“Burdan min atlı keçdi”

tamaşası böyük səhnədə

 

 Binəqədi Rayon İcra Hakimiyyəti və İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşanın nümayişi olub.

 

Tamaşa Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasihumanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş planına uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində təşkil edilib.

Akademik Milli Dram Teatrında tamaşanı izləyənlərin sırasında əsərin müəllifi şair-dramaturq Hidayət Orucov, rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatları  Nizami Cəfərov, Gülçöhrə Məmmədova, AMEA-nın vitse-prezidenti, professor İsa Həbibbəyli, rayon icra strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri  olublar.

Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.

Tamaşada dahi şəxsiyyət Heydər Əliyev  Azərbaycan qarşısında şərəfli missiyanı layiqincə yerinə yetirən lider kimi səciyyələndirilmiş, ulu öndərin öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi göstərmişdir.

“Burdan min atlı keçdi”də   zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran ümummilli lider Heydər Əliyev Azərbaycan coğrafiyasına sığmayan, milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə edilmişdir.

...İrəvan Dövlət Azərbaycan teatrının yarandığı gündən uğurlu tamaşalarla çıxış etməsi və tamaşaçı sevgisi qazanması rəhbər vəzifələrdə olan erməni məmurları narahat edir, hətta ona ayrıca bina verməmək üçün min bir bəhanə axtarırlar. Bütün bu hadisələrin məğzində  əsas məqsəd azərbaycanlı soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq, burada olan türk izini itirmək, Azərbaycanın tərkib hissəsi olan Dağlıq  Qarabağı Ermənistana birləşdirmək dayanır. Bütün bu hadisələrin fonunda yurd yerlərimizə uzanan qanlı və məkrli əlləri öz cəsarəti və kəsərli çıxışları ilə dəf edən bir şəxsiyyətin – ulu öndər Heydər Əliyevin obrazı daha parlaq görünür.

 “Burdan min atlı keçdi” tamaşasında Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın erməni xisləti və hiyləgərliyinə qarşı apardıqları mübarizə, həmin illərin ictimai-siyasi ab-havası, SSRİ dövründə erməni şovinistlərinin Azərbaycana qarşı torpaq iddiası kimi məsələlər müxtəlif personajların dili və hadisələrlə təsvir edilir.

Uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrına  rəhbərlik etmiş dəyərli ziyalımız Hidayət Orucovun əsərində  bu teatrın fəaliyyəti və üzləşdiyi çətinliklərə baxmayaraq, bir sənət məbədi kimi teatr sənətimizi yaşatması  da geniş əks edilib. Natiq Həziyevin oynadığı ədib rolunun timsalında bir yaradıcı insanın, Azərbaycan milli-mənəvi dəyərlərini yaşadan ziyalının obrazı canlandırılır.

Tamaşada  SSRİ dövründə erməni millətçilərinin torpaq iddialarına  ulu öndər Heydər Əliyevin layiqincə cavab verməsi çox parlaq şəkildə və ustaqlıqla təqdim edilir. Erməni separatçılarının Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri və bunun üçün müxtəlif siyasi fəndlərdən istifadə etmələrinə cavab olaraq ulu öndər onların bu ərazilərə köçürülməsini faktların dili ilə açıq şəkildə bəyan edir. Əsərdə cərəyan edən  hadisələr 1968-ci ildən günümüzə qədərki dövrü əhatə edir. Ulu öndərin Ermənistan rəhbəri Anton Koçinyanla telefon danışıqları, QazaxdaDilicanda görüşləri, sonrakı illərdə Qarabağ uğrunda Koçinyanın gizli danışıqları, M.Suslovla olan dialoq səhnəsində onun  ifşası, Liqaçovla görüşdə ulu öndərin cəsarətli çıxışı tamaşanın ən dramatik səhnələridir.

Ulu öndər Heydər Əliyev obrazını canlandıran teatrın bədii rəhbəri, əməkdar mədəniyyət işçisi İftixar Piriyevin uğurlu çıxışı yaddaqalan oldu, teatrsevərlər tərəfindən maraqla qarşılandı.  Tanınmış aktyor istər danışıq manerası, istərsə də jest və mimikası ilə obrazın öhdəsindən məharətlə gəlirdi. Tamaşaçıların hərarətli alqışları da bunu deməyə əsas verir.

Əməkdar artist Firuddin Məmmədovun quruluşçu rejissor kimi hazırladığı  tamaşada Suslov – Nazir Rüstəmov, Liqaçov – Xalq artisti Məzahir Süleymanov, Koçinyan – Məhərrəm Musayev, Ermənistan mədəniyyət naziri – Əjdər Zeynalov,  Ədib – Natiq Həziyev, Kamran Bağırov – Əmrulla Nuriyev, Şahnazaryan – Əməkdar artist Vaqif Kərimov və digər aktyorlar çıxış etmişlər.

Sevindirici haldır ki, İrəvan Dövlət Azərbaycan Teatrı didərginlik həyatı yaşasa da, bu gün repertuarı və  müraciət etdiyi mövzunun aktuallığına görə seçilir. Teatrın hazırladığı istənilən tamaşa insanların, xüsusilə də gənc nəslin vətənpərvərlik duyğularının oyanmasında mühüm rol oynayır.

Tamaşanın finalı da öz məzmun və ideyasına görə seçilir. Ulu öndər Heydər Əliyevin  ərazi bütövlüyümüz ilə bağlı söylədiyi nəsihət xarakerli fikirlər, əslində, hər bir vətəndaşa, xüsusilə də gənclərə çağırışdır. Əsərin gələcəyə nikbin ovqatda bitməsi sabahımıza ümidlə baxmağa stimul verir.  İnanırıq ki, uzun illər istər ədəbi-bədii yaradıcılığı, istərsə də ictimai fəaliyyəti ilə dövlətçiliyimizə və xalqımızın işıqlı gələcəyinə xidmət edən dəyərli ziyalımız Hidayət bundan sonra da aktual mövzularla tamaşaçıları sevindirəcək.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2015.- 14 yanvar.- S.6.