Azərbaycan gömrüyünün fəaliyyətində

davamlı inkişaf dinamikası təmin edilmişdir

 

30 yanvar Gömrük İşçilərinin Peşə Bayramı Günüdür

 

Azərbaycan Respublikası iqtisadi inkişaf tempinə  görə artıq 11 ildir ki, dünyada lider ölkələr sırasındadır. Bu dinamika 2014-cü ildə də qorunub saxlanılıb. Ötən il də ölkəmizin sürətli sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına böyük töhfələr verilib.

 

Bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həll edilməsi Azərbaycana tam müstəqil, milli maraqlara əsaslanan xarici siyasət yürütməyə imkan verir. Gənc müstəqil dövlətimiz təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub.

 

Təxirəsalınmaz vəzifə – milli

gömrük xidmətinin yaradılması

və formalaşdırılması

 

Məlumdur ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarəti  sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra, 1992-ci il yanvarın 30-da yaradılmış Dövlət Gömrük Komitəsi (DGK) yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur. Gömrük xidmətini dövlət müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirən Heydər Əliyev gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirərək bu istiqamətdə tövsiyə və tapşırıqlarını vermişdir. Məhz ümummilli liderin rəhbərliyi ilə 1995-ci ilin əvvəllərindən etibarən respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində müsbət dönüş nöqtəsi əldə olundu və qurum özünün müstəqil inkişaf yoluna qədəm qoydu.

 

Gömrük sisteminin inkişafı

 

Hazırda Azərbaycan gömrüyü dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan, Ümumdünya Gömrük Təşkilatının dünyanın 6 regionu üzrə sonuncu – Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 2011-ci ildə Bakı şəhərində yaradılması təsadüfi deyil. Regional ofisin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbi, ilk növbədə, ölkə rəhbərliyinin gömrük sahəsinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlər olmuşdur.

Son 11 ildə Azərbaycan gömrüyünün inkişaf dinamikası uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişaf prosesləri bu sahədən də yan keçməmiş, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində qurulmuşdur. Bu proses dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamının uğurlu icrası ilə daha da sürətlənmişdir.

Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ də mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar gömrük əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə, gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

İdxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi tətbiq edilmiş, 2012-ci il yanvarın 1-dən yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahəsində inzibati prosedurlar daha da sadələşdirilmişdir. 2012-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi və Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və DGK-nın strukturunun təsdiq olunması da bu prosesə öz töhfəsini vermişdir.

Ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etmək məqsədilə 2011-ci ildə BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə “Hədəf” Əməliyyat Mərkəzi yaradılmışdır. Burada videogörüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində Mərkəzə daxil olur.

Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır. Ümumilikdə, Azərbaycan gömrüyündə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması və tətbiqi post və keçid-buraxılış məntəqələrinin də veb-texnologiyalar əsasında tam modern olmasını tələb etməklə yanaşı, gömrük nəzarətinin daha müasir qaydada həyata keçirilməsinə imkan verir.

 

Gömrük ödənişləri və hüquqpozmalar

 

Azərbaycan gömrüyü 2014-cü ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

Dövlət Gömrük Komitəsi 2014-cü ildə nəzərdə tutulan 1 milyard 510,0 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard 510,76 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 100,05 faiz əməl edib. Eyni zamanda, 2015-ci və növbəti üç il üçün proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin layihəsinin hazırlanması məqsədi ilə geniş iqtisadi təhlillər aparılmış və müvafiq təkliflər aidiyyəti üzrə təqdim edilmiş, nəticədə Dövlət Gömrük Komitəsi üçün 2015-ci il üzrə 80 milyon manat və ya 5,3 faiz artımla 1 milyard 590 milyon manat həcmində büdcə proqnozu müəyyən edilmişdir.

2014-cü ildə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmini, gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin prioritet istiqamətlərini təşkil etmişdir.

Gömrük orqanları tərəfindən 2014-cü ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 10811 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan 424-ü cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 577 min 813 manatdan çox təşkil etmişdir. Bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfər (375 Azərbaycan vətəndaşı, 98 əcnəbi) barəsində müvafiq tədbirlər görülmüşdür.

Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar olunmuşdur.

Bu faktlar üzrə  ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən, 35 kq 926 qram tiryək, 27 kq 37 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılmış, şübhəli bilinən 185  nəfər (159 nəfər kişi, 26 nəfər qadın) barəsində müvafiq tədbirlər görülmüşdür.

 

Qanunvericilik və nəzarətin təşkili

 

Dövlət Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də gömrük işini nizama salan qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsidir. Ötən illərdə olduğu kimi, 2014-cü il ərzində də DGK tərəfindən gömrük işi sahəsində normayaratma fəaliyyətinin həyata keçirilməsi istiqamətində mühum işlər görülmüşdür.

“Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”, “Malların daxildə emal xüsusi gömrük  proseduru altında yerləşdirilməsi Qaydaları”,  “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları” və “Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar” Nazirlər Kabineti tərəfindən müvafiq qaydada təsdiq edilmişdir.

Bundan başqa, “Şəxsi yoxlama aparılması haqqında” Protokolun forması, “Gətirilməsi (aparılması) qadağan olunmuş və ya məhdudlaşdırılmış malların götürülməsi haqqında” Protokolun forması, “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması Qaydaları”, “Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”, “Risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsi Qaydaları”, “Xüsusi gömrük statistikasının aparılması Qaydaları”, “Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsinin Qaydası”, “Gömrük nəzarəti zonalarının yaradılması və  nişanlanması Qaydaları”, “Ümumi meyarların və prioritet nəzarət sahələrin müəyyən edilməsi üzrə Qaydalar” və “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postu haqqında  Əsasnamə"nin layihəsi hazırlanmış və DGK Kollegiyasının qərarı ilə təsdiq edilərək Ədliyyə Nazirliyində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunmuşdur.

Gömrük xidmətində həyata keçirilən kompleks tədbirlərdən biri də gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi, eləcə də bu nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsidir. Bu işdə Dövlət Gömrük Komitəsinin mobil gömrük bölmələrinin fəaliyyəti də önəmlidir. Mobil gömrük bölmələri Azərbaycan Respublikasının gömrük ərazisində daşınan malların müəyyən olunmuş marşrut və müddət ərzində təyinatı üzrə çatdırılmasına nəzarəti həyata keçirirlər. Mobil gömrük avtomobilləri ilə təmin olunmuş bölmələrin əməkdaşları marşrut xəttindən çıxan, müəyyən olunmamış yerlərdə uzun müddət dayanan və pozuntu hallarına yol verən nəqliyyat vasitələrinə operativ şəkildə yaxınlaşaraq hadisəni yerində araşdırır və müvafiq tədbirlər görürlər. 2014-cü il ərzində mobil gömrük bölmələri tərəfindən müxtəlif gömrük rejimləri altında yük daşıyan 352-dən artıq avtomobilin marşrut xəttindən çıxması və çıxma cəhdləri faktı aşkarlanmış və həmin yük avtomobillərinə qarşı operativ tədbirlər görülmüşdür.

 

Gömrük işində informasiya texnologiyaları

 

Son illər Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilmişdir. Ötən il “Gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatında və yoxlanılmasında “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə texnoloji sxem”ə uyğun olaraq Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) təkmilləşdirmələr aparılmış, gömrük-sərhəd buraxılış məntəqələrində yerləşən gömrük postlarından keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsi – VAİS-RİSK sistemi tətbiq edilmişdir.

Bu sistem əsasında gömrük-sərhəd buraxılış məntəqəsindən keçirilən mal və nəqliyyat vasitələrinin və onların sənədlərinin yoxlanılmasının dərəcəsini müəyyən etmək üçün Risklərin İdarə Edilməsi metoduna əsaslanaraq avtomatik şəkildə risklər təhlil olunur.

Bundan başqa, poçtla daşınan malların qeydiyyatı və əvvəlcədən bəyan edilməsi üçün “VAİS-Poçt daşımaları” altsistemi hazırlanaraq istismara verilmişdir. Altsistem poçt daşımaları ilə məşğul olan şirkətlərə Dövlət Gömrük Komitəsinin internet saytında yaradılmış “XİF iştirakçısının şəxsi kabineti”nə daxil olmaqla poçtla ölkəyə gətirəcəkləri malları əvvəlcədən bəyan etməyə imkan verir.

Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiyadan istifadə etməklə Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” layihəsi işlənilmiş, layihənin proqram təminatı hazırlanmış və VAİS-ə inteqrasiyası təmin edilmişdir. Layihə Astara Gömrük İdarəsində, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında tətbiq olunmuşdur. Layihənin icrası mal və nəqliyyat vastələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir ki, bununla da toplanan statistik məlumatların təhlili mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunmasına yardım edəcəkdir.

DGK ilə Almaniyanın “SMİTHS HEİMANN” şirkəti arasında imzalanmış müqavilə əsasında dövlət sərhəd buraxılış məntəqələrində iri həcmli yüklərə sürətli və yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün Astara, Biləsuvar, Şahtaxtı, Sədərək və Culfa gömrük idarələrində, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında  “X-REY” rentgen avadanlıqları quraşdırılaraq istifadəyə verilib və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib.

“X-REY SMİT Heymann” rentgen avadanlığı dünyanın az sayda inkişaf etmiş ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir. Müxtəlif növ yük avtomobillərinin 3 dəqiqə ərzində tam şəkildə rentgen müayinəsini aparan bu avadanlıq son illərin istehsalıdır. Təbii ki, belə yüksək texnologiyalı avadanlığın Azərbaycan gömrük orqanları tərəfindən əldə olunaraq ölkəmizə gətirilməsi və onun tətbiqi qaçaqmalçılıq hallarının qarşısının alınmasında da əhəmiyyətli rol oynayır.

 

Beynəlxalq əməkdaşlıq genişlənir

 

Gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə Azərbaycan gömrüyü dünyanın bütün aparıcı qurumları və müvafiq təsisatları ilə sıx əlaqələr qurur.

Ötən il Azərbaycan tərəfi Gürcüstan Respublikası ilə gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, Toqo Respublikası ilə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım, Mərakeş Krallığı və Uruqvay Şərq Respublikası ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər imzalamışdır.

Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Gömrük Xidməti ilə kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında, eləcə də Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsi ilə dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə protokollar imzalamışdır.

2014-cü ildə Dövlət Gömrük Komitəsinin nümayəndələri bir neçə ölkədə səfərdə olublar. Toqo Respublikasının paytaxtı Lome şəhərinə mayın 8-9-da gerçəkləşən səfər zamanı hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Azərbaycan tərəfi Toqonun gömrük xidmətinə texniki avadanlıq, həmçinin narkotik vasitələrin axtarışı üzrə iki xidməti it hədiyyə etmişdir.

Mayın 12-14-də isə Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olmuşdur. Bu səfərdə də Azərbaycan və Mərakeşin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Mərakeşin paytaxtı Rabatda, ölkənin ən nüfuzlu ali təhsil ocağı olan V Məhəmməd Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı “Azərbaycan və Heydər Əliyev” mövzusunda konfrans keçirilmişdir. Universitetin professor-müəllim heyətinin, tanınmış elm adamlarının, tələbələrin iştirak etdiyi toplantıda xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunmasında müstəsna rolundan danışılmış, ulu öndərin siyasi kursunun bu gün uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır. Sonra V Məhəmməd adına Milli Teatrın foyesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömrük mədəni irsin keşiyində” adlı sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeylərində saxlanılan, gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda qaçaqmalçılardan müsadirə olunmuş qədim və dəyərli incəsənət əsərləri nümayiş etdirilmişdir.

Səfər çərçivəsində Rabatdakı V Məhəmməd Universitetinin rəyasət heyətinin binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş simpozium da keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin ölməz ideyalarının bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdiyi və bu strategiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanmışdır. Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilmişdir. Mayın 14-də isə Azərbaycanın milli bayramı – Respublika Günü və ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ölkəmizin Rabatdakı səfirliyinin və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə rəsmi qəbul da təşkil olunmuşdur. Qəbula Mərakeş Krallığının Baş naziri Abdelilah Benkiran başda olmaqla, ölkənin yüksək rütbəli dövlət və hökumət nümayəndələri, ziyalılar, Rabatda akkreditə edilmiş beynəlxalq missiya rəhbərləri, nüfuzlu beynəlxalq qurumların təmsilçiləri qatılmışlar.

Daha bir səfər iyunun 9-13-də Uruqvay Şərq Respublikasının paytaxtı Montevideo şəhərinə təşkil edilmişdir. Səfər zamanı keçirilən görüşlərdə Uruqvay-Azərbaycan münasibətlərinin perspektivlərindən söhbət açılmış, eləcə də gömrük xidmətləri arasında birgə fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvay Milli Kitabxanasını ziyarət edərək Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” , “Qədim Şuşa”, “Azərbaycan xalçaları” və digər nəşrləri kitabxanaya hədiyyə etmişdir. Azərbaycan nümayəndə heyəti Uruqvay Tarixi İncəsənət Muzeyini də ziyarət edərək bu mədəniyyət ocağına Azərbaycan xalçası və rəsm əsərini bağışlamışdır. Uruqvayda təkşil edilən tədbirlər çərçivəsində Montevideo şəhərində “Gömrük mədəni irsin keşiyində” sərgisi də keçirilmişdir.

Ötən il bir sıra ölkələrdən, eləcə də mayın 19-da Braziliya Gömrük Xidmətinin baş direktoru, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Komitəsinin sədri Ernani Arqolo Çekkukki Filyo, iyunun 3-də Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin sədr müavini Amaniyaz Yerjanov, sentyabrın 7-13-də Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi Baş Gömrük İdarəsi rəhbərinin müavini Noiaye Aliou, sentyabrın 29-dan oktyabrın 2-dək İran İslam Respublikası Maliyyə və İqtisadi məsələlər üzrə nazir müavini, Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyan, oktyabrın 13-17 tarixlərində isə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdə olmuşdur. Dövlət Gömrük Komitəsində keçirilmiş görüşlərdə gömrük işi sahəsində əlaqələrin vəziyyəti, mövcud imkanlar və gələcək perspektivlər müzakirə edilmişdir.

Nəhayət, 2014-cü ildə Dövlət Gömrük Komitəsi nümayəndələrinin bir sıra beynəlxalq və regional toplantılarda iştirakı ilə yanaşı, Azərbaycanda da gömrük işinə dair mühüm tədbirlər təşkil olunmuşdur. Martın 17-18-da Gürcüstanın Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini kimi Azərbaycan Gömrük Xidməti və Gürcüstan Gəlirlər Xidmətinin birgə təşkilatçılığı ilə ÜGT-nin Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı keçirilmişdir. Bundan başqa, Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti iyunun 23-28 tarixlərində Belçika Krallığının Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının sessiyalarında, bu təşkilatın Meksikanın Puebla şəhərində sentyabrın 17-19-də keçirilən 9-cu Beynəlxalq PICARD Konfransında, eləcə də dekabrın 4-də Rusiya Federasiyasının Soçi  şəhərində MDB Dövlətləri Gömrük Xidməti Rəhbərləri Şurasının 60-cı  iclasında və digər bu kimi tədbirlərdə yaxından iştirak etmişdir.

Onu da qeyd edim ki, Meksikanın Puebla şəhərində keçirilən konfransda 10-cu Beynəlxalq PICARD konfransının Azərbaycanda keçirilməsi qərara alınmışdır.

Ölkəmizdə təşkil olunan tədbirlərə gəlincə, yanvarın 22-24-də Bakıda keçirilən ÜGT-nin Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci konfransında 42 ölkənin, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak etmişdir. Tədbirdə gömrük işi sahəsində insan resurslarının inkişaf etdirilməsinə dair qabaqcıl təcrübə və bir sıra digər mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Bakıda daha bir mühüm hadisə - mayın 21-23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Bali Konfransından sonra Ticarətin Asanlaşdırılması: Siyasətin təcrübədə tətbiqi” mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 1-ci Qlobal Konfransının keçirilməsi olmuşdur. 200-ə yaxın nümayəndənin iştirak etdiyi və gömrük işi sahəsində tədqiqatlar, araşdırmalar, təhsil və təlimlə bağlı fikir mübadiləsinin aparıldığı bu konfransda 20-yə yaxın beynəlxalq təşkilat və şirkətin, 65 ölkənin gömrük xidməti, eləcə də gömrük işi ixtisasını tədris edən ali təhsil müəssisələrinin nümayəndələri və elm xadimləri nitq söyləmişlər. Onların sırasında iqtisad elmləri üzrə Nobel mükafatı laureatları, professorlar Kristofer Pissarides, Tomas Sargent və Alvin Rof da olmuşdur.

Azərbaycan Gömrük Xidmətinin istər xaricdə təmsil olunduğu beynəlxalq və regional toplantılar, istərsə də ölkəmizdə təşkil etdiyi tədbirlər bununla bitmir. Ötən il Dövlət Gömrük Komitəsi öz ənənəsinə sadiq qalaraq, narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirmə işini də davam etdirmişdir. Komitənin indiyədək Azərbaycanda və başqa ölkələrdə təşkil etdiyi “Narkotiklərə yox!” adlı sərgi bu dəfə Maltanın paytaxtı Valletta şəhərində keçirilmişdir. Oktyabrın 3-də sərgini maltalı həmkarlarının dəstəyi ilə Azərbaycan Gömrük Xidməti və Gömrük Tarixi Muzeyinin nümayəndələri təşkil etmişlər.

Azərbaycan Gömrük Xidməti narkotik qaçaqmalçılığına qarşı mübarizədə təkcə hüquq-mühafizə müstəvisində deyil, eyni zamanda, maarifləndirici tədbirlər həyata keçirir. Maltada təqdim edilən sərgi indiyədək Azərbaycan Gömrük Xidmətinin narkomaniyaya qarşı mübarizə mövzusunda keçirdiyi beynəlxalq sərgi və müsabiqələrdə nümayiş olunan ən uğurlu əsərlər əsasında təşkil edilmişdir. Məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal problemlərdən birinə çevrilən narkomaniyaya qarşı mübarizənin vacibliyinə həssas bir şəkildə yönəltmək olmuşdur.

Onu da əlavə edim ki, Maltada keçirilən sərginin açılış mərasimində Malta Prezidenti xanım Mari-Luiz Koleyro Preka da iştirak etmişdir. Həmçinin sərgi Valletta şəhərində “Notte Bianca” festivalının keçırildiyi günlərə təsadüf edib ki, bununla da festivala öz töhfəsini vermişdir.

Gömrük işində peşəkarlıq və inkişaf üçün əsas şərtlərdən biri də bu sahədə təhsilin və kadr hazırlığının təşkil edilməsidir. Bu baxımdan, 2014-cü ildə Azərbaycan gömrüyü, eləcə də ölkənin təhsil sektoru üçün daha bir əlamətdar hadisə sentyabrın 15-də Dövlət Gömrük Komitəsi Akademiyasının fəaliyyətə başlamasıdır. Məlum olduğu kimi, akademiya gömrük orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanması, əməkdaşların ixtisasının artırılması və gömrük işi sahəsində elmi tədqiqatların aparılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli sərəncamı əsasında təsis edilib. Gömrük Akademiyası Azərbaycanda ilk peşəkar gömrük kadrlarını hazırlayacaq ali təhsil müəssisəsidir. Ötən il ilk tələbələrini qəbul edən akademiya onların biliklərinin daha dərindən mənimsənilməsi, nəzəri və praktiki vərdişlərin aşılanması işində müstəsna rol oynayacaq.

Bütün bunları yekunlaşdırıb əminliklə deyə bilərik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə, o cümlədən, gömrük işində davamlı inkişafı təmin etmişdir.

Ötən 11 il ərzində milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsi təmin edilmiş, respublikamız MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.

Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin qarşıdakı mərhələdə də böyük uğurlar əldə edəcəyinə, respublikamızın yaxın gələcəkdə bütün sahələrdə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevriləcəyinə böyük zəmin  yaradır. Bu işdə gömrükçülər də onların qarşısında qoyulan mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcək, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması naminə yeni-yeni nailiyyətlərə imza atacaqlar.

 

Aydın ƏLİYEV,

Dövlət Gömrük Komitəsinin sədri,

gömrük xidməti general-leytenantı

 

Xalq qəzeti.- 2015.- 30 yanvar.- S.3.