Heykəltəraş, döyüşçü, igid

 

Şəhid heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığı Xalq əmanətində

 

Xalq Bankın Xalq əmanəti mədəniyyət layihəsi bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş Samir Kaçayevin həyat və yaradıcılığına müraciət edib. Layihənin sayca on dördüncü nəşri Heykəltəraşlıq bədii albomu gənc sənətkarın qısa, lakin olduqca dolğun ömür və yaradıcılıq yolunu işıqlandırır.

 

Samir Ziyatin oğlu Kaçayev 1994-cü il, martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub. Kiçik yaşlarından sənətə marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirdi. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olaraq hərbi xidmətə yollanıb. Aprel ayının 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra İgidliyə görə medalı ilə təltif edilib.

S.Kaçayev yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub: yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, Vətənə sevgisi ilə həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.

Xalq Bankın əsas binasında şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərinin sərgisi açılıb. Açılış mərasimində onun həyat və yaradıcılığına həsr olunmuş albomun da təqdimat mərasimi keçirilib.

Mərasimi Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq qeyd etdi ki, taleyin Samirə bəxş etdiyi son dərəcə qısa zaman kəsiyində o, istedadını yetərincə göstərə bilib və özündən sonra böyük heykəltəraş kimi yetişə biləcəyini isbatlayan nümunələr qoyub. Samirin bürünc, tunc və qranitdən tökdüyü Balerina , Tərəzi, Ogüst Roden, Qadın fiqurubaşqa əsərlərində onun qeyri-adi təxəyyülü, ecakar ruhu, əllərinin plastikası əks olunub.

R.Hüseynov Azərbaycan, rusingilis dillərində böyük zövqlə, nəfis şəkildə nəşr olunan Samir Kaçayev albomunun mütləq Avropanın siyasi və mədəni elitasına təqdim edəcəyini bildirdi. Qoy hamı bilsin ki, erməni qəsbkarları təkcə Azərbaycan torpaqlarına təcavüz etməyiblər. Onlar Qarabağda yeni-yeni təxribatlar törətməklə Samir kimi çox istedadlı gənclərimizin həyatlarına amansızcasına son qoyurlar.

ADRA-nın rektoru, Xalq artisti, akademik Ömər Eldarov Samir Kaçayev kimi istedadlı gənc heykəltəraşın həlak olmasından son dərəcə kədərləndiyini bildirdi. Akademik dedi ki, Samirin diplom işi olan Ogüst Roden heykəli xüsusi qeyd olunmalıdır. Gənc heykəltəraşın parlaq istedadını əks etdirən bu əsər hazırda ADRA-nın həyətində saxlanılır. Ömər müəllimin fikrincə, Samirin məhz bu mövzunu seçməsi onun dünya incəsənət tarixinə, heykəltəraşlıq sənətinin keçmişinə dərin maraq duyduğunu, geniş dünyagörüşə sahib olduğunu göstərir.

Samirin sevimli müəllimi, professor, Əməkdar incəsənət xadimi Akif Əsgərov isə dedi: Mən, bir pedaqoq kimi, tələbələrimə daim aşılamağa çalışmışam ki, yaratdıqları obrazların daxili aləminə maksimum dərəcədə nüfuz etməyə çalışsınlar. Samir bütün tövsiyələrimi ilk kəlmədən tutur, tapşırıqları dəqiq yerinə yetririrdi. İşlərində canlı, həyati surətlər yaratmağa çalışırdı. O, ən sevimli tələbəm kimi ürəyimdə əbədi yuva qurub.

Tədbirdə Müdafiə Nazirliyinin məsul əməkdaşı, Samirin tələbə yoldaşları başqaları çıxış edərək onun çox intizamlı əsgər qorxmaz döyüşçü, etibarlı dost olduğunu söylədilər bu ağır itki ilə heç cür barışa bilmədiklərini dilə gətirdiər.

Xalq Əmanəti layihəsi ASC Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.

Sonda bildirək ki, Samirin həyat və yaradıcılığına həsr olunan sərgi yanvar ayının sonunadək Xalq Bankın əsas binasında nümayiş etdiriləcək. Sərgi fevral ayından Şamaxı rayonunda, Xalq Bankın Şamaxı filialında davam edəcək. Giriş pulsuzdur.

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.- 2016.- 18 dekabr.- S.8.