Multikulturalizm mədəniyyət siyasətində əsas istiqamətlərdəndir

 

Azərbaycanda multikultural dəyərlər həmişə dövlət tərəfindən qorunmuş və təbliğ olunmuşdur. Öz etnoqrafik rəngarəngliyi ilə seçilən ölkəmizin ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar və başqa azsaylı xalqlar yaşayırlar.

Onlar özünəməxsus fərqli mədəniyyətlərinin elementlərini bütün dövrlərdə qoruyub saxlamışlar. Onların mədəniyyətinə, adət-ənənələrinə, dininə yüksək səviyyədə diqqət və qayğı göstərilmiş, həmin dəyərlərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılmışdır. Müstəqillik dövründə Azərbaycanda həyata keçirilən yeni mədəniyyət siyasəti multikultural dəyərlərin qorunmasına və təbliğinə əsaslı stimul yaratmışdır.

Söz yox ki, Azərbaycan xalqının tarix boyu digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindən, insanpərvərliyindən və xoşməramlılığından irəli gəlir. Ölkəmizdə fərqli mədəniyyətlərin yanaşı və birgə yaşamasıni, azsaylı xalqların öz etnik-mədəni dəyərlərini qoruması üçün hər cür şəraitin yaradılmasını xarici ölkələrin nümayəndələri də etiraf edirlər. Məsələn, Bakı Humanitar Forumunda iştirak edən Y.Jdanov Azərbaycanda multikulturalizmin inkişafı barədə belə fikir söyləmişdir: Planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarca xalq çox uzun müddət birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər.

Bu gün Azərbaycanda bütövlükdə 80-dən çox etnosun nümayəndəsi yaşayır. Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə iki ildən bir azsaylı xalqların incəsənəti festivalı keçirilir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq, Avropa tamaşaçılarına təqdim edilir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda Azərbaycanda onlarca milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında Birlik Cəmiyyəti, Rus İcması, Slavyan Mədəniyyət Mərkəzi, Azərbaycan-İsrail İcması, Ukrayna Cəmiyyəti, Ronai Kürd Mədəni Mərkəzi, Samur Ləzgi Milli Mərkəzi, Azərbaycan-Slavyan Mədəniyyət Mərkəzi, Tat Mədəniyyət Mərkəzi, Azərbaycan-Tatar Cəmiyyəti, Turqan-tel Tatar Mədəniyyət Cəmiyyəti, Yaşlıq Tatar Mədəniyyət Mərkəzi, Krım Tatarları Cəmiyyəti və sair milli etnosların mədəniyyətinin inkişafına xidmət edir.

Bu da məlumdur ki, ölkəmizdə yaşayan millətlərlə ortaq mədəni dəyərlərimiz var. Bunu yaradanlar bu millətlərin sənətçiləri bəstəkarları, rəssamları, kino xadimləri və başqalarıdır. Böyük Nizamidən başlayaraq, ədəbiyyat və incəsənət əsərlərində bu ideyaların təbliğinə məxsusi yer ayrılıb.

Azərbaycanda yaradılan incəsənət əsərlərində bu xalqlar haqqında qiymətli nümunələr var. Məsələn, udilər haqqında kinorejissor Hüseyn Mehdiyev Udi xalqı sənədli filmini çəkmişdir. Kinolent Azərbaycan Respublikası ərazisində yaşayan, öz adət-ənənəsini, dilini qoruyub saxlayan udi millətinin timsalında azsaylı xalqın etnogenezisinə həsr olunmuşdur. Filmdə udilərin həyat tərzi, məşğuliyyəti, ən əsası isə Azərbaycanda özlərini rahat hiss etmələri, adət-ənənələri çox maraqlı faktlarla tamaşaçılara çatdırılır.

Azərbaycantelefilm Yaradıcılıq Birliyində İngiloylar sənədli televiziya filmi isə Azərbaycanın ən qədim əhalisindən olan ingiloyların tarixi, mədəniyyəti, adət və ənənələrinə həsr olunub. Çəkilişlər Zaqatala rayonunun Əliabad və Qax rayonunun Qax-İngiloy qəsəbələrində aparılıb.

Kinorejissor Oqtay Mirqasımovun çəkdiyi Qisas almadan ölmə. Keçmişdən məktublar filmi isə alman-Azərbaycan xalqlarının dostluğuna qiymətli töhfədir. Azərbaycanda yaşayan ləzgilər, ruslar yəhudilər haqqında da belə əsərlər yaradılmışdır.

Mədəniyyət siyasətimizin multikultural istiqaməti teatr sənətində özünü aydın göstərir. Belə ki, 1992-ci ildən Qusar rayonunda Dövlət Ləzgi Dram Teatrı 1981-ci ildə Qax rayonunda Ləzgi Xalq Teatrı fəaliyyətə başlamışdır. Hazırda bu teatrlara dövlət tərəfindən hər cür dəstək göstərilir, onların maddi-texniki bazası ilbəil möhkəmləndirilir.

Bu gün bütün azsaylı xalqların mədəniyyəti eyni səviyyədə təbliğ və nümayiş olunur, hər il Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə müxtəlif festivallar, konfranslar keçirilir.

Bütün bunlarla yanaşı, hazırda azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbilği üçün bədii özfəaliyyət kolektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər görülür. Bu kollektivlər nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdur.

Azərbaycanda mövcud olan mədəni müxtəliflik azsaylı xalqların tarixi abidələrində də öz əksini tapmışdır. Belə ki, maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq muzeylərində həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının təqdimatı keçirilir və həmin kitablar kitabxananın fonduna daxil edilir.

Göründüyü kimi, respublikada müxtəlif etnik qrupların mədəniyyətlərinin inkişafı və təbliği üçün münbit şərait yaradılmışdır. Bu da, söz yox ki, Azərbaycanda uğurla həyata keçirilən mədəniyyət siyasətinin real nəticəsidir.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2016.- 10 dekabr.- S.7.