Türkiyə – Azərbaycan birliyi, əməkdaşlığı

dünya miqyasında önəmli bir amilə çevrilmişdir

 

Bu gün imzalanan Birgə Bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən və görüləcək işlər öz əksini tapıbdır. Bu gün Strateji Əməkdaşlıq Şurasının dördüncü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli, əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ankara, 15 yanvar, 2015-ci il

 

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qardaş Azərbaycan ilə aramızdakı bütün əlaqələri – istər hərbi, istər siyasi, istər iqtisadi, istər ticari, mədəniyyət və təhsil sahələrində daha yüksək səviyyəyə çatdıracağına heç şübhə etmirik. Bu mexanizmin uğurla işləməsi atacağımız addımların daha güclü olacağını göstərir.

 

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Cümhuriyyətinin Prezidenti

 

Ankara, 15 yanvar, 2015-ci il

 

Tarix bir daha sübut etdi  ki, ulu öndər Heydər Əliyev “Biz dünyanın bütün ölkələri və xalqları ilə, bütün beynəlxalq təşkilatlarla yüksək səviyyəli, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq yolunu seçsək də, ilk növbədə, türkdilli ölkələrlə, sonra isə yaxın qonşularımızla əməkdaşlığa xüsusi önəm verəcəyik”– tezisini nə qədər uzaqgörənliklə söyləmişdi.

 

Dünyada və regionda gedən ictimai-siyasi proseslər növbəti dəfə göstərdi ki, Azərbaycanın xarici siyasət kursu, sözün həqiqi mənasında, müdrikcəsinə düşünülmüş, ən incə məqamlarına qədər dəqiqləşdirilmiş siyasi kursdur. Həmin kursun ən mühüm tərkib hissələrindən olan Azərbaycan - Türkiyə dostluq və tərəfdaşlıq münasibətləri, hərtərəfli əməkdaşlığı isə artıq bu iki ölkə üçün deyil, region və dünya dövlətləri üçün mühüm səmərə verdiyinə görə xüsusi bir nümunə kimi qiymətləndirilir.

Neçə əsr əvvəl mövcud olmuş, sonralar müxtəlif səbəblər üzündən sıradan çıxarılmış Böyük İpək Yolunun bərpasında Bakı və Ankaranın nümayiş etdirdiyi qətiyyət, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ortaya qoyduğumuz siyasi iradə, hər iki dövlətin sülh və qarşılıqlı etimada verdiyi önəm heç kəsin nəzərindən yayınmır və hamı tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar dünya səviyyəsində qəbul edilən həqiqətlərdir. Amma ən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycan - Türkiyə dostluq və tərəfdaşlığı, ilk növbədə, bizim xalqlarımızın və dövlətlərimizin mənafelərini təmin edir. Prezident İlham Əliyevin qardaş ölkəyə yanvarın 14-15-də reallaşdırdığı dövlət səfəri çərçivəsində də bu fikirləri dəfələrlə eşitdik.

Səfər çərçivəsində reallaşdırılan ən mühüm tədbirlərdən biri  prezidentlər İlham Əliyevin və  Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası idi. İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olundu. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Digər mühüm məqam isə dövlət başçılarının iştirakı ilə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək sənədlərin imzalanması mərasimi idi. İndiyədək mövcud olan çoxsaylı siyasi-diplomatik və cəmiyyət həyatının digər sahələrini əhatə edən sənədlərə dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə Bəyanat” və daha iki   memorandum da  əlavə olundu. “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumu”  qarşılıqlı əməkdaşlığımızı daha da səmərəli edəcək.

Dövlət başçılarının mətbuat üçün bəyanatla çıxış etməsi isə,  demək olar ki, bütün dünyanın diqqət mərkəzində idi.  Həmin məqamı nəzərə alan cənab Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasına işarə edərək dedi: “Bu iclasda – istər ikitərəfli görüşümüzdə, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bir çox nazirlərimizin öz ikitərəfli fəaliyyətlərini və bundan sonra da birgə keçirdiyimiz iclasda Azərbaycan-Türkiyə əlaqələrini, dünəndən bu günə haraya gəldik – bunları dəyərləndirdik. Bölgənin problemlərini, bundan sonra atacağımız addımları müzakirə etdik. 2013-cü ilin noyabrında rəsmi səfər, 2014-cü ilin iyununda isə Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısı ilə əlaqədar zati-alilərini qonaq qəbul etmişdik. Mən də Prezident vəzifəsinə seçiləndən sonra xarici ölkələrə ilk səfərlərimdən birini, bildiyiniz kimi, Azərbaycana etmişdim”.

Qardaş ölkənin dövlət başçısı  Azərbaycanın bədxahlarına mesaj verirmiş kimi Ankara ilə Bakı arasındakı əməkdaşlığın xüsusilə önəmli olan məqamlarını dilə gətirdi: “Siyasi sahədə Türkiyə ilə Azərbaycan arasında hər hansı bir problemdən söhbət belə gedə bilməz. Hərbi sahədə əməkdaşlığımız artaraq davam edir. İqtisadi-ticari əlaqələr sahəsində ticarət dövriyyəsi bu il 5 milyard dollara çatdı, belə bir səviyyəyə nail olduq. Amma, təbii ki, bizim əsas hədəfimiz bu göstəricini 2023-cü ildə 15 milyard dollara çatdırmaqdır. Əminəm ki, bu əzm, bu qətiyyət, bu siyasi iradə hər iki ölkədə vardır. Buna nail olmaq bu kadrların əlindədir. İnşallah, buna da nail olacağıq”.

Azərbaycan Prezidenti ilə görüşdəki müzakirələri “son dərəcə ətraflı və səmimi fikir mübadiləsi” adlandıran Türkiyə Prezidenti bizim ölkənin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin uzanmasından keçirdikləri narahatlığı da bir daha dünyanın nəzərinə çatdırdı: “ Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrin hazırkı mərhələsində son məlumatları da öyrənmiş oluruq. Amma görünən odur ki, təəssüf, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli bir addım atmamaqla bu proses bir vaxt itirmə taktikası ilə davam etdirilir. Münaqişə ilə bağlı beynəlxalq qərarların qəbul edilməsinə baxmayaraq, bu prosesin hələ də vaxt itirmə taktikası ilə davam etdirilməsi üzücüdür. Xüsusən bu məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcəkdir. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzuda Türkiyə olaraq bizim mövqeyimiz qətidir.”

“Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına  söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir” – deyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki,  bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan ikinci ölkələr yoxdur və bu birliyi təsdiqləyən bir çox məqamlar var: “ Onlardan biri də əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı ”G-20"-yə dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə əziz qardaşım, şəxsən Sizə minnətdaram və əminəm ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bundan sonra da uğurla davam etdiriləcəkdir. Biz, eyni zamanda, aprelin 24-də Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər".

Azərbaycan Prezidenti ölkəmizin hərbi qüdrətini gündən-günə artırdığı barədə fikirlərini Ankarada, dünya jurnalistlərinin qarşısında növbəti dəfə dilə gətirdi. Ancaq bu dəfə məqsəd daha çox Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirildiyini xatırlatmaq idi: “Müdafiə sahəsində əməkdaşlıq artır. Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, artıq Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalı haqqında da bu gün fikir  mübadiləsi aparılmışdır. Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan bir o qədər güclü olacaq. Bizim gücümüz, əlbəttə ki, siyasi, iqtisadi və hərbi gücümüzdür. Ona görə, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün bizim böyük planlarımız var.  Qeyd etməliyəm ki, keçən il bir neçə gün ərzində Azərbaycanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilmişdir. Bu təlimlər bundan sonra mütəmadi qaydada keçiriləcəkdir”.

Dövlət başçımız Türkiyə Prezidenti ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin də müzakirə edildiyini söyləyərək qeyd etdi ki, bu məsələdə Türkiyənin mövqeyinin dəyişməz qalması Azərbaycanı məmnun edir:  “Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ dəstəkləyir, öz qardaşlarını dəstəkləyir”.

Xatırladaq ki, 2015-ci ildə qardaş  Türkiyədə bir neçə mühüm tədbir olacaq və Azərbaycan Prezidentinin həmin tədbirlərdə iştirakı gözlənilir. Məsələn,  Çanaqqala  zəfərinin 100 illiyində,  TANAP layihəsinin icrası ilə bağlı olan  beynəlxalq tədbirdə və  digər  əlamətdar hadisələrdə Azərbaycan Türkiyənin yanında olacaq.  Bunu dövlət başçımızın özü də Ankarada dedi: “Allah nəsib edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq və əziz qardaşımı, təbii ki, Azərbaycana bir daha dəvət edirəm. Bizim tez-tez görüşlərimiz olur. Bu görüşlər xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da artırır”.

Türkiyə-Azərbaycan əməkdaşlığının artması isə Azərbaycana, Türkiyəyə, region ölkələrinə, Avropaya və bütövlükdə dünyaya  daha xoş günlər vəd edir. Bunu sadalanan ünvanların hamısında yaxşı başa düşür və yüksək qiymətləndirirlər. Təbii ki, Ermənistan istisna olmaqla. Amma onların da çıxış yolları tam qapanmayıb. Özlərini və dövlətlərini xilas etmək üçün  həqiqəti qiymətləndirməyi bacarmalı və işğalçılıqdan əl çəkməlidirlər. Bunu İrəvandan Bakı - Ankara əməkdaşlığının ortaya qoyduğu faktlar, sübutlar, reallıqlar tələb edir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2015.- 17 yanvar.- S.1.