Atışma olmadı

 

Ona görə ki, əməliyyat planı peşəkarlıqla hazırlanmışdı

 

...Dalbadal atılan atəş səsləri gecənin sakitliyini pozdu. Əməliyyatçılar bunu gözləmirdilər. Ona görə də bir müddət müşahidə aparmaq və yalnız bundan sonra necə hərəkət etmək barədə fikirləşmək olardı. Cavab atəşi açmaq olmazdı. Bu, qəti tapşırıq idi. Bəs qarşı tərəf atəşi davam etdirsə, onda nə etməli?

Situasiya elə idi ki, şübhəli şəxs izi itirə, gizli yolla aradan çıxa bilərdi. Onun tək olub-olmadığını da dəqiq müəyyən etmək çətin idi. Düzdür, əldə edilmiş əməliyyat məlumatında deyilirdi ki, o, bax burada, köhnə ferma binasında gecələyir. Özü də tək. Ancaq hər an hər şey ola bilərdi.

Gecə keçir, səhərə az qalırdı. Hava işıqlananda burada hər hansı əməliyyat keçirmək çox təhlükəli olardı. Ən azı, ona görə ki, ətraf yaşayış məntəqəsidir, gediş-gəliş çoxdur. Deməli, nəzərdə tutulmuş əməliyyat indi, məhz gecə icra olunmalıydı. Binanı mühasirəyə alan əməliyyatçılar qərara aldılar ki, hücuma bütün istiqamətlərdən, özü də qəfil başlamaq, beləliklə də, hədəfi çaşdırmaq lazımdır. Başqa yol yoxdur.

Belə də etdilər. Binaya polis işçilərinin dördü də – Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Rzayev, cinayət-axtarış bölməsinin rəisi, polkovnik-leytenant Rauf Məmmədov, mayor Vahid Mehdiyev, baş leytenant Taleh Abbasov eyni vaxtda daxil oldular. Ancaq atışma olmadı. Çünki cinayətkara əlini tərpətməyə belə macal vermədilər. Əməliyyatçılar onu binanın küncündə, özünə səngər elədiyi divarın dibində tutdular. Tək idi. Bir göz qırpımında baş verənlər onu təslim olmağı məcbur etdi. Ancaq gözləri qəzəb hissiylə yanırdı. Bu, əldən verdiyi məqama onun acı təəssüf hissi idimi – həyatın ironiyası idimi, demək çətin idi. Hər halda, müqavimət göstərməyin artıq gec olduğunu anlamışdı. Əməliyyatçılar bir anda onu tərk-silah   edib, polis şöbəsinə gətirdilər. Beləliklə, Ağcabədi Rayon Polis Şöbəsini, bütün rayon əhalisini 15 gün ərzində narahat edən, düşündürən, necə deyərlər, ayaq üstə saxlayan hadisəyə son qoyuldu.

Bəs, əslində, nə baş vermişdi? Gecəyarısı, köhnə ferma binasında gizlənərək polis işçilərinə müqavimət göstərən kim idi?

Yəqin ki, diqqətli oxucuların yaddaşında olar. Bir neçə həftə bundan əvvəl respublika mediasında Ağcabədidə baş verən dəhşətli qətl hadisəsi – 83 yaşlı Ənvər Məmmədovun xüsusi amansızlıqla  öldürülməsi barədə xəbər verilmişdi. Yuxarıda təsvir etdiyimiz hadisə də məhz həmin qətli törədən Ağcabədi şəhər sakini Aydın Qasımovun tutulması ilə əlaqədar olaraq rayon polis şöbəsinin  keçirdiyi əməliyyat idi. Yəqin ki, bu sətirləri oxuyan hər kəsi, hər şeydən əvvəl, bir sual düşündürür: 83 yaşlı köməksiz bir qocanı öldürməkdə Aydın Qasımovun məqsədi nə idi?

Əvvəlcə ondan başlayaq ki, Ağcabədi şəhər sakini Ənvər Məmmədov öz həyat yoldaşı ilə birlikdə Şamil Cəmşidov küçəsi – 178 nömrəli ünvanında yaşayırdı. Həmin gün Aydın onlara qonaq gəlmişdi. Özünü narahat və əsəbi aparsa da, bu, qocaları əsla  şübhəyə salmamış, hətta onu süfrəyə, çaya-çörəyə dəvət etmişdilər. Hadisə də elə həmin gün axşamüstü baş vermişdi. Daha doğrusu, Aydın bütün günü qocaları gözdən qoymamışdı. Məqsədi onlardan biri evdə tək olarkən öz çirkin niyyətini həyata keçirmək olub. Nəhayət, belə bir fürsət axşam saat 5-6 arasında düşüb. Belə ki, həyat yoldaşı çörək almaq üçün küçəyə çıxanda Aydın dərhal evə daxil olub, əvvəlcədən hazırladığı balta sapı ilə onsuz da son vaxtlar zəif düşmüş, yerindən tərpənə bilməyən qocanın başına dalbadal zərbələr endirmişdi. Ancaq belə amansızlığa ehtiyac yox idi. Ona görə ki, qoca elə ilk zərbədən dünyasını dəyişmişdi.

Bayaqkı sualımızın cavabını vermək vaxtıdır. Qapıbir qonşu, həmin gün bu evin, bu süfrənin, qətlə yetirdiyi qocanın çörəyini kəsmək, çayını içmək və...400 manat pul... Bu barədə, bəlkə də, geniş danışmaq, müəyyən nəticələrə gəlmək mümkündür. Axı tez-tez milli-mənəvi dəyərlərdən, adət-ənənələrdən, böyük-kiçik münasibətlərindən danışırıq. Bəs elə isə nə üçün nə duz-çörək, nə haqq-say, nə qapıbir qonşuluq, nə yaş Aydını çirkin niyyətlərdən saxlaya bilmədi. Bu vəhşilik, bu namərdlik ailədənmi gəlir, məktəbdənmi, ya düşdüyü mühitdənmi? – Demək çətindir. Hər halda, son kriminal hadisələr bir daha onu göstərir ki, bu mərhələlərin hansındasa    boşluq var və nə qədər ki, gec deyil cəmiyyət bu istiqamətdə hərəkətə gəlməlidir. Yoxsa, sonra gec olar.

Biz burada Ağcabədi Rayon Polis Şöbəsinin son vaxtlar həyata keçirdiyi uğurlu əməliyyatlardan yalnız biri haqqında danışdıq.  Qeyd edək ki, burada cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların və ümumi təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində ardıcıl və sistemli qurulmuşdur. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə, birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri onunla nəticələnmişdir ki, əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilmiş, uğurlu nəticələr əldə olunmuşdur. Yeri gəlmişkən, həmin uğurlu əməliyyatlardan bir neçəsini misal çəkmək istəyirik: Sənubər Ələkbərovanın, Cahid Alıyevin, Kənan Əsədovun, Cavid Məmmədovun, Zuleyxa Rəhimovanın, Çingiz Həsənovun evlərinin və mağazalarının xüsusi hazırlıqla, basqın yolu ilə talan edilməsini və başqa hadisələri xatırlamaq kifayətdir. Onu da qeyd edək ki, həmin hadisələrin hamısı isti izlərlə açılmışdır.

Yola saldığımız 2014-cu il Ağcabədi Rayon Polis Şöbəsi üçün xüsusilə yaddaqalan və əlamətdar olmuşdur. Belə ki, polis şöbəsinin şəxsi heyəti cinayətkarlıqla mübarizə, ictimai qaydaların qorunması və təhlüksizliyin təmini sahəsində qanunvericilikdə müəyyən edillmiş vəzifələrini əzmlə yerinə yetirmiş, rayonda daxili sabitlik dönməz xarakter almış, əvvəlki illərdə baş vermiş digər cinayətlərin açılması təmin edilmiş, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılmışdır.

Ümumiyyətlə, ötən il rayon ərazisində 228 cinayət faktı qeydə alınmışdır. Onların açılma faizi isə son illər ən yüksək səviyəyə–96,6 faizə çatmışdır. Qeyri-aşkar şəraitdə baş vermiş 90 cinayət hadisəsinin açılma faizi isə 97,4 olmuşdur. Ötən il 24 ağır cinayət hadisəsi baş vermiş, hamısı açılmışdır. 2 nəfər itkin düşən şəxs tapılmışdır. Onu da əlavə edək ki, bu rəqəmlər əvvəlki illə müqayisədə xeyli yüksəkdir.

2014-cü il ərzində narkotiklərlə mübarizə qrupunun əməkdaşları şöbənin digər xidmət əməkdaşları ilə birlikdə bir sıra əməliyyat tədbirləri həyata keçirmişlər. Məlum olduğu kimi, müasir dövrdə cəmiyyət qarşısında duran ən vacib problemlərdən biri narkomanlığın yayılmasının qarşısının alınmasıdır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə rayon polis şöbəsinin ən ümdə vəzifəsi olmuş, cinayətkarlığın bu sahəsi daim nəzarətdə saxlanılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2014-cü ildə 26 cinayət faktı aşkar edilmişdir. 3,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmışdır.

DİN-in “Xaş-xaş-2014” şərti adlı tədbirlər planı ilə əlaqədar bir sıra əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, narkotik xassəli bitkilərin əkilib-becərilməsi ilə əlaqədar olaraq 2014-cü il ərzində rayon ərazisində keçirilmiş tədbirlər zamanı 0,3 hektar sahədə 5126 ədəd, ümumi çəkisi 1 ton 430 kiloqram olan yabanı çətənə kolları aşkar olunaraq məhv edilmişdir.

Bütün bunlarla yanaşı, həbs yerlərindən qayıtmış şəxslər ətrafında nəzarət-profilaktik və narkotiklərin yayılması istiqamətində səmərəli əməliyyat tədbirləri keçirilməkdədir.

Əhali arasında aparılan profilaktik tədbirlər nəticəsində qanunsuz  saxlanılan 1 ədəd AK-47 avtomatı, 1 ədəd TOZ-8 və 7 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.

2014-cü il ərzində DYPB-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə 3674 sürücüyə inzibati qaydada protokol tərtib olunmuşdur.

Rayon polis şöbəsinin növbətçi hisəsinin fəaliyyəti DİN-in əmr və göstərişlərinin tələblərinə tam uyğun olaraq təşkil edilmiş, əməkdaşların normal xidmət aparmaları üçün hər cür şərait yaradılmaqla, müasir avadanlılar quraşdırılmışdır. Silah və sursatların saxlanması şəraiti yaxşılaşdırılmışdır.

Ağcabədi Rayon Polis Şöbəsinin fəaliyyətindən danışarəkən bir vacib məsələni ayrıca qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki, son vaxtlar burada əhali ilə səmimi qarşılıqlı münasibətlər formalaşmışdır. İndi vətəndaşlar rayon polis şöbəsinə təkcə hər hansı cinayət işi ilə bağlı müraciət etmirlər. Ağsaqqal da, azyaşlı da, gənc də onu düşündürən, narahat edən məsələ barədə müraciət edə, müvafiq kömək və məsləhət ala bilər. Belə qarşılıqlı əlaqə isə heç şübhəsiz ki, ehtimal olunan cinayət hadisələrinin qarşısını vaxtında almağa kömək edir, inam və etibarı artırır.

Vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına həssas münasibət burada həlledici rol oynayır. Ümumiyyətlə, ötən il bu sahədə Azərbaycan Respublikasının Konstutusiyası, müvafiq qanun, ölkədə sosialiqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında dövlət başçısının fərman və sərəncamları rəhbər tutularaq, zəruri təşkilati-əməli tədbirlər görülmüşdür. Vətəndaşların qəbulu ilə əlaqədar ötən il rayon polis şöbəsinin bütün yaşayış məntəqələrində görüşlər keçirilmiş adamların problemlərinin yerindəcə həll edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Məlumdur ki, şəxsi heyət yalnız yüksək intizama, peşəkarlığa, mənəvi saflığa malik olduqda xalqa nümunəvi xidmət edə bilər. Bu baxımdan insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması işinə tələbkarlıqla yanaşılmış, eyni zamanda əməkdaşalrın ailə üzvlərinin üzləşdikləri sosial problemlərin həlli diqqət mərkəzində saxlanılmışdır.

Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli təcrübəli əməliyyatçıdır. Polis orqanlarında uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışıb. Yaşından, mövqeyindən asılı olmayaraq hamı ona təkcə polis rəisi yox, sadə halal və ədalətli bir insan kimi baxır.

Düzdür, son illər Ağcabədi Rayon Polis Şöbəsində cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydaların, ümumi təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində xeyli müsbət təcrübə toplanmış, ardıcıl və sistemli qurulmuşdur. Bununla  yanaşı, polis polkovniki əldə edilmiş uğurlarla əsla kifayətlənmir. O, daha çox qarşıda duran vəzifələrdən, görüləcək işlərdən danışır:

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu və hərtərəfli islahatlar ölkəmizdə sabit və davamlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasını, xalqımızın rifah halının yüksəldilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasını təmin etmişdir. Əgər bu gün Ağcabədi Rayon Polis Şöbəsi öz fəaliyyətində müəyyən uğurlar əldə edibsə, bu hər şeydən əvvəl, ölkə rəhbərinin fərman və sərəncamlarından, dövlət proqramlarından, Daxili İşlər Nazirliyinin əmr, göstəriş və kollegiya iclası qərarlarından irəli gələn vəzifələrin icrasına böyük məsuliyyət, yüksək intizam və tələbkarlıqla yanaşılmasının nəticəsidir. Bu gün respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Ağcabədi ölkəmizin ən abad, müasir və yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir. Başqa sözlə desək, cinayətkarlığa qarşı mübarizənin, artan iqtisadi potensialın, dinamik inkişaf və yüksəlişin həlledici şərti sabitliyin, əmin-amanlığın təmin olunmasıdır.

Böyük inam və qətiyyətlə deyə bilərəm ki, Ağcabədi Rayon Polis Şöbəsi digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə qarşılıqlı əlaqə şəraitində bundan sonra da cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması sahəsində qanunvericiliklə üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə gələcəkdir.

Uğur olsun, cənab polkovnik.

 

Ziyəddin SULTANOV,

Xalq qəzeti”nin

bölgə müxbiri

 

Xalq qəzeti.- 2015.- 8 yanvar.- S.6.