Qara Yanvar dialoqu qanlı

günlərin qeyrət xronikasını yada salır

 

Bu sözlər tanınmış jurnalistlər Əməkdar mədəniyyət işçiləri Məzahir Süleymanzadə və Şakir Yaqubovun 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə hazırlayıb, nəşr etdirdikləri Qara Yanvar dialoqu kitabının bugünlərdə Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş təqdimat mərasimində səslənən fikirlərin ümumi məğzini ifadə edir.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ictimaiyyət təmsilçilərinin toplantısını giriş sözü ilə açaraq qeyd etdi ki, şuranın Ahıl Jurnalistlər Məclisinin sifarişi ilə yazılmış bu nəşr 20 Yanvar faciəsinin 25 ilin arxasında qalmış bir sıra məqamlarına bugünümüzün baxışı olmaqdan əlavə, həm də milli jurnalistikamızın qanlı qırğının xronikaya hopmuş tarixini sistemləşdirmək baxımdan önəmlidir. MŞ sədri kitabın məsləhətçilərindən biri olaraq, mülahizələrini mərasim iştirakçıları ilə bölüşərək bildirdi:

20 Yanvar faciəsi zamanı televiziyanın enerji bloku partladılmışdı, qəzetlər çıxmırdı. Həmin günlərdə xalqımızın çörəkdən, sudan daha çox informasiyaya ehtiyacı var idi. İnformasiya blokadasını yarmaq, ilk növbədə, öz xalqımıza, sonra isə beynəlxalq ictimaiyyətə əsl həqiqəti çatdırmaq asan deyildi. Bu sahədə ilk cəsarətli addım Moskvada atıldı. Ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verdi. O, törədilmiş qırğını milli faciə adlandırdı, Azərbaycan xalqına başsağlığı verdi, qanlı hadisələrə görə SSRİ siyasi rəhbərliyini ittiham etdi. Taleyin hökmü ilə Azərbaycanda informasiya blokadasını yarmaq, dərdli xalqımızın yarasına məlhəm qoymaq məsuliyyəti Rəfail Nağıyevin, Məzahir Süleymanzadənin, Şakir Yaqubovun rəhbərlik etdiyi jurnalistlər qrupunun üzərinə düşmüşdü. Onlar Kommunist(indiki Xalq qəzeti red.) qəzetinin əlavə buraxılışı Səhər qəzetinin matəm nömrəsini 2 milyon tirajla buraxaraq bu şərəfli işin öhdəsindən uğurla gəldilər.

Ahıl Jurnalistlər Məclisinin sədri və nəşrin redaktoru, Əməkdar jurnalist Yusif Kərimov sifarişi qısa müddətdə yerinə yetirib, Qara yanvar adlı kitabı Elm və təhsil nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr etdirdiklərinə görə müəliflərə təşəkkürünü çatdırdı. AJM-in sədri müəlliflərin bu mövzuya dərin bağlılıqlarını və yeni kitabın 20 Yanvar nəşrləri sırasında özəlliyini belə açıqladı:

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin üzvləri Məzahir Süleymanzadə və Şakir Yaqubov ölkəmizin tanınmış qələm sahiblərindəndir. Hər ikisi Əməkdar mədəniyyət işçisi, Qızıl qələm, Həsən bəy Zərdabi, Ali Media mükafatlarına layiq görülüb. Onların nəşr etdirdikləri kitablar da geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.

Qanlı Yanvar hadisələrindən düz 25 il keçir. Şəhidlərimiz haqqında əsərlər yazılıb, mahnılar qoşulub. Amma onların xatirəsini əbədiləşdirən ən böyük söz abidəsi Səhər qəzetinin 1990-cı il 25 yanvar tarixli nömrəsidir. Məzahir Süleymanzadə Güllələnmiş qəzet, Şakir Yaqubov isə Mən şahidəm ki... kitablarında bu barədə ətraflı söhbət açıblar. Amma mən onlara qanlı hadisədən 25 il sonra bir daha dönüb geriyə baxmağı, ötən günləri xatırlamağı tövsiyə edəndə hər ikisi razılaşdı və nəticədə, sizə təqdim olunan dialoq yarandı. Ümid edirəm ki, oxucular iki peşəkar jurnalistin dialoqunu maraqla qarşılayacaqlar.

Kitabın digər məsləhətçisi, tarix üzrə elmlər doktoru, professor, millət vəkili Musa Qasımlı yaxın tariximizin ən şərəfli səhifələrindən biri olmuş, xalqımızı ərazilərimizin bütövlüyü və dövlət müstəqilliyinin bərpası uğrunda qəti mübarizəyə yönəltmiş 20 Yanvar hadisələrinin doğru- düzgün və əhatəli xronikasının yaradılmasında Azərbaycan jurnalistlərinin misilsiz fəaliyyətini vurğuladı, həmin günlərdə kommunist mətbuatı prinsiplərindən qoparaq, xalqın köklü maraqlarını əks etdirməyə and içən yazarların kəskin dönüş ilə hakim dairələrə boyun əyməyən azad mətbuatın əsaslarını yaratdıqlarını söylədi.

Alim daha sonra bildirdi ki, 70 il Azərbaycanda ictimai rəyin baş ruporu olmuş Kommunist qəzeti redaksiyası əməkdaşlarının Dağlıq Qarabağ münaqişəsinin qanlı hadisələr mərhələsində bu adlı qəzeti buraxmaqdan imtina cəhdi görünməmiş bir hadisə kimi tarixə düsüb. Onların həmin vaxt əlavə nəşr kimi buraxdıqları Səhər qəzetini qırğından sonrakı günlərdə 2 milyon tirajla çap edib yayması faktı milli jurnalistikamızın ən öyünclü səhifələrindən biri kimi kitabda geniş əksini tapmışdır. Həmin jurnalistlərin adları yaddaşlarda, haqlı olaraq, səhərçilər kimi yaşayır.

AMŞ İdarə Heyətinin üzvləri "İki sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Paralel qəzetinin baş redaktoru Tapdıq Abbas, Ahıl Jurnalistlər Məclisinin üzvləri Zöhrab Zeynalov, Şəddat Cəfərov, Hacı Mehman, 20 Yanvar xronikasını yaradanların sırasında olmuş tədqiqatçı jurnalistlər Vasif Səmədov və Araz Qurbanov həmkarları Məzahir Süleymanzadənin və Şakir Yaqubovun 25 il əvvəl olduğu kimi, bu gün də 20 Yanvar mövzusunu eyni fədakarlıqla gündəmə gətirdiklərini qeyd etdilər, kitabda Kommunist adlı qəzetdən milli mətbuatımızın yeni səhərinin məhz Səhər adlı qəzetin doğuluşunda iştirakı olanların zəhmətlərini də yada saldılar.

Məzahir Süleymanzadə və Şakir Yaqubov kitabın ərsəyə gəlməsinin təşəbbüsçüsü olmuş Ahıl Jurnalistlər Məclisinin xeyirxah addımını razılıqla qeyd etdilər, kitab üzərində yaradıcılıq işlərindən söz açdılar. Müəlliflər bildirdilər ki, zamanca faciədən uzaqlaşdıqca onun mahiyyəti, həqiqətləri, tariximizdəki yeri barədə publisistik, elmi və bədii əsərlərə yeni nəsilin ehtiyacı da artır. Buna görə də onlar həmkarlarını 20 Yanvar faciəsi barədə yeni axtarışlara və sistemli yaradıcılığa çağırdılar.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2015.- 18 yanvar.- S.4.