20 YANVAR FACİƏSİ –

Sovet imperiyasının

sonunun başlanğıcı

 

 ...O Qanlı Yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda  mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində  həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 Yanvar  səhifəsinin  unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlııq nümunəsidir. Sözügedən reallıqdan çıxış edərək, qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda  məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 25 illik zaman kəsiyindən nəzər yetirib, bir sıra suallara cavab axtarmaqdır. Onları aşağıdakı ardıcılıqla təqdim edib, təhlilimizə başlayaq:

 

Birincisi, 20 Yanvar  faciəsini  şərtləndirən amillər hansılardır və  onun qarşısını almaq nə dərəcədə mümkün idi?

Fikrimizcə, 20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir: əvvəla, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti:

Digər tərəfdən, Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları.

Hadisələrin təhlili göstərir ki,  Azərbayacan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi mənafeyin fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı minimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin  15 yanvar 1990-cı il tarixli qərarında “Müdafiə Nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq, Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin” – şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdir. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalıdır.

Bundan savayı,  1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ kecirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, xalq hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fursəti vermişdi.

İkincisi, Bakıya yeridilən qoşun hissələrinin hədsiz qəddarlığı nə ilə bağlı idi?

İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

Həmin hərbi qüvvələr üzərində xüsusi psixoloji sınaqların keçirildiyi haqqında təkzibedilməz faktlar vardır. Onlara belə bir dezinformasiya təlqin olunurdu:

– Yerli əhali-azərbaycanlılar rusları qırmağa hazırlaşırlar və siz müqəddəs bir vəzifəni – rusları və bütünlükdə şəhərin xristian əhalisini labüd fəlakətdən xilas etməlisiniz.

– Salyan kazarması ətrafında və evlərin damlarında snayperlər yerləşdirilmişdir və hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə instinktindən çıxış  edərək patronlarınıza heyfiniz gəlməsin.

– Azərbaycan Xalq Cəbhəsinin hərbi dəstələri şəhərin strateji nöqtələrində yerləşdirilmişdir və onların amansız müqavimət göstərəcəklərini nəzərə alıb, qətiyyət və adekvat qəddarlıq nümayiş etdirin.

– Müqavimət göstərən tərəfin milli, sovet ordusu və ya daxili qoşunların geyimində də olması mümkündür və bu reallığı nəzərə alıb, onları davamlı atəş hədəfinə çevirməyi bacarmalısınız.

Bir sözlə, SSRİ rəhbərliyinin “xeyir-duası” ilə 66 minlik qoşun hissələrini, xüsusilə, erməni mənşəli əsgər və zabitləri, eyni zamanda həbsxanadan məlum məqsəd naminə azadlığa buraxılmış məhbusları Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlamışdılar.

Üçüncüsü, SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsində dünyanın digər fövqəldövləti olan ABŞ-ın üzərinə hansı məsuliyyət düşür?

ABŞ-da 1994-2001-ci illərdə Dövlət katibinin müavini işləmiş Stroub Telbotun həmmüəllifi olduğu “Ən yüksək səviyyədə” adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-ın Dövlət katibi Ceyms Beyker ölkəsinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Cek Motlak vasitəsilə SSRİ-nin Xarici İşlər naziri Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla qarşılamayacaqdır. Eduard Şevardnadze cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb etmək istəyir və bununla da özünün Panamaya olan müdaxiləsinə haqq qazandırmağa çalışır. SSRİ-nin Xarici İşlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən  göründüyü kimi, söhbət yalnız sosialist ölkələrindən  gedirdi, sovet respublikalarından yox. Deməli, Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi ABŞ-ın Rumıniya ilə bağlı məlum mövqeyindən bir sıra nəticələr çıxardı. İlk nəticə isə ondan ibarət oldu ki, sovet qoşunlarını Azərbaycan xalqının müstəqillik mücadiləsinə qarşı Bakıya yeridəcəyi təqdirdə ABŞ-ın etirazı olmayacaqdır. Moskva həm də onun fərqində idi ki, ABŞ-ın  güclü erməni lobbisi və diasporu da Vaşınqtonun Bakı qırğınına qarşı laqeyd mövqeyinin formalaşmasında  öz rolunu oynayacaqdır. Taktiki baxımdan belə qiymətləndirmədə Moskva yanılmamışdı. ABŞ 20 Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı.  “Sem dayı” Rumıniya hadisələri fonunda davranışı ilə SSRİ-nin Bakı avantürasına dolayısı ilə “yaşıl işıq” yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə avantüralar əzəli rəqibi və düşməni olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 Yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin katalizatoru oldu.

Dördüncüsü, 20 Yanvar bəşəri cinayətinə ölkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi vəziyyəti və onun perspektivlərini necə dəyərləndirmək olar?

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi.

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı da bu məqsədə xidmət edir.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə kompleks ucaldılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı sərəncamlara əsasən, hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir.

Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

İnanırıq ki, Azərbaycan xalqının qanına əli batmış cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminik ki, Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqeyinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirməsi həm Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu konfliktin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcəkdir.

 

Elman NƏSİROV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,

YAP beynəlxalq əlaqələr komissiyasının katibi,

siyasi elmlər doktoru, professor

 

Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.2.