Bulaqlar buludların göz yaşlarıdır

 

(Şahbuzun məlhəm çeşmələri)

 

Doxsan  yaşlı muxtariyyət tariximizin son iyirmi ilində həyata keçirilən siyasət sayəsində həyatımıza daxil olan dəyişikliklər yeni terminlərin, yeni adların və yeni ünvanların yaranmasına səbəb olub. “Bulaq-abidə” sözü də dilimizə elə o vaxtdan düşüb. Çünki həmişə su kranı kimi tanıdığımız bulaqlara abidələr qoyuldu. Belə bulaq-abidələr Şahbuz rayonunu da bulaqlar qalereyasına çevirib. Rayonda son 10 ildə iyirmiyə yaxın bulaq-abidə tikilərək insanların istifadəsinə verilmişdir.

 

Təbib yurdumuzun gülü-çiçəyi, təbii sərvətləri kimi, çayları, çeşmələri, gölləri, bulaqları da dillər əzbəridir. Respublikamızda ümumi uzunluğu 34000 kilometrə bərabər olan irili-xırdalı 8350 çay vardır ki, onların da bəzilərinin uzunluğu 8-10 kilometrdən artıq deyil. Amma onlar dağlarımızı, dərələrimizi, düzlərimizi, obalarımızı, oymaqlarımızı cana gətirirlər. Təəssüflə qeyd etməliyik ki, dünyanı caynağına alan ekoloji problemlər bizimqurumuş çaylarımızın və kor qalmış bulaqlarımızın sayını artırır.

Mütəxəssislərin hesablamasına görə, respublika üzrə əhalinin hər nəfərinə 1,9 min kubmetr su düşür. Çoxlarımız dünyanı var edən suyun qədrini bilməsək də, onun azlığından tez-tez şikayət edirik: “Çox idi, indi azalıb”,–  deyirik. Amma “azaltmışıq” deməliyik. Səbəbi üçünbaş sındırmaq lazım deyil. Bulaqlar meşələrdə, çaylarsa bulaqlardaanadan olurlar”. Bir vaxtlar, az qala, elliklə əli baltalı meşələrimizə “hücum çəkəndə” heç düşünmürdük ki, meşələri qırıb talamaqla bulaqlarımızın, bulaqlarımızı qurutmaqla da çaylarımızın axırına çıxırıq. Beləcə, nə qədər durnagözlü bulaqlarımızın gözünü kor qoyduğumuzu heç ağlımıza gətirmirdik. Bilmədik ki, bulaqları qurutmaqla təbiəti küsdürürük. Təbiəti küsdürməklə də özümüzü neçə-neçə nemətdən məhrum edirik. Nə yaxşı ki, insanla vuruşda təbiət taqətdən tez düşmür. Yaxşı ki, bizə təbiətimizlə üz-üzə dayanıb ona qənim kəsiləndə ulu öndərimiz “dur!” deyərək hər birimizin gözünü açdı. Qaldırdığın balta mənim, sənin və övladımızın gələcəyə uzanan qollarını kəsir – deməklə, o, təbiətimizə dayaq durdu. Bu canıyananlıq hər birinin öz axar-baxarı, dadı-tamı olan bulaqlarımızın da çağlamasına, körpə gözlərin açılmasına səbəb oldu.

 

Ey təbib bulaqlar, loğman

                                bulaqlar,

Suları dərdlərə dərman bulaqlar.

Torpaqdan gözəl qaynayırsınız,

Günəşin nuruyla oynayırsınız.

Dağlar ürəyindən axıdır sizi,

Səpir dərələrə incinizi.

 

Hərəsi bir dərdin dərmanı olan çeşmə sularımız öz xüsusiyyətinə görə xalq arasında ad qazanıb: “Yara suyu”, “Böyrək suyu”, “Mədə suyu”, “Dəri suyu”, “Göz suyudeyə hər birinin hansı dərdə məlhəm olduğundan bu adlar xəbər verib insanlara. Ona görə heç birimiz unutmamalıyıq ki, “Dirilik suyu”nun sorağı ilə çox igidlərimiz yel qanadlı at belində gedər-gəlməzə yollanıblar bir zamanlar. Həmin atların ayaq səslərini biz rəvayətlərimizdən, nağıllarımızdan, əfsanələrimizdən eşidirik. Sən demə, igidlərin əsrlər boyu şam çıraqla axtardıqlarıdirilik suyuyurdumuzun qayalarının göz yaşı, çiçəklərinin şəbnəmi, uca dağlarının dumanı, sisi kimi başımızın üstündə, gözümüzün önündəymiş. Bu gözəlliyi görmək üçün göz gərəkmiş. Amma edək ki, 70 illik Sovet imperiyası ondan sonrakı keçid dövründə əks-təbliğat maddi mənəvi sərvətlərimizə bir biganəlik, laqeydlik aşılamışdı bizə. Hər kəsin varı-dövləti, Vətəni sanki öz kandarının ağzına kimi idi. Ondan o tərəfə kimə mənsubdur, heç düşünən yox idi...

Şükürlər olsun Allaha ki, əsrlər boyu həsrəti çəkilən müstəqilliyimiz sayəsində olanımızın, qalanımızın sahibi olduq. Elə bu sahiblik sayəsində yurdumuz qarış-qarış, oba-oba dirçəlməyə, gözəlləşməyə inkişaf eləməyə başladı. Muxtar respublikamızın da ərazisinə daxil olan bölgələrin bəxtəvər günləri elə o zamandan başladı. Firavan günlərini yaşayan Şahbuz rayonunun da dağlar, şiş qayalar əhatəsində olan kəndlərinin belə siması dəyişdi. Zümrüd rəngli, əsrarəngiz təbiəti canlandı. Bu təbiəti cana gətirənsə dağlarda, dərələrdə torpağın göz yaşları kimi çağlayan çaylar, bulaqlar, çeşmələr oldu. Bunu dərk edən insanlar onun qədrini bilərək ona sahib çıxdılar.

Sovet dönəmlərində gözü sulu dağların bu sərvətinə tamarzı qalan insanlar bir ovuc bulaq suyu üçün yazda, yayda, payızda tez-tez güzarını dağlardan, dərələrdən salırdılar. hər kəs , böyük təəssüf hissi ilə bu çeşmələrin, bulaqların suyundan istifadə edilməsinin mümkünsüzlüyündən gileylənirdi. Kimsənin ağlına gəlmirdi ki, vaxtsa bu bulaqlar yol kənarlarında, nəinki kənd adamlarının, bu yerlərə üz tutan qonaqların belə ürəyini sərinlədəcək.

Ancaq bütün arzularımızın, istəklərimizin həsrətində olduqlarımıza çatmağımızın bircə səbəbi olan müstəqillik illərində bulaqlarımıza da sahib çıxdıq. Qurbanlar bahasına qazandığımız müstəqilliyimizin qarantı olan ulu öndərin bizə aşıladığı vətəndaşlıq qayəsi vətəndaş olmağımıza Vətənimizə sahib çıxmağımıza nail olmaq üçün dünənimizi, bugünümüzü bizə tanıtdı. Beləcə, altı da, üstü sərvət olan bu yurdun qədir-qiymətini anladıq.

Təbii sərvətlərimizin ən qiymətlisi olan bulaqların, çayların, çeşmələrin axarını dəyişdik. Bütün dünyada qıtlığı hiss olunan şirin suyun dağlarımızdan üzübəri şəhər, qəsəbə kəndlərimizə gətirilməsinə nail olduq. Bunun üçün rahatlığından, dincliyindən keçən rəhbərlərimizin böyük istəklə həyata keçirdiyi işlərə qoşulduq, kömək əlimizi uzatdıq. El birliyi ilə dağ oynadı yerindən. Salvartının, Dağdağanın, Şahdağın, Çınqıllının sinəsində çağlayan büllur sular evlərimizə gəldi. Evlərimizdən məhlələrimizə, küçələrimizə paylanan sular sonradan da bulaq-abidələrə çevrildi.

Bu gün Şahbuz rayonunun hər kəndində bir neçə bulaq-abidədən dərdlərimizin dərmanı olan göz yaşı kimi su axır. Adı da elə son onillikdə qoyulan bulaq-abidələrin sayı beləcə, ötən illər ərzində artmağa başladı. Bu gün şahbuzlular qürurla bu bulaq-abidələrin suyu ilə öz qonaqlarının ürəyinə bir sərinlik bəxş edirlər.

Mən işimlə əlaqədar olaraq rayonumuzun müxtəlif yaşayış yerlərində olarkən müşahidə etmişəm ki, indi az qala hər kəndin özünəməxsus bir ya bir neçə bulaq-abidəsi var. Onların çoxu da əsrlərcə xalq arasında öz adı olan bulaqların adı ilə adlandırılır.

Əgər Şahbuzu bir tabloya bənzətsək o tabloda bulaq-abidələr öz əksini tapsa, bilirəm ki, bu mənzərə hər kəsi heyran edər. Mən adamı əfsunlayacaq o tablonun mənzərəsini sözün gücü ilə yaratmaq istəyirəm.

Şahbuza gələn qonağı ilk salamlayan Daylaqlı kəndi ərazisindən keçən magistral yolun kənarındakıBöyrək suyu”nun çağladığı bulaq-abidədir. Sonra şəhərimizin Heydər Əliyev prospektindəki istirahət parkındakı iki müxtəlif formalı bulaq-abidə öz varından pay tutur yolçuya. Batabat dağlarında çağlayan çeşmələrin axdığı bu bulaqların suyundan muxtar respublikamızın hər yerindən gələn qonaqlar yolçular evlərinə belə pay aparırlar.

Yol yoxuşa qalxdıqca bulaq-abidələrin sayı artır, forması dəyişir. İşgəsu massivindəki iki bulaq-abidə öz formasına yerinə görə doyumsuz bir gözəlliyə malikdir. Salxım söyüdlərin baş-başa verib gizlədikləri çay kənarında yaradılan bu bulaq-abidələr öz görünüşü ilə qonaqlarını ovsunlayır. Həmin ərazidəki balıqçılıq təsərrüfatının Forelbalıq restoranının ətrafında yaradılan əsrarəngiz mənzərəyə sanki nöqtə qoyurmuş kimi bütün gözəllikləri ətrafında cəmləşdirən bulaq-abidənin qonaq-qarası da çox olur.

Oradan ayrılıb bir az irəliyə getdikcə kənardan uca dağların alçaq sinəsində qərar tutmuş Plovtəpə massivindəki bulaq-abidə magistral yolun lap kənarında duruş gətirərək yolçuyaəyləndeyir sanki.

Avtomobil istiqamətini dəyişib Mahmudoba, Nursu tərəfə üz tutsa, onda Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmiş əraziyə aid olan yaşayış məntəqəsini ikiyə ayıran yolun sağ tərəfində sakinlərinBeytulla bulağıadlandırdıqları çeşmənin suyu çağlayan bulaq-abidə ilə qarşılaşarıq. Bu yolu axıra kimi gedənlərsə Mahmudoba kəndinin girəcəyindəki bulaq-abidənin suyundan da bir ovuc içib ürəyini sərinlədə bilər.

Əgər boz dumanı əlçim-əlçim Batabata sarı yollansaq, onda da şöhrəti ellərə yayılmış yaylağın qonaqlarınısalamlayanSöyüdlü bulaq-abidəsinin ətrafında ayaq saxlayarıq. Üzü dağlara sarı qıvrılan şümşad yolla yuxarı qalxdıqca adamı heyrətləndirən təbiət mənzərələri bizi Zorbulağa kimi öz sehrinə salar. Burda ayaq saxlayarıq. Çopur qayaların daş sinəsindən üzü aşağı süzülüb yerin köksündə çağlayan bu bulağın da ətrafında yaradılan istirahət guşəsinin qonaqların sevimli yerinə çevrildiyini ətrafındakı qələbəliklə seyr edərik. Gözəllik görmək eşqinə səmtimizi dəyişib Batabat Dövlət Qoruğu ərazisinə üz tutsaq, burada da gözümüz axtaran gözəllik içərisində könlümüzə sərinlik gətirən bulaq-abidədən bir qurtum su içərik. Qoruğun inzibati binası qarşısında, həmçinin yaylağın adı ilə adlandırılan “Batabat” restoranının həyətində yaradılmış bulaq-abidələr ilboyu çağlayır. Batabatdan enib Ağbulağa üz tutanda isə kəndə çatmamış yenə də bizi ətrafındakı doyumsuz təbiət mənzərələri ilə heyrətləndirən “Ağbulaq” bulaq-abidəsinin qonağı olarıq.

Bu gün muxtar respublikanın hər bir bölgəsindən, hətta Azərbaycanın müxtəlif yerlərindən buraya gələn insanlar qonaq olduqları Ağbulaq İstirahət Mərkəzinin həyətində dağların bal şəfi kimi, şirin sularının çağladığı bulaq-abidələrdən bir ovuc içərək “oxay!” deyib, ürəklərini sərinlədirlər.

Bir yolun iki səmtə ayrılan qolu üstündəki Gömür kəndi ərazisində qərinələrlə yaşı olan müalicəvi əhəmiyyətə malikŞor su” deyilən bulağın ətrafında yaradılan “Şəfa” bulaq-abidəsi də öz görünüşü ilə bənzərsizdir. Bu bulaq-abidənin ətrafında yaradılan çarhovuza tökülən şor suyun əhəmiyyətini bilənlər və ona ehtiyacı olanlar üçün istifadə imkanları yaradılıb. El arasında buna “dəri suyuda deyilir.

Deməli, rayonun hansı səmtinə, hansı kəndinə gedər olsaq, o istiqamətdə bizi salamlayan və ürəyimizi bir doyumluq suyu ilə sərinlədən, dərdlərimizə dərman olan suların axdığı bulaq-abidələrlə qarşılaşarıq. Bu gün rayonda 20-yə yaxın bulaq-abidənin olması onu göstərir ki, müstəqil dövlətin vətəndaşı olmaq kimi məsuliyyətli bir missiyanı yerinə yetirən insanlareli arxasınca aparmağı bacaran şəxsiyyətlərimiz xalqa xidmət yolunu tutmuşlar.

Dünyagörmüşlərimiz həmişə su çəkəni, yol salanı “savab əməl sahibi” adlandırıblar. Ulularımızdan qalan bu əməli davam etdirənlər xalqın yaddaşında və yaratdıqları o abidələrdə əbədiləşirlər. Xeyirxahlıq unudulmur.

 

Şəhla NƏBİYEVA,

Naxçıvan Muxtar Respublikası,

Şahbuz rayonu

 

Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.6.