Qarabağda yaranan

“Ədəbi düşüncələr”

 

Mətbuatda uzun illərdən bəri milli ədəbi prosesQarabağla bağlı ağrılı mövzularda silsilə yazılarla çıxış edən fəlsəfə doktoru Sabir Rüstəmoğlunun bu yaxınlarda “Ədəbi düşüncələr” adlı növbəti kitabı işıq üzü görüb.

 

Sabir müəllim ­Qarabağda yaşayıb-fəaliyyət göstərən ədəbiyyatşünaslarımızdan, narahat taleli ziyalılarımızdandır. Bu torpaqda doğulub, onun halal bar-bərəkəti ilə böyüyüb, min bir gözəlliyini qəlbinə hopdurub. İncə zövqü, iti zəkası onu söz sənətinin xiridarı kimi yetişdiribfiloloq kimi ədəbi-elmi aləmə, müəllim kimi ali pedaqoji işə gətirib. Sabir Rüstəmoğlu ədəbiyyatın tədrisi metodikası üzrə namizədlik işi müdafiə edib. Son illərdə üzərində işlədiyi “Qarabağ ədəbi mühiti” adlı sanballı bir mövzuda doktorluq dissertasiyasını tamamlayıb.

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən düşmənlə davanın ön xəttində olan Sabir müəllim bir çox erməni vəhşiliklərinin, qanlı faciələrin də şahidi olmağın acısını yaşayıb. Elə buna görə də yaralı Qarabağın dərd və ağrılarından uzaq düşməməyi, düşmən qabağında dayananların sayını özü və ailə üzvləri ilə artırmağın şərəfini paytaxt ədəbi-mədəni mühitinin imkan və rahatlığından üstün tutub. Dəfələrlə Bakıya elmi-pedaqoji işə dəvət alsa da, itirilmiş yurd yerlərinin yaxınlığında qəlbinə toxtaqlıq gətirən həyatdan ayrılmayıb.

Filoloq alim neçə illərdir ki, “Qarabağ Universitetikimi tanınan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında çalışır. Bölgənin elmi-mədəni həyatının mərkəzində dayanan bu təhsil ocağının dosentidir. Əsasən, Qarabağ məktəblərində dərs deyən ana dili və ədəbiyyat müəllimləri hazırlanması işinə alim kimi bilik-bacarığını, pedaqoq olaraq metodik məharətini yorulmadan sərf edib.

Sabir Rüstəmoğlu həm də elmi düşüncəsini publisist yanğısı ilə birləşdirərək Qarabağ ətrafında illərdən bəri cərəyan edən faciəli hadisələrə fəal ziyalı münasibətini mətbuatda ardıcıl açıqlayır. O, ölkənin ədəbi-bədii prosesini də diqqətlə izləyir, tez-tez qənaət və mülahizələrini elmi-mədəni ictimaiyyətlə bölüşür. Alim, müəllim və ictimai düşüncəli ziyalı olaraq Sabir müəllim çoxşaxəli fəaliyyətinin nəticələrini kitablar şəklində də oxuculara çatdırır. Bu baxımdan onun son kitabını “Qarabağda yaşananyaranan ədəbi düşüncələr” də adlandırmaq olar.

Cəbhə bölgəsində yaşasa da, ədəbi prosesin qaynar mənzərəsini daim həssaslıqla nəzərdən keçirən müəllif bədii ədəbiyyatda və ədəbiyyatşünaslıqda özünü təsdiq edən yeni istedadların yaradıcılığını, ictimai rəydə maraq doğuran kitabların bədii-elmi məziyyətlərini nəzərdən qaçırmır, səbrlə araşdırır və sistemləşdirir. Kitabın “Ədəbi düşüncələr” adlanan birinci fəslində ayrı-ayrı illərdə oxucuların maraqla qarşıladığı, Qarabağda da geniş əks-səda doğuran dəyərli kitablar barədə resenziyalar üstünlük təşkil edir.

Ünlü şairlərimiz Bəxtiyar Vahabzadənin və Hüseyn Arifin Qarabağın xoş günlərində əldən-ələ gəzən şeir topluları, görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin dərin nəzəri-estetik səciyyəli yaradıcılığı barədə düşüncələr kitabın əvvəlində təqdim olunub. Müəllif filoloq-alim Raqub Kərimovun tənqidi poeziyamızın banisi Qasım bəy Zakirin, tədqiqatçı-jurnalist Tahir Aydınoğlunun yeni milli düşüncənin əsaslarını yaratmış Həsən bəy Zərdabinin irsinin dərindən öyrənilməsi ilə bağlı davamlı axtarışlarını da maraqla izləyib. Sabir Rüstəmoğlunun şərhlərində bu görkəmli simaların milli-mənəvi dəyərlər sistemində yeri və çəkisi barədə öz mülahizələri də əksini tapıb.

Sabir Rüstəmoğlunun ədəbi-tənqidi məqalələri Qarabağ prizmasından keçərək hədəflərini ümumi bir çevrədə toplayır. Bədii ədəbiyyata və publisistikaya bu bölgənin söz mühitindən pərvazlanmış tanınmış şairlərdən Ramiz Məmmədzadənin, Ənvər Əhmədin, Ələmdar Quluzadənin, Qələndər Xaçınçaylının, Şamil Namazın, populyar nasirlərdən Ziyəddin Sultanovun, Aqil Abbasın, Vahid Qazinin və başqa yazarların bədii yaradıcılıq uğurlarına kitabda sistemli işıq salınır. Bu analitik yazılar silsiləsi, tarixən, söz sənətimizin ön sıralarında yer almış Qarabağ ədəbi mühiti davamçılarının milli ədəbiyyatımızın bugününə töhfələrini arayıb-ərsəyə gətirmək baxımından önəmlidir.

XX əsrin birinci yarısında Qarabağda böyük nüfuz sahibi olmuş ilahiyyatçı və təzkirəçi Məhəmməd ağa Müctəhidzadənin yaddaşlarda yaşayan ömür yolundan bəhs edən müəllif araşdırması da bu bölmənin sanballı yazılarındandır. Ədəbi- tənqidi yazılar sırasında bədii-publisistik yaradıcılığa elmdən gələn akademik Vaqif Abbasovun, professorlar Hüseynbala Mirələmovun və Hamlet İsaxanlının böyük oxucu marağına səbəb olan kitablarının estetik məziyyətlərini incələyən məqalələr də yer alıb.

Kitabın ikinci fəslində Qarabağla bağlı publisistik yazılar, görkəmli sənətkarlar və yubilyarlar barədə portretlər, xatirələr toplanmışdır. Unudulmaz müğənni Qədir Rüstəmov, Qarabağın zəngin mədəni irsinin yorulmaz tədqiqatçısı jurnalist Vasif Quliyev, bölgənin el ağsaqqallarından Hacı Ağamir ağa, Hafiz ağa Sədrzadə və başqa nüfuzlu şəxslər barədə oçerklər, müəllifin öz həyatının unudulmaz anlarından söz açan qeydləri bu sırada maraqla oxunur.

Sabir Rüstəmoğlunun ədəbiyyatımıza və Qarabağın mədəni aləminə dərin bələdliyindən və sonsuz sevgisindən qaynaqlanan yeni kitabı günün önəmli mövzularına həssaslığı ilə seçilən oxuculara cəbhə bölgəsindən ünvanlanan söz töhfəsidir.

 

Tahir Turan

 

Xalq qəzeti.- 2016.- 18 dekabr.- S.7.