Qanlı Yanvar faciəsi və
“Asala” erməni terror təşkilatı
Qanlı
cinayətlərin görünməyən tərəfləri
(Əvvəli
qəzetimizin 20 yanvar 2015-ci il tarixli
sayında)
Araşdırma materiallarına görə, “Asala” erməni
ordusunun Bakıya basqında iştirakı haqqında ən
ciddi və məxvi materiallar RF-nın MN-nin
Baş Kəşfiyyat İdarəsində üstündə
“Məxfidir: 45 dərəcə bucaq altında” sözləri
yazılmış qovluqda saxlanılır. Kəşfiyyat
polkovniki Boris Qriqoriyeviç Bondarenkonun iddiasına görə,
o vaxt Moskvada yaşayan, Sov. İKP MK Siyasi Bürosu,
şəxsən M.Qorbaçov və onun erməni əhatəsi
tərəfindən sıxışdırılan Heydər
Əliyevin gözlənilməz, amma
düşünülmüş və qəti addımı
“Asala”nın həmin qovluqda saxlanılan yarımçıq
qalmış planlarını alt-üst etdi.
Azərbaycanla bağlı həmin plana əsasən,
Bakıda, Naxçıvanda, Gəncədə və Lənkəranda...
bir-birinin ardınca güclü terror aktları həyata
keçirilməli idi. Bu terror aktlarını isə “Asala”nın tam hərbiləşdirilmiş
“Qnçak” qanadında fəaliyyət dairələrini
genişləndirən və Azərbaycanın təhlükəsizlik
orqanlarına soxulmuş, hökümət və dövlətdən
xəbərsiz yaradılmış Vətənpərvər
Erməni Cəmiyyətinin məlumatlı şəxsləri
icra etməli idilər. Kəşfiyyat polkovniki Q.S.Mark-Nazaryan
Leninqraddan 1989-cu il dekabrın 21-də bu cəmiyyətdə
işləmək üçün göndərilmişdi.
Maraqlıdır ki, az müddət ərzində Azərbaycan
ərazilərində kök atan, istənilən məlumatı
əldə edə bilən bu adam haqqında hələlik
açıqlama verilmir və bu heç istintaq materiallarında
da yoxdur(?) Acınacaqlı
hallardan biri də bu idi ki, bu cəmiyyət Azərbaycanda
qeydiyyata da götürülmüşdü.
Razılaşdırılmış
ssenariyə görə, (Fransa, İngiltərə, ABŞ,
Almaniya, Yaponiya, İsrail) Azərbaycanın yanacaq
resurslarında gözləri olan ölkələr, eləcə
də OPEK-ə üzv olan bir sıra neft ölkələri
baş verən qanlı cinayətləri faş etməməyi,
susmağı məsləhət bilirdilər. Lakin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin
qapıları açılanda, nümayəndəlikdən
matəm bayraqları asılanda hər şey dəyişdi.
Heydər Əliyevin cəsarəti
dünyanı silkələdi. O vaxt Moskvanı, ölkəyə
hökm edən M.Qorbaçovun qulağının dibində
onu ittiham etmək, onu cinayətin baiskarı adlandırmaq o qədər
də asan məsələ deyildi.
Bu yerdə sual olunur: hansı səbəbə görə
Qorbaçovlar ailəsi (M.Qorbaçov və Raisa Maksimovna)
1985 və 1989-cu illərdə “Asala” erməni silahlı terror
birləşməsinin Beyrutdakı təlim düşərgəsi
üçün bir milyon dollar yardım
ayırmışdılar? Məlumata görə,
general V.A.Kirpiçenko bütün bunları araşdırarkən
Siyasi Büroya və Təhlükəsizlik Şurasına
sorğu ünvanlasa da, cavab almamışdı.
20 Yanvar qırğınlarından sonra “Asala”nın yarımçıq qalmış terror
planı tamamlanmalı idi. Məlumata görə, 1990-cı
ilin 20 yanvar gecəsində, daha dəqiq desək (kəşfiyyat
polkovniki B.Bondarenkonun iddiasına görə), gecə saat 4 radələrində
Azərbaycanın otuz iki nəfər say-seçmə
övladı məhv edilməli idi. Bu iyrənc
missiya 20-dən 21-nə keçən gecə tamamlanmalı
idi. Bakı müxalifəti gizlənmişdi.
Bir çoxu Astara-Lənkəran zolağından İran
İslam Respublikasının ərazilərinə
keçmişdi. Qərb mətbuatının
yazdığı kimi, “onlar artıq öz missiyalarını
bitirmişdilər”.
Bakıda nəzərdə
tutulan terror aktlarını “Asala” cərgəsində aktiv rol
oynayan “Müdafiə olunanlar” erməni terror qrupları yerinə
yetirməli idilər. Bu qrup “snayper”
atıcı qrupu idi ki, onun başında tarix müəllimi,
bir müddət Əfqanıstanda xidmət etmiş Meyyer
Rustampaşa adlı birisi idi. (Sənədlərdə
onun əsl adı Miqran Rustamyan idi). Əldə
olunan ünvanlar istiqamətində 14 nəfər snayper
paylanmalı idi. Araşdırma materiallarına
görə, son məqamda ermənilər niyyətlərini
yarımçıq saxladılar. Eçmiəzdinin
məxfi işarəsilə “Müdafiə olunanlar” öz
aksiyalarını yarımçıq saxladılar. Rus
yazıçısı T.M.Serafimov həmin vaxt maraqlı bir
fikrə toxunmuşdu. O qeyd edirdi: “Heydər Əliyev
Moskvadan Azərbaycan üçün heç kəsin gözləmədiyi
“Azadlıq zəngi”ni çaldı. Bu zəng
bütün dünyanı başına götürdü.
Bu, Azərbaycanı öz canı kimi sevən
Heydər Əliyevin böyüklüyü idi.” Azərbaycanı qan dənizində boğmağa
hazırlaşan “Asala” beynəlxalq erməni terrorçularının
2-ci cəbhəsi bağlı qalmışdı.
Lakin “Asala” erməni ordusunun Azərbaycan
üçün nəzərdə tutduğu “45 dərəcə
bucaq altında” məxfi planı, demək olar ki, baş
tutmuşdu: 131 nəfər, o cümlədən 117 nəfər
azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar
öldürülmüş, 744 nəfər yaralanmış,
400 nəfər həbs edilmiş, 4 nəfər itkin
düşmüşdü.
1990-cı il yanvarın 28-də Bağdadda ermənilərin
hakim olduqları, lakin 1979-cu ildən ölkədən kənar
çap olunan “Yeni fikir” qəzeti yazırdı: “Bağdadda keçirilən ”Erməni diaspor rəhbərlərinin
konfransı" başa çatdı. Konfransda
Yaxın Şərq regionlarında tanınan, erməni
xalqının məşhur generalları M.O.Şagiyan,
D.T.Simon (Simonyan) da iştirak edirdilər. Onlar
Bakıda erməni millətinə qarşı amansız
mövqe tutan azərbaycanlılara qarşı hərbi əməliyyatlarda
iştirak ediblər."
Fransada nəşr olunan “Vi” (“Həyat”) qəzeti isə
1990-cı il fevralın 2-də xəbər
yaymışdı ki, 1990-cı il 20 Yanvar
qırğınlarında üç erməni generalı
öldürülüb. Erməni generalların
ölümü uydurmadır, həmin xəbərdə fakt bu
idi ki, Bakı qırğınlarında iki yüksək
rütbəli erməni iştirak edib. Bakı
qırğınlarında Sovet qoşun kontingentində erməni
generalları “ağıllı məsləhət verməklə
məşğul idilər”. Bəzi mənbələrdə
qeyd olunurdu ki, Bakıda törədilən
qırğınlara SSRİ müdafiə naziri D.Yazov
özü başçılıq edirdi.
İstefada olsa da, Heydər Əliyev
baş verənlərdən artıq xəbərdar idi. Bütün
bunlara görə də Heydər Əliyev 20 Yanvar faciəsinə
dərhal siyasi qiymət verdi, hüquqa,
demokratiyaya, humanizmə zidd mövqe tutanları ifşa etdi,
onların kobud və səhv addım atdıqlarını
göstərdi. Beynəlxalq erməni diaspor təşkilatları isə
“Asala” erməni silahlı qoşun birləşməsini
“Azadlıq mücahidləri” kimi qələmə verirdi.
Onlar Bakıda törətdikləri
qırğınları inkar etmək kampaniyası keçirməklə
məşğul idilər. “Asala” istiqamətində
qovluqlarda heç bir istintaq materialı yoxdur. Hansı səbəbdənsə dünya mətbuatı
bütün tədqiqatı Moskvaya yönəltdi, erməni
faktoru kölgədə qaldı. Ən azı, məsələlərə
aydınlıq gətirmək üçün Ermənistanın
Moskvadakı daimi nümayəndəliyinin binasında
keçirilən məxfi iclas və yığıncaqlar
haqqında rusların kəşfiyyat mərkəzlərində
toplanmış qovluqlardakı məlumatları oxumaq, onlarla tanış olmaq lazım idi. Bu
isə olmadı.
1990-cı il 20 Yanvar
qırğınlarından bir gün sonra Bakıda yaşayan
erməni qadınlarından 12 nəfərinin Azərbaycan
xalqına müraciəti dərc olunmuşdu. Müraciəti
imzalayan erməni qadınları Azərbaycan xalqına
başsağlığı verir, bütün bu hadisələrdə
erməni xalqını günahlandırırdılar. Erməni qadınları öz müraciətlərində
erməni terror qurumlarını, “Böyük Ermənistan”
arzusu ilə millətləri, xalqları
qarşı-qarşıya qoyan diaspor təşkilatlarını
lənətləyirdilər. Bu
yalançı görüntü yaratmaqdan başqa, heç kəsə,
heç tarixin özünə də lazım olmayan bir
müraciət idi.
Məlumata görə, Bakıya “dərs vermək”
üçün gələn “Asala” erməni qoşun birləşməsinin
tərkibindəki “Qarabağın müdafiə ordusu”nun
silahlı dəstəsi isə Naxçıvanda, Gəncədə,
Lənkəranda, Şəmkirdə, Sumqayıtda qanlı əməliyyatlarda
iştirak etmişdi. Məsələn,
silahlı birləşməyə başçılıq edən
general-mayor Vitali Balansyan daha əcayib işlərə əl
atmışdı. Bu, Şamaxıda anadan olmuş həmin
Vitaliy Balansyandır ki, qardaşı qızı Qretta Balansyan
(familiyasını dəyişmədən) Azərbaycan
xalqına müraciət edən 12 erməni qadından biri
idi.
Vitali Balansyan tank alayına
başçılıq edirdi. O, silahsız
insanları tankın qabağına qatıb qovmaqdan xüsusi
bir həzz almışdı(?) Onunla
yanaşı, Bakıya digər erməni generalları – Vahan
Xaçatryan, Movses Akopyan, David Ohanyan da gələrək,
tarixi cinayətlərin iştirakçısına
çevrilmişdilər. İçərisində
“Asala” terrorçularının da olduğu 316 tank (T-55/-72;
BMP-1/-2, BTR-70/-80, BMD-lər) Azərbaycanın əsas strateji mərkəzlərini
dövrəyə almışdı (Bu gün həmin tanklar
Azərbaycanın işğal olunmuş ərazilərində
- Dağlıq Qarabağın yaşayış məntəqələrində
yerləşdirilib).
“Asala” 1980–1990-cı illərdə sovet
qoşun kontingentində, təqribən, iki min nəfərə
qədər əsgər və zabiti əhatə edən 96
özək yaratmağa müvəffəq olmuşdu. Bu qurum
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində
və Baş Kəşfiyyat İdarəsində, Xarici Kəşfiyyat
İdarəsində, İqtisadi Kəşfiyyat İdarəsində,
Sərhəd Qoşunları Komandanlığında 111 özəyini
yarada bilmişdi. Onun bu terrorçu xəritəsində
Azərbaycan da var idi.
Bakı qırğınları
Moskvanın ən nüfuzlu hökümət və dövlət
strukturlarında müzakirə mövzusu olmuşdu. “Asala”nın
lideri general Levon Kazançiyan da döyüş qrupları ilə
Bakıda görünmüşdü. 1990-cı il yanvarın 22-də bu general Moskvadan, kəşfiyyat
generalı Leonid Şebarşindən çox ciddi və təsirli
bir teleqram alır. Əldə olunan digər bir məlumatda
bildirilir ki, general V.A.Şebarşin general Levon
Kazançiyanı “əbləh və vicdanını
itirmiş erməni” adlandıraraq, ondan təcili Bakını
tərk etməyi tələb edir.
Kəşfiyyat generalı
V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində
vicdan əzabı çəkdiyini etiraf edir.
V.A.Kirpiçenko 1990-cı il yanvarın
22-də Azərbaycan xalqına ünvanladığı məktubda
bildirirdi: “Baş verənlərə görə bir rus zabiti
kimi, həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını,
tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir
xalqdır.”
MN-nin generalları A.S.Manilov, N.A.Xakimov, S.S.Aleksandrov, kəçfiyyat
generalları V.V.Dmitriyev, V.A.Kirpiçenko, V.A.Şebarşin
Siyasi Bürodan, şəxsən M.Qorbaçovdan tələb
edirdilər ki, ölkə daxilində geniş meydan sulayan
“Asala” və onun kimi erməni silahlı birləşmələrinin
hər cür fəaliyyəti qadağan edilsin. Azərbaycanda
baş verən qanlı cinayətə rəvac verən, arxa
duran digər məsul şəxslər tapılıb, ifşa
edilsin, dövlət nəzarətindən çıxmayan
İstintaq Komissiyası yaradılsın.
Baş verəcək bu qanlı hadisə haqqında
Moskvada fəaliyyət göstərən Böyük
Britaniyanın səfirliyi 48 saat, ABŞ səfirliyi
üç gün öncə, İsrail səfirliyi dörd
gün qabaq, Fransa səfirliyi yanvarın 13-də... məlumatlı
idilər. Amma heç kəs bu haqda Azərbaycanı
xəbərdar etmədi. Həmin vaxt Moskvada təqib olunan, həyatı təhlükədə
olan Heydər Əliyevin səsi sərhəd tanımadı,
türk- müsəlman ölkəsində baş verənləri
sərhəddən-sərhədə ötürdü. Ümummilli lider Heydər Əliyevin
çağırışı Azərbaycanı təpədən-dırnağadək
silkələdi. Kəşfiyyat mayoru S.M.Komarov
yazırdı: “Heydər Əliyevin bu ittiham dolu
çıxışından sonra, təbii ki, onu fiziki cəhətdən
qorumaq vacib idi. Onunla vaxtilə DTK-da işləyən
çekist dostları hər tərəfdən güclü nəzarət
edirdilər.”
“Asala” erməni
silahlı qoşun kontingenti 1990-cı il yanvarın 20-də
özünün qanlı möhürünü Azərbaycan
tarixinə vurdu. Araşdırma materiallarında bu da bildirilir
ki, ermənilər özlərinin silahlı
qruplaşmalarının bir neçə dəstəsini Cəlilabad
və Biləsuvar ərazisindən də ötürmək
fikrində idilər. Bu isə baş tutmadı. Ermənistanın
hökümət və dövlət nümayəndələri
arasında 39 nəfər “Asala”ya üzvlük haqqı verən
məmur var idi. Bu haqda məlumatı Beyrutda erməni
diasporunun keçirdiyi “Asala”nın 15 illiyi tədbirində, vaxtı
ilə Ermənistan Dövlət Təhlükəsizlik Komitəsində
çalışan mayor Eduard Saakyan vermişdi.
Başqa bir məlumatda isə
bildirilir ki, Avropa Şurasında Ermənistanı təmsil edən
üç erməni deputatı “Asala”nın Bakı
hücumlarında bilavasitə iştirak edib. Onlar gecə-gündüz
çalışırlar ki, Avropa Şurasının sənədlərindən
“Ermənistan işğalçı dövlətdir” fikrini
çıxartsınlar.
Yaxşı deyiblər ki, zaman sirr
saxlamır. “Asala”nın
xalqımıza qarşı gizli həyata keçirdiyi
qanlı cinayətlərin də üstündən vaxt
keçdikcə sirr pərdəsi götürülür.
Rövşən VƏLİZADƏ,
AMEA
İnsan Hüquqları İnstitutunun
siyasi-iqtisadi münaqişələr şöbəsinin müdiri,
politoloq
Xalq qəzeti.- 2015.- 24 yanvar.- S.6.