“İstiqlalın işığında”

 

 Bu günlərdə görkəmli pedaqoq, tədqiqatçı və publisist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 90 illiyinə həsr olunmuş  “İstiqlalın işığında” kitabı “Zərdabi MMC” nəşriyyatında nəfis şəkildə nəşr edilmişdir. Kitabda milli jurnalistikamızın görkəmli nümayəndəsi, ölkə jurnalistlərinin bir neçə nəslinin sənət və həyat müəllimi Ş.Hüseynov haqqında Azərbaycanın və keçmiş SSRİ dövlətlərinin görkəmli elm və mədəniyyət xadimlərinin, tanınmış siyasətçilərin maraqlı rəy, fikir və arzuları yer almışdır.

 

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının 24 noyabr 2013-cü ildə keçirilən təqdimatı mərasimində dövlət başçısının çıxışı zamanı professor Ş.Hüseynovun 1970-ci illərdə Azərbaycan televiziyasında siyasi icmalçı, bütövlükdə pedaqoq, alim, tədqiqatçı kimi fəaliyyətinə verdiyi dəyərli fikirlərlə başlayır. Cənab Prezident demişdir: “Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir”.

Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir ki, professor Ş.Hüseynov həqiqətən milli jurnalistikamızın zəngin tarixi irsinin yorulmaz tədqiqatçısıdır. O, milli məfkurəmizin böyük simaları M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Ə.Ağayev, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və başqa  mütəfəkkirlərin zəngin irsini, milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı ölməz fikirlərini böyük fədakarlıqla  toplayaraq abidə nəşrlər ortaya qoymuşdur. Milli istiqlal ənənələrini qoruyub yaşatmaq Ş.Hüseynovun həyat kredosuna çevrilmişdir.

Fikrimcə, Ş.Hüseynovun məhz milli məfkurənin canlı daşıyıcısı olduğunu nəzərə alaraq nəşrin tərtibçisi professor Cahangir Məmmədli və redaktoru Yusif Hüseynov kitabaİstiqlal işığında” kimi çox uğurlu ad seçiblər. Professor Ş.Hüseynov öz dərin və iti zəkası, yüksək intellektimilli təəssübkeşliyi ilə hətta sovet dönəmində belə universitet auditoriyalarında öz tələbələrinə milli istiqlalımızın fədakar mücahidlərindən cəsarətlə söz açmış, əsl həqiqəti söyləməkdən çəkinməmişdir.

Təsadüfi deyildir ki, böyük istiqlal şairimiz Bəxtiyar Vahabzadə ömrü boyu dostluq etdiyi Ş.Hüseynov barədə necə də gözəl demişdir: “Sən öz əxlaqın, ləyaqətin, dönməzliyin, təmizliyin, bütövlüyün, mərdliyin və kişiliyinlə həm öz yaşıdlarına, həm də çağdaş gəncliyə nümunəsən, örnəksən.

Şirməmməd – əxlaqın, haqqın öz səsi

Ləyaqət, dəyanət mücəssəməsi!”

Kitabda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun “Alimin vətəndaşlıq mövqeyi” məqaləsində Azərbaycanın bu nüfuzlu təhsil ocağının 95 illik tarixi ərzində yetişdirdiyi nəhəng şəxsiyyətlərin sırasında professor Ş.Hüseynovun özünəməxsus yerimövqeyi olduğu xüsusi qədirbilənliklə qeyd edilir. Yazıda haqlı olaraq vurğulanır ki, Azərbaycanın ictimai fikrində bitkin bir şəxsiyyət olan Ş.Hüseynov, hər şeydən əvvəl, universitet müəllimidir, gənc nəslin azərbaycançılıq, milli təəssübkeşlik, azad fikirlilik, obyektivlik keyfiyyətləri ilə böyüyərək formalaşmasına xüsusi tələbkarlıqla yanaşmışdır.

Kitabda Xalq yazıçısı Anarın “Jurnalistikamızın patriarxı”, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun “Azərbaycan mətbuatının pərvanəsi”, Milli Məclisin deputatı, Xalq yazıçısı Sabir Rüstəmxanlının “Canlı əfsanələrdən biri”, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Şirməmməd müəllimin şineli”, akademik Vasim Məmmədəliyevin “Nəfsinə sahib insan”, professorlar Yalçın Əlizadənin “Jurnalistikamızın vicdan səsi”  Qulu Məhərrəmlinin “İstiqlal işığı” və sair müəlliflərin yazılarında professor Ş.Hüseynovun çoxcəhətli elmipedaqoji, eləcə də ictimai-siyasi fəaliyyətini səciyyələndirən maraqlı fikir və müşahidələr yer alıb. Bu yazılar bütövlükdə ən təzadlı situasiyalarda belə əqidə saflığı və  bütövlüyünü qoruyub saxlamağı bacaran şəxsiyyətin parlaq portretini canlandırır.

Təqdirəlayiq haldır ki, kitabda Şirməmməd müəllimin vaxtilə aspirantı olduğu Moskva, eləcə də Kiyev dövlət universitetlərinin görkəmli alim və jurnalistlərinin də onun haqqında ürək sözləri və təbrikləri yer almışdır. Yeri gəlmişkən, bu sətirlərin müəllifi Moskva Dövlət  Universitetində təhsil aldığı illərdə Şirməmməd müəllimin keçmiş İttifaqın bu ən nüfuzlu təhsil ocağında necə böyük hörmət və ehtirama sahib olduğunun canlı şahidi olmuşdur. Moskvalı professorlar ona əyalət alimi kimi yanaşmağı ağıllarına belə gətirmir, əksinə, Ş.Hüseynovun jurnalistika elminin nəzəri və praktiki tendensiyaları  ilə bağlı orijinal fikirlərini dəyərləndirirdilər.

Ş.Hüseynov bu gün milli jurnalistikamızın canlı korifeyidironun zəngin elmi, publisistik irsi uzun illər yeni nəsillərin tədqiqat obyekti olacaqdır. Şirməmməd müəllim məktəb yaratmış nadir jurnalist alimlərdəndir. Tələbələri, peşə, ideya davamçıları onun şəxsində, hərəkət və əməllərində öz arzularının təcəssümünü görürlər. Şirməmməd müəllimin parlaq  nümunəsi millətə, dövlətçiliyimizə, azad sözə və düşüncəyə xidmət etmək istəyən hər kəs üçün örnəkdir.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2015.- 11 yanvar.- S.7.