında əlverişli şərtlərlə yerləşdirməyə imkan verib.

Tədiyə balansının profisiti şəraitində strateji valyuta ehtiyatları il ərzində 3 faiz artıb, ehtiyatların ÜDM-ə nisbətinə görə (təqribən 70 faiz) Azərbaycan dünyada ilk 20-likdəki yerini saxlayıb. Valyuta ehtiyatları ölkənin təxminən 3 illik idxalı həcmindədir və xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənib. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2,7 dəfə üstələyir.

2014-cü ildə iqtisadi artım davam edib və bunun başlıca mənbəyi qeyri-neft sektoru olub. Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupunda mövqeyini möhkəmləndirib. Şaxələnmə prosesləri davam edib, iqtisadi artımın daxili və xarici tələb mənbələri arasında yenidən balanslaşması müşahidə olunub.

Ötən  ilin 11 ayında real ÜDM 2,2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatında 6,5 faiz artıb. ÜDM-in 60 faizi qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sənayesində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 16,8 faiz, informasiya və rabitədə 14,2 faiz, tikintidə 8,6 faiz artım qeydə alınıb. “Sənaye ili” çərçivəsində aparılan məqsədyönlü siyasət emal sənayesində istehsalın artımına müsbət təsir edib.

Qeyri-neft sektorunda yüksək iqtisadi fəallıq şəraitində 2014-cü  ildə ölkədə 100 mindən çox yeni, o cümlədən 82 mindən çox daimi iş yeri açılıb.

2014-cü ildə iqtisadi artımda daxili tələb, o cümlədən investisiyalar və istehlak mühüm rol oynayıb. Hesabat dövrünün 11 ayında ölkə iqtisadiyyatına 14,7 milyard manat məbləğində investisiya qoyulub ki, bunun da 63,1 faizi qeyri-neft sektorunun payına düşür. Dövlət büdcəsinin xərcləri də daxili tələbi dəstəkləyib. Əsas kapitala investisiyaların 38,9 faizini büdcə vəsaitləri təşkil edib.

Ötən ilin 11 ayında əhalinin istehlak xərclərinin artımı 7,5 faiz təşkil edib. İstehlak bazarında satılan əmtəə və xidmətlərin həcmi 9 faiz artıb.

2014-cü ilin 11 ayında orta ilik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 1,5 faiz təşkil edib. Bu, ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan (5,2 faiz) əhəmiyyətli səviyyədə aşağıdır.

Hesabat dövründə əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələmişdir. Nəticədə 11 ayda əhalinin sərəncamında qalan gəlirlər real olaraq 3,6 faiz, real əmək haqqı isə 4 faiz artıb.

Məzənnə siyasəti makroiqtisadi və maliyyə sabitliyi, habelə qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması hədəfləri nəzərə alınmaqla həyata keçirilib.  Bu siyasətin həyata keçirilməsi mexanizmi dəyişməz saxlanılıb, ABŞ dolları/manat ikitərəfli məzənnəsi bu siyasətin əməliyyat hədəfini təşkil edib. Bir sıra xarici ticarət tərəfdaşı ölkələrində milli valyutaların əhəmiyyətli devalvasiyaya uğraması şəraitində 2014-cü ildə manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, dəyişməyib.

Beynəlxalq-maliyyə kredit təşkilatlarının rəyinə görə 2015- ci ildə qlobal iqtisadiyyatın artımı bir qədər sürətləcənək, lakin bu artım regionlar üzrə qeyri-bərabər qalacaqdır. Qlobal əmtəə bazarlarında maliyyə sektorunun fəallığının bərpası səviyyəsi, inkişaf etmiş ölkələrdə pul siyasətlərinin xarakteri qlobal iqtisadi artıma təsir edən əsas amillər olacaqdır.

BVF-nin son proqnozlarına görə 2015-ci ildə qlobal iqtisadi artımın 3,8 faiz olacağı gözlənilir. Eyni zamanda,  bu il qlobal ticarətin 5 faiz artacağı proqnozlaşdırılır.

Bu il Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaqdır. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaqdır.

2015-ci ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaqdır. Ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaqdır. Mövcud makroiqtisadi proqnozlar çərçivəsində tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması da  gözlənilir.

Bu il iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8,2 faiz təşkil edir.

İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaqdır. Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6,1 faiz, əhalinin pul xərcləri isə real olaraq 5,2 faiz artacaqdır.

Son qlobal və daxili iqtisadi meyilləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması gözlənilir. Bu il inflyasiya 2-3 faiz səviyyəsində hədəflənir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.1.