Türk-erməni
münasibətləri:
tarixin sınaqları və gerçəklik
Son vaxtlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaradılmasına xidmət edən müəyyən tədbirlər keçirilir. Onlar, əsasən, Türkiyədə təşkil olunur. Elmi konfranslarda və simpoziumlarda xalqlar arasında dostluqdan danışılır, kənar qüvvələrin ara vurmasına imkan verməmək tövsiyə olunur. Hətta böyük dövlətlərin öz maraqları naminə nifaq toxumu səpməsinə əngəl olmağa çağırış edilir.
İlk baxışdan xoş
niyyət nümunəsi kimi görünən
bu hadisələrin arxasında yenə də
örtülü təbliğat məqamlarının
dayandığı aydın olur. Ermənilər
yenə də səmimi davranmır, Azərbaycanın ərazilərinin
işğal olunmasını yada salmır, Xocalı
soyqırımını dilə gətirmirlər. Türkiyədə
bir-birinin ardınca keçirilən həmin
tədbirlərdə nə kimi məqsədlər
güdülür?
Tarix və həqiqət: iki mühüm şərt
Türkiyə ilə
Ermənistan arasında münasibətlərin gərgin olduğu məlumdur. Qondarma
“erməni soyqırımı”nın yubileyi
ilə əlaqədar həmin məsələ daha həssas məzmun almaqdadır.
Maraqlıdır ki, Türkiyə tərəfi
ermənilərlə bağlı olan tədbirləri
tez-tez təşkil edir.
Keçən ilin payızında Ankara universitetində türk-erməni
münasibətlərinə həsr edilmiş
beynəlxalq konfrans təşkil edildi. Buraya dünyanın
müxtəlif ölkələrindən ermənilər dəvət
edilmişdilər.
Yanvarın 5-7-də İstanbul universitetində “Türk-erməni
münasibətləri 19-20-ci yüzildə” simpoziumu
keçirilib. Burada din xadimləri, alimlər, ictimai
təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə iki xalq arasındakı
münasibətlərin tarixi və bu günü haqqında
fikirlər səsləndirilib. Bir neçə
məqama toxunulub ki, biz onların üzərində dayanmağa ehtiyac duyuruq.
Türkiyə ermənilərinin
patriarxı Aram Ateşyan
bir sıra xarici
ölkə parlamentlərinin “soyqırımı” məsələsinə
qiymət verməsini düzgün hesab etmədiyini bildirib.
O, nəyə görə bunu məhz indi etdiklərini sual edib. Əgər həmin dövlətlər doğrudan da 100 il əvvəl baş verənləri
“soyqırımı” hesab edirdilərsə,
indiyə qədər bunu
vurğulamalı idilər. Deməli, burada
siyasi məqsəd vardır. Ermənilərlə
türklər arasında münasibətlərin düzəlməsini
istəməyənlər vardır.
İlk
baxışdan humanist və
sağlam düşüncəyə
dayanan fikirlərdir. Həqiqətən, hazırda bir sıra ölkənin “soyqırımı”
məsələsində xüsusi canfəşanlıq
etməsi onların qeyri-səmimiliyini göstərir. Ancaq məsələ burasındadır ki, məhz ermənilər uzun
illərdir ki, “soyqırımı”
haqqında nağılları dünyaya car çəkirlər. Fürsət
düşdükcə, göz
yaşları axıdıb, türklərin cəzalandırılmasını
istəyirlər.
Ermənistan prezidenti Serj Sarkisyan müxtəlif beynəlxalq tədbirlərdə
dəfələrlə bu barədə
danışıb. O, hətta türkləri ağır
sözlərlə təhqir etməkdən də çəkinməyib.
Erməni siyasətçiləri, ziyalıları,
diplomatları imkan düşdükcə
1915-ci il hadisələrini ümumi
kontekstdən çıxararaq, özlərinə sərf edən
aspektdə təqdim edirlər. Yəni artıq 100 ildir ki, ermənilərin
özləri bu istiqamətdə fəaliyyət
göstərirlər. Bəs onda
baş yepiskop kimə
irad tutur? Əgər
söhbət sağlam düşüncədən
və tarixi ədalətin bərpa
olunmasından gedirsə, o, hər şeydən
əvvəl öz soydaşlarına
müraciət edib, cəfəng iddialardan əl çəkməyi təklif
etməməlidirmi?
Məsələnin
digər tərəfi 100 ildən də əvvəl baş vermiş hadisələrə
gedib çıxır. İndi
A.Ateşyan deyir ki, “nifaq toxumları əkmək
ayrılığı gücləndirər”. Doğrudur,
lakin bunun kökü 300 il bundan əvvəl Qərbin təbliğatına
uyan ermənilərin Osmanlıya
qarşı fəaliyyətə başlamasındadır. Tarixi faktlar sübut edir ki, Avropa imperialist
qüvvələri Osmanlını dağıtmaq üçün ermənilərdən oyuncaq kimi istifadə edib. Nifaq toxumu
da o andan
xalqlar arasına əkilib. Sadəcə bir sıra dövlətləri qınamaqla onu bu gün
aradan qaldırmaq mümkün
deyil. Bunun üçün ermənilər ilk növbədə öz
şüurlarını türk-müsəlman xalqlarına
qarşı olan patologiyadan
təmizləməlidirlər. Erməni valideyn
uşağını türkə nifrət ruhunda
tərbiyə edirsə, heç bir ölkənin siyasi
hakimiyyəti nifaq toxumunu
aradan qaldıra bilməz. Lakin
təəssüf ki, heç
bir erməni ziyalısı və ya din xadimi
məsələni bu müstəvidə qoymur. Türk-erməni əlaqələrinə
həsr edilmiş tədbirlərdə dostluqdan danışan ermənilərin biri də bunu etmədi.
Baş rahib Tatul
Anuşyan sual edib: “Məsələ 1915-ci ildənmi ibarətdir?
O ili təqvimdən
çıxarmaq mümkündürmü?”
(bax: Bülent
Şanlıkan. Nifak tohumu ekmek
ayrılığı körükler “Akşam”, 6 yanvar 2015).
Aydın görünür ki,
burada sətiraltı qarşı tərəfi
suçlama var. O, həmin
hadisələri ermənilərin kütləvi surətdə
qırılması kimi təqdim edir. Reallıqda isə söhbət Birinci dünya müharibəsində
yaşanan faciələrdən gedir. Onu çoxlu xalqlar,
o cümlədən türklər,
kürdlər, ermənilər və başqaları da yaşamışdı. Erməni məsələsini
bu ümumi mənzərədən
ayırıb, ritorik sualla
xatırlamağın arxasında hansı məqsədlər
dayanır?
Səmimilik və ədalət olmayanda
Burada başqa bir məqam da vardır.
Ermənilər həmin tədbirdə bir
sıra kənar qüvvələrin iki
xalqın arasını vurduğunu
ayrıca qeyd ediblər. Görünür,
onlar həm də Azərbaycanı nəzərdə
tuturlar. Sürix
protokollarının iflasında məhz Azərbaycan rəhbərliyi
günahlandırılır. Ermənilər vəziyyəti
elə təqdim etməyə çalışırlar ki, guya Türkiyə ilə
Ermənistan Azərbaycanı nəzərə almadan
dost olmalı, Ermənistan Dağlıq
Qarabağı işğal altında saxlamaqda davam etməli, Ankara isə bu məsələyə
qarışmamalıdır.
Əslində, bu məqam erməni təbliğatında bir qədər gizli surətdə
öz əksini tapıb. Belə ki, İstanbul universitetindəki
tədbirdə də ermənilər 1915-ci ildən
danışıblar, lakin Dağlıq Qarabağda baş vermiş soyqırımından söhbət açan olmayıb. Niyə
Xocalıda ermənilərin kütləvi surətdə
insanları vəhşicəsinə qətlə yetirdikləri
dilə gətirilməyib? Əgər söhbət həqiqi dostluqdan, obyektivlikdən, ədalətdən və
xalqların öz arasında problemləri
həll etməsindən gedirsə, bunlar
deyilməli idi. Yaxud
Azərbaycandan mütəxəssisləri dəvət edib, onları dinləməli idilər. Lakin tədbir iştirakçıları sanki Azərbaycan yoxmuş
kimi davranıblar.
Ermənilər səmimidirlərsə,
bütövlükdə kütləvi qırğınlara, qətliamlara,
soyqırımı hadisələrinə mənfi münasibət
bildirməlidirlər. Başqa halda müxtəlif ibarələrlə
1915-ci il hadisələrini həmin dövrün kontekstindən
çıxarıb təqdim etmək mövcud
vəziyyəti qətiyyən dəyişməyəcək. Çünki gec və ya tez həqiqət öz yerini tapır.
Azərbaycan torpaqlarını işğal
altında saxlamaqla Türkiyə ilə sərhədləri
necə açmaq olar?
Belə
çıxır ki, Türkiyədə
keçirilən tədbirlərdə insanları buna hazır olmağa dəvət
edirlər. Fikir bildirənlər ümumi şəkildə qədim dostluqdan, sıx əlaqələrdən
danışırlar. Avtomatik olaraq sual yaranır: bu ənənə niyə pozulmalıdır? Bunun üçün sərhədləri
açmaq lazımdır? Lakin
milyonlarla azərbaycanlının həyat
faciəsi, Azərbaycan dövlətinin ərazi bütövlüyünün pozulması yada düşmür. Belə
çıxır ki, bu
kimi tədbirlər daha
çox Qərbin sifarişləri əsasında
təşkil olunur.
Nüfuzlu adamları tribunalara
çıxarıb humanistlikdən, əməkdaşlıqdan
danışdırırlar, real vəziyyət
isə nəzərə alınmır. Bu meyl getdikcə güclənir. Onun
səmərəsizliyi göz önündədir.
Bəs türklər bu oyunlara
niyə qoşulurlar? Bəlkə hesab edirlər ki, həmin
üsulla uydurma
“soyqırımı”nın 100-cü ildönümündə
özlərinə qarşı aqressiyanı azaldacaqlar?
Bu da əbəs cəhddir,
çünki tarix bu illə bitmir və erməni
xisləti dəyişməyib. Ermənistan dövlət kimi xarici qüvvələrin
diktəsi ilə hərəkət edir. Onlar istənilən vaxt anti-türk kampaniyası təşkil edə
bilərlər.
Bunlardan belə məlum olur
ki, İstanbul
universitetində təşkil edilmiş həmin
tədbir daha çox
təbliğat xarakteri daşıyıb. Burada erməni
din xadimlərinin və
ziyalılarının hər iki xalqın
nümayəndələrini dostluğa
çağırması, qarşıdurmalardan uzaq
durmağa dəvət etməsi söz xatirinə deyilənlərdir. İnanmaq çətindir ki,
erməni şüurunda sürətli dəyişikliklər
baş versin. Həmin
səbəbdən türklərin ehtiyatlı olması, bizcə,
daha doğru
olardı.
Şübhə yoxdur ki, xalqlar
arasında əbədi düşmənçilik ola bilməz. Hər zaman
barış, mehriban qonşuluq
şəraitində yaşamağa can atmaq gərəkdir. Ancaq bu, birtərəfli qaydada olmur. Ermənilər
də səmimi olaraq buna
çalışmalıdırlar. Məhz bu
məqamı hələlik görə bilmirik.
İndiyə
qədər heç bir
erməni siyasətçisi və ziyalısı Dağlıq
Qarabağda törədilən hadisələrdə
soydaşlarının tarixi məsuliyyət
daşıdığını deməyib, Ermənistanın
Türkiyə ilə sərhədlərinin
açılması üçün işğal edilmiş ərazilərdən
Ermənistan
qoşunlarının çıxarılması zərurətini
vurğulamayıb. Niyə? Çünki
ermənilər heç vaxt
öz maraqları naminə
başqalarını əsassız olaraq ittiham etməkdən çəkinməyiblər.
Bu kontekstdə A.Ateşyanın İstanbul tədbirində dediyi
bir fikri onun özünə ünvanlamaq
istərdik. O, çıxışının bir
yerində deyib: “Yaşanmış
acıların bir intiqam
məsələsi olmasında fayda yoxdur”. Həqiqətdə ilk
növbədə ermənilər bunu qəbul
etməlidirlər.
Görünür, bundan sonra da bu
cür tədbirlər təşkil ediləcək,
gəlişigözəl sözlərlə dolu
çıxışlar olacaq, Türkiyə-Ermənistan
münasibətlərinin nizama
salınması üçün müxtəlif
üsullara əl atılacaq. Ancaq çətin ki, bu, real vəziyyəti dəyişsin.
Çünki ədalət və tarixi həqiqət öz yerini tapmayınca, qondarma yollarla konkret nəticə
əldə etmək mümkün deyil.
Xalq qəzeti.- 2015.- 13 yanvar.- S.4.