Azərbaycanda müasir tələblərə cavab

verən turizm sənayesi formalaşmaqdadır

 

Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Bu fikirlər Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Turizmin ölkəmizdəki inkişaf tempi bu hədəflərin əsl reallıq olduğuna böyük inam yaradır. Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev turizm sektorunun inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur.

Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlətin əsas strateji istiqamətlərindəndir. Qeyri-neft sektorunda turizmin məxsusi yeri var. Son illər Azərbaycanda turizm sektoruna dövlətimiz tərəfindən böyük qayğı göstərilir və ölkəmizdə artıq turizmin infrastrukturu formalaşdırılmışdır. Turizmin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları da bu sahənin inkişafına güclü stimul yaratmışdır.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilmiş turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, ölkəmizin əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir. Bütün infrastruktur Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları respublikamızın ərazisindən keçir.

Son 10 il ərzində Azərbaycanın turizm sektoru əsl investisiya bumu yaşayıb: mehmanxana potensialı 2,5 dəfədən çox artmışdır.Dövlətimizin qayğısı sayəsində turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu sahədə qəbul edilmiş dövlət proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər bu inkişafı şərtləndirən əsas amillərdəndir.

Qeyd etməliyik ki, xarici ölkələrlə turizm əlaqələri qurulması istiqamətində aparılan işlərin miqyası da xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlar turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində mühüm fəaliyyətini davam etdirmişdir.

Azərbaycan nümayəndə heyəti tez-tez beynəlxalq turizm sərgilərində iştirak etmiş, ölkəmizin turizm potensialını əks etdirən eksponatlar nümayiş etdirmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə ənənəvi olaraq AITF beynəlxalq turizm və səyahətlər sərgisi təşkil edilir.

Turizmin inkişafı üçün çox mühüm tədbirlər həyata keçirilir. Bu günlərdə ASAN Viza portalının təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib: Turizm sahəsində viza prosedurun sadələşdirilməsi olduqca vacibdir. Bu prosedur sadələşdirilildikdə digər ölkələrdən gələn turistlərin sayında da artım qeydə alınacaq. O, əlavə edib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkəyə gələn turistlərin sayında 11 faiz artım müşahidə olunub: Bu il İrandan gələn turistlərin sayı 58, Rusiyadan 7,4, Qazaxıstandan 15 faizdən çox artıb. Nazim Səmədov deyib ki, elektron viza tətbiq edildikdən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında da artım baş verib: Hazırda bizim əsas məqsədimiz nəinki statuslu hava limanlarında, ümumiyyətlə, bütün dövlət sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsi imkanlarının yaradılmasıdır.

Son illər ərəb ölkələrindən də gələn turistlərin axını xeyli sürətlənmişdir. Bu isə ölkəmizə turistlərin böyük maraq göstərdiyini bir daha təsdiq edir.

Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Prezident

İlham Əliyevin imzaladığı sərəncam turizm sektorunun davamlı inkişafını təmin etmək üçün yeni stimul yaradıb. Bu sərəncama əsasən, ölkədə Turizm Şurası yaradılması nəzərdə tutulur. Onun əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Turizm Şurasının fəaliyyət istiqamətlərini şərh edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bayramov bildirib ki, Turizm Şurasının yaradılması bu sahədə problemləri operativ həll etməyə imkan yaradacaq. Şuranın tərkibinə iqtisadiyyatın digər sahələrinə, eləcə də turizmə aidiyyatı olan dövlət strukturları daxil ediləcək.

Azərbaycan Prezidentinin göstərdiyi diqqət və qayğı nəticəsində turizmin müasir infrastrukturu yaradılmış, yeni mehmanxanalar inşa olunmuş, regionlarda sahənin sürətli inkişafı təmin edilmişdir.

2016-cı il martın 16-da Azərbaycan Prezidentinin imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri adlı sərəncamda dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları göstərilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanmışdır. Bu yaxınlarda isə Prezidentin fərmanı ilə Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi təsdiq olunmuşdur.

Söz yox ki, Azərbaycanın yüksək sürətlə inkişaf edən turizm ölkəsinə çevrilməsi ilə bağlı həyata keçirilən davamlı tədbirlər yaxın gələcəkdə nəzərdə tutulan hədəflərə qoşulmaq imkanı yaradacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2016.- 21 dekabr.- S.6.