20 Yanvar faciəsi Azərbaycan

rəssamlarının gözü ilə

 

Sənət, tarixi yaddaşlara köçürən çox güclü vasitədir. Kino da, musiqi də, bədii ədəbiyyat da bizə tariximizin çox nadir hadisələri barədə dəyərli məlumatları çatdırır. bir rəssamlarımızın əsərləri tarixin anlarını rənglər dünyasında əbədiləşdirir, əcdadlarımızın mənəvi ruhu, qəhrəmanlığı haqqında çox şeylər danışır. Bütün dövrlərdə istər münaqişələri, istər müharibələri, istərsə də digər fəlakətləri xalq necə yaşayıbsa, xalqın yaradıcı övladları da həmin hadisəni bədii ifadə vasitələri ilə yaddaşlara yazıblar. Elə 20 Yanvarın qanlı lövhələri kimi.

 

20 Yanvar 1990-cı il tarixiyaddaşlara məhz qanla yazıldı. Azadlığın mübarizələrlə, qan bahasına alındığını da bura əlavə etsək, deyə bilərik ki, 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələrdən biri olsa da, əslində, qüruriftixar mənbəyi, milli oyanış, birlik, həmrəylik günüdür. Ona görə də bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhu əsas motivləri təşkil edir.

Ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən Qanlı Yanvar rəssamlıq sərgisindəki çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təcəssüm etdirən obrazlar yaradılmağa başlandı. Rəssamlıq sahəsində bu şərəfli tariximiz bəlkə də daha canlı, ifadəli və obrazlı təsvir edilməyə başlandı.

Hər il bir qayda olaraq istər beynəlxalq səviyyədə, istərsə də respublika miqyasında 20 Yanvarla bağlı bədii sənət əsərlərinin sərgisi keçirilir və demək olar ki, bu tədbirlər ənənə xarakteri daşıyır. Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov belə əsərlərin vacibliyinə toxunaraq deyib: Xalq yaxşı günləri yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də rəsm əsərləridir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq da bir o qədər mümkünləşər və asanlaşar.

Yəqin ki, Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan Nakamların dəfni əsəri ilə tanışsınız. Bu əsərə tamaşa etdikcə, həqiqətən öz xalqının qəhrəmanlığından qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu təsvir olunur. Eyni zamanda bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.

Görkəmli fırça ustalarından Rasim Babayevin Təcavüz, Kirman Abdinin plakat janrında işlədiyi və xüsusilə seçilən bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin Ağlı-qaralı dünya, Fikrət İbrahimovun Gələcək naminə, Həmzə Abdullayevin Çərxi-fələk, İsmayıl İsmayılovun Haqq tərəzisi, Qafar Seyfullayevin Öncə Vətəndir..., Asim Səmədovun Ruhlars. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.

Qrafika ustası Arif Hüseynovun Qara tağlı natürmort, Fəxrəddin Əliyevin Qara YanvarArif Ələsgərovun 20 Yanvar əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir. Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları Mikayıl Abdullayev, Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, o zamanlar faciəyə ilk münasibət bildirib. O, həmin mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. Şəhidlər adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da adı çəkilən mövzuya daha çox maraq göstərirlər.

Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2015.- 22 yanvar.- S.8.