20 Yanvar - Xalqımızın şərəf

və qəhrəmanlıq salnaməsi

 

Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır... Onların şəhid olması zamanı tökülən qan  bütün xalqımızın qanıdır.  O qanın  hər damlasında  xalqımızın qüdrəti , qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

 

20 Yanvara aparan yol

 

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz, Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı.

Münaqişənin başlanğıcında Azərbaycan ümid edirdi ki, məsələ mərkəzi hakimiyyət orqanları tərəfindən ədalətlə həll olunacaq. Lakin təcavüzkarla təcavüzə məruz qalanın eyni tutulması nəticəsində bu günədək həllini tapmayan münaqişənin əsası qoyuldu. Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın əsassız ərazi iddialarının rədd edilməsi əvvəl Əsgəranda, sonra isə Sumqayıtda ermənilər tərəfindən xüsusi plan əsasında hazırlanmış faciəli hadisələrə gətirib çıxardı.

Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1989-cu ilin sonu – 1990-cı ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu.

1990-cı ilin yanvar ayında Bakıya sovet ordusunun hərbi müdaxiləsi  Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürləri idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı   azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

 

Bakıya hərbi müdaxilə

 

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində, bu, tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, o vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, SSRİ Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Eləcə də 4-cü ordunun komandanlığı Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 19-da gecəyarısı artıq Bakıda xeyli günahsız insan öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.

 

“Şit” təşkilatı ekspertlərinin hesabatından:

 

– Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;

xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

— “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.

 

Hadisəyə dünyanın reaksiyası

 

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Bakıda törədilən cinayətlər qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları  pislənmişdir. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər.

İranın Milli Təhlükəsizlik Şurası yığıncaq keçirmiş və bu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü Mixail Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir. İran Prezidenti Rəfsəncani və İranın dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər. Bununla yanaşı, Türkiyə və İranın  kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın adlandırmışdır.

Qərb ölkələri tərəfindən isə Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar verilmişdir. Bu reaksiyalar ümumilikdə müsbət  olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqınin rəsmi nümayəndəsi isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər də Qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasına zərurət olduğunu bildirmişdir.

Nəticədə Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə, “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-York Tayms”, “Baltimor San” mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında  Bakıda baş verən hadisələrə,  xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ Müdafiə naziri, marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”.

Daxili İşlər naziri Bakatin isə, yanvarın 21-də Azərbaycan Daxili İşlər Nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, “əgər siz (Azərbaycan xalqı nəzərdə tutulur- E.Ə.) sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh mükafatına layiq görüldü. 1995-ci il aprelin 27-  Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov  İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən günahını acizanə şəkildə etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Sovet İttifaqının 1990-cı ilin yanvarındakı cinayətkar hərəkəti Azərbaycan xalqının SSRİ-dən müstəqillik əldə etmək cəhdlərinin qarşısını almağa yönəlmişdi. Bu barədə ABŞ konqresmeni Din Heller bu qanlı hadisədən 20 il sonra  Azərbaycan diasporuna göndərdiyi məktubda bildirmişdir: “20 il əvvəl Azərbaycanda Sovet imperiyasının son amansızlıqlarından biri baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Azərbaycan xalqı arasında yayılmış SSRİ-dən azad olmaq istəklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan paytaxtına daxil oldu. “Qanlı Yanvar” adını almış hadisələr zamanı 100-dən çox Azərbaycan vətəndaşı öldürüldü və yaralandı”.

Onun sözlərinə görə, Qanlı Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları Vətən uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Dünyada hər kəsin Qanlı Yanvar faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir.

 

20 Yanvar hadisələrinə

siyasi qiymətin verilməsi

 

O zaman ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz onun təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclis 20 Yanvar hadisələrinə siyasi qiymət verdi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün Azərbaycan dövlətinin tarixinə müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dosenti,

“Azərbaycan Respublikası Dağlıq Qarabağ

bölgəsinin Azərbaycanlı İcması”

İctimai Birliyi Qarabağ Araşdırmalar Mərkəzinin müdiri

 

Xalq qəzeti.- 2015.- 22 yanvar.- S.7.