Cəbhəboyu kəndlərimizdə məktəb,

xəstəxana və qəbiristanlıqların

dağıdılmasının bir adı var: vandalizm

 

BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, “Cihan” və “Rossiya 24" kimi kütləvi informasiya vasitələrinin təmsilçiləri də bunun şahidi oldular

 

Son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən insidentlər, xüsusən, yaşayış məntəqələrinin və sosial obyektlərin atəş altında saxlanılması həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləmdəki mütərəqqi qüvvələr tərəfindən böyük narahatlıqla qarşılanır.

 

Ona görə də, dünyanın aparıcı kütləvi informasiya  vasitələrinin təmsilçiləri bu reallıqları  şəxsən görmək istəyiblər. Elə o məqsədlə də dünən  Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər.

Bu barədə verilən məlumatda bildirilir ki, Ağdam rayonunun Çəmənli kəndində olan media nümayəndələri erməni silahlı bölmələrinin artilleriya atəşləri nəticəsində həlak olan mülki şəxslərin yaxınları ilə görüşüblər. Həlak olanların yaxınları baş verənlərin mülki əhaliyə qarşı törədilən cinayət olduğunu deyiblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyib ki, bütün bunlar Ermənistanın hərbi-kriminal rəhbərliyinin törətdiyi cinayət əməlləridir: “Bu cinayətlərə hüquqi qiymət veriləcək”.

Daha sonra media nümayəndələri ermənilərin atəşi nəticəsində xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinləri – Şəbnəm Səyyaf qızı Qaraşova, Adil Mustu oğlu Məmmədov və Elnur Polu oğlu Məmmədova baş çəkiblər. Həkimlər onların üçünün də qəlpə yaraları aldığını, vəziyyətlərinin stabil olduğunu deyiblər. Məlumatda bildirilir ki, media təmsilçiləri  Ağdamdan öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, “Cihan”, “Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunur.

Ermənistan prezidenti Serj Sarkisyanın həm öz xalqına, həm də azərbaycanlılara qarşı törətdiyi terror, təxribat, qətl, qarət, işgəncə, vandalizm və bu kimi murdar əməllərin sırasını yada saldıqca, sadalamalar bitmir və istər- istəməz  məşhur “çirkli müharibə” ifadəsi yada düşür. Xatırladaq ki, dünyanın münaqişə və müharibə tarixlərini əhatə edən ədəbiyyatda “çirkli müharibə” termini də vardır. Argentinanın Buenos-Ayres şəhərinin  polis komissarı olmuş Migel Osvaldo Etçekolats  1976 -1983-cü illərdə törətdiyi qətl və işgəncələrə görə “çirkli müharibə” törətmək ittihamı  ilə  33 ildən sonra – 2006-cı ilin sentyabrında ədalət məhkəməsi qarşısına çıxarılmışdı. O hesabla götürəndə qatil Sarkisyanın məhkəməsi  də qaçılmazdır. Üstəlik, Sarkisyanın cinayətləri həm adıçəkilən komissarın cinayətlərindən  dəfələrlə çoxdur, həm də bu qatil təkcə azərbaycanlılara deyil, öz xalqına qarşı da   cəlladlıq edib.

İndiki əsrin “çirkli müharibə”sinin müəllifi təkcə bu ilin aprel ayı ərzində  Azərbaycanın cəbhəboyu  kənd və qəsəbələrindəki minlərlə dinc sakinin canına və əmlakına vurduğu ziyana, yüzlərlə erməni əsgərinin ailəsini gözüyaşlı qoyduğuna, müharibə və münaqişələrə dair beynəlxalq aləmdə mövcud olan bütün saziş, müqavilə, protokol və konvessiyalara həyasızcasına məhəl qoymadığına görə beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır. Yəni, onun bütün şərəfsizliklərini, hətta, dünyanın əksər ölkələrində soyqırımı kimi tanınmış Xocalı faciəsini də bir kənara qoysaq belə, təkcə bu ilin aprelindəki əməllərinə görə ən ağır cəzaya məhkum  edilməlidir.

Son günlər region xalqları hər axşam Azərbaycanın işğal altında olan ərazilərindən verilən xəbərlərin həyəcanı ilə günü başa vurur və hər səhər günə bu məzmunlu xəbərlərlə başlayır:  “ Azərbaycan Respublikasnın Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub”. Millətindən və irqindən asılı olmayaraq, istənilən insan dinc sakinlərin evlərinin atəşə tutulması həyəcanını öz problemi kimi qəbul edir. Çünki söhbət “Qrad”, haubitsa zərbələri altında qalan evlərdəki qadın, uşaq və qocaların hansı riskli anları yaşadığından gedir.

Həmin məzmunlu xəbərlərdən birində deyilir: Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  jurnalistlərə bildirib ki,  ermənilərin atdığı  mərmilərdən 50-si Qaraxanlı kəndi ərazisinə düşüb, 35 həyətyanı sahəyə  atılan mərmilər 19 evi yararsız hala salıb,  bir ev isə  tamamilə yanıb. Rayon rəhbəri bildirib ki, Ermənistan silahlı qüvvələri  daha çox mülki əhalini hədəfə alırlar.

Qəzetimizin ötən saylarında bu məzmunlu rəsmi məlumatları oxuculara təqdim etmişik. Son məlumatlarda isə bildirilir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Rəsmi məlumatlardan  daha birinə diqqət yetirək: “Aprelin 27-dən 28-ə keçən gecə Ermənistan ordusu Ağdam və Tərtərdə 110 mülki evi, 2 məktəbi, 2 bağçanı, Tərtər şəhərinin mərkəzindəki pambıq zavodunu dağıdıb, fermer təsərrüfatını gülləbaran edib və mal-heyvanı qırıb. Düşmənin atəşi zamanı 2 mülki vətəndaşımız ölüb, 7 nəfər yaralanıb”.

Bütün bu faktları dünya ictimaiyyətindən gizlətmək istəyən Ermənistan ordusu    Qarabağın separatçı rejimi özünəbəraət məqsədli video yayıb. Saxta erməni saytlarında yerləşdirilən bu saxta video ilə bağlı  məlumatda qeyd olunur ki, guya, Azərbaycan ordusu Madagis kəndini (Tərtər rayonunun işğal edilmiş kəndi - red.) tank və “Qrad”lardan atəşə tutub.   Ekspertlər yazırlar ki, dağıtdıqları və hazırda dünyanın gözü önündə olan mülki evlərin, öldürdükləri Azərbaycan vətəndaşlarının qarşılığında, guya, Azərbaycanın da erməni mülki əhalisini vurduğunu imitasiya edən video yaymaqla, əslində, Qarabağ separatçıları özlərini rüsvay edib. Belə ki, təqdim edilən videoda tüstü-duman çəkilən kimi “Qrad” və top mərmisinin düşdüyü deyilən yerdə kiçicik də olsa, çuxur belə yaranmır, evlərin yanına düşən “mərmi” qəlpələrinin isə binalarda hətta xırda yeri də yoxdur.

Mətbuat yazır ki, xüsusi partlayış effekti ilə imitasiya edilən və montajla hazırlanan bu videoda bircə dağıntı görmək, əsl mərmi partlayışı müşahidə etmək mümkün deyil. Mətbuat onu da xatırladır ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti, guya, Azərbaycan Ordusunun mülki əhaliyə qarşı aqressiyasını sübut etmək üçün broşür hazırlamışdı. Həmin broşürdə gülləbaran edilən maşının Azərbaycan seriyalı VAZ 2107 olduğu sübut olunmuşdu. Başqa sözlə, ermənilər özləri yaydıqları broşürlə özlərinə qarşı anti-təbliğat apardıqlarını anlayandan sonra broşürləri geri yığmağa başlamışdılar. İndi də eyni proses baş verir: yayılan video ermənilərin nə qədər saxta, adi gözlə görünən yalan yaydıqlarını bir daha ortaya qoyur.

Azərbaycan mətbuatı, haqlı olaraq, daha bir mühüm məqamı yada salır.  O məqam nədən ibarətdir? Ermənistan unudur ki,  onun atəş altında qoyduğu əhali tarixi torpaqlarında, öz doğma el-obasında yaşayır. Madagiz isə digər işğal olunan ərazilərimiz kimi, ermənilərin işğaldan sonra məskunlaşdıqları yerdir. Belə ki, Cenevrə Konvensiyasının 49-cu maddəsinə görə, işğalçı dövlətin işğal etdiyi ərazidə sülh müqaviləsi imzalanana qədər öz əhalisini yerləşdirmək hüququ yoxdur. Odur ki, ekspertlərin fikrincə, Azərbaycan bu gün Ermənistanın işğalı altında saxladığı ərazilərdə hərbi əməliyyatlara başlayarsa və bu zaman erməni mülki əhali ziyan çəkərsə, buna görə Azərbaycan deyil, orada mülki əhalini zorla məskunlaşdıran Ermənistan məsuliyyət daşıyacaq. Çünki oradakı əhali işğal olunan torpaqlarda sülh müqaviləsi olmadan yerləşdirilib.

Düşmən dövlətin işğalçılığı bir tərəfə, onun siyasi riyakarlığı da dünya ictimaiyyətinin gözü qabağında ola-ola Sarkisyana “gözün üstdə qaşın var” – deyən olmur. Ona görə də bu şərəfsiz insan bir gün bəyan edir ki, danışıqlardan imtina edirəm, ertəsi günü bəyanat yaydırır ki, biz danışıqlara hazırıq.  Ermənistanın  Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara hazır olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Ermənistan prezidenti danışıqlardan imtina etdiyini, xarici işlər naziri isə guya, ölkəsinin münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir: “Bu iki fikir bir-birinə tamamilə ziddir. Bunların arasında məntiq tapmaq da çox çətindir. Belə bir təəssürat yaranır ki, Ermənistanın hakim dairələrində ziddiyyətli mövqelər var. Ermənistanın xarici işlər naziri də öz prezidentinin dediklərini inkar edir. Bunlar da,  əslində, Yerevan rejiminin təşviş və çaşqınlıq içərisində olmasının göstəricisidir. Bu, bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və hər bir vəchlə işğal və təcavüzü davam etdirməkdir. Qoşunların təmas xəttində Ermənistanın həyata keçirdiyi təxribatçı əməllər də, əslində, Ermənistanın əsl simasını göstərir. Bu təxribatçı əməllərin hədəfi məhz mülki Azərbaycan əhalisidir”.

Ermənistanın dövlət kimi deyil, forpost kimi idarə olunduğunu, Serj Sarkisyanın isə özünü prezident kimi yox, silahlı qruplaşma, mafiya başçısı kimi apardığını etiraf edən  erməni mətbuatı bugünkü reallıqlar barədə maraqlı fikirlər yazır.  Rəsmi fakt olmasa da, Ermənistan həqiqətləri kimi inandırıcı görünən həmin materiallarda qeyd edilir ki, guya, Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev İrəvan səfəri zamanı Sarkisyana başa salıb ki, “sənin işğalçı siyasətinə  görə strateji layihələrimiz –Avrasiya və Gömrük İttifaqlarımız yerində sayır” .  Məlum olduğu kimi,  Azərbaycanın  bu iki ittifaqın heç birinə qoşulmamasının səbəbi  işğalçı Ermənistanın həmin layihələrdə təmsil edilməsidir. Onu da yada salaq ki, həmin  ittifaqlarda təmsil olunan ölkələrin əksəriyyəti aprel müharibəsində Azərbaycana dəstəklərini ifadə edib. Belə olan halda Sərkisyanın işğalda saxladığı torpaqları boşaltmaqdan başqa çıxış yolu qalmır. O isə hələlik Azərbaycanın dinc əhalisini ağır artilleriyadan atəşə tutmaqla yeni təxribatlar törədir ki, ara qarışsın və onun hakimiyyətinin ömrü bir qədər də uzansın.

Sarkisyanın hakimiyyətdə daha çox qalmaq istəyinin çox səbəbləri ola bilər. Ancaq mən erməni müxalifətinin təmsilçisi olan Levon  Badalyanın arqumentinə daha çox inanıram:  “Bu gün dünya prezidentləri arasında hakimiyyət postunu itirməkdən Sarkisyan qədər qorxan ikinci dövlət başçısı yoxdur. Çünki o bilir ki, hakimiyyətdən gedən kimi əsgər anaları onu didib-parçalayacaq, erməni xalqı isə qarət olunmuş milyardları geri istəyəcək!”.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2016.- 30 aprel.- S.8.