Sabirimmüasirim

 

Elə ilk sətirdəncə XX əsrin 90-cı illərinin qanlı-qadalı günləri gəlir göz önünə. SSRİ-nin süqutunun yaxınlaşması, Azərbaycan xalqının milli azadlıq mübarizəsi, Dağlıq Qarabağda erməni separatçılarının başlatdığı qovğalar, müharibənin od-alovu– bütün bu hadisələrin fonunda bir ziyalının, yazıçının mövqeyi və düşüncələri də maraqlı görünür.

 

Bu baxımdan “Qanun” nəşriyyatında nəşr edilmiş “Sabirim – müasirim” kitabında yer alan Xalq şairi, ictimai xadim, millət vəkili Sabir Rüstəmxanlının müxtəlif vaxtlarda şair-tərcüməçi Akif Əhmədgilə verdiyi müsahibələr, publisistik yazılar oxucunu o düşüncələrlə baş-başa qoyur. Kitabda verilmiş “Meydan...On il əvvəl və sonra”, “ Millət vəkili Sabir Rüstəmxanlı şair Sabir Rüstəmxanlının hüzurunda” adlı müsahibələr təkcə illər öncə dövri mətbuatda dərc edilmiş yazılar deyil, həm də yaxın keçmişimizdə baş vermiş qanlı-qadalı günlərə bir ziyalının, yazıçının münasibəti, şahidliyi və gələcəyə baxışıdır. Müsahibələrində  Sabir Rüstəmxanlı Sovet qoşunlarının törətdiyi 20 Yanvar  hadisələri, Dağlıq Qarabağ probleminin baş qaldırması, müstəqil dövlətimizin gələcəyi ilə bağlı düşüncələrini bölüşməklə yanaşı, ədəbiyyata gəlişi, ilk şeiri və kitabı, eləcə də ədəbi mühitlə bağlı fikirlərini də ifadə edib.

Məlumdur ki, müstəqilliyin ilk illərində ölkəmizdə fəaliyyət göstərən yaradıcılıq təşkilatlarının çətin durumda olması yazıçılarımızdan da yan keçməmişdi.  Ağır vəziyyətdən çıxış yolunun tapılmasında, xalqın inkişafında  ədəbiyyatın, mədəniyyətin rolunu yaxşı bilən ulu öndər Heydər Əliyevin  bu sahəyə qayğı və diqqəti həlledici rol oynadı. Onun Azərbaycan yazıçılarının  qurultayında iştirak etməsi  isə ədəbi mühitə verilən yüksək dəyər idi. Sabir Rüstəmxanlı 1997-ci ildə verdiyi müsahibəsində qeyd edir: “...Heydər Əliyevin Filarmoniyada keçirilmiş həmin qurultaya gəlməsi, həm təbii, həm də təsirli hadisə idi. Həmin dövrdə onun yazıçıları yada salmasını, təkcə vəziyyəti ilə bağlamaq olmaz. Bizdə dövlət başçılarının heç biri ziyalıya, yazıçıya, mədəniyyətə Heydər Əliyev qədər həssaslıqla, qayğı ilə yanaşmayıb”.

Kitabda həmçinin Sabir Rüstəmxanlının bir sıra şeirləri də yer alıb. 1990-cı ildə Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetində dərc olunmuş “Xankəndidə üç saat və yaxud iki od arasında” adlı məqalə də diqqət çəkir. Yazının müəllifi Akif Əhmədgil “Drujba narodov” jurnalının redaksiya heyətinin üzvü Yuri Kaleşşukun Xankəndiyə gedib Qarabağdan reportaj hazırlamaq istəyindən və bu istəyin yarımçıq qalmasından söhbət açır. Əcnəbi yazıçını müşayiət edən yazı müəllifi bölgədəki  ağır vəziyyəti maraqlı bədii dillə təsvir edir.

Kitabın tərtibçisi Tamerlan Əhmədlidir.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2015.- 8 yanvar.- S.7.