Ötən il milli mədəniyyətimizin

inkişafında əhəmiyyətli dövr oldu

 

İllər bir-birini əvəz etdikcə ölkəmiz yeni-yeni zirvələr  fəth edir.  Son illər   mədəniyyətin  inkişafı  ilə  bağlı reallaşdırılan  layihələr  milli-mənəvi dəyərlərimizin təbliğində əhəmiyyətli rol oynayır. Xüsusilə 2014-cü il mədəniyyətin inkişafı sahəsində  böyük  nailiyyətlər dövrü olmuşdur.  Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclasında  bu barədə ətraflı  söhbət açılmışdır.

 

Kollegiya iclasında  geniş məruzə ilə  çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev il ərzində görülən işlər haqqında,  ötən il ölkəmizdə keçirilən möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

Söz yox ki, mədəniyyətimizin qazandığı  uğurlar  bilavasitə  ölkə Prezidenti cənab İlham Əliyevin  qayğı və diqqətinin nəticəsidir. Bu sahədə  nailiyyətlərin əldə olunmasında   Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri  xüsusi olaraq vurğulanmalıdır. Heydər Əliyev Fondu mədəni irsimizin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir.

Prezident  İlham Əliyevin 2014-cü il 14 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq edilib. Bu sənəd artıq bütöv bir mədəniyyət siyasətinin həyata keçirilməsinin istiqamətverici proqramına  çevrilmişdir. Konsepsiya əsasında “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Dövlət Proqramı (2014-2018-ci illər)”, “Dövlət rəsm qalereyalarının perspektiv inkişafı üzrə Dövlət Proqramı (2015-2025-ci illər)”, “2014-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın layihələri hazırlanmışdır.

2014-cü il tarixi-mədəni irsin qorunması sahəsində mühüm tədbirlərlə də yadda qalıb. Azərbaycanda ilk dəfə olaraq beynəlxalq səviyyədə Avropa İrs Günləri keçirildi. Avropa İttifaqı ilə yeni tvinniq proqramı irəli sürüldü və bu sahədə əməkdaşlıq davam etməkdədir.

Ötən ilin mühüm hadisələrindən  biri də Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı oldu. Avqustun 26-da ölkə rəhbərliyinin iştirakı ilə açılışı keçirilən muzey şəhərimizin yeni simvollarından birinə çevrildi.

Ötən il  həm də bir  sıra  mühüm beynəlxalq   mədəniyyət tədbirləri ilə  yadda  qaldı. Məlumdur ki, Azərbaycan Aropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdi. 2014-cü ildə Azərbaycanın Avropa Şurası səviyyəsində təqdim edilən əsas layihələri məhz mədəniyyət və incəsənətlə bağlı idi. Sərgilər, təqdimatlar, müsabiqələr, konsertlər və s. bütün bu hadisələr çox böyük əks-səda doğurdu. Azərbaycan bu tədbirlərlə nə qədər qüdrətli mədəniyyətə sahib olduğunu nümayiş etdirə bildi. Bu tədbirlər  Heydər Əliyev Fondunun  dəstəyi ilə reallaşdı. Fondun və nazirliyin birgə keçirdiyi tədbirlər Azərbaycanın dünyaya təqdim edilməsində mühüm yer tutur.

UNESCO xətti ilə keçirilən beynəlxalq tədbirləri də qeyd etməliyik. İslam ölkələri mədəniyyət nazirlərinin əməkdaşlığı sahəsində görülən işləri də uğurlu işlər siyahısına daxil etmək olar. Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irs üzrə komitəsində fəal mövqe tutub. Azərbaycan kəlağayı sənətinin ötən il  UNESCO-nun siyahısına salınması qeyri-maddi mədəni irsimizin təbliği sahəsində daha bir nailiyyət kimi qiymətləndirilməlidir

TÜRKSOY təşkilatı ilə də əlaqələr  davam etdirilmişdir. Bu nüfuzlu təşkilatla  bir sıra layihələr həyata keçirilmişdir. Türk dövlətləri rəhbərlərinin birgə qəbul etdiyi sənəd əsasında ölkələr arasında turizm mübadiləsinin gücləndirilməsi və milli mədəniyyətlər üzərində qurulan mədəni turizm proqramlarının həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan hər il müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. İlk dəfə Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirildi. Artıq üçüncü dəfə keçirilən Beynəlxalq Teatr Konfransı da yaddaqalan hadisə oldu.

İlin uğurlu yekunları sırasında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Rusiya Böyük Teatrında premyerasını, Qara Qarayevin “Yeddi gözəl” baletinin ABŞ-ın San Diyeqo Şəhər Teatrında təqdimatını vurğulaya bilərik. Bu hadisələr Azərbaycan musiqisinin  beynəlxalq arenada tanınmasına imkan yaratdı.

Ötən il  regionların mədəni  həyatında da əsaslı yeniliklər olmuşdur. Bölgələrin mədəni irsinin təbliği sahəsində  “Xalq yaradıcılığı paytaxtları”  layihəsinin xüsusi yeri var. “Paytaxt”ların elan edilməsindən sonra   bölgələrdə festivalların əsası qoyuldu. Mədəniyyət  evləri, klub və kitabxanalar əsaslı təmir olunub yenidən istifadəyə verilmişdir.

Nizami Kino Mərkəzi tam gücü ilə işləyir. Bu məkanda yeni təqdimatlar, beynəlxalq film festivalları keçirilir. Ötən il Bakıda ikinci dəfə keçirilən idman filmləri festivalı layihənin təşkilatçıları tərəfindən ən yaxşı festival kimi təsdiq edildi. Həmçinin ikinci dəfə turizm filmləri festivalı gerçəkləşdi. İl ərzində filmlərimiz 50-dək beynəlxalq festivalda iştirak edib, mükafatlara layiq  görülmüşdür. Yeni çəkilmiş filmlərimiz artıq beynəlxalq arenaya çıxır.

Azərbaycan teatrlarında formalaşan beynəlxalq təcrübə mübadiləsi bizim ölkənin teatrsevərlərinə də kifayət qədər müsbət nəticə nümayiş etdirə bilir. Teatrlarda qurulan yeni tamaşalar, qastrol səfərləri, sözsüz ki, qaynar teatr həyatına rəng qatır.

İlin müsbət hadisələrindən bir neçəsi təhsil sistemi ilə bağlı oldu.Təhsil və turizm sahəsində dövlət tərəfindən irəli sürülən proqramlar bu sahələrin daha da inkişafına təkan verir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə sərəncam verildi. Bu addım ölkə rəhbərliyinin turizm sahəsinə göstərdiyi diqqətin bir hissəsidir. Burada artıq bütün təhsil pillələrini əhatə edən turizm sənayesinin kadr hazırlığı həyata keçiriləcək.

Ötən il Azərbaycan bir neçə böyük beynəlxalq kitab sərgisində iştirak etmişdir. Beynəlxalq sərgilərdə Azərbaycanda nəşr edilən kitablara maraq artmaqdadır. 2015-ci ildə  Bakıda növbəti beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.

Əlbəttə, bütün bunlar 2014-cü il Azərbaycanın   mədəni həyatında baş  verənlərin tam mənzərəsi deyil. Onu deyə bilərik ki, ötən il  milli-mədəni dəyərlərimizin  inkişafı və təbliğində  çox uğurlu bir  dövr oldu.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.5.