Prezident İlham ƏLİYEV: Əsas məqsədimiz

Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək

üçün bütün imkanlardan istifadə etməkdir

 

Biz öz gələcəyimizi yalnız neft sənayesi  ilə bağlamamalıyıq, bu sahədə işlər müvəffəqiyyətlə irəliləyir və Azərbaycana böyük valyuta ehtiyatları gətirir. Biz öz siyasətimizi elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft sənayesi inkişaf etsin.Yalnız bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmənin tempi yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçımızın dediyi kimi, Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasəti uğurla həyata keçirilir.

 

Xatırladaq ki, 2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən olmuş, Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilmiş, yeni istifadəyə verilmiş elektrik stansiyaları hesabına elektrik gücləri 2300 MVt-dan çox artmışdır. Ənənəvi istehsal sahələrinin fəaliyyəti genişlənmiş, yeni istehsal sahələri yaradılmış, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində infrastruktur layihələri reallaşdırılmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit qovşağı kimi rolunu daha da yüksəldəcək, ölkəmizin mənafeyinə xidmət edəcəkdir.

Ümumilikdə son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5, elektrik avadanlıqlarının istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artmışdır. Sənayenin inkişafı bu sahədə çalışanların sosial rifahının yüksəlməsində də özünü göstərmişdir. Belə ki, son 10 ildə sənayedə əməkhaqqı 5 dəfə artaraq 700 manatı ötmüşdür.

Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ötən il ərzində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Qeyd edək ki, hesabat dövründə müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi də sürətlə artmışdır.

Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir.

Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.

Ötən il ərzində Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Artıq Azərbaycanın peykləri - “Azərspace” və “Azərsky” orbitə çıxarılmış və ölkəmiz dünyanın “kosmos ailəsi”nin üzvünə çevrilmişdir.

Son məhsuladək texnoloji zəncirin qurulması hazırda Azərbaycan sənayesinin əsas inkişaf istiqamətlərindəndir. Bu, ölkədə mövcud olan zəngin təbii resurslardan səmərəli istifadəyə, bütün istehsal tsiklinin ölkə ərazisində formalaşmasına müsbət təsir göstərəcəkdir. Məsələn, Azərbaycan Prezidentinin 23 aprel 2013-cü il tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.

Burada  bir məqama da diqqət yetirməyi zəruri sayırıq. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Başqa sözlə, qarşıdakı illərdə yeni neft-qaz komplekslərinin, metro stansiyalarının tikintisi, I Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin inşası, yeni sənaye parklarının yaradılması metallurgiya sənayesinin sürətlə inkişafını sürətləndirməyə imkan verəcəkdir. Xatırladaq ki, hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır.

2013-cü ildə təməli qoyulmuş və ölkə Prezidenti tərəfindən sənayenin inkişafının yeni mərhələsi kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür və bu işlər cari ilin sonunadək başa çatdırılacaqdır. Artıq Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, hazırda yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, şüşə istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalı məqsədilə potensial investorlarla danışıqlar aparılır, təqdim olunan layihələr dəyərləndirilir.

2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Adıçəkilən Sənaye Parkında xarici infrastrukturun yaradılması istiqamətində işlər, demək olar ki, başa çatdırılmış, yaxın zamanlarda isə burada daxili infrastrukturun, inzibati bina və istehsal sahələrinin tikintisinə başlanılacaqdır. Sənaye Parkında fəaliyyət göstərmək üçün 3 rezident qeydiyyata alınmış, yeni rezidentlərin cəlb olunması istiqamətində işlər davam etdirilir.

Bütün bunlarla yanaşı,  yaxın gələcəkdə Gəncə və Mingəçevir şəhərlərində də mövcud potensiala əsaslanan müasir sənaye parklarının yaradılması nəzərdə tutulur.

Regionlarda sahibkarlığın inkişafında və yerli potensialdan səmərəli istifadə olunmasında əsas istiqamətlərdən biri də Azərbaycanın  müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılmasıdır. Belə məhəllələrin salınması yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.  Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli fərmanından irəli gələn tapşırıqların icrası istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye məhəllələrinin təşkili üçün hüquqi bazanın formalaşdırılması məqsədilə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilmiş, “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanmışdır. Hazırda ölkənin müxtəlif bölgələrində sənaye məhəlləsinin yaradılması imkanları araşdırılır. Təhlillərin nəticəsinə uyğun olaraq, Azərbaycan İnvestisiya Şirkəti tərəfindən sənaye məhəllələrinin yaradılmasına başlanılacaqdır.

Yeri gəlmişkən, ötən il ərzində ölkədə 230-dan çox sənaye müəssisəsi açılmışdır. Müasir texnologiya və avadanlıqlara əsaslanan bu müəssisələr arasında “Norm” sement zavodu, kağız və karton istehsalatı kombinatı, yağ fabriki, mis emalı zavodu, Sumqayıt Tekstil Parkının yeni fabrikləri, “Arpaçay-1” və “Arpaçay-2” su-elektrik stansiyaları, Suraxanı Günəş Elektrik Stansiyası, “Gilan” qida şəhərciyi, yem istehsalı və meyvə-tərəvəz emalı müəssisələri, alüminium, kərpic, asfalt, metal konstruksiya zavodlarını göstərmək olar. Onu da qeyd edək ki, hazırda təkcə dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir.

Sənayenin dinamik inkişafı ilə bağlı 2015-ci ildə   bir sıra mühüm tədbirlər reallaşdırılacaqdır.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirildiyi kimi, yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək, sənayenin ən müxtəlif sahələri inkişaf etdiriləcək, son məhsul istehsalınadək texnoloji zəncirlər qurulacaq, ixrac potensialı daha da genişləndiriləcəkdir. Sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, qeyri-neft sənayesinin inkişaf etdirilməsi dövlət investisiya siyasətində əsas istiqamətlərdən olacaqdır.

Sözügedən konsepsiyada bildirilir ki, 2020-ci ildə ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə Azərbaycanın əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

Ötən illərdə olduğu kimi, cari ildə də neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

Adıçəkilən konsepsiyada həmçinin vurğulanır ki, qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, nəticədə bölgələr üzrə əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına nail olunması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, inkişaf konsepsiyasında bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Adıçəkilən Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Bu məqsədlərin həyata keçirilməsi üçün proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni sahələrin yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, sənaye zonalarının və klasterlərinin təşkili, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir.

Bütün imkanlar, eləcə də dövlətin bu sahəyə dəstəyi qarşıdakı illərdə respublikada yeni sənaye müəssisələrinin yaradılmasını stimullaşdırır. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla, iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaqdır. Sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcəkdir. Yəni dövlət beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarına ixrac etməklə valyuta gəlirlərini artıra biləcəkdir. Bu məqsədlə yeni sənaye mərkəzlərinə investorların cəlb edilməsi üçün ölkədə daha əlverişli biznes imkanları yaradılır. Digər tərəfdənsə, dövlət öz maliyyə dəstəyini gücləndirməklə yanaşı, xarici investorlar üçün bir sıra güzəştli şərtlər tətbiq etməyi də nəzərdə tutur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi, 2020-ci ilədək qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.

Beləliklə, 2020-ci ilədək olan dövrü əhatə edəcək bu mərhələdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir. Bu sahədə görülən tədbirlər, ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımı, ilk növbədə, əlverişli sahibkarlıq və biznes mühitinin nəticəsi kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev demişdir: “Hazırda əsas məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün bütün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk... İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir”.

Göründüyü kimi, dövlət başçımızın sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il ölkəmizdə çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilmişdir. 2015-ci ildə   Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən sənaye müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.1.