Prezident İlham Əliyev: Azərbaycan

öz yolu, müstəqillik yolu ilə gedir

 

2014-cü ilin siyasi yekunları ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır

 

Dövlət başçımızın “Bu masa arxasında Türkiyə  yoxdur, mən varam” xəbərdarlığı, Ermənistan qəzetlərinin “Nazarbayev Astanada bir sillə ilə Yerevanın ümidlərini  söndürdü” manşeti və ekspertlərin “Bakı hamıya hərənin öz dilində cavab verir” qiymətləndirməsi dünyanın gündəmində hələ çox səslənəcək. Bunlar yola saldığımız ilin siyasi həqiqətləri sırasındadır.

 

Gənc müstəqil dövlətimiz  yeni əsrin 14-cü ilini də hərtərəfli uğurlarla başa vurdu. Cəmiyyət həyatının bütün sahələrində qonşu ölkələrin hamısı üçün əlçatmaz sayılan uğurlara imza atsaq da, əcnəbi politoloq və ekspertlər bizim siyasi-diplomatik və sosial-iqtisadi sahələrdəki nailiyyətlərimiz barədə söz açmağı daha  məqsədəuyğun sayırlar. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə Strasburq meriyasının qarşısında dövlət bayrağımızın qaldırılması mərasimini,  bu əlamətdar hadisə münasibətiylə may-noyabr aylarında ölkəmizdə  çoxsaylı tədbirlər keçirildiyini, həmin  tədbirlərdə Avropa Şurasına üzv ölkələrdən çoxlu sayda nümayəndənin iştirakını, həmçinin, bu müddət ərzində Azərbaycan tərəfindən Strasburqda da çoxsaylı mədəni tədbirlərin təşkilini yada salan ekspertlər qeyd edirlər ki,  rəsmi Bakı BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə olduğu kimi Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi zamanı da bütün dünya üçün zəruri olan ali dəyərləri rəhbər tutmuşdur. Bu dəyərlər isə demokratik idarəetmə prinsipləri, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq proseslərində qarşılıqlı maraqların təmin olunması, ölkələrin daxili işlərinə müdaxilə edilməməsi  kimi istiqamətləri özündə əks etdirir.

Dünya siyasətçiləri səmimi şəkildə etiraf edirlər ki, Azərbaycan bu istiqamətlərin hər birində özünəməxsus nümunələr formalaşdırmışdır. Dövlət rəsmilərimiz də qeyd edirlər ki, 2014-cü il Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Prezident İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu, əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib.

Ölkəmiz  regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı şəkildə demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir ki, dünyada Azərbaycanın tərəfdaşlarının, bizə dost ölkələrin sayı getdikcə artır. Respublikamız  regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada sözü eşidilən, mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. Bu mənada Azərbaycan 2014-cü ildə də beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, üzv və tərəfdaş olduğu beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələrini dərinləşdirib.

Qeyd etdiyimiz kimi, may ayından başlayaraq respublikamız  Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Azərbaycan bu müddətdə korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçib, demokratiya, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə geniş diqqət ayırıb, bir sıra səmərəli təşəbbüslərlə çıxış edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə çatdırılması, Avropada rolunun, nüfuzunun artması və digər məsələlər ölkəmizin 6 ay müddətində bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi dövründə əldə etdiyi uğurlardır. İyun ayında  isə Bakıda 300-dən artıq deputatın iştirakı ilə ATƏT Parlament Assambleyasının sessiyası keçirilib. Sessiyada qəbul olunmuş Bakı Bəyannaməsində ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha vurğulanıb. Bu sənədin isə ərazi bütövlüyü pozulmuş bir ölkə üçün nə qədər əhəmiyyət kəsb etdiyini söyləməyə ehtiyac yoxdur.

Respublikamızın 2011-2012-ci illərdə  BMT Təhlükəsizlik Şurasında təmsil olunması, bu il isə  Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi Prezident İlham Əliyevin dövlətimizə qazandırdığı  nüfuzun əyani göstəriciləridir. Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük 20-lik” (G20) ölkələrinin toplantısına dəvət alıb. Eyni zamanda, müstəqil siyasət Azərbaycana imkan verir ki, öz milli maraqlarını daha effektiv müdafiə etsin, müxtəlif xarici qüvvələrin ölkənin daxili işlərinə qarışmaq, öz iradəsini diktə etmək cəhdlərinə tutarlı və layiqli cavab versin. Yeri gəlmişkən, ölkəmizin daxili işlərinə qarışmaq istəyən xarici qüvvələr son zamanlar dövlətimizin daha kəskin etirazları ilə üzləşirlər. Bu isə o deməkdir ki, Azərbaycan artıq bütün qüvvələrlə məhz onların öz dilində danışmaq imkanı qazanmış bir dövlətə çevrilmişdir.

Bununla yanaşı, Azərbaycan  üzv olduğu beynəlxalq təşkilatların haqlı iradlarını həmişə nəzərə alır və  göstərilən nöqsanları aradan qaldırmağa çalışır. Harada tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, həmin tənqidlərin qəbulolunmazlığı açıq şəkildə ifadə edilir. Dövlət rəsmilərimizin bəyan etdiyi kimi, Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil. Hamı anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, öz siyasətini xalqın iradəsinə, milli maraqlara uyğun şəkildə həyata keçirir və bundan sonra da bütün təzyiq və təhdid cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə verməyəcək və bütün əsassız iddialar adekvat şəkildə cavablandırılacaq. Bunu artıq bizim atdığımız addımlar da xaricdəki bəzi qüvvələrə anlatmışdır.

2014-cü ilin siyasi yekunları arasında  Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi, sonra  Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu təmasların davam etdirilməsi, daha sonra Ağ ev rəsmilərinin bu qəbildən olan addımlara imza atması və bütün görüşlərdə regiondakı status-kvonun qəbuledilməz olduğunu qeyd etməklə tərəflərin böyük sülh sazişinə dəvət  edilməsi də var idi. Ancaq Minsk qrupu həmsədrlərinin regiondakı gərginliyi aradan qaldırmaq məqsədilə həyata keçirmək istədiyi həmin tədbirlərdən müsbət nəticə çıxarmalı olan Ermənistan rəhbərliyi bunun əksinə olaraq, gərginliyin daha da artmasına səbəb olan addımlar atdı və öz cavabını aldı. Ekspertlər avqust ayında sərhəddə və təmas xəttlərində təxribatlar törədən Ermənistanın çoxlu sayda itki verməsini, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum uçuşu reallaşdıran erməni helikopterinin təhlükəsizləşdirilməsini birmənalı olaraq hərbi deyil, siyasi proseslər kimi qiymətləndirirlər. İrəvan rəsmiləri dekabrın son günlərində də bu iyrənc addımlarından əl çəkmədilər və hərtərəfli itkilər verərək geri çəkilmək məcburiyyətində qaldılar. Yəni,  Ermənistan rəhbərliyi Minsk qrupu həmsədrlərinin bütün cəhdlərinə baxmayaraq  öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Deməli, beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün aparıcı beynəlxalq təşkilatlar mövcud vəziyyətə diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməlidirlər.

Siyasi yekunlar barədə söz açarkən daha bir məsələni də qeyd etmək zərurəti var. Belə  ki, 2014-cü ildə diqqətəlayiq hadisələrdən biri kimi Azərbaycanda iqtidar-müxalifət dialoqunun bərpa edilməsi və siyasi partiyaların rəhbərləri ilə görüşün keçirilməsi də qeyd olunmalıdır. Bundan əvvəlki dövrdə vətəndaş cəmiyyəti institutları və media rəhbərləri ilə də görüşlər keçirilib, irəli sürülən təkliflər öyrənilib, ümumiləşdirilmiş və həlli mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. İqtidar rəsmiləri bildirirlər ki, Azərbaycan hakimiyyəti siyasi opponentləri, qeyri-hökumət təşkilatları və media ilə konstruktiv dialoqa həmişə açıq olub və bundan sonra da bu siyasət davam etdiriləcək.

Yola saldığımız ilin siyasi yekunlarından danışarkən rəsmi Bakının müasir dünyada formalaşan türk xalqları birliyinə verdiyi töhfələri də yada salmaq zərurəti var. Məsələn,  Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı Türkiyə mediasının gündəliyinin bir nömrəli xəbəri olmuşdu.

Bunu qardaş ölkənin kütləvi informasiya vasitələrində Prezident İlham Əliyevin çıxışı ilə bağlı yayımlanan yazıların, televiziya və radio reportajlarının müəllifləri də xüsusi vurğulayırdılar. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi dövlətimizin başçısının Türkiyəyə yüksək qardaşlıq münasibətinin bariz göstəricisi kimi dəyərləndirilirdi. “Sabah” qəzetində “Əliyevdən Ermənistana sillə kimi cavab” sərlövhəsi ilə verilən məqalənin müəllifi  dövlət başçımıza istinadən yazırdı: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Belə bir qardaşlıq nümunəsini Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də ortaya qoymuşdu.  Məlum olduğu kimi, bu il mayın 29-da Astanada Qazaxıstan, Rusiya və Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş imzalayıblar. Orada Ermənistanın Gömrük İttifaqına üzv olması ilə əlaqədar qərar verilməli idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı məktub nəinki Ermənistan prezidentini, hətta,  rəsmi İrəvanı  şoka salmışdı. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin onlara ünvanlanmış məktubunu oxuyub. Orada Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində Aİİ-yə daxil edilməsi şərti ifadə edilirdi. Bu məlumat Ermənistan nümayəndə heyəti üçün şok olub. Onlar Azərbaycan rəhbərinin məktubuna cavab olaraq  heç bir fikir söyləyə bilməyiblər. Vəziyyətin mahiyyətindən xəbərdar olanlar ermənilərə başa salıblar ki, Azərbaycan  dövlət başçısı qeyd olunan məktubu beynəlxalq hüquq normalarına və diplomatik qaydalara istinadən  yazıb. Orada Azərbaycan və Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərinin mövcudluğu vurğulanıb. Əgər Ermənistan hansısa təşkilata üzv olmaq arzusundadırsa, onda bu şərt mütləq nəzərə alınmalıdır. Əks halda, bu ölkəni öz sıralarına qəbul edən təşkilat qeyri-qanuni hesab edilməlidir. Onun beynəlxalq hüquq normalarını kobud pozduğu vurğulanmalıdır. Bunlar da öz növbəsində postsovet məkanında yeni ixtilaflara yol aça bilər. Şübhəsiz ki, bu məqamları Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko da yaxşı bilirdilər. Həmin səbəbdən də onlar Yerevana görə, yaratmaq istədikləri İttifaqın  əsaslarını  bəri başdan sarsıtmaq istəməyiblər. Nursultan Nazarbayevin toplantıda İlham Əliyevin məktubunu təmkinlə  oxuması, bütün bunlara görə, zərurət idi. Ermənilərin burada hansısa şəxsi münasibətlər və ya qərəz axtarması heç bir siyasi-diplomatik etiketə sığmırdı. Bütün bunlardan bir nəticə də çıxarmaq mümkündür. Həm regional, həm də qlobal miqyasda cərəyan edən geosiyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi zərurətini ortaya qoyur. Bunda maraqlı olmayan Ermənistan isə narahatlıq keçirməkdədir.

Bütün bunlar 2014-cü ilin siyasi yekunlarının bəzi məqamlarıdır. İlin ən böyük siyasi yekunu isə ondan ibarətdir ki, Rusiya - Ukrayna münasibətləri fonunda dünyada baş verən qarşılıqlı sanksiyalar  “mübadiləsi” nəticəsində dünyanın əksər ölkələrində yaşanan maliyyə-iqtisadi problemlərin Azərbaycana təsiri nəzərə çarpacaq səviyyədə deyil. Fikrimizcə, elə bu məqam da sırf iqtisadi deyil, bilavasitə siyasi-iqtisadi idarəetmənin, bir az da dəqiqləşdirsək, düşünülmüş siyasətin nəticəsidir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 9 yanvar.- S.1.