20 Yanvar faciəsinin
cənub bölgəsində
əks-sədası
Ölkəmizin hər yerində qanlı yanvar şəhidlərinin adları daim urvatda saxlanır, əziz tutulur. Şəhidlik şərbəti içmiş vətən oğullarının xatirəsi heç zaman unudulmur.
İyirmi beş il
öncə, yanvarın 19-dan 20-ə keçən gecə
Bakının üstünü alan qara buludlar Azərbaycan
paytaxtının yüzdən çox vətəndaşını
ölüm yağmuruna tutmaqla kifayətlənmədi. Dinc əhaliyə divan tutmaq üçün
Bakıya yeridilmiş qoşun hissələri bir neçə
gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad
və Lənkərana doğru səmt götürdü.
Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə
yerli əhali ilə müxtəlif
bəhanələr altında qarşıdurmalara
gedir, günahsız insanları həbs edir və güllələyirdilər.
Neftçalada
təxribat planını həyata keçirən azğın
sovet hərbçiləri etiraz dalğasının
önündə gedənləri danışıqlar aparmaq
adı altında Qarabağı Müdafiə Komitəsinin
binasına toplayaraq hədə-qorxu gəlməyə,
hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar. Adamlar binanın içərisinə toplandıqdan
sonra çöldə partlayış səsləri eşidilməyə
başladı. Binadan çölə qaçanlar da atəşə
tutuldular. Ələ keçən fəallar qolları
bağlı vəziyyətdə Bankə qəsəbəsinə
aparıldı. Onlara olmazın işgəncələr verildi.
Xıllı qəsəbəsində isə tank və PDM-ləri
şübhələndikləri adamların qapısına
sürür, həyətlərdəki ot tayalarını
yandırırdılar.
Yerli yazar İbrahim
Nurlu “Neftçalada yanvar qırğını” adlı
kitabında yazır ki, əsarətin son günləri şəhərin
küçələrində tanklar gəzir, sovet əsgərləri
vəziyyətə nəzarət edirdilər. Neftçala rayon hərbi
komendantı O.Şeluxinin
imzası ilə yayılan riyakar məlumatda göstərilirdi
ki, xüsusi qoşun hissələri Neftçalaya daxil olan
zaman rayon müdafiə şurasının üzvləri silah
işlətmiş və xüsusi qoşun hissələri buna
cavab olaraq atəş açmışlar. Leytenant
Aksyonov ölmüş, bir əsgər
yaralanmışdır. Eyni zamanda şəhər sakinlərindən
bir nəfər ölmüş, üç nəfər xəstəxanaya
düşmüşdür. Guya əhalidə pulemyot, avtomat,
tapança və qumbara var və axtarış davam edir.
Artıq ilk
yaralılar yerə sərilib çabalayırdı.
Əbülfəz Cəfərovla Novruz Dadaşovu qapı
ağzında vurmuşdular. Ələkbər Talıbov da
yaralanmışdı.
Cəhənnəm
hamamı
Bu sətirlərin
müəllifi vaxtilə Bankə qəsəbəsində
dislokasiya olunmuş hərbi hissənin həmin
hamamının yarıuçuq binasını görüb.
1990-cı il yanvarın 25-də orada baş verənləri isə
canlı şahidlərin dilindən eşitmişəm.
Acı xatirələri dinlədikcə başımın
tükləri biz-biz olub. Müdhiş hadisələrdən sonra camaat bu cəzaxananı
“Cəhənnəm hamamı” adlandırıb.
“Tutulanları döyə-döyə
maşınlardan yerə atırdılar. Rusca
kobud ana söyüşləri, yaralıların iniltisi,
döyülənlərin qışqırığı
bir-birinə qarışmışdı. Bizi kəsif tər və
rütubət iyi verən daş binaya doldurdular. Əsgər
hamamı idi (təəssüf ki, həmin hamam qanlı
tariximizin yaddaşı üçün qorunmur. Hazırda dağılmaqda, izi itməkdədir).
Yaralıların al qanı soyuq, çirkli beton döşəməni
qızartmağa başladı...”
“Bir azdan
içəri uzun
boylu bir zabit
girdi. Əlində hərəkat üzvlərinin
siyahısı vardı. Zabit siyahını oxuduqca adları çəkilənləri
önə itələdilər. Onları həyətdə
divar boyu sıraya düzdülər. Gecədən
xeyli keçmişdi. Soyuq iliyə işləyirdi.
Məhbusların paltarları cırılmış, qan və
sudan islanmışdı. Bayaqkı zabit
komanda verdi. Əsgərlər
silahlarını ayağa çəkib nişan
aldılar.
Elə bu vaxt içəridən çıxan zabit
komanda verdi:
– Otstavit!
Sən demə, qorxudurmuşlar”.
Dəfələrlə eyni şey təkrarlandı. Avtomatlar ayağa çəkilir, komanda verilir, lakin
atəç açılmırdı. Məhbuslar
üçün artıq ölümün özü də
adiləşmişdi.Sonra məhbusları 4 hərbi yük
maşınına mindirib yaralılarla birlikdə
üst-üstə qalaqladılar. Altda
qalanların bağırtısı, üstdəkilərə
endirilən zərbələr dəhşət
yaradırdı. Onları aparıb hərbi
vertolyota mindirdilər.
Xəzərin üstü ilə...
Abdulla Ağayevin xatirələrindən: “Qoltuq
(Neftçalanın kəndi) Novruzun qolunu güllə iki yerə
parçalamışdı. Ələkbərin
gözü, başı şişmiş, bir qolu
sınmış və güllə yarası
almışdı. Abhüseynin
dodağı partlamış, qabırğası
sınmışdı. Vertolyotda Ələkbər
Talıbov, Ramiz Hüseynov yaxınımda
uzanmışdılar. Əbülfəzin
cəsədi də yanımızda idi. Əsgərlər
onu dənizə atmaq istədilər, amma pilot imkan vermədi.
Əbülfəzin atası Böyükağa kişi deyirdi ki, tutulanları Bakıya apararkən
qanlı cinayətin izini itirmək üçün oğlu ilə
yanaşı, bir neçə nəfəri də təyyarədən
dənizə ataraq Xəzərin sularına qərq etmək
istəyiblərmiş. Lakin gürcü əsilli pilot buna qəti
etiraz edərək belə olduğu halda təyyarəni
bütövlükdə dənizə
batıracağını deyib. Beləliklə,
onları Bakıya gətirib çıxarıblar və bir
gün sonra ataya Bakıdan oğlunun ölüm xəbərini
göndəriblər. Mənfur düşmənlər
onun nişan üzüyünü əlindən
çıxara bilməyib barmağını kəsmiş,
saatını, şərfini götürmüşdülər.
Aylarca çəkən məhbusluq həyatı,
heç vaxt unudulmayacaq ağır işgəncələr,
şikəstlik, əlillik... Azadlıq
mücahidləri Qorbaçov hökumətindən, sovet
ordusunun quduz cəza dəstələrindən bunları
gördülər”.
Həmin qanlı-qadalı günlərdə
neftçalalı Şəmsəddin Orucov Bakıda öz
evində, anasının və ailəsinin gözləri
önündə əsgərlərin gülləsinə
tuş gəlib. Əbülfəz Cəfərov
və Nurəddin Ağahüseynov da müqəddəs şəhidlik
zirvəsinə ucalıblar. Əbülfəz
Bankə qəsəbəsində yaşayırdı,
nişanlı idi. Nurəddin
özünün “Zaporojets” markalı şəxsi minik
avtomobilində qanına qəltan edilib.
Yaralananlardan Ramiz Hüseynov, Novruz Dadaşov, Ələkbər
Talıbov, Bəxtiyar Ağayev, Məhəmməd Fərziyev,
Fərman Hüseynov, Oqtay Orucov, Əliheydər Məmmədov,
Abdulla Ağayev və İmamverdi Zeynalov uzun müddət ağrı-acı çəkiblər.
Ümumiyyətlə, qanlı yanvar hadisələri
zamanı Netçalada 30 nəfər soydaşımız həbs
olunub. Fiziki və maddi- mənəvi, psixoloji
ziyan çəkənlərin sayı daha çoxdur. Onlardan bir çoxuna Azərbaycan
Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri
adı verilib. Neftçalanın Bankə qəsəbəsində
Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin
xatirəsinə abidə kompleksi qurulub, park salınıb.
Bankədəki 1 nömrəli orta məktəb
şəhid Əbülfəz Cəfərovun adını
daşıyır.
Neftçalalılar fəxr edirlər ki, 1990-cı ilin
yanvar hadisələri zamanı Bakı şəhərinə
və respublikanın bir sıra rayonlarına keçmiş
SSRİ Silahlı Qüvvələrinin təcavüzkar
basqını zamanı yüksək vətəndaşlıq,
mərdlik və hünər nümunələri göstərərək
Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış həmvətənlərimizin
arasında onların da eloğluları olub.
“Sizi köynəyindən keçirtdi vətən...”
Lənkəranda da hər kəs şəhidlərin
xatirəsini əziz tutur. Abidə
kompleksi ideal şəkildə əsaslı təmir olunub,
başdan-başa qara mərmər daşlarla üzlənib.
Vətənin azadlığı naminə
canlarından keçən soydaşlarımızın məzarları
daim ziyarət edilir, abidələrinin önündən
gül dəstələri əskik olmur. Məzarıstanın
yerləşdiyi küçə “Şəhidlər
Xiyabanı” adlandırılıb. Bu küçə
şəhidlərin adına layiq şəkildə
yenidən qurulub, ərazidəki avtomobil körpüsü
genişləndirilib, xiyaban boyunca hər iki tərəfdə
piyada səkiləri salınıb, milli ornamentli divarlar
hörülüb.
Bütün şəhidlərin ailələri
dövlətimizin hərtərəfli qayğısı ilə
əhatə olunub. Onların mənzil-məişət
problemləri həllini tapıb, müavinətləri
vaxtlı-vaxtında verilir, digər güzəştlərdən
bol-bol istifadə etmələri üçün lazımi
şərait yaradılıb. Lənkəranlı
şəhid ailələri onlara bəslənən münasibətdən
hədsiz razıdırlar.
Qanlı və şanlı yanvar hadisələrində
Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə
şəhidlik zirvəsinə ucalanlardan 11-i Lənkəran
torpağının övladıdır. Onlardan
beşi - Telman Bağırov, Mirsalam Əbülfətov, Asif
Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev
yanvarın 19-dan 20-nə keçən gecə Bakı
küçələrində sovet ordusunun silahlı təcavüzünün
qurbanı olub. Bundan bir neçə gün sonra isə daha
altı nəfər - Tariyel Abdullayev, Salman Baxşıyev,
Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov
və Şahin Məmmədov rus desantçıları tərəfindən
Lənkəranın Haftoni meşəliyində vəhşicəsinə
qətlə yetiriliblər.
Həmin vaxt təkcə paytaxtda deyil,
ölkəmizin hər yerində imperiya əsarətinə
qarşı etiraz mitinqləri keçirilirdi. Cəlilabad və Astarada sərhəd
zastavalarının nəzarət-keçid məntəqələri
dağıdılmışdı. Ruslar
buna müqavimət göstərməmişdilər. Sərhədlər 3 gün açıq
qalmışdı. 20 Yanvar hadisəsindən
sonra məlum oldu ki, məqsəd əhalini itaətsizlikdə
günahlandırmaq olub. O günlər Moskva
televiziyaları Astara keçid məntəqəsində
sındırılmış qapıları dəfələrlə
nümayiş etdirərək yanvar qırğınlarına
haqq qazandırırdı.Onu da deyək ki, həmin vaxt Lənkəran
ətrafında çoxlu sovet hərbi hissələri
vardı, tank və zenit alayları, 50-60 min hərbçi
dislokasiya olunurdu.
Şahidlər deyir ki...
Lənkəranda 46 nəfər fəal
etirazçı tutularaq Rusiyanın müxtəlif həbsxanalarına
sürgün olunub. Sürgün edilənlər
4 ay işgəncələrə məruz qaldıqdan sonra
buraxılıblar.
Rayona yeridilən rus hərbçiləri
xalq hərəkatı nümayəndələrindən guya onlarda
olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb
edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha dramatik hal
aldığını görən fəallar dağlıq
meşə zolağına çəkildilər ki, şəhərdəki
gərginlik səngisin və əhaliyə heç bir xətər
toxunmasın. Amma adamların gözünü qorxutmaq istəyən
“xilaskar” ordunun desantçıları dərhal meşəliyi
mühasirəyə alaraq oradakı adamları güllə
“yağış”ına tutdular. Nəticədə altı lənkəranlı vətənpərvər
şəhid oldu.
Lənkəranlıların xatırladığına
görə, şəhidlərin matəm mitinqinə minlərlə
adam toplaşmışdı. Mitinqi dağıtmaq üçün hərbi
vertolyotlar adamların başı üzərində
fırlanır, vahimə yaradırdı. Amma heç kim yerindən tərpənmədi...
Düz iyirmi beş ildir ki, Lənkəran
şəhərindəki Şəhidlər Xiyabanı müqəddəs
ziyarətgaha çevrilib. Ötən illərdə
başdan-başa yenidən qurulmuş abidə kompleksinə hər
ildönümü ərəfəsində bir daha məhəbbbət
və qayğı ilə əl gəzdirilir, əbədi məşəl
kompleksinin və şəhid məzarlarının ətrafında
nümunəvi səliqə-sahman yaradılır.
Qəribədir, hər il yanvarın
20-də və daha sonra şəhidlərin anım
günü Lənkəranda hava çiskinli,
yağıntılı olur. Buna baxmayaraq, adamlar
axın-axın əbədi məşəl önündən
keçir, şəhidlərin puhuna dualar oxuyurlar. Sanki göylər ana-bacı mehri ilə göz
yaşı axıdır, qırmızı qərənfillərsə
onların qəhrəmanlığına məmnunluqla baş əyir.
(Mənsə düşünürəm ki,
saplağındakı qayçı yeri o gülləri
heç ağrıtmır da. Axı,
ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda
da azadlıq tariximizin şərəfli bir gününü al
ləçəkləri ilə süsləmək məhz qərənfillərə
nəsib olur).
...Yenə də Lənkəranın Şəhidlər
Xiyabanındayıq. Qara mərmərli lövhələrdən
birinin önündə ayaq saxlayırıq. Bu, Asif Kamil oğlu Əsədullayevə aid lövhədir.
Jurnalist dostum Ağaddin Babayev kövrək halda köks
ötürərək deyir:
-Asif bizim Şağlaser kəndində
çoxuşaqlı ailənin övladı idi. Dostluq edirdik. O, Neft Akademiyasını bitirəndən
sonra Bakıda qalıb işləyirdi. Ölümündən
az öncə paytaxtda yeni mənzil də
almışdı, amma orada bir gün belə yaşamaq Asifə
nəsib olmadı. Aeroport yolunda gülləbarana
düşərək yerindəcə həlak oldu. Səkkiz yaşlı qızını və dörd
yaşlı oğlunu atasız qoydu. Asif kəndimizin
qəbristanlığında uyuyur. Bakının
Sabunçu qəsəbəsindəki bir küçə və
Şağlaser kənd orta məktəbi onun adını
daşıyır. Sadə, zəhmətkeş,
ailəcanlı, təmkinli bir insan idi. Onun
adıyla bütün kəndimiz fəxr edir. Allah rəhmət
eləsin!
Digər jurnalist dostum Sərraf
Talıblı da şəhid Asif Əsədullayevlə həmkəndli
olub. Qələm dostlarım qalan şəhidləri
də yaxından-uzaqdan tanıyıblar, hər birinin
haqqında oçerk-elegiyalar, şeirlər yazıblar.
Qanlı yanvar hadisələri zamanı Sərraf
Lənkəran radiosunun məsul redaktoru vəzifəsində
çalışırdı.
– Həmin gecə Bakıda faciə törədildikdən
sonra ölkədə komendant saatı tətbiq
edilmişdi,-deyə o bildirir.
– Medianın fəaliyyəti
dayandırılmışdı. Təkcə
bizim radiomuz susmamışdı və sovet
qoşunlarının Bakıda törətdiyi qətliam barədə
həqiqəti yaya bilirdi. Özü də
dörd dildə. Lənkərana gəlib
qanlı cinayətlərini həyata keçirən rus hərbçiləri
bundan duyuq düşəndə artıq biz təhlükəsizlik
tədbirlərimizi görmüş, veriliş
qovluqlarımızı və sairəni gizlədə
bilmişdik. Yoxlayıcılara dedik ki, bu,
adi bir qovşaqdır, bizim şəhərdənkənar efirə
çıxışımız yoxdur. Onlar hər yeri ələk-vələk
elədilər, lakin gizli radiostansiya axtarışları nəticəsiz
qaldı... Demək istəyirəm ki, hər bir
azərbaycanlı kimi, biz də imkanımız daxilində
imperiya cəlladlarına barışmaz münasibətimizi
göstərirdik.
...Xiyabanda 5-6 yaşlı qəşəng bir qız
diqqətimi cəlb elədi. Babasının əlindən
tutaraq şəhid məzarlarının önündən keçir,
lövhələrə yazılmış adları höccələyə-höccələyə
oxuyurdu.
– Buraya nə üçün gəlmisən? - deyə soruşdum.
– Babam ziyarətə gətirib. O deyir ki, şəhidlər
bizdən ötrü həlak olublar. Biz
onların hamısını tanımalıyıq. Elə
tanımağa gəlmişəm də!.. Bəli, kiçikli-böyüklü hər kəs
elliklə şəhidlərimizin xatirəsinə sonsuz ehtiram
bəsləyir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2015.- 25 yanvar.- S.4.