Akademik Adilə Namazova:
Qorbaçov suallarımızı cavabsız qoyurdu
O müdhiş gecəni yaşayanlar, cinayətə şahidlik edənlər, bir gecədə neçə il qocalanlar... Biz onları gördük, onlarla çiyin-çiyinə addımladıq, onlarla yaşadıq, yaşlandıq. 25 il az müddət deyil. Amma həmin faciə şahidlərinin bəziləri dünyalarını dəyişsələr də, o məşum günləri xatırlayanlar, saatına, dəqiqəsinə qədər unutmayanlardan əksəriyyəti hələ də aramızda, sıramızdadı.
Həmsöhbətim
20 Yanvar hadisələri zamanı həlledici
söz demək səlahiyyəti olan bir xanımdır. AMEA-nın həqiqi üzvü,
Rusiya EA-nın müxbir
üzvü, Azərbaycan Pediatrlar
Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Adilə Namazovadan
xəyalən həmin günlərə qayıtmağı, olub keçənlərə nəzər
salmağı xahiş etdim...
Çöhrəsinə kədər çökdü:"Elə
bildim, həkimlik peşəmlə
bağlı söhbət edəcəyik"—dedi. O
qanlı-qadalı günləri ürək ağrısı
ilə dinlədim.
...Yanvar ayında
biz, SSRİ Ali Sovetinin deputatı
kimi Moskvada sessiyada idik. Xalq deputatı sayılırdıq. Mən o zaman SSRİ Ali Sovetinin üzvü,
Millətlər Sovetinin üzvü,
Azərbaycan və Orta Asiya
Respublikaları Qadın Komitəsinin sədri idim.
Ona görə də sessiyaların əksəriyyətində
iştirak edirdim. Mənimlə
birlikdə Arif Məlikov, rəhmətlik Tofiq İsmayılov, Vəli Məmmədov və
başqa fəal deputat
yoldaşlarımız da iştirak
edirdilər. Ona görə də bütöv sessiya müddətində
Moskvada qalır, tətillərdə
Bakıya gəlirdik. Narahat dövr idi, vəziyyət
gərginləşirdi. Qarabağ məsələsi
qalxmışdı. Hər gün Azərbaycandan
müxtəlif qanqaraldan xəbərlər
alırdıq. Sessiyanın bütün
iclaslarında iştirak edir,
hər kəs öz sahəsinə aid çıxış edir,
mövcud vəziyyətlə bağlı
fəal müzakirələr aparırdıq. Bizdən başqa müxtəlif peşə sahibləri—sağıcı,
fəhlə, pambıqçı deputatlar
da var idi.
Ancaq onların çıxış etmək,
məsələyə münasibət, fikir
bildirmək, suallara cavab
vermək kimi imkanları məhdud idi.
20 Yanvar
hadisələrinin olacağını iki gün öncədən təxmini bilirdim. Nə baş verəcəyini
yox, nə isə bir qeyri-adi hadisə olacağını duymuşdum. Çünki
yanvarın 18-də axşam rəhmətlik
yoldaşım məni televiziyaya baxmağa çağırdı ki, gəl, gör, bu nə qarışıqlıqdı? Mərkəzi
televiziya ilə təqdim edilən kadrlarda Şimali
Qafqazın yaşlı, cavan
qadınlarının az qala
üsyan edəcək tərzdə
etirazlarını verirdilər. Biri deyirdi, oğlumu qoymaram getsin, biri deyirdi, nəvəmi buraxmaram, digəri də həyat
yoldaşını qoymayacağından danışır, etiraz edirdilər. Biz verilişi izlədik, gördük
ki, danışanlar ehtiyat
üçün nəzərdə tutulan əsgərlərin
ana-bacılarıdır. Bildirirdilər ki,
onların yaxınlarını qaynar
nöqtələrə, çaxnaşma olan zonalara aparırlar.
Yanvarın 19-da öyrəndik ki, dəstə
Cənubi Qafqaza yollanır. Və o da aydın idi ki, söhbət Azərbaycandan
gedir. Çünki həmin
vaxt E.A.Şeverdnadze
SSRİ xarici işlər naziri
idi və Tbilisidə məxməri inqilab baş vermişdi. Deputatlar Ali Sovetin sessiyasında sədrdən
bu məsələyə cavab
istəyirdilər ki, Gürcüstanda
nə baş verib?
Deputatların təkidli tələbi ilə həmin məxməri
inqilabı əks etdirən keyfiyyətsiz video-kaset
gətirdilər ki, baxaq.
Yəqin ki, Qorbaçovun
tapşırığı ilə o
görüntülər elə hala
salınmışdı ki, kadrlarda atışma səsləri, ah-uf eşidilir, amma görüntü
dumanlı idi. Deputatlara
məlumat verdilər ki, elə bir şey olmayıb, narahat olmağa dəyməz.
Sonra Litvada olan hadisədən xəbər tutduq. Yenə dedilər ki, ciddi bir
şey yoxdur, sadəcə
qarışıqlıqdı. Cənubi Qafqazla
bağlı məsələ ortaya
çıxanda artıq bildik ki, indi növbə Azərbaycanındı.
Elə həmin gün, Bakıya son təyyarə ilə zorla
bilet tapıb gələ bildim,
o da deputat
olmağımın hesabına. İnanın,
aeroportdakı deputat otağını
tanımadım. Bir hala
salmışdılar, bir
qarışıqlıq vardı ki... Həmişə
qayda-qanun vardı, xüsusi
qəbul vardı. İndi məni deputat olaraq nə əvvəlki
kimi qəbul etdilər, nə də yola saldılar. Bakıya axşam
çatdım, elə bil,
tanımadığım şəhərə düşmüşdüm...
Artıq gecə şəhərə
hücum olmuş,
qırğın törədilmişdi. Ayın 20-də səhər
açılanda Ali Sovetə getmək istədiyimi
bildirdim. Dedilər ki,
yollar bağlı, hər yan
əli silahlı əsgərlərlə doludur,
ora buraxmazlar,
öldürərlər. Təkid etdim ki, mənim vəsiqəmlə hər yerə giriş var, mənə dəyməzlər.
Yollarda ağaclar
qırılıb tökülmüş,
maşınlar əzilmiş, meyitlər, qan
gölməçələri, tanklar,
BTR-lər... Bir neçə yerdən sənədlərimə
görə keçə bildim. Sonra mümkün
olmadı. Moskvada dissertantım
var idi – Surxay Musayev, həm də tibb institutu
yerli partiya komitəsinin katibi idi. Moskvaya, ona zəng vurdum ki, bu nə məsələdi,
respublikamız haqqında nə deyirlər? Dedi ki, radio ilə tez-tez bildirirlər ki, Azərbaycanda
fəlakət baş verib.
Arif Məlikovla zəngləşib görüşdük, BTR-ə minib Salyan kazarmasına getdik. Kazarmanın həyətini
tanımadıq. Bütün həyət boyu palatkalar qurulmuşdu, rus əsgərləri
döşək, adyal daşıyır,
özlərinə qalmağa yer düzəldirdilər. Bir
nəfər bizə yaxınlaşdı ki,
general Zubkovam, sizi içəri apararam. Amma sonra ətraf
binalardakı damların üstündəki snayperləri
göstərdi. Dedi ki,
ehtiyatlı olun, onlar
sizə atəş aça bilərlər.
Mən risklə ona “sən işarə
verməsən, kimsə bizə atəş açmaz”,
– dedim. Zubkov özünü elə aparırdı ki, guya damın
üstündə pusquya dayananlar
azərbaycanlılardı, amma biz dəqiq bilirdik ki, onlar rus
hərbi birləşmələrinin tərkibində ölkəmizə
daxil olan əsgərlərdi.
Gecə xüsusi təyinatlılar öz işlərini görəndən, milləti
qırandan sonra geri
qayıtmış, əvəzlərinə bu gənc əsgərlər
zabitləri ilə birgə Bakıya göndərilmişdilər.
Kimi dindirdik, “generalam” dedi. Hələ Bakıya bu sayda general heç vaxt yığışmamışdı.
Biz Salyan kazarmasında
qalan azərbaycanlı
əsgər və zabitlərin harada olmaları ilə maraqlandıq. Dedilər ki,
çevriliş etmək
istəyənlər hücum
edərlər deyə,
onların həyatlarını
qorumaq məqsədilə
bir yerə yığmışıq. Biz həmin əsgər
və zabitlərlə
görüşdük. Məlum oldu ki, hadisədən
2-3 gün əvvəl
onların bütün
tabel silahları yığılıb. Hadisə günü
isə onları zirzəmiyə doldurublar.
Biz onları yerlərinə
qaytarmağı xahiş
etdik. Zubkov dedi ki, ixtiyarım
yoxdu. Dedim, bəs sənin uşaqları, evlərin bloklarındakı cavanları,
balkona çıxanları
qırmağa ixtiyarın
çatırdımı? Onlar da üsyan edirdilər?
Cavabında “biz hücum
edəcəyimizi bildirmişdik,
onlara xəbərdarlıq
edilmişdi”,— dedi. Uzun-uzadı xahiş-minnətdən sonra
əsgər və zabitləri zirzəmidən
çıxarıb yerlərinə
qaytarmağa nail olduq.
Televiziyaya
getdik, işləmirdi. Arif Məlikov dedi ki, televiziyanı
söküblər. Ali Sovetin sədri ilə görüşdük.
E.Qafarova
növbədənkənar sessiya
çağırdı. Vəziyyət müzakirə edildi.
Biz məlumat aldıq ki, Şüvəlan təcridxanası
cənub zonasından gətirilən iğtişaşçılarla
doludu. Deputatlar Arif Məlikov
və Sara Vəzirova ilə birgə getdik ora. Dəhşətli mənzərə ilə qarşılaşdıq.
Üst-başı qan
içində olan yaşlı, cavan, nə qədər adam vardı...
hər 20 kvadratmetrlik kameraya 30-40 adam salmışdılar. Antisanitariya vəziyyətində,
yaralı, xəstə,
sağlam, hamı bir-birinə qarışmışdı.
Təcridxana qapıçısından tutmuş, aşpaza qədər hamısı rus idi. Azərbaycanlıların birini də
yaxın buraxmırdılar.
Hətta
Bakı şəhəri
üzrə həbsxana
rəisi Əzim Piriyevi də vəzifəsindən uzaqlaşdırmışdılar.
Neftçaladan yaşlı bir
müəllim gördüm.
Sağ qolu yox idi. Ayağı da
şikəst. Bakatinə, Yazova
sual etdim ki, bəs bu
yaşlı insan hansı əli ilə sizə atəş açıb, müqavimət göstərib,
bunu niyə gətirmisiniz? Cavab vermədilər.
Səhiyyə naziri Tələt
Qasımovun yanına gəlib xahiş etdik ki, o təcridxanadakıları
yaxın xəstəxanalara
köçürüb müalicə
etdirək, sonra da ev-eşiklərinə yola salaq. Çünki onların heç
biri məhkəmə
qərarı ilə həbs edilməmişdi.
Qeydiyyata
alınmamışdılar. Ertəsi gün —yanvarın 21-də
nazir Tələt Qasımov bir yeşik siqaret də götürüb bizimlə Şüvəlana
getdi. İzolə edilmiş insanları
Buzovna, Mərdəkan,
Şüvəlan xəstəxanalarına
yerləşdirdik. Onları müalicədən
sonra evlərinə yola saldıq. Neftçaladan bir cavan oğlan vardı. Müalicədən sonra evinə
gedəndə görüb
ki, bunu ölmüş bilib üçünü, yeddisini
veriblər. Onun anasının sevincini görəydiniz...
Mən
çox narahat idim. Moskvaya, Ali Sovetə zəng
edib Qadınlar komitəsinin sədri Valentina İvanovna Matviyenko ilə danışdım, vəziyyəti
izah etdim. Onu bu cinayəti görmək üçün
Bakıya dəvət
etdim. O, beş nəfər professorla gəldi. İkisi tibb işçisi idi. Öncə uşaq nevroloji
xəstəxanasındakı güllə yerlərini göstərdim ki, deyirlər, Azərbaycanda dövlət çevrilişi
etmək istəyənlərə
qarşı tədbir
görülüb. Bu uşaqlar dövlət çevrilişi edə bilərdilər? Sonra harada
çox atəş açılmış, çox
güllə yerləri
vardısa, bir-bir gəzdirdim. Şəhidlərin dəfn olunduqları yerə apardım. Onların güllələndikləri yerlərə
səpilən qərənfillər
onu çox təsirləndirmişdi, narazılığını
bildirir, millətimizə
qarşı törədilən
bu hadisəni vəhşilik adlandırırdı.
E. Qafarova Moskvadan
gələnlər də
daxil olmaqla, kiçik qrupla yenə görüş təşkil etdi. Bakının komendantı Dubinyakı
da dəvət etmişdi. Orada aydın oldu
ki, komendantın adamları BTR-lərin nömrələrinə axşamlar
palçıq yaxır
və kəndləri soymaqla məşğul olurlar. Bakı kəndlərindən şəhərə, dərman
almağa gələn
insanları qayıdanda,
yolda ləngiyib komendant saatına – 22.00-a çatmayanda tutur, ciblərində olan-olmazları
alıb buraxırlar.
E.Qafarova
onu bu işlə
bağlı taqsırlandırdı.
Matviyenko
bu hadisəyə çox əsəbiləşdi
və Dubinyakı poqonlarını açdıracağı
ilə hədələdi.
İnanın ki, Bakıda
gördüklərindən sarsılan Matviyenko Moskvaya ağlaya-ağlaya qayıtdı.
Fevral
ayında Moskvada keçirilən sessiyada Azərbaycandan olan qadın deputatlarımız
qara örpəkdə,
kişilər qara kostyumda bir cərgədə
oturmuşduq. Qorbaçov gözünü bizdən çəkmirdi.
İclasdan sonra ona dedim ki,
bizi qəbul etsin. Mən,
Anar və Midhət Abbasov
onunla görüşdük.
Özümlə bir torba
teleqram aparmışdım. Dedim ki, “azərbaycanlıların
başına bu nə oyundu
gətirmisiniz? Onları niyə
qırdırmısınız? Deyirsiniz ki, azərbaycanlılar rusların əleyhinə
çıxıb, ayağa qalxıblar. Biz sizin deputatlarıq. Elə
bir məlumat almışdınızsa, bizi çağıraydınız,
danışdıraydınız, məsləhətləşəydiniz.
Axı dedikləriniz həqiqət deyil. Siz rusları da
qırdırmısınız. Bessantinin nəvəsi
Vera Lvovna gecə su içməyə qalxanda
mətbəxdə güllələnib. Larisa
Mamedova dərsdən qayıdanda. O
qızın anası rusdur, oxuduğu məktəbin dərs hissə müdiri rusdur, baxın, bu teleqramlarda Azərbaycan
haqqında nələr deyirlər? Məlumat
toplayırdınızsa, onlardan
toplayaydınız. Martın əvvəlində şəhidlərin
40 mərasimidi. Adətimizə görə 40 mərasimi ölən
günə bərabər tutulur və qeyd edilir. O vaxta qədər göstəriş verin, rus əsgərləri
Bakıdan çıxsın. Yoxsa, əzizləri
həlak olanlar onlara hücum edəcək, yeni
çaxnaşma düşəcək. Mərkəzi
televiziya vasitəsi ilə Azərbaycan
xalqına başsağlığı verin.
Yoxsa onlar sakitləşməyəcəklər”.
Midhət müəllim
də, Anar da vəziyyətlə
bağlı etirazlarını faktlarla
bildirdilər. Biz mehmanxanaya
gəldik. Orada Sibirdən bir
fəhlə vardı, çox fəal deputat idi. Mənə
yaxınlaşıb dedi ki,
siz gedəndən sonra
Qorbaçov televiziya
işçilərini çağırdı və
çıxış etdi. Çünki
biz çox təkid etmiş, onu bu addıma məcbur etmişdik.
Sizə deyim ki, M. Qorbaçov,
ümumiyyətlə, boşboğaz adam idi.
Danışığında məntiq olmurdu.
Saatlarla danışır, sonda
əsassız olduğunu başa
düşürdü. O, dayaz
düşüncəli adam idi. İclaslararası bütün
fasilələrdə mən ona
yaxınlaşıb “siz niyə bizim suallara cavab vermirsiniz ki, bu hadisəni niyə
törətdiniz?”-deyə təkid edirdim. Cavab vermirdi,
qıpqırmızı qızarırdı, amma
susurdu. Əslində onun
buna cavab verməyə
tutarlı faktı da yox
idi...
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.3.