Milli qürur ünvanı - Bayraq muzeyi

 

Muzeylər xalqın mədəniyyəti, zəngin tarixi ilə yaxından tanış olmaq üçün ən vacib məkanlardandır. Bayraq muzeyi bu məkanlar içində xüsusi yer tutur. Bu muzeydə Bayraq Günü olsam da, təəssüratlarımı indi qələmə alıram.

 

O gün səhərin sərin mehi gənc oğlan və qızların  saçlarına sığal çəkir,  sanki hamını bir istiqamətə – Bakının ən görkəmli məkanında yüksəklikdə dalğalanan Azərbaycan bayrağına doğru tələsdirirdi. O bayraq ki, yarandığı və ucaldıldığı gündən Azərbaycan xalqının istiqlaliyyətini dünyaya bəyan edib, xalqımız o bayraq altında azadlığın və müstəqilliyin, dövlətçiliyin dadını bilib. O bayraq ki, onu  Almas İldırım, Əhməd Cavad, Cəfər Cabbarlı kimi şairlərimiz tərənnüm edib, bu xalqın taleyində və tarixində onun necə vacib atribut olduğunu bədii boyalarla əks etdiriblər.

1920-ci il Sovet işğalı xalqımızın milli mübarizə ilə qaldırdığı üçrəngli bayrağımızı endirsə də, haqq gec-tez qalib gəlməli idi. Müdriklər tarixin sınağından çıxmış bu sözə həmişə  inanıblar. Odur ki, bu xalqın vətənpərvər övladları  imperiya dövründə belə,  tarixi keçmişimizə, milli kimliyimizə və bayrağımıza hörmət edir, onun səmada yenə azad dalğalanacağına inanırdılar. Üçrəngli bayrağı evinin  ən mübhəm köşəsində əzizləyənlər də az deyildi...

Pilləkənlər boyu Bayraq meydanına doğru addımladıqca, tarixin, həmin ağsaqqal, ağbirçəklərimizin necə müdrik olduğuna bir daha əmin olursan.

Məhz onların milli qürur hissini qoruyub gələcək nəslə çatdırması sayəsində bu gün bayrağımız nəinki əzəmətlə dalğalanır, həmçinin  Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Bayrağı Muzeyində qədim dövrdən bu yana bayraqlarımız qorunur, gənc nəslə çatdırılır.

Bayraq Günü ilə əlaqədar muzeydə izdiham var. Hərbçilər, əsgərlər, məktəblilər, müxtəlif ictimai qurumların nümayəndələri muzeyi ziyarət edirlər. Muzeyin girişində bizi salamlayan bələdçi xanım muzeyin yaradılması və burada nümayiş edilən eksponatlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, 2010-cu il noyabrın 9-u Dövlət Bayrağı Günündə açılan  muzey səkkizguşəli ulduz formasındadır. Burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa olunmuş bayraqları, gerbləri, bayraqların  elementləri, ayrı-ayrı şəhərlərin rəmzi nişanları, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları nümayiş etdirilir.

Girişdən sola doğru hərəkət etdikcə divarda Gəncə, Lənkəran, Şamaxı, İrəvan xanlıqlarının bayraqları, eləcə də gerbləri diqqəti cəlb edir. Azərbaycan və ingilis dillərində olan məlumat xarakterli lövhələr ziyarətçilərin marağına səbəb olan müxtəlif məzmunlu bayraqlar, eləcə də digər eksponatlar barədə bilgi almağa kömək edir. Ardıcıllıqla eksponatları incələdikcə, qarşıma çıxan digər bayraq eksponatı nədənsə diqqətimi cəlb etdi. Lövhədəki yazıdan məlum olurdu ki, bu bayraq  məhz Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanıb.  Muzeyin stendlərində həmçinin Heydər Əliyevin və İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, eləcə də  mərasim geyimləri gənclərin, xüsusilə də məktəbli və tələbələrin diqqətini cəlb edir.

Muzeyin digər maraqlı eksponatlarına müxtəlif dövrlərə aid, eləcə də Səfəvilər dövründə kəsilmiş  pul nişanları, həmçinin Şah

İsmayıl Xətainin sikkəsi, gümüş şahısı da daxildir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsis edilmiş müxtəlif dövlət mükafatları, ordenmedallar ən diqqət çəkən stendlərdəndir. “İstiqlal”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə”, “Şərəf”, “Dostluq” ordenləri buraya daxildir. Qeyd edək ki, dövlətimizin ən yüksək təltifi ulu öndərin adını daşıyan “Heydər Əliyev” ordenidir.

Muzeyi gəzdikcə, nümayiş olunan ayrıca bir sənəd də diqqətimi cəlb etdi. Bu, Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən şəhadətnaməsi idi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan bayrağı  162 metr hündürlükdə dünyanın ən hündür bayraq dirəyi üzərində dalğalanır.

Prezident İlham Əliyevin Dövlət Bayrağı Muzeyini ziyarət edərkən yazdığı ürək sözlərini oxuduqca, Azərbaycan bayrağına verilən ən yüksək dəyərin şahidi  olursan. Dövlət başçımız yazır: “Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir. Bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq! ”

Fəxri qonaqlar üçün ayrılmış xatirə kitabı isə ölkəmizi ziyarətə gələn rəsmi qonaqların ürək sözlərini əhatə edirqorunub saxlanılır.  Qeyd edək ki, ən müasir multimedia sistemiinformasiya texnologiyaları ilə təchiz edilmiş muzey öz akustikası və rəngarəngliyinə görə seçilir.

Muzeyi ziyarət edənlər arasında hərbçi və əsgərlərin də olması və bayrağımız qarşısında onların sayğı duruşunda dayanması istər-istəməz qəlbimdə gələcəyimizə xoş ümidlər oyatdı. Vətənimizin keşiyində dayanan məhz bu əsgərlər  cənab Prezidentin burada öz ürək sözlərində yazdığı kimi, bayrağımızı məhz Şuşada, Dağlıq Qarabağda dalğalandıracaqlar! O gün uzaqda deyil...

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2015.- 11 yanvar.- S.5.