Azərbaycanda müasir nəqliyyat

infrastrukturu yaradılır

 

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik yaradıldı, atəşkəs əldə edildi və irimiqyaslı iqtisadi islahatlara start verildi. Həmin dövrdə reallaşdırılan  iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də müasir nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması idi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Tarixi İpək Yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı.

 

1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin (TASİS) açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlandı. Məhz həmin proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz Nəqliyyat Dəhlizi” (TRASEKA) layihəsi irəli sürüldü. Müzakirələrin yekunu olaraq “Brüssel bəyannaməsi” adlı iki rəsmi sənəd imzalandı və qədim Şərq-Qərb İpək Yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı. 1998-ci ilin sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans keçirildi.

İpək Yolu iqtisadi zonası Mərkəzi, Cənubi və Qərbi Asiyanın ərazisindən və digər regionlardan keçərək iki iri iqtisadi birliyi - Asiya-Sakit okean regionunu və Avropa İttifaqını birləşdirəcək, 3 milyard əhalisi olan 40 ölkəni əhatə edəcəkdir. Ekspertlərin fikrincə, İpək Yoluna bitişik olan ölkələrin iqtisadi qurumları bir-birini yaxşı tamamlayır, onların qarşılıqlı faydalı əməkdaşlıq etməsi üçün böyük zəmin vardır. Heç şübhəsiz, illər ötdükcə əməkdaşlığın hələlik bizə məlum olmayan potensialı üzə çıxacaq, ikitərəfli, çoxtərəfli və qarşılıqlı fayda əldə olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirmişdir ki, Şərq-Qərb İpək Yolunun bərpası artıq reallıqdır. Dövlət başçısının sözlərinə görə, bu layihə xalqları, iqtisadiyyatları birləşdirir: “Bu layihənin icrasında bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq ölkəmizdə iqtisadi inkişaf çox sürətlidir və bizim maliyyə durumumuz da yaxşıdır. Belə olan halda mütləq gələcəkdə də böyük nəqliyyat layihələrinə vəsait ayırmalıyıq. Onların içində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, ölkəmiz  tranzit ölkəsinə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində insanlara xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.

Dünyanın 100 layihəsi siyahısına daxil edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün tikinti işləri uğurla davam etdirilir. Layihənin Marabda-Kartsaxi hissəsində tikinti işlərini sürətləndirmək məqsədilə 2011-ci ilin iyulunda Gürcüstanda “Azəryolservis” ASC-nin filialı yaradılıb. Tikinti işlərinin  səmərəliliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə - Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır. Ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunan gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün gün ərzində həyata keçirilir.

Mütəxəssislərin fikrincə, BTQ layihəsi Bakı-Tbilisi-Ceyhan xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Layihənin iqtisadi səmərəlilik və siyasi dividend, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından da böyük əhəmiyyəti var. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir.

Prezident İlham Əliyevin ötən il oktyabrın 16-da  keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” adlı Beynəlxalq konfransının iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.

2015-ci ildə istifadəyə verilməsi  nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verən bir layihədir .Bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi nəinki region ölkələri, eyni zamanda, bu xəttə qoşulacaq digər ölkələr üçün də çox mühüm əhəmiyyətə malik layihə kimi dəyərləndirilir. Dəmir yolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına gətirib çıxaracağı, onun  turizm potensialına əlavə töhfə verəcəyi, Xəzər və Qara dəniz arasında bağlantını təmin edəcəyi bildirilir. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Digər ölkələrin də bu layihəyə qoşulması nəticə etibarilə tarixi İpək Yolunun inkişafına xidmət edəcək.

Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər. BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq.

İndiyədək Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometr dəmir yolu yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və iki istiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Dəyişən cərəyana keçidlə əlaqədar enerji və rabitə sisteminin tam yenilənməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.

Yeri gəlmişkən, onu da deyək ki, İpək Yolu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ilbəil artır. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, 2014-cü ilin yanvar-oktyabr aylarında bu dəhlizin Azərbaycan ərazisindən keçən hissəsindən 48 milyon ton yük, 254,8 milyon nəfər sərnişin daşınmışdır. Yük daşımaları fəaliyyətindən 420,4 milyon manat, sərnişin daşımalarından isə 88,9 milyon manat gəlir əldə edilmişdir.

Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmini qat-qat artırmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Sevindirici haldır ki, ölkəmizə yatırılan sərmayənin həcmi ilbəil artmaqdadır. Təkcə ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar  sərmayə yatırılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vacib məsələdən danışarkən demişdir: “Çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına cəlb edək. Əlbəttə ki, bu, o qədər də əsas məsələ deyildir... Ancaq Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün  hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik...”.

Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən biri də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisidir. Keçən ilin sentyabrında limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə liman 25 milyon ton quru yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək.

2020-ci ilə qədər ölkəmizin  regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcəkdir. Onu da əlavə edək ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin, böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway)  layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.

Azərbaycanda müasir avtomobil yollarının tikintisi istiqamətində də çox böyük işlər görülmüşdür. Dünya əhəmiyyətli İpək Yolu layihəsinin reallaşdırılması ölkə Prezidenti İlham Əliyevin daim diqqətindədir. Həmin layihə Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri  ilə, həmçinin respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələrinin dövlətimizin başçısının iştirakı ilə açılışı olmuşdur. Hazırda həmin yolun bəzi hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, birinci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir. Eyni zamanda,  2016-cı ilə qədər Bakı-Gürcüstan dövlət sərhədi və Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.

Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır. Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən avtomobil yolu hərəkətin intensiv olduğu magistrallardan biri sayılır. Bu magistral Avropa və Asiya marşrutlarına daxil olmaqla, respublikanın şimal sərhədinə çıxışı təmin edir. Ümumi uzunluğu 208 kilometr olan magistralın artıq əsas hissəsi, eləcə də  Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 metr olan körpünün tikintisi işləri başa çatdırılmışdır. Gəndov-Samur-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin 4 zolaqlı hərəkət üzrə tikintisi işləri davam etdirilir.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət  sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulmasına başlanılıb.  Bu yol respublikanın cənub və qərb istiqamətlərindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə, hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaldacaq.

Müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, heç şübhəsiz, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 9 yanvar.- S.4.